525.Az

Məhəmməd Əmin Rəsulzadə- Cümhuriyyət elanı


 

Məhəmməd Əmin Rəsulzadə- <b style="color:red">Cümhuriyyət elanı </b>

Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi

Transliterasiya redaktorları: professor Şamil VƏLİYEV,  elmi işçi Samir MİRZƏYEV(1917-aprel 1918)

IV cild  

Kornilov macərası 

Petroqraddan alınan xəbərlər Kornilov macərasının keçmiş olduğunu göstəriyorlar. Kerenski ümuma xitabən nəşr elədigi bəyannaməsində macəranın qüvvətdən düşürüldügünü söylüyor. Sair ordu komandanları ilə hərbiyyə ərkanı Kornilov hərəkətindən kənarda qalıb generalın öz başında olan ordu qitələrindən dəxi Petroqrada nümayəndələr gəlib iğfal olunduqlarını və eyni zamanda da mürtəce komandanların tutulub cəzalanmalarını tələb ediyorlar.

Kerenskinin verdigi müjdəyə görə daxili müharibədə vətəndaş qanı axıtmaq təhlükəsinin atlamış olduğuna ümid çoxdur.

Bu ümid bu dəfəlik hər nə qədər yerində isə də kornilovçuluğun rahət oturub da səngərlərini asanlıqla təslim edəcəginə ümidvar olmaq, keçirməkdə olduğumuz dövri-inqilabın nə kibi bir hal olduğunu anlamamaqdır.

Kornilov hərəkəti ilə Petroqradda hasil olan böhran üzərinə kadet vəzirlər haman istefaya getmişlərdir. Bunun da zahiri səbəbi o olmuşdur ki, sosialist vəzirlər kadet yoldaşlarından ayrı iclas edib ovzai müzakirə eləmişlərdir. Eyni zamanda teleqraflar bildiriyorlar ki, hərəkətdən bir az əvvəl Kornilov kadetlərin rəisi Milyukovu qərargaha çağırmış, fəqət Milyukov bu dəvəti qəbul etməmişdir. Hərəkət xəbəri çıxdıqda Kerenskiyə müraciət edərək hökuməti-müvəqqətə ilə Kornilov arasında vasitə olmayı təklif eləmişdir. Kerenski isə vaqe olan bu təklifi qətiyyən rədd edərək Kornilovun bilaşərt və qeyd təslim olmasını tələb eləmişdir.

Bu kibi əlamətlərdən görünüyor ki, Kornilov hərəkəti hər halda kadet intriqasının məhvərindədir.

Fəqət intriqa kadetlərə məxsus olsa da hərəkət kadetlərdən daha sağda olanların da keyfinə müvafiqdir. Sol firqə məhfillərinin şübhə yoxdur ki, sui-qəsdin ruhu oktyabristlər rəisi Quçkovdur. Rodziyanko ilə Quçkovun həbsinə dair əmr çıxdığı dəxi teleqraf xəbərlərindəndir. Pruşkeviçin tutulduğu isə təyid olunuyor.

Bu ismlər haman vəqtilə “tərəqqipərvər blok” namı ilə məşhur olan duma partiyasının ərkanından olub son zamanlarda kəmali-şiddətlə demokratik müəssisələrin dağılmasını, Sovetlərin buraxılmasını tələb ediyorlardı.

Bütün bu əlamətlər diqqətə alındıqda aşkar görünüyor ki, inqilab bilzərurə alacağı nəticəyə yaxınlaşıyor. İnqilab dayanmayıb davam ediyor. Siyasi anlayışlar və sinfi ixtilaflar arasındakı təzad getdikcə dərinləşiyor və istər-istəməz cəmaət iki düşmən qismə bölünüb daxili müharibə bütün şiddət və dəhşətilə ərzi-rüxsar ediyor.

Bu gün Kornilov macərası yatırılsa belə, heç də təmin olunmamışıq ki, yarın başqa bir macəra qarşısında bulunmayalım. Kornilov macərası inqilabın intəhası degildir. Şübhə yoxdur ki, bu macəra dərinlənməgə başlayan inqilabın təkrir edəcəgi mühəqqəq görünən macəralarından olub, qiyama hazırlaşan kadetizmin cəsuranə bir cilvəsidir.

Bu cəsuranə cilvə kəndi qarşısında müttəhid və müttəfiq demokratiya degil, zəif və yek-digərilə anlaşamaz ayrı-ayrı qüvvətlər görürsə, o zaman bu gün zəif bir cilvədən ibarət olan “kornilovçuluq” qorxunc bir irtica halını alıb həqiqi hürriyyət əsasları tamamilə təhlükəyə məruz qalacaqdır.

Böylə bir təhlükəyə meydan verməmək üçün vaqeələrin künhini anlamalı, intriqanın hanki tərəfdən gəldigini dərk eləməlidir.

Həqiqət və qaimi-idrak isə bizi vadar etməlidir ki, var qüvvəmizlə hazırlaşaq, inqilabçı demokratiya ilə əl-ələ verərək hürriyyət və inqilabı müdafiəyə hazır duraq!

M.Ə.

“Açıq söz”, 1 sentyabr 1917, №556

 

İğfal – aldatma

Künh – mahiyyət

 

Diviziyanın bəyanatı 

Kornilovun əksinqilab ordusu içində diviziya da var. Bu əsəfli xəbəri alır-almaz müsəlman təşkilatları inqilab hökumətini müdafiə üçün aldıqları qətnamələrində diviziyanın mütləqa aldanmış olduğuna, yoxsa diviziyanın hürriyyət əleyhinə əbədiyyən çıxmayacağına ümidvar olduqlarını bildirmişlərdi.

Onlar düşünüyor, biliyorlardı ki, diviziya Qafqasiya övladı isə dağların tərbiyə elədigi hürriyyətpərvərligə əks çıxamaz. Diviziyadakılar müsəlman isələr, müsəlmanların əfkarı və amallarına zidd getməzlər.

Öylə də oldu. Dünki teleqraflarla alınan xəbərlər diviziyanın həqiqətən də iğfal olunduğunu, Kornilov tərəfindən digər əskər qitəmati kibi onların da başdan çıxarıldıqlarını qət etdilər.

Diviziyanın bulunduğu yer daxilində bulunan müsəlman heyətinin əzası böylə anlamışlar ki, diviziya əskərlərinin son dəqiqəyə qədər hərəkətlərinin nə səbəbə olduğundan xəbərləri yoxmuş. Diviziya qitəmati əskəriyyəsi heyəti tərəfindən vaqeələrin mahiyyətinə aşina olduqdan sonra bəyan eləmişlərdir ki, onlar daxili müharibə və siyasət işlərindən kənarda olub vəzifələrini ancaq vətəni düşmənə qarşı müdafiədə görüyor.

Bu xəbərin müvafiq həqiqət olduğunda heç şübhə yoxdur. Bu böylə ikən qəzetələrin gözəl bir şey bulmuş kibi bütün 70 minlik Kornilov ordusu içində “Dikaya diviziya”yı ayırıb gözə soxmalarının nə qədər səhv və xəta olduğu anlaşılar. Bu ehtiyatsızlığı yalnız qəzetələr degil, baş vəzir Kerenski özü də işləmişdir. Kerenski Kornilov əleyhinə orduya xitabən nəşr elədigi bəyannaməsinin bir yerində diyor ki: “Kornilov hürriyyəti müdafiə ediyorum – deyə Petroqrad üzərinə tuzemnı diviziyanı göndəriyor”.

Bununla ehtimal ki, baş vəzir və yainki onun ağzından alıb təkrar edən qəzetələr Rusiya cəmaəti üzərində daha şiddətli bir təsir hasil etmək istiyorlar. Fəqət təsir ardından qoşaraq onlar nə qədər böyük bir yanlışlıqda bulunduqlarının fərqinə varmıyorlar. Dərk etmiyorlar ki, əski ordu içindən ancaq bir qismini gözə dürtmək arzu olunan nəticə kibi arzu olunmayan təsirlər də tövlid edəmiyor. İştə, birinci nəticəyi alalım, deyə hərəkət edildikdə ikinci təsirə göz örtmək mülahizəsiz qəzetəçilərə yaraşsa da tədbirli ricali-hökumət bu kibi tədbirlərin müavinətinə ariz ehtiyac göstərməməlidirlər.

Dikaya diviziyanın “tuzemligini” qeyd və təkrara ehtiyac görənlər burasını dəxi nəzərə almalıdırlar ki, bu diviziya nüfuz etibarı ilə “tuzemni” olsa da komanda etibarı ilə pək də “tuzemni” degildir.

Heyəti-zabitan əksərən ruslardan və qeyri-müsəlmanlardan ibarətdir. Bir diviziya və ya polkovnik komandanca aldanıla bilməsi isə aşkardır. Heç şübhə yoxdur ki, 70 minlik Kornilov ordusunun ən birinci günahkarları zabitlərdir. O zabitlər ki, Kornilov himayəsində xüsusi zabitan cəmiyyətinə mənsub olub Kuçkov-Rodzyanko politikasına tabedirlər. Diviziyadakı zabitlərin dəxi bu zabitan kompaniyasına mərbut olmaları möhtəməldir. İştə, bu nöqteyi-nəzərdən baxdıqda Qafqasiya diviziyasının Kornilova aldanışındakı “tuzemni”ligin mənası da anlaşılar.

Biz diviziyanın həqiqətən də iğfal edilmiş olduğu, kəndisinin bilmədən əksinqilab dairəsində bulunduğu və kəndisinin qətiyyən vətəni düşmənə qarşı müdafiədən başqa bir məqsəddə olmadığı həqqindəki xəbəri böyük bir təsəlli ilə eşitdigimiz kibi, Kornilov ordusu içindən yalnız Qafqasiya diviziyasını ayırıb da “tuzemni” diviziyayı gözə soxmaq taktikasındakı xətaya da o dərəcədə dilgiriz.

M.Ə.

“Açıq söz”, 3 sentyabr 1917, №557

 

Əsəf – təəssüf etmə

Qitə – hissə

İğfal – aldatma

 

Bakı kəndlərinin müqəddəratı 

Bakıdakı mədən əmələləri israrla tələb ediyorlar ki, mədənlər şəhərə bitişdirilsin. Eyni zamanda bunu da tələb ediyorlar ki, kəndlər mədənlərə qovuşmasın.

Bu məsələdə müsəlmanların, müsəlman demokratiyasının rəyi məlumdur. Bu rəycə mədənlər şəhərə bitişdirilməməlidir. Bu bir. Mədənlər kəndlərdən ayrılmamalıdır. Bu da iki.

Bu tələbdə hər şeydən əvvəl Bakı kəndlərinin mənfəəti nəzərə alınmışdır. Cəmaət idarəsi yalnız mədənlərə, yaxud yalnız şəhərə məxsus olmayıb kəndlərdə də olmalıdır. Həm də tezliklə olmalıdır. Kəndlərin idarəsi isə zemstvo idarəsindən ibarət olacaq. Əgər Bakı kəndlərini mədənlərdən ayırsanız məlum işdir ki, onları gəlir mənbəyindən məhrum edəcəksiniz. Aşkardır ki, onlar suyu sıxılmış bir puçal kibi atılacaqlar.

Bakı kəndlərini bilənlər biliyorlar ki, burada təbiət olduqca xəsisdir, hasilxiz topraq azdır. Çöllər yalnız yağışın mərhəmətinə sığınıyorlar. “Yağmadı, bitmədi” məsəli bəlkə də Bakıdan çıxmış zərbülməsəldir. Kəndlərin güzəranı əksərən bağ bostanladır. Bu bostanlar dərin quyulardan çəkilən sularla suvarılır. Bakı kəndlərinin geridə olduğu, yarıxarab bir halda bulunduğu hər kəsə məlumdur. Bakı “altun dibli”ligi ilə məşhur ikən Bakı uyezdindəki kəndlər bəlkə də Rusiyanın ən ziyadə məhrum mədəniyyət kəndlərindəndir. Bu kəndlərin əksərində bu günə qədər məktəb degil, məktəbə bənzər bir şey də yoxdur. Doktor yox, dəva yox, yol yox, poçta yox, heç bir şey yoxdur. Əgər az da olsa məktəblərdən, narodnı dumalardan, ambulatoriyalardan, xəstəxanalardan, gecə kurslarından istifadə edə bilən mədən əmələsi öz günündən həqqilə şikayət ediyorsa, Bakı kəndlisi, bu gecə-gündüzdə bəlkə də 24 saət işləyib doyunca çörək tapmayan kəndli əmələ, o qabarlı zəhmətkeş, gördügü həqsizliyə qarşı edəcəgi şikayətə şikayətdən başqa bir ad verməlidir.

Bakı kəndlisi gözliyordu ki, zemstvosu olacaq. Gözlüyordu ki, yurdundan alınıb da uzaq məmləkətləri abad edən sərvətdən bir az da olsa onun dərdinə sərf olunacaq. O düşünüyordu ki, əgər neft mədənçiləri kəndlilərin ata-babalarından qalma sərvətlərindən bir qəpik də olsa onlara sərf etmək istəmiyorlarsa, ədalət zamanı gələr; iş demokratiya əlinə keçər. O zaman mədənlərlə kəndlər birlikdə uyezd zemstvosu təşkil edərlər. O zaman mədənlər kəndlərə həm maddətən, həm də mənən kömək edərlər. Açılacaq məktəblərə, çəkiləcək şosselərə, tikiləcək xəstəxanalara yol tapıldığı kibi kəndisinə nisbətlə daha yüksək olan mədən əmələsi cəmaət işlərində də kəndisinə rəhbər olar.

Heyhat, böylə degilmiş. Mədən demokratiyası da mədən burjuaziyası kibi əlindəki parayı kəndlilərə vermək istəmiyor. Mədənçilər mədənlərə məxsus zemstvo idarəsi istədikdə mədənlərlə kəndlərin birlikdə zemstvo idarəsi istəməsi üçün diyorlardı ki, bu  müsəlman bəylərinin diləgidir. İmdi də mədən demokratiyası bu sözü təkrar ediyor:

Kənd ayrı, mədən ayrı diyor. Mədənlərdə həyat başqa, mədəndəki əhali də başqadır. Burada beynəlmiləl bir cəmaət yaşıyor. Halbuki ətraf kəndlər hamısı mütədəyyin müsəlman cəmaətindən ibarət. Heç yararmı ki, bu iki biri-birinə zidd olan cəmaətlər bir yerə yığılsın?! “B.Raboçi” qəzetəsincə erməni burjuaziyası denilən mədənçilərin keçmişdə söylədikləri sözü imdi də əmələ ideoloqları təkrar ediyorlar. Bu məsələdə taqiyanosovlarla şaumyanlar birləşiyorlar.

Etiraf etməlidir ki, şaumyanlar taqiyanosovlardan daha ziyadə müvəffəq oluyorlar. Çünki ikincilər kəndi diləklərinə müsəlmanlardan tərəfdar tapa bilmədikləri halda, birincilər müsəlman sosial-demokratlarını kəndilərilə həmavaz ediyorlar. “Hümmət” də uyezd zemstvosunun əleyhinə rəy veriyor. Füqərayi-kasibə tərəfdarları 80 minlik kəndlinin mənfəəti ilə hesablaşmaq istəmiyorlar. Çünki onlar raboçi tərəfdarıdırlar. “Kəndlilərin mənfəətini o dərəcədə müdafiə edirlər ki, bu mənfəət raboçi mənfəətinə zidd gəlmiyə”.

Zaqafqasiya komitəsi tərəfindən göndərilən heyət öz “vəzifə”sini gördü. Kəndlərin rəyini eşitmədən öz rəyini verdi.

Ramişvili ilə Arzinkyan lazım bildilər ki, mədənlər şəhərə bitişsin. Topçubaşov isə kəndlilərin mənfəətini fəda edəmmədi. Zatən bunun böylə olacağını əvvəlcədən də söyləmək olardı.

İmdi məsələ yenə Zaqafqasiya komitəsindədir. Əmələ ideoloqları ümidvardırlar ki, məsələ onların istədigi kibi həll olunacaq. Bununla belə taktika üsuluna sadiq qalaraq təklif ediyorlar ki, əmələlər tazədən qətnamələr çıxarıb tələb etsinlər ki, mədənlər şəhərə bitişdirilsin. Onlar diyorlar ki:

“Erməni burjuaziyası tələb ediyor ki, mədənlərə ayrı zemstvo verilsin.

Müsəlman burjuaziyası tələb ediyor ki, uyezd zemstvosu olsun.

Demokratiya tələb ediyor ki, mədənlər şəhərə bitişdirilsin”.

Ey demokratiya nəzərində ögey olan türk kəndlisi, ey müsəlman “fəqirpərəstləri” tərəfindən atılan zavallı zəhmətkeş, sən də səsini yüksəlt, mitinqlər qur, qərarlar çıxar, de ki:

–  Kəndçilər də istiyorlar ki, mədənlərdən ayrılmasınlar.

Sənin həyati mənfəətini bir takım firqə mənfəətlərinə fəda edən demokratlara de ki, uyezd zemstvosu müsəlman burjuaziyasının degil, sənin tələbindir!

“Harada mədən, orada mən!” şüarını təmin edən şey yalnız uyezd zemstvosudur. Uyezd zemstvosunu inkar edənlər səni – ey var-yoxu əlindən alınan kəndli – mədənlərdən ayırıyorlar. Sənin qan damarlarını əmiyorlar. Sənin ətini kəmigindən ayırıyorlar, səni yoxsulluğa, dilənçiligə, mədəni səfalətə məhkum ediyorlar. Sən buna razı olma! Qoyma göz görə-görə səni soysunlar.

Sən də ey müsəlman əmələsi, sən daha kəndlə əlaqəni üzməmişsən; sən ki Tambov quberniyasından gələn raboçi kibi Bakı kəndlərinin halına nabələd degilsən. Heç kəs anlamasa, sən anlamalısan ki, mədəni kəndlərdən ayırmaq, bostanı bulaqsız qoymaq kibidir. Razı olma ki, sənin həmkəndlin, qardaşın, ailən susuz, bulaqsız qalsın. Razı olma ki, uyezd bostanı bulaqsız, tərəqqi bağı bağbansız qalsın. Sən də kəndli zəhmətkeşin səsinə səs verib tələb et ki:

Mədənlər şəhərə bitişdirilməyib uyezd zemstvosu təşkil olunsun!

M.Ə.Rəsulzadə

“Açıq söz”, 5 sentyabr 1917, №559

 

Cümhuriyyət elanı 

Yaşasın cümhuriyyət!

İştə, Kornilovun əksinqilab təşəbbüsünə qarşı inqilabçı demokratiyanın qəti cavabı.

Sentyabrın 2-də müvəqqəti inqilab hökuməti iradeyi-məxsus sədurilə Rusiyanın rəsmən cümhuriyyəti-idarəyə malik olduğunu elan elədi.

Qanlı Nikolayın təxtdən düşdügi Mixayıl Aleksandroviçin kəndisinə keçən hüquqi-hökmranidən istefa elədigi ilə Rusiya zatən cümhur tərəfindən idarə olunmaya başlamışdı. Kimsədən ötrü heç bir şəkk və şübhə yox idi ki, Rusiya üsuli-idarəsi cümhuriyyət olacaq. Danışıq cümhuriyyətdə degil, cümhuriyyətin şəklində idi. Əgər bu vəqtə qədər inqilab hökuməti tərəfindən Rusiyanın rəsmən cümhuriyyət olduğu elan olunmuyordusa, səbəbi o idi ki, zahirən də olsa Məclisi-Müəssisan hüququna “təcavüz” olunmaq istənilmiyordu. Cümhuriyyət elanı bir şərəfdir. Bu şərəf Məclisi-Müəssisanə saxlanıyordu. Fəqət xanədanə mənsub knyazların cünbişi, Nikolayın qaçmaq təşəbbüsündə olması, Kuçkov-Kornilov-Milyukov intriqasının açılması, varlı sinfin get-gedə inqilaba qarşı ayaqlanması göstərdi ki, “rəsmiyyətpərdazlıq” çox da ümidli bir tədbir degildir.

Qoy bütün təbəqati-millət bilsin ki, Rusiya cümhuriyyətdir. Cümhuriyyət bir əmri-vaqedir. Heç bir müəssisə, heç bir qüvvət Rusiyada cümhuriyyətdən başqa bir şəkli-idarə bərpasına qadir degildir.

Sentyabrın 2-si Rusiyanın ən qaranlıq, ən fəlakətli və ən qorxunc günlərində hasil olan ən böyük bir gündür. Bu günü ifadə edən kəlmələr, tarixi-inqilabın qanlı səhifələri içində altun və bərcəstə hərflərlə yazılacaq kəlmələrdir.

Fəqət bu kəlmələrin safiyyətini baqi saxlamaq, onu çamurlardan təmizləmək, daha sadə təmirlə əbədən cümhuriyyətə malik ola bilmək üçün lazımdır ki, inqilabçı demokratiya tamamilə birləşsin, hər növ qiyam və dəfə hazırlaşsın, bu günə  qədər irtikab etdigi xətaları təkrar etməsin.

Kornilovçuluq heç şübhəsiz ki, əksinqilab cilvəsidir. Fəqət ona bu cilvəyi verdirən heç şübhəsiz ki, demokratiyanın səmtligi, idareyi-inqilabı mətin əllərdə bulundurmamasıdır.

İmdi artıq demokratiya diksinmişdir. İmdi artıq şiddətli inqilab hökumətinə iman gəlmişdir. Petroqrad Əmələ və Soldat Şurasının vəzi tamamilə dəgişmiş, bolşevik qətnaməsi əksəriyyət peyda etmişdir. Hər nə qədər bu qətnamə icraiyyəti tərəfindən qəbul edilməmişsə də böyük bir əhəmiyyətə malik olmaq heysiyyətindən ari degildir. Bu qətnamənin birinci tələbi – cümhuriyyətin bilatəxir elanı – artıq bir əmri-vaqedir.

Bu əmri-vaqei vaqeligində saxlamaq üçün fövqüzzikr qətnamənin başqa tələblərindən bir çoxu, bilxassə sülh ilə milliyyət məsələsinə aid olan tələbləri də əmri-vaqe halını almalıdır.

Həqiqət də böylədir. Hərbin şiddəti, aclığın təhdidi altında qalan xəlq, milli amallarının hala qəbulə keçmədigini görən millətlər, hürriyyətin faidəsini sözdə degil, işdə görməyən kəndlilərlə əmələlər hanki bir qüvvənin, hanki bir saiqin təsirilə vətənpərvər kəsilər, inqilab və cümhuriyyəti müdafiə edərlər.

– Heç!

İştə, “var” olmaq istəyirsək, bu “heç”i qaldıralım!

Kornilov macərası ilə Rusiya inqilabının aldığı cərəyan bu “heç”in qaldırılacağına ümid veriyor.

Ümidvar olalım!

M.Ə.

“Açıq söz”, 6 sentyabr 1917, №560

 

Bərcəstə – görkəmli

Baqi – daimi, əbədi

 

Türküstanlı qardaşlarımıza 

Qəzetələrinizdə oxudum, sizdən bizə qardaşlıq salamı, biganəlik pəyami gətirən həmvətənlərimizdən eşitdim: cəmaət işinə fövqəladə əhəmiyyət veriyormuşsunuz. Mitinqlərə, ictimailərə on minlərlə toplaşıyor, seçkilərə də fövqəladə həvəs və maraq göstəriyormuşsunuz.

Bu halınız şayani-təqdir; nəticəsi də meydandadır. Daşkənd dumasının əksəriyyəti sizdə imiş. Zatən öylə də olması təbii. Başqa dürlü ola bilərmidi?

Aranızda məslək nizaları varmış. “Şurayi-islamiyyə” cəmiyyətinə qarşı “Üləma cəmiyyəti” mübarizə ediyormuş. “Şurayi-islamiyyə” ovzai-zaman ilə aşina əhli-məarif siyahısı hazırladığı bir zamanda üləma siyahısı mollalarla baylardan ibarət imiş.

Bəlkə də “Şurayi-islamiyyə” əzası doğrudan doğruya mübariz olub bu mübarizədə məğlub olduqları üçün acıyorlar. Bu acı onlarda bəlkə də fəzlə infial hissi doğuruyor. Bəlkə də onlara rənglər daha kəsif görünüyor.

Fəqət buradan daha bitərəfanə baxdıqda belə üləma cəmiyyətinin yanlış bir yolda yürüdügü görünüyor. Bu yanlış hərəkət yalnız üləmaya degil, bütün Türküstana zərər gətirə bilər.

Bən istərdim ki, uzaqdan da olsa sözümü möhtərəm üləmaya yetirəm.

Türkistan qəzetələrində oxuyuram. Daşkənd bələdiyyə iclaslarında üləma partiyası şurayi-islamiyyə siyahısı ilə keçən müsəlman qlasnılara etibar etməyib kadet ruhlu, qara fikirli rusları belə öz tərəqqipərvər müsəlmanlarına tərcih ediyorlarmış. Bu xüsusda o qədər inad və israr göstərmişlər ki, dumada olan sosial-revolyusionerlər dəxi üləma firqəsindən etiraz eləmişlərdir.

Bu yaxşı siyasət degildir. Böylə bir siyasətdən millət faidə görəməz. Üləma bilməlidir ki, tərəqqipərvər müsəlmanlar millətin istiqbalına xadim üləmalardır. Onları işdən kənar etmək millətin istiqbalını sədd etməkdir. İstiqbalı sədd olunan bir millət iləriləyə bilərmi?

Görüyorsunuz, sizin öz tərəqqipərvərlərinizə nisbət bəslədiginiz ədavət rus demokratiyasını da incidiyor. Halbuki bugünki siyasət demokratiyadan uzaqlaşmaq degil, ona yavuqlaşmaqdan ibarət olmalı. Kadetlər və yainki onlardan daha sağda olan firqələr bayların, üləmanın xatirini oxşar sözlər söyləyə bilərlər. Bu cür demokratiyaya qarşı onlardan istifadə etmək istərlər. Fəqət bunlar əbədiyyən müsəlmanın dostu olamazlar. İstiqbalımız onlardan faidə görəməz. Onlar iş başına gəlincə hər şeydən əvvəl, yəqin Türküstanı hürriyyətdən məhrum edərlər. Yəqin millətlərə hürriyyət və muxtariyyət bəxş etməzlər. Şübhəsiz Daşkənddə ruslara məxsus ayrı duma təşkili fikrini iləri çəkib köhnə hökumət kibi Türküstanı siyasi hüquqdan məhrum edərlər. Onlar demokratiyanın düşməni olduğu kibi millətlərin də düşmənidirlər.

Diqqət ediniz, siz öz aranızdan çıxan adamlarınıza yol vermiyorsunuz. O zaman özünüz yola çıxmalısınız. Halbuki bunu yapmıyorsunuz. Demək ki, yapamıyorsunuz. Başqasını çağırıb işi ona tapşırıyorsunuz. Hətta bu tapşırma işini də bilmiyorsunuz. Qoyunu qurda – Türküstanı kadetə veriyorsunuz.

Müsəlmanlar bütün qurultaylarında, qərarlarında içəri Rusiyada olsun, Qafqasiyada olsun, Türküstanda, Qırğızıstanda olsun hər yanda inqilabçı demokratiya ilə bərabər getməgə əhd etmişlər. Bu əhdə vəfa etməlidir. Faidəmiz bundadır. Mənfəətimiz buradadır. Bu yoldan başqa yol ilə getsək ayaqlarımıza tikan batar. Demokratiya yolundan başqa gediləcək yol birahədir.

Biz öz tərəqqipərvərlərimizi anlamasaq demokratiya da bizi anlamaz. Bu həm bizi, həm də inqilabçı demokratiyanı zəif düşürər. Onların zəifi isə bizim zəifmizdir. Bu gün Türküstan seçki ediyor, seçkilərdə öz qüvvətini göstəriyorsa, ona bu həqqi verən rusların bayları, yaxud keşişləri degil, əmələsi, fəhləsi, köylüsüdür. Onların işıq fikirli demokratik ürəfasıdır.

Zaman artıq dəgişmiş, bu zamanı idarə edən adamlar da dəgişməlidir. Türküstanın şübhə etmiyoruz ki, üləmaya ehtiramı var, etibarı var. Fəqət bu üləma zamanın iqtizasını dərk etməzsə, o zaman milləti böyük təhlükələrə, ağır zəhmətlərə, çəkilməz xəsarətlərə düçar edər. O zaman əxlaf; əslafının kəndisinə bahaya oturan bu ehtiramı hər halda rəhmətlə yad eləməz.

Vəqtilə bizdə də üləma qismi əhli-məarifi özünə düşmən saydı. İmdi də bu kibi dar fikirlilər, gödək nəzərlilər vardır, fəqət zaman onları mülzəm etdi. İmdi onlar özləri cəmaət işinə qarışmaqla bərabər ürəfanın bu xüsusdakı xidmətini təqdir ediyorlar. Biliyorlar ki, zəmanədə şərəflə yaşamaq üçün zəmanə uyğun bilgi və silahlarla silahlanmalıdır.

Siz də böylə etməlisiniz, ürəfanızı kənar degil, işə qoymalı, onlardan iş istəməlisiniz, yoxsa oturduğunuz şaxı kəsmiş olursunuz.

Biz qafqasiyalılar, Türküstanı, o baba yurdunu sevəriz. Biz o böyük yurdun parlayacağına ümidlər bağlarız. Biz biliyoruz ki, Uluğbəy rəsədxanası kibi abdat fənninə malik olan yurd fənn düşməni olamaz. Biz düşünüyoruz ki, Fərabi ilə İbn Sina kibi filosoflar yetirən ölkə elm və fənnə qarşı çıxmaz. Biz biliyoruz ki, yasası ilə dəmir ordular; tüzügi ilə(1) mətin qanunlar vəz edən Çingiz və Teymur övladı zamanın yasası ilə tüzügünü anlamaqdan məhrum bir hala gələməzlər.

Qoy Türküstan üləması ilə ürəfası arasına düşən anlaşmamazlıq rəf olsun. Qoy Türküstandan bu ümidlərimizdə aldanmadığımıza dair xəbərlər alınsın.

Qoy Daşkənd üləması göstərsin ki, onlar yalnız göydə uçarkən süqut edən quşları degil (2), göyün üzündə uçuşan ayroplanları da görüyor, bunun üzərinə də düşünüyorlar.

M.Ə.Rəsulzadə

“Açıq söz”, 6 sentyabr 1917, №560

 

1) Yasa – Çingiz tərəfindən tərtib olunan ilk nizamnameyi-əskəriyyə

Tüzük – Teymur tərəfindən tərtib olunan məcmueyi-qəvanini-mülkiyyədir.

2) “Əl-izah” qəzetəsindəki bir “məsələ”yə işarədir.

 

Pəyam – xəbər, sifariş

Niza – çəkişmə, qalmaqal

İnfial – utanma; acığı tutma

Birahə – dolanbac, dolama

Əxlaf – xələflər

Əslaf – sələflər

Mülzəm – ifşa etmək, üstünü açmaq

 

Bihudə təkliflər 

Milli şuranın dünki iclası bir tərəfdən ümid və digər tərəfdən də yaslı göründü.

Ümidlə göründü. Çünki bu günə qədər kəndilərini hər növ milli və siyasi təşkilatdan uzaqda saxlayan siyasi təşkilatlarımız dəxi zamanın əhəmiyyətini etirafla Milli Şuraya gəlməyi təhti-qərara almış, məclisdə isbati-vücud etmişlərdi. Ümidlə göründü. Çünki bugünki məclisdə kəndliləri də, əmələlər də vardı. Ümidli göründü. Çünki artıq şura tamamilə cəmaət təşkilatları ilə siyasi cərəyanların hamısı tərəfindən nümayəndələrə malik olmuş millətin bütün təbəqə, sinif və məsləklərini göstərmişdi. Ümidlə göründü. Çünki məclisdə söylənən nitqlərdən hamı böyük millət dərdi ilə dərdimənd idilər. Fövqəladə zamandakı fövqəladə müstövi-niyyət fikir və idrakı ilə müstəh görülüyorlardı.

Bu görünüş bilxassə siyasi firqələrlə daha sıx və daimi bir irtibat bəsləmək üçün milli komitədə siyasi firqələrə məxsus nümayəndəlik istəyən təklifin sürəkli alqışlar və əksəriyyəti-tammə alması ilə nümayiş ediyordu.

Yasla göründü. Çünki xüsusi sinif və heyət mənfəətləri ilə ümumi və milli mənfəətlər yan-yana gəlincə əvvəlincisi qələbə çaldı. Çünki dəlil, sübut və məntiq degil, qızğın nitqlərə, hissiyyata toxunan sözlərə uyan məhzər (auditoriya) bir saət əvvəl verdigi bir yığın qərarlarının nəticədə kəndisini nə mənasızlıqlara qədər vardığını görüb hamısını birdən fəsx etmək məcburiyyətində qaldı.

Bir takım mənasız demaqogiyalarla qorxudulan kəndlilərlə əmələlərin milli komitədə xüsusi nümayəndəlik istəmələri ilə izah oluna bilər. Onlara bu yer verilsə mənası da yox degildir. Çünki bunlar birər sinifdir. Kəndilərinə məxsus sinif mənfəətləri vardır. Milli məsələlərdə fəzlə sinifçiligə məhəl yoxsa da, qorxudulmuş sinifləri təskin üçün vaqe olan təsəlliyi qəbul etmək mümkündür. Buna görə də əski qərarla kəndlilərə də, əmələlərə də komitədə üçər yer verilmişdi.

Ancaq tələbə heyəti kibi sinif və firqə xaricində bulunan təşkilatlara ayrıca yer imtiyaz vermək siyasiyyat ilə ictimaiyyətdə bisavad olmaq deməkdir.

Tələbələr; şura natiqlərindən biri demişkən “qəhrəmani-millət”dirlər. Digəri demişkən: füqəra və möhtacin millətə yardım etmişlər. Çox əla. Qəhrəmanlıq, rəhmkarlıq başqa, hüquqi-ictimaiyyə və siyasiyyə başqadır. Qəhrəmanlığa qarşı yerinə görə nişan, təqdir və alqış verilər. Rəhmkarlığın mükafatı da zikri-xeyr ilə rəhmətdir. Bunların heç biri siyasi bir hüquq istehqaqını təşkil etməz. Bir fərz tələbələr qəhrəmani-millət və ya pəhləvani-şəfqət isələr – ki, buna şəkk edən yoxdur – qoy onlar getsin xəlqin içinə, getsinlər firqələrə, əmələlərə, kəndlərə, kooperativlərə, həmkarlar ittifaqına; oradan millətin etibarilə, etimadilə vəkil olub gəlsinlər şuraya. Buna kimsənin sözü ola bilməz. Böylə olunca millətin siyasi və ictimai işləri də yerinə gələr, tələbələr də öz qəhrəmanlıq və rəhmkarlıqlarının mükafatını mənən almış olurlar.

Tələbə olsun, müəllim olsun və ya başqa bir heyət və sinif olursa-olsun, səyi, xidməti qarşısında xüsusi imtiyaz degil, millətdən etibar və etimad almaqla qane olmalıdır. Bilməlidir ki, hüquqdan ağa payı olmaz.

Böylə vecsiz, məntiqsiz hüquq paylamağın nə kibi mənasızlıqlara müncər olduğu isə haman aşkar oldu. Kimsə təhəmmül etmədi ki, hüquqda tələbələrdən geri qalsın. Haman bir müsabiqeyi-hüquqdur açıldı...

Nəhayət, yasın ən böyügü oradakı üçüncü dəfə intixab olunan komitə fəzlə firqəçilik və lüzumsuz “izzəti-nəfs” dəvaları nəticəsində yenə bir takım narazılıqlara məruz qaldı.

Axırıncı Şurayi-Milli iclası bir dəfə daha isbat etdi ki, nə kibi bir seçki olursa-olsun, bütün təbəqati-nası və “izzəti-nəfs” dəvasına qalxan bir çox nəfspərəstləri razı salamaz.

Aşkar surətdə anlandı ki, əhvali-ictimaiyyəmizin bu pis xəstəligi ilə əmri-vaqe olan etirazlara güzəşt degil, həqsiz, hüquqsuz etirazlara şiddətlə müqabilə, mübarizədə bulunmaqla çarə etmək olar.

Siyasi firqələrə, əmələlərə, kəndlilərə müstəqimən komitədə bulunmaq imkanı verildikdən və Milli Şurada bütün təbəqati-millət bulunduqdan və nümayəndəligin əksəri dəxi demokratik siniflərə məxsus olduqdan sonra fəzlə dedi-qodulara, mənasız tələblərə, məntiqsiz izzəti-nəfslərə meydan yox!

Meydan millət meydanı! Millətdəki zihəyat qüvvətlərin hamısına bu meydanə gəlmək imkanı verilmiş. Su səsin qərəzini dinlər. Çəkilsin boşuna izzəti-nəfs dəvasında bulunan zəhərli nəfslər! Vəqt bihudə çəkişmələr vəqti, zaman lüzumsuz mülahizələr zamanı degildir.

İnqilabdan altı ay tamamdır keçiyor. Biz hala komitə təşkili ilə məşğuluz.

Bundan sonra vəqtdir ki, bir az da işlə məşğul olalım!

İş zamanı gəlmiş, keçmişdir belə!

Öhdəmizdəki böyük mükəllifi düşünəlim də, bihudə təkliflərdən vaz keçəlim.

M.Ə.

“Açıq söz”, 7 sentyabr 1917, №561

 

Müstövi-niyyət – layiqli niyyət

İzzəti-nəfs – heysiyyət, vüqar

(Ardı var)

 





08.07.2013    çap et  çap et