525.Az

Yavuz davranış fayda vermədi


 

Yavuz davranış fayda vermədi<b style="color:red"></b>

TÜRKİYƏ OLAYLARI DAVAM EDİR 

Türkiyədəki qarşıdurma iki həftəyə yaxındır ki, davam edir, hökumətin hər cür tədbirlərinə baxmayaraq, etirazı yatırtmaq ümidləri boşa çıxır, protest dalğası öz miqyasını azaltmır, əksinə, artırır.

Etirazçıların tələbləri əvvəlki çərçivəsindən və məqsəddən çıxıb, daha kəskin və ultimativ xarakter daşımağa başlayır. Əks tərəfdəkilər isə elə bil ki, Odisseyin dənizçiləri kimi qulaqlarını tıxamışlar ki, Taksimdən və digər meydanlardan, onların ağlını çaşdıra biləcək müasir sirenaların xəbərdarlıq nəğmələrini eşitməsinlər. Bəlkə bu da, etirazın sönəcəyinə ümidlə bağlı olan bir metoddur, lakin eşitməmək, anlamamaq arqument sayıla bilməz. Qədim romalılar, Viktor Hüqonun misal gətirdiyi kimi, yəqin ki, kiminsə harayına laqeydliyi nəzərdə tutaraq, bir zərb-məsəldən istfadə edirdilər: surdus ab – surdus – “kar səfehdir”. Bu, fiziki qüsuru olanlara deyil, ağlında və mənəviyyatında qüsuru olanlara aid edilməlidir. Yalnız səhradakı çağırış cavabsız qalır, eşidilməmiş olur.

Təəssüf ki, hökumət etirazı güc hesabına yatırtmaq məqsədindən uzaqlaşmaq istəmir, həm də tərəfdarlarından ibarət öz ağır artilleriyasını işə salmaqla məsələni çürütməyə can atır. Bu isə yalnız qarşıdurmanı şiddətləndirməyə kömək edəcəkdir.

Hamı, barrikadaların hər iki tərəfində dayananlar da baş nazir Ərdoğanın xarici səfərdən qayıtmasını, əvvəlki aqressiv ritorikasından uzaqlaşıb, müəyyən güzəştlərə getməsini gözləyirdi. Lakin onun qarşılanması elə teatrlaşdırılmış mənzərə yaratdı ki, bu, hökumətin geri çəkilməyəcəyinin nümayişinə çevrildi. Belə təsəvvür yaranırdı ki, müasir fateh ölkəsinə döyüşdə qazandığı böyük zəfəri ilə qayıtmışdır.

Təyyarə nərdivanı hesabına adamlardan xeyli yuxarıda dayanan baş nazir sevinən kütləyə öpüş ünvanlayırdı, xanımı da anturaj qaydasında tez-tez əlini yelləyirdi. Elə coşğunluq atmosferi mövcud idi ki, burada nə Taksim meydanı, nə həyatları qurban gedənlər, nə də dörd min nəfərə qədər xəsarət alanlar heç cür yada düşə bilməzdi. Və belə əhval-ruhiyyə əlavə güc nümayişi səhnəsinə çevrilə bilərdi və səfərdən qayıdan rəhbər etiraz edənlər barədəki əvvəllər işlətdiyi “ekstremist” sözünə yeni “vandal” ifadəsini də əlavə edib, bu adamlara öz pozulmaz damğasını vurdu və onlardan çıxışlarına son qoymağı tələb etdi.

Ankarada mitinqdəki çıxışında isə o, artıq hücuma keçdi. Etirazçıları “sərxoşlar” adlandırdı və öz tərəfdarlarını əks nümayişlərə çağırdı. Onun tələffüzü amiranə, yavuz (heybətli) tonda olsa da, səslənən yerdən bir az uzaqda itib-batdı.

Siyasət həm də əllaməliklər məkanıdır. Bəzən siyasi xadimlər öz qüdrətlərinə və sarsılmaz nüfuzlarına elə inanırlar ki, özlərini mifologiyadan müasir həyata düşmüş Meduza Qorqona kimi hesab edirlər.

Axırıncının dəhşətli gözü kimə sataşsa, yerindəcə daşa çevrilirdi. Partiyasının üzvləri və tərəfdarları da öz liderlərini belə bir çətin anda məhz Qorqona qiyafəsində görmək istəyirdilər. Qoy onun bircə baxışı ölkənin bütün əhalisini, onu sevməyənlər də daxil olmaqla, nizama düzləndirsin, lazım gəlsə, bir hissəsini lap kölgələrə çevirsin. Axı o, ölkəni “dəmir əllə” idarə eitməyə üstünlük verir.

Nədənsə bu ümid də puç oldu, etirazçılar baş nazirin ucadan səslənən nidasına əhəmiyyət vermədilər, hədəsindən də nəinki qorxmadılar, heç ona məhəl də qoymadılar. Əks effektsə göz qabağındadır, etirazçıların dəstəsi günü-gündən artır.

Bir qayda olaraq, böhranlar böyük şəxsiyyətləri və böyük işləri görmək cəsarətini meydana gətirir. Böyüklük böhrandan çıxmaq yolunu tapmaqda ifadə olunur. Səhvləri davam etdirmək istəyi isə əks tərəfdə qəzəb hisslərini daha da qızışdırır, onların ordusuna yeni taqımlar daxil olmağa başlayır. Hədəyə cavab isə “Tayyib, istefa !” və ondan da daha acı səslənən şüarların işə düşməsi şəklini alır. Bu, inqilabqabağı Fransa tarixindən qəribə bir əhvalatı yada salır. Maliyyə böhranı dərinləşəndə, maliyyə naziri Kolon gələcəkdə boynu vurulacaq kral XVI Luiyə məsləhət gördü ki, pul məsrəflərini daha da artırmaq lazımdır ki, xəzinədə pulun hələ çox olduğu təsəvvürü yaransın. Bu, suda batana daha dərinə düşməyi arzulamağa bərabər idi. Xalqın qəzəbi isə xəzinənin kasadlığından daha qorxuludur. Onu qızışdırmaq yanğının arealını genişləndirməkdən başqa heç nəyə xidmət etmir.

Etirazçılar, heç şübzəsiz, polisin həmlələrindən qorunmaq üçün barrikadalar qurmağa məcbur oldular. Barrikada isə sözdən, qışqırıqdan, boğaz tellərinin səs salmasından düzəlmir, onun tarixi materialı küçədən sökülən oraya döşənmiş daşlardır. Buna görə də iğtişaşçılar “vandal” tituluna layiq görüldülər. Etirazçılar isə yarlıq yapışdırmaqdan uzaqdırlar. Onlar soruşa bilərlər ki, nəyə görə Atatürkün yaratdığı dövlət binasının daşlarını rəhmsizcəsinə sökənlərə və onu sökdürməyə can atanlara qarşı elə bir kəskin ittiham irəli sürülmür. Dünyəvi dövlətin məhvinin üfüqlərini uzaqdan seyr edənləri isə görən necə adlandırmaq olar? Axı, tam iflasa uğrayan Osmanlı imperiyasının, İslam xilafətinin xarabalıqları üzərində qurulan yeni dövlət öz nəzərlərini proqresə, demokratik inkişafa tutmuşdu. Əgər onların hər ikisini yenidən həyata qaytarmaq mümkün deyilsə, onda bu canfəşanlıq nəyə lazımdır? Axı ən xəyalpərvər adam da, zaman maşınında geriyə səyahət etmək istəyən də həyətdə XIX əsrin mövcudluğunu yaddan çıxarmamalıdır. Savadsızlıqdan Olimpi öz ölkəsinin adına çıxmaq olar, ancaq zamanı öz məhvərindən çıxarmaq mümkün deyildir. Zaman indidən keçməklə gələcəyə istiqamətlənmişdir.

Atatürk irsinin tədricən ləğv edilməsi cəhdləri hansı bir aldadıcı qalın pərdə altında gizlədilsə də, məhz dünyəvi dövlət quruluşunun dayaqlarına ağır zərbə vurub, nəticə etibarı ilə onları sıradan çıxarmaq məqsədini güdür. Kamalçılar isə bununla heç cür razılaşa və islamizmin öz doğma ərazilərini işğal etməsinə biganə qalmaqla, dözə bilməzlər. Ona görə də islamçılığın daha geniş müdaxiləsinin qarşısını kəsmək üçün parkın ləğv edilməsinə qarşı qalxan etiraz belə böyük miqyas aldı.

Hakim “AK” partiyası son üç dəfə aparılan seçkilər zəmisindən bol məhsul biçməyə nail olduğundan, seçkini demokratiyanın başlıca və yeganə amili hesab edir, bu məlhəmi istənilən yaraya sürtməyə çalışır.

Ona görə də hakim partiya və onun lideri özlərinin bu paslanmayan silahından istifadə etməkdən əl çəkmirlər, etirazçıları seçkidə qazanacaqları qələbə ilə qorxuzmağa əl atırlar. Bu səbəbdən də vaxtından əvvəl parlament seçkiləri keçirmək söhbəti ortaya atıldı və ümumiyyətlə, onlar seçki kart-blanşını əldən vermək istəmirlər. Ancaq unudurlar ki, onların siyasəti üçün belə quraqlıq olan bir dövrdə partiyanın səpdiyi toxumlar əvvəlki tək sıx cücərti verməyə də bilər. Həm də bu toxumlar artıq əmin olduqları münbit torpağa düşməyəcəkdir, onların bir hissəsi İisus Xristosun “İncil”dəki pritçasında göstərilən kimi, daş üstünə düşdüyündən cücərməyəcəkdir.

“AK” partiyası özünü nə qədər iradəli, sarsılmaz göstərsə də, çaşqınlıqdan da xali deyildir. Əks nümayişlər keçirmək çağırışı seldən qorxan adamın zəifliyi görünüşünü yaradır. Partiyanın öz daxilində də fikir ayrılığı mövcuddur. Prezident xalqın etirazını demokratiyanın nümayişi kimi qiymətləndirərək, xalqın səsinə qulaq asmaq lüzumunu yada saldı. Baş nazirin müavini sərt tədbirlərə görə üzr istədi.

İstanbul valisi bundan sonra qeyri-adekvat vasitələrə əl atmayacağı öhdəliyini dilə gətirdi, lakin sonra mövqeyini dəyişməli oldu.

Partiyanın lideri isə öz daşlaşmış mövqeyindən dönmək istəmir. Əvvəlcə o, meydana çıxanları xarici qüvvələrin təhrikinə uymaqda suçladı, kosmetik geriləməyə söz versə də, öz aqressivliyindən yenə də iti qılınc və möhkəm qalxan kimi istifadə etməsindən qalmır. Hücuma keçmək barədəki bir az əvvəlki cəhd isə buna əyani sübutdur.

Etirazçılar, həmçinin baş verən vəhşilikləri müşahidə edən əhali öz “doğma” polisinin qəddarlığından şikayətlənirlər, az qala demək istəyirlər ki, onlar artıq bizim təhlükəsizliyimizin mühafizəçiləri deyillər. Bir məsəlini unudurlar ki, polis yalnız əmrə tabedir və verilən əmri yerinə yetirir. Şəhərlərin baş meydanlarını tuta bilmədiklərindən, onlara yalnız nə qədər adamı əlil etmələri barədə raporta imza atmaq imkanı qalır. Belə “gözəl” polisə malik olan xalq onun hədyanlığına yaxşı bələd olmaqla, özünü buna uyğunlaşdrmalıdır.

Polis adamları döyməkdən, qan axıtmaqdan əslində heç nə qazanmır, hakimiyyətə yarınmaq imkanından yalnız təsəlli tapır. Sultan II Mehmet (Fateh) Konstantinopolun zəbt edilməsini sürətləndirmək üçün şəhərin divarlarından içəri soxulan yeniçərlərə, Stefan Tsveyqin yazdığı kimi, “yağma” əmri verdi və qarətə verilən bu icazə işğalın tez başa çatmasına şərait yaratdı. İndi polisə lap belə bir əmr verilsəydi də, əlləri boşda qalacaqdı, axı meydanda etirazçıların qarət edilmələri üçün heç nələri yoxdur. Buna görə də polislər əziyyətlərinin qəzəbini iğtişaşçılara xəsarət yetirməklə, müdafiəsiz insanları döyməklə söndürürlər.

Doğrudan da, etirazçılar şəhərin mənzərəsini bir qədər korlamışlar, kiçik çadır qəsəbəsi salmışlar. Tarixə müraciət edilsə, buna da əncam tapmaq olar. VI əsrdə Bizans imperatoru I Yustinianın xanımı, cəsarətli və fərasətli Teodora (sonralar o, üsyançılar tərəfindən öz ərini taxtdan devirmək cəhdinin qarşısını öz qorxmazlığı hesabına almaqla, taxt-tacı xilas etmişdi) gəncliyində bu sənətə xidmət etdiyindən, Konstantinopolu öz həmkarları olan əxlaqsız qadınlardan təmizləmək üçün, onları dəstə-dəstə yığıb, boğazını Asiya sahillərinə göndərərək, oradakı rezervasiyada saxlatdırmışdı. İndi də həmin şəhərin Avropa hissəsi iğtişaş məkanına çevrilmişdir.

Etirazçıları boğazdan keçirib digər sahilə daşımaqla məsələni həll etmək olar, əgər qədim Roma imperatoru Trayanın da üsulunu təkrar etməyə əl atılsa, bu işin nəticəsi daha təsirli olar. Trayan romalıların canını acgöz çuğulçulardan xilas etmək üçün (onlar adətən məhkəmədə ittihamçı rolunu oynayır və mühakimə olunanın müsadirə edilən mülkiyyətinin yarısına sahib olurdular), onları sınıq-salxaq düzəldilmiş gəmilərə yükləyib, həyatlarını dənizin quduz dalğalarının sərəncamına buraxmışdı. “Sərxoşlarla” başqa cür davranmaq da fayda vermədiyindən, bu üsuldan istifadə etmək pis olmazdı. Bu yolla etirazçıların da sayını bir qədər ixtisar etmək mümkün olardı. Onsuz da hakimiyyət qurbanların və nəhəng sayda mövcudluğuna elə bir əhəmiyyət vermir. Ancaq belə vasitəyə əl atmaq daha böyük ağılsızlıq olardı.

Hökumətə qarşı siyasi ittihamlar nə qədər ədalətli olsa da, son on ildəki iqtisadi yüksəliş, sosial sahədəki irəliləyişlər göz qabağındadır. Türkiyəyə xaricdən investisiya qoyuluşu xeyli artmışdır. Bu nailiyyətlər hakim partiyanın, hökumətin aktivinə yazılmalıdır. Lakin onların siyasi atmosferə müsbət təsiri nəzərə çarpmır. Əksinə, müəyyən problemlərlə üzləşilməsinə səbəb olmuşdur. Hakimiyyət elə bil ki, öz uğurlarının girovuna çevrilmişdir və hərəkətlərinə nəzarəti bir qədər itirmişdir. Bu da, liberal demokratiyanın elementlərinin tədricən sıradan çıxması ilə müşayiət olunur. İfrat islamlaşma isə, ingilislər demişkən, iri addımlarla irəliləyir.

Hökumətin hansısa bir tədbirinə kimsə tənqidi yanaşırsa, o, az qala düşmən legionu sırasına daxil edilir. Hökumətin belə dözümsüzlük, tolerantlıqdan uzaq olan siyasəti bütün ictimai mühitə öz neqativ təsirini göstərir. Bəzən hüquq-mühafizə orqanları, ədalət hissindən yayınan hüquqşünaslar totalitar ölkələrdə olan kimi, hakimiyyətin sərəncamında dayanmağa meyl edirlər. Hansısa bir qrup hədəf seçildikdə, bütün nizələr onlara tuşlanır, həmlə mövqeyinə xidmət edənlər ədalət ilahəsi Femidanın gözlərini bağlamasını arxaizm nişanəsi kimi qəbul edirlər. Ölkədə əsasən hərbçilərə və jurnalistlərə qarşı hücum cəbhəsi hədd tanımır, naməlum mənşəli “Ergenokon” adı altındakı təşkilatla əlaqədər olan cinayət işinə çox sayda adamların cəlb edilməsi, bu kampaniyanın uğuru hesab olunur. Sədaqətinə əmin olunmayanların bəziləri bu “hüquqi” daşqının qurbanlarına çevrilirlər.

İslamçıların onlara rəğbətlə yanaşmayanlardan qisas alması kimi iyrənc hal getdikcə özünü daha geniş büruzə verməyə başlayır. Təəssüf ki, bu ədalətsiz binanın bünövrə daşını siyasətçilər qoyurlar. Onların bunu bəyənməsi və nüfuzu müəyyən haqsızlıqlara da yol açır. Xidmət göstərmək istəyənlərsə daim əmri icra etməyə hazır olurlar.

Bizim eranın I əsrinin ortalarında Roma imperatoru Klavdi pozğun arvadı Messalina öldürüldükdən sonra, bu məsələyə öz tərəfindən də qızğın can atan doğma qardaşı qızı, gələcək imperator Neronun anası Aqrippinaya evlənmək fikrinə düşdükdə, çoxları dəridən-qabıqdan çıxırdı ki, bu izdivac hökmən baş tutsun. Romada isə bu vaxtadək azad vətəndaşların arasında belə qanqarışdırıcı (intsest) nigah halı olmamışdı. İndi isə Senatın və xalqın göstərişi əsasında imperatorun bu qaydada evlənməsi tələb olunurdu. Elə senatorlar tapıldı ki, onlar Kuriyadan (senatın binasından) küçəyə qaçıb, qışqırırdılar ki, əgər Sezar bu işi ləngitsə, onlar zorla onu evlənməyə məcbur edəcəklər.

Axı yaltaqlığın, qulluq göstərmənin həddi olmur, onlar Ovidinin sürgünə yollanarkən, dənizdə dalğanın asimana qədər qalxdığını yazdığı kimi, öz canfəşanlıqlarını məhz belə hündürlüyə qaldırmaq iştahında olurlar. Günahsız adamların təqibinə haqq qazandırmağa çalışanlar öz vicdanlarını şeytana satmaqla, heç də Klavdi dövrünün senatorlarından geri qalmırlar.

Təqib dalğası həm də öz köpüyü kimi adamlar arasında çuğulçuluğu əmələ gətirir. Qorxu və təqib etmək həvəsi çuğulçuluğu qidalandıran mühit rolunu oynayır. Qədim Romada Sulla diktaturası vaxtı qardaş qardaşı, ata oğlu və əksinə satırdı ki, diktatorun himayəsini və vəd edilən mükafatı qazansın. Yalnız qadınlar öz ərləri barədə çox az hallarda çuğulçuluq edirdilər. Sinfi mübarizənin yeni fazaya daxil olduğu 1930-cu illərdə SSRİ-də çuğulçuluq gur çiçək açırdı. Guya xəyanətinə görə atası barədə dövlət orqanlarına xəbər verən yeniyetmə Pavlik Morozov gənclərin şüuruna əsl qəhrəmanlıq timsalı kimi təlqin olunurdu. Çuğulçuluq fenomeni təqiblərin törəməsi olmaqla, öz valideyninə sədaqətlə ximət göstərir. Ən pis cəhət isə orasındadır ki, bu, cəmiyyəti daxildən mənəvi eroziyaya uğradır. Ancaq hakimiyyət əsasən öz komanda postlarını saxlamaq barədə düşündüyündən, bu dağıdıcı qüvvəyə məhəl qoymur, şair demişkən, “Mən salim olum, cümlə-cahan batsa da batsın” prinsipinə üstünlük verir. Etirazçıların idarəedici mərkəzi yoxdur və onlar qəflətən yarandıqlarından heç bir siyasi partiyanı və ya cərəyanı təmsil etmirlər. Onları tək bir xüsusiyyət – hakimiyyətdən narazılıq birləşdirir. Bu çıxışlar heç də səthi bir titrəyiş deyildir, ciddi tektonik dəyişikliklərdən xəbər verir. Onlar öz etirazları ilə mövcud vəziyyəti əsaslı qaydada təhlil etmək və bunu bacarsalar, dəyişmək istəyirlər. İisus Xristosun müraciəti də elə bil onlara ünvanlanmışdır: “Və həqiqəti dərk edəcəksiniz və həqiqət sizi azad edəcəkdir”.

Türkiyə indi mühüm dəyişikliklər astanasındadır, vəziyyət hökmən dəyişikliyə məruz qalacaqdır. Ya Atatürk irsinə daha tutarlı zərbə vurulmaqla, qatı islamçılığın irəliləyişi üçün yollar tamamilə təmizlənəcəkdir. Yaxud da, qurbanlar hesabına da olsa, çünki hakimiyyət geri çəkilmək fikrində deyil, demokratiyanın bütövlüyü qalib gəlməklə, islamçılığın həmlələrinin qarşısı alınacaq, Türkiyənin özünəməxsus sintetik teokratik dövlətə çevirməsi təhlükəsi aradan qaldırılacaqdır. Hansı yolun seçilməsi türk xalqının özündən asılı olacaqdır, çünki o öz taleyinə aid olan bir məsələyə münasibətdə laqeydlik göstərə bilməz. Tarix meydanına çıxandan sonra heç vaxt əsarətdə olmayan bu xalq dinə yaxşı münasibətini qoruyub saxlamaqla, əsas azadlıqlarını onun köləliyinə qurban verməz, əsrə yaxın bir müddətdə qazandığı uğurlarla vidalaşmağı, yəqin ki, özünə heç cür rəva bilməz. Qarşılıqlı güzəştlərlə münaqişə aradan qaldırılmalıdır. Konflikt şiddətlənsə, bu, başıpozuqluğa, xaosa aparıb çıxara bilər. Getdikcə qüvvətlənən, nüfuzu artan Türkiyəyə belə bir variant heç cür fayda verməz, onu xeyli geri atar.

 





14.06.2013    çap et  çap et