Əksər oxucunun, əlində tutduğu kitabın o üz-bu üzünə baxandan sonra, beynində bir sual yaranır: “Bu kitabı niyə oxumalıyam?” Əgər sualın quruluşu və ya ünvanı düz deyilsə, deməli, cavab da səhv olacaq. “Bu kitabı niyə oxumalıyam?” sualı düzgün deyil, məncə. Çünki heç bir müəllif kitabı özü üçün yazmır. Bütün kitablar oxucu üçündür. Deməli, oxucunun əlində tutduğu hər kitab məhz onun üçün yazılıb. Bəs oxucunun problemi nədədi? Sualda. Daha doğrusu sualın ünvanında. Belə ki, oxucu müəllifə “Bu kitabı niyə oxumalıyam?” yox, özünə “Əgər bu kitab mənim üçün yazılıbsa, niyə də bu kitabı oxumayım?” deyə sual etməlidi. Yox, əgər oxucu israrla “Bu kitabı niyə oxumalıyam?” deyirsə, eybi yox, bu sualın da cavabı var. Bu suala bir sıra alternativ cavablar vermək olar, lakin ən vacib cavab budur: çünki bu kitab sənin üçün yazılıb.
“İndi kitab oxumurlar”, “kitaba maraq azalıb”, “gənclərlə kitab arasında böyük bir uçurum var”, yəqin ki, bu və bunun kimi fikirlər sizə tanışdır. Doğrudur, kitaba olan marağın azalması ilə müəyyən mənada razıyam. Ancaq səbəbsiz heç nə olmur. Bu səbəblərdən biri və birincisi kitabların satış qiymətidir. Deyək ki, uzaq bir kənddən gəlib şəhərdə kirayədə qalan, evdən ona xırda xərclər üçün göndərilən cüzi pulla bir tələbə ayda neçə kitab ala bilər? Kitabların qiymətinin bahalığı aylıq gəliri az olan şəxslər və kitab arasında tikanlı sərhəd məftilləri rolunu oynayır. Bəs bu baha kitabların keyfiyyəti necədir? Bax, bu da başqa bir problemdir.
Bu yaxınlarda koreyalı tələbə yoldaşımın əlində tutduğu qalın kitab diqqətimi çəkdi. Düzdü, koreya dilini bilmədiyimdən kitabın içindən bir cümlə belə oxuya bilmədim. Ancaq şəkillərdən başa düşdüyüm qədər bu, şairlərin, yazıçıların yaradıcılığı və əsərləri haqqında məlumat kitabı idi. Kitabın dizaynı, vərəqlərinin keyfiyyəti, üz qabığı məni valeh etdi – heç elə bil kitab yox, suvenirdir. Sonra koreyalı tələbə yoldaşım bu kitabın bizim pulla təxminən beş manat olduğunu deyəndə çox təəccübləndim. Bizdə belə bir kitabı ayağını dirəsəndə, on beş-iyirmi manatdan aşağı ala bilməzsən. Çağdaş dönəmdə koreyalıların təhsili, inkişafı göz önündədir. Onların kitabdan uzaq düşməməsinin əsas səbəbini kapitalla bağlamaq fikrindən uzağam, təbii ki, burda bir sıra amilin də rolu var. Ancaq bu faktorun onların həyatına təsir etmədiyini söyləmək də düzgün olmazdı.
İndiki dövrdə hər nə qədər kitab oxuyanların sayının az olduğunu desək də, mayın 4-də Filarmoniya bağında Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı təşkil etdiyi kitab yarmarkasına gələnlərin sayı kifayət qədər idi. Havanın isti olması insanları qətiyyən narahat etmirdi. Axı əllidən çox tanınmış nəşriyyatın və kitab evlərinin kitablarının sərgiləndiyi bir yerdə özünü necə narahat hiss edə bilərsən ki. Sərgi kitabların çeşidliyi ilə zəngin idi. Burada həm yerli, həm də xarici müəlliflərin, istər türk, istər rus, istərsə də ingilis dilində elmi, bədii, dini, fəlsəfi kitablar əldə etmək mümkün idi. Yaş baxımından da sərgi rəngarəng idi, necə deyərlər: yeddidən yetmiş yeddiyə qədər. Mən uzun müddətdir ki, görmədiyim dostlarımı burada görəndə hansı hisslər keçirdiyimi sözlə ifadə edə bilmərəm. Şübhəsiz ki, bu kütləvi axının əsas səbəblərindən biri həmin gün kitabların müəyyən faizlə endirimli olması idi. Sərgidə özüçün kitablar alanlar, nəvəsi üçün nağıl kitabı seçənlər, kiminsə üçün hədiyyəlik kitab axtaranlar – bir sözlə, sanki hamı bir-birilə yarışa girmişdi. Bundan gözəl nə ola bilər ki?! Nə vaxtacan bahalı telefonumuzla, zinət əşyalarımızla, borc-xərclə hansısa müğənnini toyumuza çağırmaqla yarışa girəcəyik ki? Niyə oxuduğumuz kitablara, təhsilimizə görə yarışmayaq? Musiqi məktəblərinin şagirdlərinin ifaları isə bu bayram ab-havasına bir az da şənlik qatdı. Musiqi sədaları altında insanlar kitablar seçir, gənclərin bəziləri isə ağacların kölgəsinə çəkilib yenicə aldıqları kitablarını gözdən keçirirdilər.
Oxucularla yanaşı sərgidə bir sıra ziyalılar, mədəniyyət xadimləri, yazıçılar, şairlər də vardı. Xalq şairi Sabir Rüstəmxanlı şeirlər və poemalarından ibarət “Əbədi Sevda” kitabını, Millət vəkili, yazıçı Aqil Abbas son illər böyük rezonans doğuran və daha sonra ekranlaşdırılan “Dolu” romanını, Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid məqalə və esseler toplusu “Əlvida və salam” kitabını oxucular üçün imzaladı. Həmçinin digər şair və yazıçılarla oxucuların görüşü təşkil olundu. Kitab sərgisinə gələn gənc yazarların, gənc jurnalistlərin də sayı az deyildi.
Xalq şairi Sabir Rüstəmxanlı “Gənc və istedadlı filoloq dostum Ramil Əhmədə böyük ümidlərlə” sözlərini yazdığı kitabını mənə bağışladı və öz gəncliyi ilə bağlı bir xatirəni danışdı: “Bir dəfə kitab tədbiri idi. Mən onda birinci kursda oxuyurdum, tədbirə də gecikmişdim. Şair mənə dedi ki, sənə bir kitab bağışlayıram. Və üstünə yazdı ki, böyük Sabirin nəvəsi Sabirə, altından isə imzasını qeyd elədi – Məmməd İbrahim. Mən həmin kitabı əzbərlədim və sonralar Məmməd Arazla dostlaşdım. İnanıram ki, bu gün sənin yadında xoş bir xatirə kimi qalacaq”.
Mən yeni kitablarımı vaxt itirmədən oxumaq üçün evə qayıtdım. Kitab sərgisi isə hələ axşamacan davam edəcəkdi...
çap et