Bu şəxslər hər ikisi azərbaycanlı hesab olunan, tanınmış simalardır. Onlar həm də eyni zamanda Azərbaycandan kənarda yaşayan bığıburma kişilərdir. Onların adları gündəmdə hallanır. Abbas Abbasov “Azərros”un( Rusiya Azərbaycanlılarının Federal milli-mədəni Muxtariyyatı) Ağsaqqallar Şurasının rəhbəridir, Telman İsmayılov isə adıçəkilən qurumun yaradıcılarından biridir. Başqa sözlə, bu ikili daha çox “Milyarderlər İttifaqı” kimi səslənən qurumda həmrəydirlər, həm də bildiyimə görə bu iki şəxsin birgə biznes maraqları var. Belə ki, A. Abbasov həm də həmkarının sahib olduğu “AST” Şirkətlər qrupunun da vitse-prezidentidir.
İndi azərbaycanlı( Azərbaycanda doğulan, əslində dağ yəhudisi olan) “AST” holdinqin rəhbəri olan Telman İsmayılov rus qızına toy edir, özü də imkansız, yazığın birinə də yox. Az qala çılpaqlığını gözümüzə soxan rus millətindən olan aparıcıya. Düzü, bir müddət bu toyun maliyyəsini Telman İsmayılovun üzərinə götürəcəyini eşidəndə başa düşmədim. Hətta toy təxirə də salınmışdı. Artıq reallaşan toyun xərcini çəkən AST Qrup rəhbəri görəsən, nə qədər pul xərcləyib? Fikrimcə, rus gəlinin öz toyunu etməsi üçün bir elə çətinliyi yox imiş. Amma niyə həmin toya xərclənən pulu azərbaycanlı qızı, uşağı “yeyə bilmir” ki? Burada millətçilik məsələsi kimi düşüncəyə qapılmaq istəmirəm. Amma fakt odur ki, bizimki hesab olunan( hələ də) milyarderin bir dəfə də ən azı doğulduğu yerin xatirinə azərbaycanlı üçün kisəsini açdığını eşidək də, nə olar. Xatırlayırsızsa, ötən yazılarımın birində “Azərros” saytında xəstə azərbaycanlı uşaq(8 yaşlı Naza) üçün elan olunan yardıma reaksiyanın olmamasından giley etmişdim. Bax elə həmin məsələyə gəlib çıxıram. “Azərros” un yaradıcısının bu gün durub rus qızına bahalı, təmtəraqlı toy etməsi Azərbaycan-Rusiya dostluğunamı dayanır, yoxsa xeyriyyə məqsədini güdür?
Abbas Abbasov da vaxtiylə Azərbaycan dövlətinin vacib postlarından birinin başında dururdu. Onun Azərbaycan üçün hansı yaxşı, xeyirli əməlləri olub, bundan tam xəbardar deyiləm, sadalaya da bilməyəcəyəm. Amma bu gün “Rusiyanın günü”ndə bizə Moskvadan səslənməsinə bir məna vermək olur.
A.Abbasov həmişə səsləndirdiyi fikrinə sadiq qalır: “Azərbaycanın Rusiyasız yaşaya biləcəyini təssəvvür edə bilmirəm.” Bu məlum bəyanat Rusiya prezidentindən təşəkkür almaq üçün idimi, yoxsa həqiqətən eks-baş nazir müavinimiz bizim halımıza bu qədər yanır və narahat olur? Belə çıxır ki, kimlərsə yenə dalğanı qarışdırıb. “Azərros”un saytında yerləşdirilən bəyənatın orijinalını oxuyanda bir məqam təəccüb doğurur. Abbas Abbasov rusları çox istəyir, yoxsa bizi onlardan qoruyur ya əksinə? Bu söhbət ümumiyyətlə nəyə və kimə lazım idi? Prezident V.Putinin quru sağolu üçünmü? Qaldı azərbaycanlı və rus dostluğuna. Bunun üçün ağsaqqalımızın narahat olmağına dəyməz. Hər şey onun qoyub getdiyi kimidir. Bizim ölkədə rusu sevirlər, baş üstə yeri var. Dövlətdə təmsil olunanların çoxu ruscada mükəmməl danışır, yaxınları rus millətindən olanlardır. Rus dili bizdə bəzən azərbaycanlı türkcəsini də üstələyir, hətta qalib olur. Vacib hesab olunan idarələrdə rus dilində danışmayana küsürlər. Oğlanlarımız, kişilərimiz yenə də rus qızlarına pərəstiş edirlər. Bunları ki , ağsaqqalımız bizdən yaxşı bilir. Yəqin onu da bilir ki, vəzifədə olduğu müddətdə də Qarabağ məsələnin çozülməsində Rusiya əngəli var idi. Bu “kif atmış” əngəl hələ problemimizə çevrilib. Deyəsən, kənardan Azərbaycana söz atmaq, onda qüsur axtarmaq yaman asan imiş.
Bir də A. Abbasovun bəyanatından belə çıxır ki, orada yaşayan bizimkilər yağ-bal içində üzürlər və oranın “rahatlığı” tərənnüm olunur.
Sonda tək onu deyə bilərəm, Rusiyadakı azərbaycanlıya çevrilmək üçün ya ac olmalısan ki, ora gedib pul qazanasan, ya da bic olmalısan ki puluna pul qatasan.
"Qafqazinfo"
çap et