fəlsəfə elmləri doktoru, professor
[email protected]
www.raliyev.az
Ətrafındakı dostları tədricən düşmənə çevirmək o qədər də böyük bacarıq tələb etməyən bir işdir. Bunun üçün bir yanlış hərəkət də kifayətdir.
Hər kəsin həyatda qarşıya məqsəd qoymaqla yanaşı, hobbi seçmək hüququ da var. Burada ittiham olunası heç nə yoxdur. Amma düşünülməmiş söz və hərəkətlərlə qonşunun qəlbinə dəyməyi, onun barəsində harada nə gəldi danışmaq və buna normal hal kimi yanaşmağı mən heç cür qəbul edə bilmirəm. Şəxsi fikir insan təbiətinin mühüm tərkib hissəsidir. Amma bir insanın şəxsi fikri onun qonşusu ilə münasibətlərinə mənfi təsir göstərir və sonra bunun əziyyəti bütün cəmiyyətin üzərinə düşürsə, deməli, artıq həmin məsələni müzakirə obyektinə çevirməyin zamanı gəlib çatıb. Bu gün mən məhz bunu etməyə çalışacağam.
Yuxarıda qeyd etdiyim kimi, öz şəxsi rəyi ilə həm qonşunun, həm də ümumilikdə cəmiyyətin haqqını tapdayan insanla kimsə uzaq yola çıxmaq istəməz. Çünki onun yolda səni tək qoyub qaçmayacağına heç kim zəmanət verə bilməz. Bu baş verəndə və meşədə tək köməksiz qalanda isə insan yaşamaq uğrunda mübarizə aparmaq üçün bütün vəhşi heyvanlardan ehtiyat etməyə, gizlənməyə çalışır. Bu, təbiətin qanunudur. Necə deyərlər, özgənin qəlbi də qaranlıq meşədir... Çıxış yolunu tapmaq olduqca çətindir...
Məsələni bu cür bədiiləşdirməkdə məqsədim bir qrup elm, incəsənət, siyasət adamlarını, bir sözlə, bütün ictimai xadimləri öz peşə və hobbiləri ilə qonşuları üz-üzə qoymaq əvəzinə, ictimai marağa xidmət etməyə səsləməkdir.
Yəqin ki, söhbətin İran İslam Respublikası ilə münasibətlərdən getdiyini anladınız. Kimsə inkar edə bilməz ki, Azərbaycan və İran xalqı uzun əsrlər boyu – xüsusilə 150 il eyni regionda yaşayaraq bir-birlərinə “gözün üstdə qaşın var” deməmişlər. Ciddi münaqişədən, toqquşma və yerli müharibələrdən isə söhbət belə gedə bilməz. Amma tale elə gətirdi ki, sonradan bir milləti iki yerə parçaladılar.Böyük hissə İranın, kiçik hissə isə Rusiya imperiyasının tərkibinə daxil edildi.Bu, İranın Çar ordusuna məğlubiyyətinin acı nəticəsi idi.Söhbət 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsindən gedir. Maraqlı orasıdır ki, bir xalqın iki hissəyə bölünməsi iki güclü imperiyanın qanlı savaşına son qoydu.Tariximiz yeni səhifədən başladı və dədə-babalarımız bu dövrü şərəf və ləyaqətlə yaşayıb bizə müstəqil dövlət qurmaq imkanı yaratdılar. Amma bu ayrılıq da aramızda olan mədəni əlaqələri və qohumluq münasibətlərini poza bilməyib. Xalqın dini mənsubiyyəti isə toxunulmaz olaraq qalıb. Rusiya imperiyası ilə imzalanmış müqaviləyə əsasən hələ o zaman ildə bir neçə dəfə İrandan yüksək səviyyəli din xadimləri gəlib rusların nəzarəti altına keçmiş ərazilərdə yaşayan müsəlmanların dinə nə dərəcədə sadiq qaldıqlarını yoxlayır, şəriət məsələləri ilə bağlı məsləhətlər verirdilər.
Lakin 21 il bundan əvvəl – 1992-ci ildə müstəqil Azərbaycan Respublikası yaranarkən hamımızın xüsusi rəğbətini qazanmış o vaxtkı prezident, jurnalist və pantürküzm ideyaları ilə yaşayan lider ölkə daxilində vəziyyəti qaydaya salmamış İrana qarşı torpaq iddiası irəli sürməyə başladı və Şimali Azərbaycanla Cənubi Azərbaycanı (şərti ad) birləşdirmək ideyasını ortaya atdı. Həmin şəxs vaxtından çox-çox əvvəl 40 milyonluq Azərbaycan yaratmaq xülyasına düşmüşdü. Bu xülyanın sonda nə ilə nəticələndiyini hər kəs gözəl bilir... Onun bizə qoyub getdiyi isə İranla pozulmuş münasibətlər oldu.Bu gün özü olmasa da, ona rəğbət bəsləyən tərəfdarları indiyə kimi sakitləşə bilmirlər. Zaman-zaman həmin ideyaları gündəmə gətirməklə yanan ocağa yağ tökməkdən çəkinmirlər. Əcəba, hədəf iğtişaşları qızışdırmaq deyilsə, bəs nədir? Mən əminən ki, bu ambisiyalardan və İran hökumətinə göstərilən təzyiqlərdən o tayda yaşayan soydaşlarımız əzab çəkirlər. Axı onlar azərbaycanlıların 2500 illik tarixi olan dövlətin – İranın düşməninə çevrilməsini istəmirdilər...
Onlar nə düşünsələr də, nə desələr də öz dövlətçilik ənənələrini və yaşadıqları rejimi qorumaq baxımından haqlıdırlar. Etiraf edək ki, biz də xarici qüvvələrin ləzgi, talış və digər azsaylı xalqları dəstəklədiyini görəndə qıcıqlanırıq. Azərbaycanın müstəqilliyi, bütövlüyü naminə var qüvvəmizlə buna qarşı mübarizə aparmağa çalışırıq. Belədirsə, o zaman bizim okeanın o tayında yaşayan cənabların və Avropadakı mühacir iranlıların çaldığı havanın sədaları altında oynayaraq qonşunun rahatlığını pozmağa nə haqqımız var? Mən əminəm ki, bunun sonu İranda yaşayan azərbaycanlılar üçün fayda verməyəcək. Çünki hamımız “milli azadlıq hərəkatı” şüarı altında İrana qarşı təbliğat aparan mühacir təşkilatların əsasən ABŞ və Avropa tərəfindən maliyyələşdirildiyini və dəstəkləndiyini çox yaxşı bilirik. ABŞ və Avropa isə bu məsələdə, təbii ki, öz maraqlarını güdür. İran və Türkiyənin güclü dövlət olması onlara heç sərf etmir. Onlara kapitalizmin əsas hissəsi olan neft və qazdan gələn kapitaldan savayı heç nə lazım deyil. İslam faktorundan öz maraqları naminə istifadə edərək, Türkiyəni zəiflətməyə və zərərsizləşdirməyə artıq nail olublar.35 ildən artıqdır ki, iqtisadi-maliyyə böhranının mühasirəsində yaşayan İran İslam Respublikası müharibə təhlükəsi və sanksiyaların qarşısında əyilmədən öz dövlətçiliyini qoruyub saxlayır. Mən xalqın öz dövləti naminə bu cür mərdanəliyini yalnız alqışlaya bilərəm.
Hadisələrdən xəbərdar olanlar bu illər ərzində İranla ABŞ arasındakı ticari-iqtisadi əlaqələrin uğurla davam etdiyini yaxşı bilirlər.İnanmayan varsa, buyurub İranın əsas ticarət limanı olan Bəndər-Abbasa turist səfərinə yollana bilər. Qoy həmin limanda nə qədər ABŞ gəmilərinin dayandığını, iranlı fəhlələrin buğda, un və düyü kisələrini necə səylə boşaltdıqlarını öz gözləri ilə görsünlər. Bu zaman onlara hər şey bəlli olacaq.ABŞ və Avropa kapitalistləri eyni vaxtda həm İranın lehinə, həm də əleyhinə işləyə bildiklərindən həzz alırlar. Bu, onların ürəyinə yağ kimi yayılır. Biz isə öz əllərimizlə düşmənin quyusuna su tökürük. Bunu nəyin naminə, kimin uğrunda edirik? Bəndər-Abbas limanında işləyən fəhlələr, yoxsa o gəmilərin sahibləri üçün?! Qonşunun daxili məsələlərinə qarışmaqla onların bizə qarşı nifrətini artırmaqda hansı məqsədi güdürük? Bu İran fobiyasının məntiqli izahı nədir axı? Boş xəyallar qurmaq və milçəkdən fil düzəltmək cəhdləri bizə yaraşmaz.Əksinə, bu, onların siyasətdə necə uzaqgörən olmalarını təsdiqləyər. Deyilənlərin heç də bütün azərbaycanlıların ürəyincə olmadığını bilsəm də, bu, mənim şəxsi fikrimdir. Öz reytinq və imiclərini qoruyub saxlamaq istəyən İran fobiyasından istifadə edənlərə birdəfəlik “yox” deməyə cəsarətləri çatmır. Bu gün həyata keçirilməsi mümkün olmayan məsələlər naminə onlar da, burdakılar da xalqın hisslərindən öz mənafeləri naminə yararlanmağa çalışırlar.
Qonşu ilə dostluq etmək lazımdır. Əgər bu və ya digər səbəblərdən qonşuluq edə bilmirsənsə, heç olmasa gərək düşmənçilik etməyəsən. Ələlxüsus da onlar əhalinin sayına və ərazinin böyüklüyünə görə bizdən on dəfə üstündürlərsə... Fikrimcə, dostluq etmək böyük elmdir, məharət və müdrüklük tələb edən incə bir məsələdir. Onun öhdəsindən hər kəs layiqincə gələ bilmir. Bu, hamının altına girə biləcəyi yük deyil. Bacardığından dəfələrlə çox yükü qaldırmağa çalışmaq isə, məni ittiham etsəniz də deyəcəyəm, psixi pozğunluqdur.
Hisslərlə idrak arasında harmoniya yaratmaq bacarığı hər zaman yüksək dəyərləndirilib. Bu qabiliyyət bizə əcdadlarımızdan yadigar qalıb. Həmin irsdən necə və hansı məqsədlərlə istifadə edəcəyimiz isə artıq bizim vicdanımıza düşür. Şəxsi ambisiyalarımız uğrunda apardığımız mübarizə ilə kifayət qədər problemləri olan başqalarının taleyinə müdaxilə etmək haqsızlıqdır. Xalqa qarşı bu cür davranmaq yolverilməz nəzakətsizlik və həqarətdir.
Böyük günahların da daxil olduğu emosiyaların istismar edilməsi uca Yaradana da xoş gəlməz, onu məyus edər. Bu qədər güahın altına girib Allahı qəzəbləndirməyin. Tanrı yaratdıqlarının nifrət, kin və ədavət olmadan sülh içində yaşamasını istəyir. Onun bu əmrinə tabe olmaq lazımdır. Tanrının iradəsindən kənara çıxmaq bizə baha başa gələr. Gəlin, qəlbimizi təmizləyək. Bizdən irəlidə olana badalaq, arxada olana daş atmaqla mənzil başına çata bilmərik. İnsan başına gələnlərin səbəbini özgədə axtarmamalıdır. Belə bir məsəl var: əgər qonşunun həyətində ot yaxşı bitirsə, deməli, sən öz bağına düzgün qulluq etmirsən. İranla münasibətlərimiz mənə məhz bu məsəli xatırlatdı. Ola bilsin ki, bu gün İranın kifayət qədər problemləri olsun. Ola bilsin ki, dövlətin siyasəti bəzi məqamlarda heç də xalqın mənafeyini əks etdirməsin. Amma bu, İranın daxili məsələsidir. Hələ ki, İranda yaşayan soydaşlarımız bizdən məsləhət istəmirlər. Dəstək istəyən bu və digər səbəblərdən İranı tərk etmiş mühacirlərdir.
Biz hamımız eyni planetdə, eyni səma altında yaşayırıq. Yaradan belə istəyib, belə məsləhət görüb. Bizim isə qoyulan qaydalara tabe olmaqdan başqa yolumuz yoxdur. Öz xeyrimiz naminə dostluq etməyi öyrənməliyik. Bu, əsrlər boyu belə olub və olmalıdır da... Məhəbbətdən fərqli olaraq dostluq ağıla söykənir və mütləq qarşılıqlı olmalıdır.
P.S.: Məqalədə yazdıqlarım İranda yaşayanlara, o cümlədən də bizim Azərbaycanımızla İranın birləşməsi məsələsində ümidini üzməyən parlament üzvlərinə də aiddir. Üzümü onlara tutub demək istəyirəm ki, cənablar, tarixin arxivində uzunmüddətli axtarışlardan əl çəkib sakitləşin. Yüzillik bir dövrü əks etdirən arxivdə qurdalanmaq sizin həm səhhətiniz, həm də ağlınız üçün təhlükəlidir. Sağlamlığınıza da, ağlınıza da ciddi zərər gətirən “qiymətsiz” cəhdlərdir. Olanları qəbul etməyə çalışıb müasir dövrün reallıqları ilə yaşamağa alışın. İnanıram ki, bu məsləhətim sizin üçün faydalı olacaq. Bunları deməklə, inanın, mən xeyli rahatlaşdım və bunu Sizə də arzu edirəm. “Sakitlik uğurun rəmzlərindən biridir” – əcdadlarımız belə deyiblər...
çap et