Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi
Transliterasiya redaktorları:professor Şamil VƏLİYEV, elmi işçi Samir MİRZƏYEV
(1917-aprel 1918)
IV cild
Milli tələblər
“Kamsko-Voljskaya Reç” nam Kadet qəzetəsi Kazanda müsəlman qurultaylarının qərarlarından xoşlanmamış, narazı qalmışdır. Millətlərin milli arzu, dilək və tələbləri məzkur qəzetənin xoşuna getmiyor, acıqlanıyor. Xüsusən müsəlman qurultayının qərarları kadet mühərrirlərini hirsləndiriyorlar.
“K.V.Reç” mühərrirlərindən Bernşteyn “Milli tələblər” ünvanilə yazdığı bir məqalədə ukraynalılar ilə finlərin böyük inqilab dövründə inqilabın meyvələrindən bəhrəmənd olaraq milli hüquqlarını tələb etdiklərinə qarşı narazılıq bəyan etdikdən sonra müsəlman qurultaylarına söz köçürərək yazıyor ki:
“Böylə böyük milli hərəkətlər müqabilində sair milli hərəkətlər hələlik əhəmiyyətsiz görünüyorlar. Fəqət bunları da nəzərdən qaçırmamalıdır. Zira odu yanmağa qoymamalıdır. Çünki hərəkətin ibtidasında asanlıq ilə ləğv oluna biləcək şey, artıb nəşvü-nüma edərsə, ciddi tədbirlər görülməsini tələb edər.
Xüsusi olaraq bizim nəzər diqqətimizi cavan, fəqət istiqanlı zabit Alkinin sədarəti altında keçmiş olan müsəlman əskəri qurultayının ibraz etdigi Kazan “infraqçuluğu” cəlb etməlidir. Müsəlmanların xüsusi milli alaylar təşkil etmək tələbi və bu tələbi hökumət razı olmasa biizn icra etmək təhdidləri Rusiya üzərində yalnız müvəqqəti hökuməti yeganə səltə deyə qəbul etmələrilə əsla həmahəng degildir. İki şeydən biridir: ya hökuməti-müvəqqətə tam səltəniyyə malikdir və bu vəqt xəlqin müxtəlif qismləri, millətlər, siniflər və sairləri hökumətin siyasətinə icrai-təsir etməgə çalışa bilərlər; fəqət öz başlarına, daha doğrusu bolşeviklər kibi güc ilə iş görməgə cəsarət etməzlər. Yainki müvəqqəti hökumət səltənəyi-tamməyə malik degildir. O vəqt müsəlman qurultayının müvəqqəti hökumətə tabe olmaq həqqindəki sözləri saxta və qeyri-səmimidir.
Doğrudan da bu necə tabe olmaqdır ki, xoşuma getməyən qərardadı poza bilərəm və mən edilməgə diqqət verməm. Bu – pozğunluq, pərişanlıq və dağınıqlıqdır ki, hazırda buna qarşı cəbhədə mübarizə ediliyor və arxada mübarizə başlanıyor. Şübhəsizdir ki, müsəlman əskəri qurultayının hədələri müvəqqəti hökumətin iradəsinə qəti əməl etməklə qarşılanmalıdır.
Biz güman etmiyoruz ki,müsəlman qurultayı başçıları ciddən Rusiya həyatını pozmaq fikrində olsunlar. Biz biliyoruz ki, siyasi cəhətdən geri qalmış olan güclü müsəlman əhalisi əski hökumət dövründə belə kərrətlə özünün mühafizəkar olduğunu bildirmiş və IV Q.Dumanın həpsində müsəlman məbusları bəzən Kadet firqəsindən də sağda durmuşlardır. Güman ediyoruz ki, bu qərarnamə ümumiyyətlə, məmləkətdə möhkəm hökumət yoxluğundan iləri gəlmişdir və müsəlman qurultayı bu qərarı çox gec vermişdir. Zira imdi böylə şüarların qiyməti yoxdur və əskəri işlərə pozğunluq salmaq təşəbbüslərini məhv etmək üçün hökumətin tez və güclü təsir edən qüvvəsi tapılar.
Amma müsəlman vətəndaşlarımız bunu unutmamalıdır ki, nəticəsi dostları itirmək olan siyasətdən yaman bir şey yoxdur. Bir çox milyonluq müsəlman əhalisinin ixtiyarı var ki, Məclisi-Müəssisanda öz işlərində geniş muxtariyyət alsın və məmləkət ədalət və şərəf borcu olan bu işə açıq ürəklə qol çəkər.
Amma istiqanlı cavanlar özlərini böyük siyasiyun hesab edərək böyük taktikasızlıq (ədəbsizlik) etdikdə öz millətlərinə pis xidmət göstəriyorlar. Xəlq pişrovu olmaq əvəzinə bunlar millətin ittihadına mane oluyorlar və mühüm, lazımlı təşkilat əvəzinə hirs, azart və.... ən həqli işə risk salıyorlar. Böyüklər bu cavan “siyasiyunu” dayandıraraq fəaliyyətlərinin nə qədər ciddi olduğunu göstərməli idilər.
Bədə bu misallar ilə Rusiya gəmisinin hərəkəti sualtındakı daşların təhdidi altında olduğunu qeydlə Bernşteyn diyor ki: Son vəqt hökumətin ümumi tərzi-fəaliyyəti – möhkəm kurs götürməsi – əsasilə ümidvar olmalıdır ki, hökumət Ukrayna ilə də, Finlanda ilə də, Kazan ilə də danışa biləcəkdir. Əgər infraqçuların təfsirilə hökumət onların diləklərinə əməl edə bilməsə, onlar ilə hesablaşmaq lazım gələcəkdir.
Yenə haman qəzetənin digər bir mühərriri Samsonov Kazan qurultaylarının qərardadlarından bəhslə müsəlmanlara böhtan və iftira deməkdən belə çəkinməyərək tələblərimizi taminati-hüquq degil, bəlkə bir növ xüsusi imtiyazlar tələbi hesab ediyor; bunu da Finlanda və Ukrayna infraqçuyana hərəkatının təsiri adlandıraraq yazıyor ki: Biz müsəlman siyasət kişilərinin hərəkətini Ukrayna və finlandalıların hərəkəti hesab etmək istəmiyoruz. Fəqət dövlət içində dövlət kibi məmləkət müdafiəsi üçün təhlükəli və dövlət nöqteyi-nəzərindən əfv olunmuyacaq hərəkəti qeyd etməyə bilməriz. Məsələn, xüsusi müsəlman alayları təşkilinə qarşı narazılığımızı bəyan etməyə bilməriz. Həmçinin daimi qoşunun milisiyaya əvəz edilməsi həqqindəki layihəsi vəqtli və yerli hesab edəmməz. Zira hazırda bu iş onsuz da pozulmuş orduya pərişanlıq yetirər. Bir də müsəlman qurultayı tələb ediyor ki, əhalisinin 4-də bir hissəsindən ziyadəsi müsəlman olan yerlərdə hökumət komissarı mütləq müsəlman olmalıdır. Necə oluyor ki, müsəlmanlar bir tərəfdən seçkilərdə bütün müsəlmanların millətçilik bilməyən sosialistlər ilə bir yerdə getməsini tələb ediyorlar; bir tərəfdən də öylə millətçilik ibraz ediyorlar ki, bunun üçün hətta sair millətlərin hüququnu ayaq altında almaq istiyorlar. 25 faizdən ziyadə olan millətin imtiyaza həqqi olduğunu tələblə yerdə qalan 65-70 faizi bu imtiyazatdan məhrum ediliyor. Məsələn, bir yerdə 65 faiz rus, 35 faiz müsəlman olursa hakim millət müsəlmanlar olmalıdırlar. Rus sosialist və tərəqqipərvər demokrat firqələrindən heç biri böylə tələbatda bulunmayaraq biləks ümumvətəndaşların müsavat hüquqa malik olması prinsipini qəbul ediyorlar. Yeni məmləkətdə qeyri-rus yoxdur. Ancaq Rusiya vətəndaşı var. Azad məmləkətdə millətlərin həpsi qanunca təmin olunaraq dövləti və ictimai müəssisələrdə layiq olduqları yeri tutub qüvvələrini göstərmək imkanı veriləcəkdir. Xudanəkərdə Rusiya taleyi bəlaya uğrarsa, millətlərin həpsinə fəna olacaqdır. Binaənileyh ayrı-ayrı millətlərin infraqçulığı öz yerini ümumi məsələyə, Rusiyayı almanların qələbəsindən azad etməgə buraxmalıdır. Azad məmləkətin tam hüquqa malik vətəndaşı olmaq istəyən millətlərin həpsi bu məsələyə iştirak etməlidir. Ona görə özünə çox hüquq və imtiyaz qazanıb da sair millətlərə az vermək fəlakəti xəta, zərərli və dövlət ziddinə olan bir hərəkətdir.
Biz ruslar bu hərəkətdən böyük ibrət dərsi aldıq. Çünki daxildəki pozğunluq, ordudakı binizamlıq haman bundan nəşət etmişdir ki, bəzi siyasilərimiz bütün məmləkətin mənafeyini bir sinfin mənafeyinə tabe etmək istədilər.
Müsəlmanları da bu yola sövq edən haman rəislərdir ki, müsəlmanları sosializm xəyalatı təpəsinə çıxarmaq, rusların bütün məmləkətdə sosiallıq üsuli-idarəsi tətbiq etmək istərkən aldıqları fəlakətli nəticə kibi fəlakət çıxara biləcəgini unutuyorlar.
Sosializm xəyalının puç olduğunu isbat edən fəlakətli dərsdən ibrət alınmıyorsa, məmləkəti ehtizar halında çarpışdıran, qulaq tutan patıltıdan sonra da haman səhv və xətaları təkrar edən rəislər tapılıyorsa, bircə ümidimiz buna qalıyor ki, ümumiyyətlə Rusiya və xüsusən müsəlmanlar yeni böylə bədbəxtliklərdən xilas olarlar. Ümidimiz də bunadır ki, inanıyoruz müsəlmanların əqli qoymaz böylə rəislərin sövq etdikləri yol ilə getsinlər.
İnanıyoruz ki, bir çox milyonluq müsəlmanlar böyük anamız olan Rusiyanın ümumoğullarilə əl-ələ verərək böyük və həşəmətli Rusiya cümhuriyyəti təşkili və dövlət abadlığı yoluyla gedərlər.
“Açıq söz”, 25 avqust
1917, №550
İnfraqçu – ultra qırmızı
Ehtizar – can vermə, axır nəfəs
Əql hakim oldu!
Qəhətlik təhlükəsi qarşısında bulunan əmələlər zorlama da olsa xəlqin evlərini gəzib məkulat aramaq istiyorlar!
İştə, bu təhlükə əmələlərin bu müsranə qərarı üç, dörd gündən bəri şəhərimizi qorxu içində buraxıb, bütün cəmaət müəssisələrilə siyasi firqələri əndişələr içində buraxdı. Təşkilatlar əndişədə, cəmaət isə iztirab içində idi. Hər tərəfdə bir həyəcan, hər yanda böyük bir yas və hirman görülməkdə idi.
Kəndilərinə əmələ və demokratiya nümayəndəsi namı verən məchul və qeyri-məsul bir qism əmələ cildli orta qarışdıranlar, əmələ konfransiyasını istila edərək “olmaz gərək burjuyları gəzək, olmaz gərək evləri axtaraq, olmaz gərək hər kəsin bir put unu varsa tapıb bölüşək” – diyordular.
Nəsihət olunuyor – olmuyor, dəlil göstəriliyor – yaramıyor, isbat olunuyor – kar etmiyordu.
Bu hal və ətvari şübhəli olan “izdiham” əql və tədbir ilə həqiqət və səbatın göstərdigi nə qədər sözlər və işlər varsa heç birini dinləmək istəməyib öz dedigini yeritmək istiyordu. Sosialist firqələr, Əmələ və Soldat Vəkillərinin Şurası, inqilab fədailəri hankisi gəlib mətləbi anlatmaq istiyorsa cavabı haman “daloy burjuy”dan başqa bir şey degildi.
Əhvalı böylə gördükdə insan doğrudan da peşiman oluyordu. Həqiqətən bağrı xun oluyordu. Əcəba, bunlarmıdır o əmələlər ki, onlar hürriyyət ordusunun pişrovlarıdır. Əcəba, bunlarmıdır sosialistlərin söykəndikləri o əməlpərvər sinif ki, həqiqi hürriyyətlərin ən və iləridəki mübarizləridir? Onlardırlarsa nərədə bəs məskəni-hürriyyətin müqəddəsligi, nə olmuş o fikir, nədən hissiyyat damarları korlaşmış, neçün məsləki-hürriyyət ayaqlar altına alınmışdır.
Həqiqi hürriyyət tərəfdarı olanları bu hal əndişələrə salıyor. Onlar xuliqanların əmələ cildinə girə bildiklərini görüb təəssüf ediyorlardı. Fəqət həqiqi əmələ sinfinin düşmənləri əksinqilab hazırlığında olanlar bu ağalar hala gülüyor, sol firqələr üstünə zəhər xəndələr saçıyorlardı.
Nəhayət, cəmiyyət, cəmaət öz səsini ucaltdı. Firqələr, təşkilatlar xuliqanlıq təhlükəsinin cilovunu aldılar. Konferensiyanı xuliqanlar istilasından təmizlədilər. Bu təzahürat işində müsəlman milli komitəsi ilə “Müsavat” və sair siyasi təşkilatların şayani-qeyd əməgi və müsəlman əmələ qardaşlarımızın şayani-etina himmətləri görüldü. Kəndisinə “tyomnı” denilən müsəlman əmələsi özünün sair mütəşəkkil demokratiya ilə bərabər məsələdə faideyi-ümumiyyənin hanki qərarda olduğunu haman dərk elədi. Öz huşlu zehnilə o saət anladı ki, avakyanlar onu xilasa degil, həlakə sürüyorlar. Bildi ki, evləri axtarmaqla aca çörək tapılmaz, biləks ortaya fəsad düşər. Fəsaddan isə qarın doymaz. Bu anlayışını müsəlman fəhləsi Ramanada, Sabunçuda, Binəqazidə, Keşlədə, Naftalanda və sair yerlərdə tərtib elədigi mitinqləri ilə göstərdigi kibi şənbə günki konferensiyada bu anlayışını bütün anlayışlı yoldaşlar ilə bərabər izhar elədi.
Nəhayət, olduqca gurultulu bir məclis nəticəsində bərqi-həqiqət çaxdı, fəsad degil sülh, cəhl degil, əql hakim oldu.
Bakı demokratiyası bir neçə gün düşdügü böhrandan xilas olaraq müfəttinləri degil, müslihləri şad elədi. Göstərdi ki, o hala hürriyyət tərəfdarıdır. Anlatdı ki, əql onun bütün qərarlarında hakimdir.
Bunu mədəndə çalışan əmələlər isbat etdikləri kibi səlah altında olan zəhmətkeşlər də isbat etdilər. Bu zəhmətkeşlərin qətnamələrində denilirdi ki, onlar xəlqin məsuniyyət məskənini zorlamaq istəyənlərə qarşı səlah istemalına belə qərar vermişlərdir.
Yaşasın mütəşəkkil demokratiya, var olsun əsasəti-hürriyyəti müdafiəyə hazır olan əskər!
M.Ə.
“Açıq söz”, 28 avqust
1917, №552
Hirman – məhrum olma
Ətvar – vəziyyətlər
Xəndə – gülüş
Müslih – sülh və asayişi bərpa edən, barışdırıcı
6 ay inqilab
Elani-hürriyyətdən 6 ay keçiyor... Dünki gün Bakı tərtib elədigi müxtəlif mitinq və leksiyalarla bu keyfiyyəti yad elədi.
Hürriyyət!
Öylə görünüyor ki, bu sözün bundan altı ay əvvəl olan qüvvəti, xəlq üzərindəki o böyük təsiri daha qalmamışdır.
Nikolay istibdadı rüsvayçılıqla fənayə varmış, şirazei-məmləkət darmadağın olmuş, fəlakəti-hərb son dərəcəsini bulmuş, hər kəs üfunətli qazlar içində boğulmuş, bir günəş, bir nur araya qalmışdı.
Fevralın 27-də o nur parladı. Şəmsi-hürriyyət doğdu.
Bu günəş üfüqə doğru qalxacaq nəsfi-əlnəhari-amalə gələcək, bütün Rusiya ilə bərabər dünyayı parlatacaqdı.
O günəş daha qürub etməmiş, var, seyr ediyor, nəsfi-əlnəhara doğru gediyor. Fəqət ortalıq yenə qarışıqdır. Yenə göz-gözü görmüyor. Yenə narazılıqlar mövcud olub fəlakət və səfalətlər davam etməkdə, arzu olunan həyati-hürriyyət hənuz görünəmiyəcəkdir.
Əvət, hava buludludur.
Əvət, hürriyyət günəşini yalnız altı yüz illik binayi-istibdadının yıxılmasından qopan tozalaq degil, kəsif buludlar dəxi qapayır. Bu müharibə buludlarıdır.
Hürriyyət elan olunur-olunmaz və demokratiya hökuməti öz əlinə alır-almaz bütün dünyaya qarşı elan elədi ki, Rusiya demokratiyası kimsədən topraq almayacaq. Kimsədən dava xərci istəməyəcək və bütün millətlərə öz müqəddəratlarını həll etmək ixtiyarı vermək surətilə hərbi bitirib dünyaya sülh bəxş edəcəkdir.
Rusiya demokratiyasının bu tarixi bəyanatından sonra cəbhələrdə sükunət hasil oldu. Rəsmi olmasa da, qeyri-rəsmi bir mütarikə hüsula gəldi. Dan yeri təmizləndi. Daha sabah qırmızılıqla nəzərləri oxşayan hürriyyət günəşi bütün sədaqətilə didarını göstərdi.
Fəqət ingilis, Fransa və İtaliya imperialistlərinin fişarı Rusiya imperialistlərinin əqldən ziyadə hissiyyata qapıldıqları sayəsində vaqe olan təzyiqlərə Rusiya demokratiyası təslim oldu. “Mütarikə” tərk olunaraq “hücum” başlandı.
Bu hücum yeni fəlakətlərə səbəb oldu. İnqilab ordusu kəndisinə bağlanan ümidi vermədi. Həm verə də bilməzdi. Çünki daha istibdad zamanında pozulmuş və müasir bir hərbdə iştiraka mühəyya olmadığını anlamış bir ordu qabil degil, xarüqələr yaradamazdı.
Böylə də oldu. Düşmən fürsətdən istifadə edərək əkshücum etdi. Az qüvvəsinə qarşı çox qüvvələrimiz dayanamadı. Səflər yarıldı. Şəhərlər biri-digəri ardından getdi. Nəhayət, Riqa dəxi süqut elədi.
Səfi-hürriyyətdəki qaçqınlığa məmləkət daxilindəki böhran ilə ərzaq müşkülatı və əksinqilab təşəbbüsləri əlavə edildi.
İştə, bu gördügümüz qaranlıqlar, bu çəkdigimiz qorxular, bu boğulduğumuz tozanaqlar hürriyyətdən degil, hərbdən hasil olma bir bəladır. Aftabi-hürriyyəti daldalıyan bu qara buludlar meydani-hərbdən qalxan tüstülərdir.
Bunu artıq inqilabçı fəhlə firqələri degil, burjua mətbuatından bir qismi dəxi etiraf etməkdə, məsələn, “Birjovoye vedomosti” qəzetəsi “müttəfiqlərimiz bizdən fədakarlıq istəyə bilər, fəqət həlakımızı tələb edə bilməzlər” diyor.
İmperialist müttəfiqlərimizə qalırsa, “həlakətimizi” istəmədikləri şübhəlidir. Lazımdır ki, Rusiya demokratiyası kəndisi-kəndisini düşünsün. Altı ayın ərzindəki səhvlərdən bir dərsi-ibrət alıb nə yapacağını anlasın.
Şübhəsiz ki, bütün xarabkarlıqların altı ayın ərzində düzəlməsini istəmək burundan o yanasını görməməkdir. Fəqət hürriyyət günəşini qara buludlardan təmizləməyincə əhalini hürriyyət günündə olduğumuza inandırmaq doğrusu Adəm oğlunun işi degildir!
M.Ə.
“Açıq söz”, 29 avqust
1917, №553
Məva – yurd, məkan
Fişar – sıxışdırma
Şirazə – nizam-intizam
Əksinqilab
Biz burada inqilabın altı ayını xatırlamaqda ikən Petroqraddan yeni xəbərlər alındı.
Kornilov diktator olmaq istiyor. Onun bu istəyişini Duma əzasından sabiq hökuməti-müvəqqətə rəisi Knyaz Lvov Kerenskiyə təbliğ eliyor.
Neçə gündən bəri inqilabçı hökuməti-müvəqqətəyə qarşı bir sui-qəsd hazırlandığı və bu münasibətlə bəzi imperator xanədanına yaxın adamların həbsə alındığı bildirilirdi. Görünüyor ki, əksinqilab təşkilatının kəşfi onu saxlaya bilməmiş, görünüyor ki, mürtəcelər daha dərinlərə qədər kök salmış, işə ciddiyyətlə hazırlaşmışlardır.
Kornilov hökuməti-müvəqqətə tərəfindən təyin olunmuş baş komandandır. Kerenskinin kəndisi tərəfindən təyin olunan bir generalın qalxıb bütün hökumətin kəndisinə həvalə olunmasını istəməsi adi işlərdən degildir. Görünüyor ki, kazaklara istinad edən Kornilov mövqeyini möhkəm görüyor ki, böylə bir cəsarətdə bulunuyor.
Bu cəsarət ilk dərəcədə müqabil bir əzm və şiddətə düçar olmuş, Kerenski Lvovu tutdurub, Kornilova da istefa təklifində bulunmuşdur və rədd cavabı alınca onun da tutulmasını əmr etmişdir:
Görülməz bir şiddətlə başlanacaq daxili müharibələrə bir ibtida təşkil edən bu qorxunc hadisənin təfsilatını oxucularımız qismi-məxsusimizdə taparlar.
Əhvalının keyfiyyətindən ziyadə bu zamanda mahiyyətini anlamaq lazımdır.
Rusiya inqilabı bununla üçüncü dövrəsinə giriyor: birinci dövrə Nikolayın əzli və hökuməti-müvəqqətənin burjuaziyadan ibarət olub Dumadan seçilmə bir heyətə tapşırılması ilə başlamışdı.
Bu dövrə ilk hökumət böhranı hasil olunca davam elədi. Bu böhran nəticəsində Milyukovun siyasət işindən çəkilib Əmələ və Soldat Vəkilləri Şurasının mərifətilə hökumətə sosialistlər də daxil oldular.
Bu vəqtə qədər bir növ mütarikə hökmündə yaşayan Rusiya “sülhü” hücumda görərək hər nə cür olsa da, ordu daxilində mümkün pozğunluğu yoluna qoymaq və düşməni sındırmaq istədi. Bunun üçün Kerenski ədliyyə vəzirligindən çıxıb hərbiyyə vəzarətinə keçdi. Səfi-hərbə getdi. Əskərləri təşviq və tərğib elədi. Sosial-revolyusionerlərlə menşevikləri iqna edərək hücuma başladı.
Hücumun müəssif nəticəsi məlum. Demokratiya səflərində mötəlif hökumətə narazılığın qüvvətləndigi xatirlərdə hücum siyasətindən narazı qalan bolşeviklər propoqandayı qüvvətləndiriyor. Bütün hökumətin Fəhlə, Əskər və Kəndistan Vəkilləri Şuralarına verilməsini tələb ediyorlar. Şu sırada Finlandiya ilə Ukrayna siyasəti üstündə sosialist vəzirlərin tutduğu məsləkdən istikrahla kadet vəzirlər hökumətdən çıxıyorlar. İkinci böhran hasil oluyor. İyulun 3-ü ilə 5-i arasında vaqe olan Petroqrad hadisələri böhranı daha ziyadə qatılaşdırıyor. Hökumətin tamamilə Sovetlərə verilməsini tələb edən cərəyan məğlub oluyor.
İnqilabın üçüncü dövrəsi başlıyor. Bu dövrə Kerenskinin sədarətə keçməsi burjualara olduqca mühüm güzəştlərdə bulunmaq surətilə qüvvətli bir hökumət vücuda gətirmək istəməsilə ayrılıyor. Sovetlər etiraf ediyorlar ki, burjuaziyasız keçinə bilməzlər. Buna görə Kerenski hökumətini qüvvətləndiriyorlar. Kerenski məsləki eyni zamanda bunu da etiraf ediyor ki, hürriyyətpərvər burjuaziya ilə gərək uyuşsun. Bunun üçün kadetlərlə uyuşuyor. Kadetlər təkrar adamlarını hökumətə yollayorlar.
Demokratiyanın burjuaziya ilə bu surətlə birləşməsini təyid üçün mötəlif hökumət Moskvaya gəliyor, “dövlət şurası”nda sosial-demokratiya pişrovlarından Sereteli ilə burjuylardan Bublikov əl-ələ veriyorlar.
Mötəlif hökumət buradan qüvvətli çıxmaq ümidində ikən görünüyor ki, zəif olaraq çıxmış. Kerenski bütün qüvvətini sərf etmişsə də kadetlərlə Kornilov partiyasının könlünü tamamilə ala bilməmiş və inqilabçı demokratiya mənafeyi naminə Sovetlər tərəfindən vaqe olan güzəştlər, Sovetlərin buraxılmasını tələb edən Q.Dumadakı sağ dəstə ilə onların başına toplanan ricət cərəyanını təskin edə bilməmişdi.
İştə, hürriyyətin yarım il müddətində üç dövrə keçirən inqilab imdi Kornilov xürucilə dördüncü vəxim dövrəsinə giriyor.
Əgər bu vəqtə qədər vaqe olan təbəddülat ilə dəgişən dövrələr hürriyyət və inqilabın bərkişməsi yolunda idisə, imdi başlanan bu dördüncü dövrə açıqdan-açığa irtica dövrəsidir.
İrtica gəliyor. Həm də mühacim bir vəziyyətdədir. Petroqrad gərək xaricdəki düşmənə və gərək daxildəki əksinqilabçılara qarşı kəndisini müdafiə etmək üçün hazırlaşıyor. Paytaxt mühasirə halında elan olunmuş. Başda Kerenski olmaq üzrə on iki kişidən ibarət heyəti-müdirə (diktatura) təşkil olunmuşdur.
Petroqrad ilə ordu içində bu kibi hadisələr vaqe olmaqda ikən Yaltadan da Nikolayeviçin qaçdığı xəbər veriliyor. Yeddibaşlı heykəli-istibdad altı aydan bəri əzilərək gəldiginə baxmayaraq təkrar qımıldanıyor, deməkdir.
Bu vəqtə qədər vətən xətərdə, hürriyyətlərimiz təhlükədədir, denilirdi. Məəttəəssüf bu sözlər denilə-denilə qüvvətdən düşmüşdür. Yalnız bilməlidir ki, bu zamanda söylənən “İnqilab xətərdədir!” nidası gərək bütün hürriyyətpərəstləri sarsın, hər kəsi yerindən diksindirsin.
Tarix təkrar ediyor. İnqilabımız, inqilabdakı mürşidimiz Fransa inqilabını təqlidə başlıyor. Biz də Fransa inqilabçılarından “Marat”ın sözlərilə deyəlim:
Ey vətəndaşlar, eşitdigimiz bu həmhəmələr millətin degil, düşmənlərinin səsidir; sərvəqt olun!
Sərvəqt olun, müsəlmanlar, huşyar olun, zəhmətkeşlər: kənar edin məslək ixtilaflarını! Toplaşın al bayraq altına! Müdafiə edin hürriyyəti, saxlayın inqilabı! Romanovlar tərpəşir, divi-istibdad baş qaldırır.
– Yox olsun istibdad!
M.Ə.
“Açıq söz”, 30 avqust
1917, №554
Mötəlif – koalisiya
Tərğib – həvəsləndirmə,
rəğbət artırma
Vəzifə başına
Petroqrad hadisələri, Kornilov macərası artıq bütün hürriyyətpərəstləri, bilxassə amal və məqsədlərinin təminini hürriyyətdə görən məhkum istibdad millətləri, məqhur sərvət zəhmətkeşləri düşündürməlidir. Hürriyyət təhlükədə – demək ki, bütün ümidlərimiz, bütün gözləmələrimiz xətərdədir!
Xudanəkərdə, bugünki macərapərəstlərin əli gətirib inqilab hökumətinə qalib gələrlərsə, o zaman kabusi-istibdad təkrar sineyi-amalımıza çökəcək, o qanlı pəncələrilə bizi boğmağa başlayacaqdır.
Əcəba, Kornilov macərası sineyi-hürriyyət üzərinə çökəcək kabusdur, yoxsa ölüm halında bulunan divi-istibdadın səkrani-mövt halında göstərdigi izhari-ümiddir? İştə, əndişənin qəlbləri, ehtiyatlı zehnləri işğal edən mühüm bir məsələ!
Petroqrad hadisələri münasibətilə vaqe olan dünki mitinqlərdən bəzisində Kornilov macərasının irticai bir hərəkət olub-olmadığı həqqində mübahisə olunmuşdur. Kornilovun sabiqəsi nəzərə alınaraq bəziləri onun bu hərəkətdə bəlkə də iğfal olunduğunu söyləmişlər. Bu keyfiyyət bu gün alınan teleqraflarda da qeyd olunmaqdadır. Bu teleqraflarda denilir ki, Kornilov bolşeviklərin Petroqradda qüvvətləndiklərini nəzərə alaraq hürriyyəti saxlamaq və müvəqqəti hökumətə yardım etmək üçün diktaturaya ehtiyac olduğu həqqində iğfal olunmuşdur.
O kibi cəsur bir macəraya təşəbbüs edən Kornilovun kəndi hərəkətini “iğfal” keyfiyyəti ilə izahı macəranın zail olması həqqində alınan xəbərlə qabili-təlif bir haldadır. Tiflisdə Kerenskidən alınan məlumata görə Kornilov macərası boşa çıxmışdır.
Kornilovun iğfal olunduğu şübhəli olsa da, Kornilov başında Petroqrada yürüməgə başlayan 70 min süvarinin iğfal olunduğuna heç şübhə yoxdur. Ortada iğfal olmazsa heç bir şəxsdə, heç bir generalda, heç bir Kornilovda o imkan olmaz ki, 70 minlik bir orduyu məmləkətin böylə məsuliyyətli, təhlükəli bir zamanında düşməni arxada buraxaraq paytaxt üzərinə yürütsün.
İğfal olunmuşlar arasında böyük təəssüflərlə xəbər alıyoruz ki, diki diviziya denilən Qafqasiya könüllü firqəsi də vardır.
Vətən müdafiəsində sinəsini rəşadət nişanları ilə zinətləndirən qafqasiyalı “dikaya diviziya” iğfal olunmayınca böylə bir macəraya əlbəttə ki, qarışmazdı. Bilərdi ki, məmləkətdə buraxdığı cinsdaşları Qafqasiya dağlarının hürriyyətpərvər övladı, Zaqafqasiya müsəlmanlarının zülmdən incimiş ürəkləri onları əbədiyyən təlin edər, adlarını xainlər taxtasına yazardı.
Qəzetələrdə görülən xəbər doğru isə “dikaya diviziya” şübhəsiz ki, iğfal olunmuş və bilməyərək mənsub olduğu cəmaətə, onun amalına, məqsədlərinə böyük bir zərbə vurmuş, hürriyyətpərvər Qafqasiya şanına yaraşmayan tənkiz bir hərəkətdə bulunmuşdur. Biz düşünürüz ki, Qafqasiya müsəlmanlarının səsi bu zamanda onlara yetişər, bütün Qafqasiya müsəlmanlarının hökuməti-müvəqqətə tərəfində olduğunu diviziya xəbər alırsa silahlarını əllərindən atar, ölər Petroqrad üzərinə, hürriyyət və inqilab üstünə yeriməz!
Kornilov kəndi çıxışını hanki iğfal ilə izah etsə-etsin, aşkardır ki, Rusiya əksinqilab təşəbbüsləri qarşısındadır.
Bugünki macəranın dəf olunacağı mühəqqəq olunduğu kibi bizə burası da müəyyəndir ki, Rusiya cəmaəti, mütəşəkkil demokratiya heç bir vəchlə inqilabın qazandıqlarını asanlıqla kimsəyə tərk etməyəcəkdir. İmanımız qəvidir ki, bir daha əski dövrə qayıtmaq, inqilabı məğlub etmək imkan xaricindədir.
Fəqət böylə bir iman və ümid bizə heç də həqq vermiyor ki, yarını düşünmədən rahət və fərağətlə oturub bütün qüvvətlərimizi toplamaya səy etmiyəlim.
Bütün inqilab firqələri haman “Hazır ol!” əmrini verməkdə – hər kəsi, hər vətəndaşı, hər hürriyyətpərəsti müdafiəyə çağırmaqdadırlar!
Bu dəvətlərə ləbbeyk demək hər bir müsəlmanın, hər bir türkün borcudur. Çünki hürriyyətimizin, milliyyətimizin, siyasi, mədəni amal və əfkarımızın müdafiəsi bu dəvətlərə ləbbeyk deməkdə, bu çağıranlarla bərabər getməkdədir.
Hürriyyətin ibtidasından bəri müxtəlif qurultaylarda, məclislərdə, mitinqlərdə verdigimiz vədlər, elədigimiz bəyannamələr, etdigimiz beyətlər bunu icab ediyor.
Haydı, millətdaşlar, vəzifə başına!
M.Ə.
“Açıq söz”, 31 avqust 1917, №555
Məqhur – qəhr olmuş, məhv olmuş
Səkrani-mövt – sərxoş ölü
Təlin – lənətləndirmə
İğfal – aldatma, qəflətə salma
(Ardı var)
çap et