525.Az

Unudulmaz sevgi şeirləri- “Bilirəm mən Səni...”


 

PƏRVİNin təqdimatında

Unudulmaz sevgi şeirləri- <b style="color:red"> “Bilirəm mən Səni...”</b>

Günahkara “Get” deyib başından eləmək bəlkə ən sadə çıxış yoludur! Anlamağa, dərk etməyə çalışmırsan, bağışlamaq kimi böyük işlərdən isə, heç söhbət gedə bilməz. Ola bilsin, bir müddət, lap elə ömrünün sonuna kimi aldığın o ağır yara sızıldayır... Sənsə təslim olmursan, guya yaddan çıxarırsan. Daha ağrımır ürəyin! Amma...Birdən hansısa söz, xatirə içində baş qaldırır. ...sıxılır, cavab axtarırsan... Suallarını gedər-gəlməzə yollayırsan: Axı bunu necə bacardın? Niyə elədin? Mən səni doğrudan sevirdim, necə sevirdim?.. Bəlkə yüz dəfə eşitdiyin və heç vaxt inanmayacağın izahları yadına salırsan, xilas üçün “saman çöpü” axtarırsan! Unut, oldu keçdi! – deyirsən özünə. Mənasız işlərlə başını qatırsan... Xoşbəxtliyi imitasiya edir, oynayırsan doyunca. Lakin kim də bilməsə, özün bilirsən... Rahatlığın sünidi, güclü halın müvəqqətidi. O zərbə yenə, ağlına gəlməyən bir məqamda qatlayacaq səni! Hansı zərbə? Aldadılmaq, yoxsa itirmək? Məsələ də elə bundadır! Bəlkə heç vaxt ayırd edə bilməyəcəksən bunu... Və əgər belədirsə, onda “Get” deməyin nəyi sadə oldu ki? İstənilən halda anlamaqdan, bağışlamaqdan daha asandı!

... Hüseyn Cavidin “Get” qəzəlinin lirik qəhrəmanı isə özü də bilmir nə istəyir... Daha doğrusu bilir! Sadəcə dilinə gətirdiyi həqiqi arzusu, istəyi deyil. Kim nə deyir, desin... Bu şeirdə “getmə” sözü “get”dən daha çoxdur. Yaxud da “get” təkrar olunduqca mənası dəyişilib. Məncə, insan nədənsə imtina etmək, kimisə atmaq, yaxud ondan uzaqlaşmaq istəyirsə, çox danışmır. Bir dəfə deyir sözünü... Sakitcə arxa çevirib gedir, bircə dəfə qanrılıb geriyə də baxmır! Bu qədər “get” deyilməz... Deyilirsə, demək arzu başqadır! Dəli Aşiq Qadını bağışlamaq istəyir! Amma əvvəlcə cəzalandırmaq, sonra əhv etmək... Və olsun ki, bu yolla qəzəbini, hirsini soyutmaq! Xəyanətkar cəzasını almalıdır. Ən ağır sözlərlə, ittihamlarla... Amma bu zavallı aşiq neyləsin ki, sevir?! “Gülüm”, “gözəlim” xitablarını idarə edə bilmir... İroniya ilə də olsa, dilə gətirir! Xanım bütün şeir boyu müttəhim kürsüsündədir... Hətta “tərsa qızı” kimi poetik söyüş assosasiyası yaradan ifadələrdə də aşiqin sevgisi duyulur. Təəssüf qarışıq sevgisi! Bir sadədil azadə mələyin iblisə çevrilməsindən, eşqindəki mənanın dəyişilməsindən təəssüf! Küskün aşiqin heyfslənməyi təbiidir. “Başqa bir aşiq ara, bul!” – deyəndə hönkürmək həddinə çatması isə Dəhşət... Və indi, bu anda, xanım o kürsüdən enib getməyə üz qoysa, ardınca qışqırıb səsləyəcək... “Hara? Getmə!” – deyə çağıracaq! Mütləq! Əminəm!

Hüseyn Cavid:
“Hər sözün əfsanə imiş...”

Mənə anlatma ki, eşq, aləmi-sevda nə imiş?
Bilirəm mən səni, get! Hər sözün əfsanə imiş. 

Get, gülüm, get, gözəlim! Başqa bir aşiq ara, bul!
Duydum artıq sənin eşqindəki məna nə imiş!..

Bivəfasan, mələk olsan belə uymam daha, get!
Kim ki, uymuş sənə, könlüm kimi divanə imiş. 

Yetişir, get! Məni qəhr eyləmə, tərsa qızı, get!
Anladıq şəfqəti-ayini Məsiha nə imiş!
 
Səni bir sadədil, azadə mələk sanmış idim,
Neyləyim! ... Ahh...könül ruhuna biganə imiş. 

Səni təqdis edərək bir daha sevməm əsla,
Nə imiş sanki bu eşq!? Aşiqi-şeyda nə imiş!

Aləmi-zövqü səfadan mənə bəhs etmə, saqın!
Bildik artıq bu cahan mülkü nə viranə imiş!..

 





29.04.2013    çap et  çap et