“Sevgi kainatın kiçilib bir varlığa sığışması və o varlığın böyüyüb Tanrıya varmasıdır...” – deyirdi Viktor Hüqo. Hüqonun İlahi eşqə nə qədər bələd olmasını və ümumiyyətlə inanıb-inanmamasını demək çətindir. Lakin bu fikrin ötəri, keçici hisslərə aid edilməməsi dəqiqdir. Hüqo həqiqi Sevgidən danışır. Özü də yüksək əyarlı Sevgidən! Elə Nəsimi də “Neylərəm” qəzəlində onu deyir. Amma bu, eşqin çox yüksək qatıdır. O qədər yüksək ki, aşağı baxmağa qorxursan, bəzən hətta nəfəsin kəsilir, havan çatışmır.
Bir düşünün! Dünyanı bütün sevinci, kədəri, zövqü, rəngləri, dadları ilə bərabər bir adama sığışdırırsan... Eyni zamanda gördüklərin, yaşadıqların, keçmişin, xatirələrin, gələcəyə aid düşüncələrin, arzuların ona bağlıdır, ondan asılıdır. Və bu hiss qarşılıqlıdır. Bəs insanın qorxusu nədəndir? İtirməkdən! Çünki deyilən qatda yaşayan adam o BİRi itirsə, sadəcə sevgidən deyil, hər şeydən məhrum olacaq. Davam etmək üçün isə ya həmin adamdan qopub dünyaya səpələnənləri ordan-burdan arayıb tapmalı, bir yerə yığmalısan...
...Ya da Nəsimi kimi üsyan etməlisən. “Neylərəm” qəzəlində ilk baxışdan nəzərə çarpan da həmin üsyandır... Qəzəlin lirik qəhrəmanı sevgilisindən kənarda, “ayru” hər şeyin mənasız və ən əsası gərəksiz olduğunu bütün varlığı ilə dərk edir və bunu ona da anlatmağa çalışır. Bütün dərdlərinin dərmanını əlini, üzünü dilbərinin camalına toxundurmaqda görür...
... Amma ən maraqlısı qəzəlin sonunda baş verir. Dilbər özü şairə təsəlli verir, səbrli olmağa çağırır. Bununla da İlahi Qadının fərqli, hökmlü obrazı göz önünə gəlir.
Ancaq nazı da parlaq görünür. Sanki edilən zülmlər, “ayruluq” oyunları bu sözləri eşitməkdən, mülkü maldan, xanimandan daha dəyərli olduğunu dərk etməkdən, dəvadan artıq şəfa verdiyini bilməkdən ötrü imiş. Və Nəsimi səbrli olub ağrını da sevgiylə həzm eləsə, nə bir adama sığan dünyanı, nə “Tanrıya varmış” adamı itirməyəcək...
Bu qəzəlin maraqlı və üstün tərəfi məhz “fəğan”sızlığıdır. Nəsimi deyinmir, şikayət eləmir... Dərdindən də, yarsız cahanın mənasızlığından da, havada qalan dualarından da gerçək bir aşiq kimi danışır. Bəlkə də sonda dəstəyin, təsəllinin kimdən gələcəyini bilir, ona görə...
İmadəddin Nəsimi:
“...Özgə dəvanı neylərəm?!”
Dilbəra, mən səndən ayru ömrü canı neylərəm?
Tacü-təxtü, mülkü-malü, xanimanı neylərəm?
lll
İstərəm vəsli-cəmalın, ta qılam dərdə dəva,
Mən sənin bimarınam, özgə dəvanı neylərəm?
lll
Ey müsəlmanlar, bilin ki, yar ilə xoşdur cahan,
Çünki yardan ayrı düşdüm, bu cahanı neylərəm?
lll
Çox dualar qılmışam mən xaliqin dərgahinə,
Çün muradım hasil olmaz, mən duanı neylərəm?
lll
Dilbər aydır: “Ey Nəsimi, sabir ol, qılma fəğan”,
Mən bu gün səbr eyləsəm, danla fəğanı neylərəm?
çap et