525.Az

Kafka üçbucağı


 

Kafka üçbucağı<b style="color:red"></b>

[email protected]

Nədənsə, tənhalıq, çarəsizlik və əzab dedikdə həmişə yadıma Kafka düşür. Ya da əksinə - Kafka deyəndə, yadıma tənhalıq, çarəsizlik və əzab düşür. Kafkanın həyat və yaradıclığı ilə tanış olduqdan  sonra "tənhayam", "çarəsizəm", "əzab çəkirəm" kimi sözləri lüğətindən silmək istəyirsən.

1883-cü ilin 3 iyulunda Praqada doğuldu. Bəlkə də, o, zamanından əvvəl doğulmuşdu, qabaqlamışdı zamanı. Elə bu səbəbdən də onu nə ailədə, nə işdə, nə də sevgidə başa düşmədilər. Çünki bu adamlar Kafka zamanının adamları deyildilər.

Ömrü qaçaqaç içində keçdi; doğulmağa da, ölməyə də tələsdi. Bəlkə də, Kafka tələsmirdi, gecikirdi...

Qəribədi, doğulduğu ilin son rəqəmi 3, doğulduğu gün 3 iyul, öldüyü gün 3 iyun. Axı bu 3-lər nədi belə? Təsadüf? Məncə, dahilərin həyatında təsadüf olmur. Bu Kafka üçbucağı idi - tənhalıq, çarəsizlik və əzab!

Dünyada yazıçı olduğuna dair heç bir izin qalmasını istəmirdi. Hamının yadından çıxmaq, unudulmaq arzusunda idi. O, özü-özünü çoxdan başqa bir "mən" də  - Milenasında unutmuşdu! Çünki o, eşqin mahiyyətini yaxşı anlayırdı: "Dünən gecə səni yuxumda gördüm, tam xatırlamıram, amma bir-birimizdə əriyirdik. Sən mənə, mən sənə çevrilirdim". Bu cür eşq konsepsiyasına müxtəlif yazıçıların, filosofların, şairlərin əsərlərində rast gəlmək mümkündür. Lakin ifadə gözəlliyinə görə, hələ ki, yazıçılıqda Kafka, fəlsəfədə Hegel, şeirdə Füzuli zirvəsini aşan olmayıb.

Füzuli "Leyli və Məcnun" poemasında yazırdı:

Məndə olan aşikar sənsən,
Mən xud yoxam, ol ki var, sənsən.
 

Alman filosofu Hegel isə deyirdi ki, eşqin mahiyyəti öz-özündən imtina etmək, özünü başqa bir "mən"də unudub, yoxa çıxmaqdadır. Bu fikrin ən dərin kökləri isə antik yunan fəlsəfəsinə -  Platona gedib çıxır.

Kafka Milenasına "mən hardayamsa, siz də ordasınız" - yazırdı. Çünki o, hara getsə, Milenasını da özüylə aparırdı. Məktublarının birində yazır: "İndi yalnız öz xəstəliyimi, öz sağlamlığımı düşünürəm. Yenə də ikisi də sən deməkdir". Məhz ondakı Milenanı incitməmək, ona əzab verməmək üçün sağlamlığının qeydinə qalmağa başlamışdı, amma getmək vaxtıydı, bilet alınmışdı, qatar dayanacaqda gözləyirdi, gecikmək olmazdı.

Kafka dostu Maks Broddan əsərlərinin, məktublarının hamısını tapıb yandırmağı xahiş etmişdi. O, isə dostuna verdiyi sözün üstə durmadı. Biz bu gün Kafkanın əsərlərini oxumağımızı Maks Brodun "xəyanət"inə borcluyuq.

Ölüm yatağında ... yox...yox...düz olmadı! Ölüm? Axı dahilər ölmürlər, dahilər gedirlər. Dünyada heç kimin doldura bilməyəcəyi, özləri boyda bir boşluq qoyub gedirlər. Kafka da getdi, yerinin boş qalmaması üçün isə "Qəsr"i, "Məhkəmə"ni, "Çevrilmə"ni, "Milenaya məkublar"ı ... və bir də qosqoca tənhalığı, çarəsizliyi, sirli-sehrli əzabı qoyub getdi!

 





03.07.2013    çap et  çap et