Bu vaxt demokratiya dil aça bilsəydi, bu zərbədən sarsılanlara və ümumən bütün peşiman olanlara rus çarı I Nikolayın 1836-cı ildə Sankt-Peterburqda N.V.Qoqolun “Müfəttiş” pyesinin tamaşasına baxdıqdan sonra ətrafındakı əyanlara dediyi sözləri təkrar edərdi: “Hamı öz payını aldı, mənə isə hamıdan çox pay düşdü”. Axı biabır olan birinci növbədə demokratik quruluşun özüdür.
Ümumiyyətlə demokratiyaya qeybdən gələn bir çarə vasitəsi, xilas qayığı kimi baxmaq, reallığa göz yumub, öz təxəyyülünü xəyalplovla qidalandırmaqdan başqa bir şey deyildir. Ona görə də vurğunluqla yanaşı, demokratiyaya tam fərqli münasibət də mövcuddur. Bu münasibətdə heç bir zəfər parıltısı yoxdur, əksinə, belə bir fikrin həqiqiliyini etiraf etmək vardır ki, demokratiya bəzi hallarda xoşa gəlməyən, hətta iyrənc ola bilər, nə onun özündə, nə də qabiliyyətində real dünyanın problemlərini həll etmək “sehrliliyi” yoxdur.
Belə yanaşmada ani qərarların təhlükəsinin başa düşülməsi öz əksini tapır.
Həm də dərk edilir ki, adamlar ağılsızlığa yol verə, qeyri-rasional ola, panika tutmasına məruz qala bilər, ona görə də onlar əsl təhlükə rəmzlərinə də səs verə bilərlər. Belə möhkəm bir qarantiya da yoxdur ki, xalq səhvə yol verib, ən dəhşətli olana səs verməsin.
Bəzən elə güman edilir ki, demokratiya bütün problemləri – istər dini, istər iqtisadi olsun, həll edə bilər, korrupsiyaya, bürokratiya kimi elə bir problem yoxdur ki, onun öhdəsindən gəlməyi bacarmasın.
Harada xoşagəlməz nə baş verirsə, çox vaxt bunu demokratiyanın yoxluğu ilə izah etmək ən asan yol hesab olunur. Onda görən demokratik ölkələrdə vaxtaşırı baş verən iqtisadi böhranları hansı səbəbin ayağına yazmaq lazımdır?
Demokratiya insanların xoşbəxtliyinə xidmət etməlidir, bunun çox sayda gerçək nümunələri də göz qabağındadır. Lakin bu quruluş müdafiəsiz, günahsız insanların qanı hesabına, milyonların səfillərə çevrilməsi hesabına başa gəlməməlidir. Problemləri həll etmək əvəzinə, onları dərinləşdirən bir quruluşda, doğrudan da, keçmişə nostalgiya hissləri zəifləmək, solmaq bilmir. Əgər konkret bir halda o real olaraq ziyan gətirirsə, demokratiyanın, üfüqdə konturları görünən illüziyaların arxasınca qaçmaq lazımdırmı? Saxta demokratiya lap qövsü-qüzeh mənzərəsi yaratsa da, onun yalanına uymaq heç də iti ağıldan xəbər vermir.
Lakin belə əcaib nümunələr demokratiyanın gücsüzlüyü, öz əhəmiyyətini itirməsi təsəvvürü yaratmamalıdır. Bir sıra ölkələrdə demokratiyanın hələlik az sayda tumurcuqları gözə çarpır, o, çiçək açdıqda insanlar ona, yaponların sakuranın çiçəklənməsini heyranlıqla seyr etdikləri kimi, az qala sitayişə bənzər münasibət bəsləyəcəklər. Demokratiya təzə ayaq açan uşaq kimi addımbaşı büdrəyib yıxılsa da, böyüdükcə, qüvvətləndikcə, öz qamətini bütünlüklə göstərə biləcəkdir.
Demokratiyanan ən ağır günlərində belə, onun sağalacağına, fəaliyyət göstərəcəyinə ümid itməməlidir, xalq ona qəbir qazanlara qarşı öz sarsılmaz iradəsini nümayiş etdirməlidir. Lakin demokratiya uğrunda mübarizədən hansısa qrupların korporativ maraqlar üçün istifadəsinə yol verilməməlidir, bu onu daha qorxulu bataqlığa sürükləyə bilər.
Dünyanın bir sıra ölkələrində demokratiya şərqiləri eşidilirsə, gələcəkdə onun daha gur himni təntənəli qaydada səslənəcəkdir.
Meritokratiya çinlilərin icadı olsa da, qədim yunanların həyata gətirdiyi demokratiya körpəsi kimi beynəlxalq aləmin, dünya dövlətlərinin diqqətini daha geniş cəlb edəcəkdir. Əlbəttə, bir sıra ölkələrdə məmurlar ordusuna “təzə qan” vermək üçün imtahanlar sistemindən istifadə olunur. Lakin bu sistem əsasən xırda məmur vəzifələrinə adamların götürülməsi üçün istifadə edilir. Böyük vəzifələr isə meritokratiya ərazisinə daxil olmur, bəzi hallarda isə hakim dairənin inhisarında saxlandığından və klanlar üçün nəzərdə tutulduğundan, onlara kənardan kiminsə müdaxiləsi yolverilməz hesab olunur. Axı imtahan yolu ilə bütün vəzifələr paylansaydı, layiq olanlar həmin vəzifələri tutmaq imkanı əldə etsəydi, onda klanların əli boşda qalardı və onlardan dayaq kimi istifadə edən hakimiyyətin özü də süquta uğrayardı. Cəmiyyət istedadlı üzvləri ilə daim fəxr etmişdir. Hətta onlar yaşadıqları zaman kəsiyində layiq olduqları qiyməti və yekdil ehtiramı qazanmasalar da, sonralar həmin xalqın tarixini solmaz naxışlar kimi bəzəmişlər.
Onda niyə bəs hakimiyyət pillələrində istedadlı adamlara xüsusi ehtiyac duyulmasın, axı onlar öz intellektləri, qabiliyyətləri ilə ölkəyə, xalqa dəhə səmərəli, daha uğurlu, həm də iri nəticəli xidmət göstərə bilərlər. Ona görə də meritokratiya, demokratiya ilə çətinliklə uzlaşsa da, onunla dinc yanaşı yaşaya bilər. Demokratiyanın hakim kəsildiyi ölkələrdə hakimiyyətin böyük seqmentində ondan istifadə etmək mümkündür. Bəziləri meritokratiyanın kasta sistemi yaradacağından ehtiyat edir, lakin onu nəzərə almırlar ki, intellekt kastası yırtıcı klanlardan daha yaxşıdır, çünki onu heç də oğru dəstəsinə xas olan maddi maraq psixologiyası meydana gətirmir. Güclü intellektə malik olanlar öz səviyyələrinə görə heç vaxt xalqın qanını sormağı özlərinə rəva bilməzlər.
Demokratiya ilə meritokratiyanın bir-birini bütünlüklə inkar etməsi heç də həqiqətə uyğun deyildir, əksinə onlar asanlıqla çuğlaşa, bir-birini uğurla davam etdirə bilər. Bunun üçün hər iki üsulun fəaliyyət dairəsi, istifadə arealı dəqiq müəyyən olunmalıdır, belə olduqda biri digərini yaxşı qaydada tamamlıya bilər. Əgər Birləşmiş Ştatlarda olan kimi hakimiyyətin bütün təbəqələrini demokratik qaydada formalaşması baş versə, bu meritokratiyanın da tədbiqi üçün yaxşı şərayət yaradardı. Demokratik seçki ilə hakimiyyətin hər üç qanadında vəzifələrin tutulması qaydası hakimiyyət vertikalını məhv etməklə, həqiqi demokratiyanın zəfərinə gətirib çıxarır. Hakimiyyət vertikalı yalnız fövqalədə vəziyyət baş verdikdə fayda verir, çünki bu vaxt bütün qüvvələrin təmərküzləşməsi və bir mənbədən idarə olunması ölkənin, xalqın ən vacib probleminin müsbət həllinə yol açır.
Digər hallarda isə hakimiyyət vertikalı elə bil ki, birləşmiş qablar qanunu əsasında fəaliyyət göstərir. İdarəetmə borusu ilə qüsurlar adlanan mayenin bərabər səviyyədə mövcud olmasına şərayət yaranır. Ölkənin yuxarıdan aşağıyadək vahid qüvvədən idarə olunması demokratiyanın digər zahiri cəhətlərinə də xətər toxundurmamış qalmır və əslində onu ozünün karikaturasına çevirir. Demokratiya məhdudlaşdırıldıqda, qüsurların tüğyan etməsi üçün şərayət yarandığından, meritokratiyanın tətbiqi üçündə heç bir imkan qalmır.
Demək, demokratiya hakimiyyət vertikalından fərqli olaraq, meritokratiya üçün də əlverişli mühit yaradır. Seçkili vəzifələrdən başqa bütün digər məmur vəzifələri meritokratiya prinsipləri əsasında tutula bilər və beləliklə, ölkədə layiq olanların hakimiyyəti bərqərar olması imkanı yaranar. Seçkilərdə seçicilər səhvə yol verib, layiq olmayanı da seçə bilər, lakin bu ümumi xarakter daşımır, nadir hallarda baş verə bilər. Seçki ilə vəzifə tutan adam, vertikal qaydadaki tabeliyə görə itaət edənlərdən fərqli olaraq, yaxşı anlayır ki, seçiciləri qarşısında məsuliyyət daşıyır və vaxtaşırı onlara öz fəaliyəti barədə hesabat verməlidir. Parlament üzvü bunu nəzərə almalıdır, yalnız milli mənafenin aliliyinə görə təmsil etdiyi bölmənin, regionun, partiyanın maraqlarını qurban verməklə onu seçənlərin rəylərinə məhəl qoymaya bilər. Çünki bu vaxt onu seçicilər qarşısında məsuliyyətdən daha çox millətinə və xalqına borc hissi və həmdə vicdan idarə edir. Seçiciləri ondan narazı qalsalar, hətta ondan üz döndərsələr də, belə mövqedən çıxış edən, nəticə etibarı ilə düzgün hərəkət etdiyinə yəqinlik tapır.
Bu bir daha göstərir ki həqiqi demokratiya meritokratiya üçün heç də maniyə, əngəl rolunu oynamır, əslində onun həyata keçməsi üçün yollar açır. İstisnalar isə cüzi xarakter daşıdığından, ümumi mənzərəni korlamağa qadir olmur. Onların gətirdiyi fayda potensialı sadəcə üst-üstə gəlməkdən yaranan potensialdan daha böyük olur, cəmiyyətdə ən vacib məqsəd sayıla bilən harmoniyanın meydana gəlməsinə şərayət yaradır.
Demokratiyanın zəfəri meritokratiyanın zəfərini mümkün edə bilər, layiq olanların hakimiyyətə gələ yiyələnməsi isə hər bir ölkəyə yalnız baş ucalığı gətirər, xalqın xoşbəxt həyata nail olmaq barədəki arzularının reallaşması yollarına azacıq da olsa daş döşəyə bilər.
Ona görə də mümkün olduğu yerlərdə bu iki hakimiyyət quruluşu, həm də geniş miqyasda birgə istifadə oluna, onların mexaniki deyil, üzvi, yaxşı calaqdan yaranan sintezi olduqca müsbət nəticələr verə bilər.
Pozitiv olanlardan qaçmaq cəmiyyətin ziyanınadır, əksinə, onlara daim şərait yaradılmalı, geniş meydan verilməlidir.
Demokratiyanı da, meritokratiyanı da bəşəriyyətin ən yaxşı icadları sırasına daxil etmək olar. Çörək icad ediləndən min illər boyu öz gərəkliliyini itirmədiyi kimi, bu iki sistem də öz qiymətini daim qoruyub saxlayacaqdır. ABŞ ilk dəfə qədim Afina demokratiyasını bir qədər başqa şəkildə yenidən həyata qaytardığına görə, özünə qarşı minnətdarlıq hissləri doğurur. Çinlilərin icadını da, yəqin ki, belə bir inqilabi tətbiq anı gözləyir. Bundan sonra onun üçün də demokratiya kimi, cığırdan geniş yola keçmək imkanı yaranacaqdır.
Öz faydası ilə bu sistem də öz sələfi kimi xalqlara ondan heç də az olmayan xeyir verə bilər. Çinlilərin belə bir müdrik sözü vardır ki:
“Qədim möcüzəli daşlardan gələcəyin pillələrini qurun”. Keçmişin qiymətli tapıntısı yenə də bəşəriyyətə faydalı xidmət edə bilər, ondan istifadə edilməlidir. Qoy gələcək, keçmişin təməli üzərində bəşəriyyətə yaxşı nə vəd edirsə, onun yolu heç vaxt səhvlər dumanına bürünməsin. Qoy xalqlar başqalarının yaxşı təcrübəsinə biganə qalmasınlar, ondan istifadədə səhvlərə yol verməsinlər.
Dənizdə qəza nəticəsində batanları xilas edənlər böyük hündürlükdən suya tullandıqda, təkcə kömək gözləyənlərin ümidləri puça çıxmır, həm də xilasedicilər özlərini böyük təhlükəyə atırlar.
Onlar beşmərtəbəli bina hündürlüyündən tullandıqda dəniz səthi beton bərkliyinə malik olur, iki dəfə artıq hündürlükdən atıldıqda isə dəniz, həmin xilaskarlara öz ölüm ağuşunu açır.
Xalqlar başqalarının təcrübəsindən istifadə etdikdə naşılıq göstərməməlidirlər, çünki onun sirrlərinə bələd olunmadıqda, ən başlıcası onun tələblərinə məhəl qoyulmadıqda, bu hal, həmin vəzifəni biabırçılıqla icra edənləri ən azı siyasi ölümə məhkum
çap et