Ramazan ayı girər-girməz “müsəlmanlar” yenə də fikir ayrılıqlarında. Ay nə zaman başlayır, Ramazan bayramı nə zaman keçrilməlidir sualları ətrafında insan ayağının çoxdan bəridir Aya dəydiyi, planetlərarası uçuşları gerçəkləşdirməyin yolların arandığı bir dövrdə də bu gerizəkalılıq gündəmi zəbt edib dinsizləri güldürür, dinimizi rişxəndlə etibarsız sayanlara tənqid üçün əsaslar verir və s.
Bu ay təqviminin Ramazanı necə ola bilər ki, Tehranda, Bağdadda və Bakıda bu il iyulun 9-da başlasın, başqa paytaxtlarda isə iyulun 8-də? Əlbəttə, etiraf olunmasa da məsələ bundadır ki, şiə əhli sünni əhlindən fərqlənmək üçün ayın başlanmasını bir gün sonraya salır. Amma bütün əsaslandırmalar ona yönəldilir ki, bəs bilirsiniz, ay camaat, ay gərək gözlə görülə ki, ertəsi gün Ramazanın başlanması haqq olsun. Bunu şiələr də deyir, sünnilər də. Yəni hər iki “müsəlman” toplumu gözlərini göyə dikib hilalı, bu aydoğdunu fərqli saatlarda görür. Hansının gözü düz görürlə işim yox. Hər iki sekta hədislərə əsaslanaraq aydoğdunu sadəcə ya gözlərilə, ya da teleskopla görməlidirlər ki, ay nə zaman başlanır deyə qərar versinlər. Yəni astronomik ayın, təqvim ayının girişi onları maraqlandırmaz, çünki bu zaman aydoğdu görünməyə bilər.
Əslində bu qeydlərimi çoxdan yazmalı idim. O zaman ki, Qurana baxıb “müsəlmanların” bu məsələdə də Qurandan uzaq olduqları aydın idi. O zamandan xeyli ötüb, bunlar hələ də gözləri göydə. Hərçənd müqəddəs Oxu Ramazanın aydoğdunun görülməsi ilə deyil də təqvim ayı olaraq başlanılmasına verilən şəhadətlə daxil olmasını açıqca vurğulayır. Mətnin əsli belə deyir: “şəhru ramadana-l-ləzi unzilə fihi-l-qurənu hudən li-n-nəsi va bəyyinətin minə-l-hudə ba-l-furqani fəmən şəhidə minkumu-ş-şəhra fəlyusumhu”. Tərcüməsi: “Ramazan ayı ki var, onda insanlara bələdçilə Ayırddan aydın dəlillər olaraq bu Oxu endirilmiş. Kim sizdən o aya tanıqlıq eylədisə, oruc tutsun o ayı” (İnək surəsi, 2:185).
Tərcümələrin əksəriyyətində, o cümlədən mənim 1993-cü ildə capdan çıxmış ilk tərcümə variantımda da (gözlərim o zaman hədislərə əsaslanan təfsirlərdə olduğuna görə:)) “şəhidə-ş-şəhra” ifadəsi “ayı gördü” kimi keçir. Bəzi tərcümələrdə (məsələn, ingiliscə) “aydoğdunu” mötərizədə yazaraq “təqvim ayını gördü” ifadəsinə üstünlük verirlər. Bu da sual altındadır ki, təqvim ayını bəsirət gözü ilə deyil də adi gözlə necə görmək olar. Zatən “müsəlmanlar” elə əslində bu adi gözlə görməni nəzərdə tuturlar.
Müqəddəs Oxuda keçən “şəhr” sözü göy cismi mənasında ay deyil, təqvim ayıdır. Başqa ayələrdə də bu söz yalnızca həmin anlamda işlənir. Məsələn: “Göylərlə yeri yaradan gün Tanrı yazısına görə on ikidir Tanrı qatında ayların sayı” (Tövbə surəsi 9:36). Yazının orijinalında da təqvim ayı mənasında “şəhr” və bu sözün cəmi “əşhur” keçir. Göy cismi mənasında isə işlənən söz bizim “qəmər” kimi tələffüz etdiyimiz “qamər”dir. Bu sonuncu müqəddəs Oxunun 54-cü surəsinin adıdır.
Müqəddəs Yazıdakı “şəhidə-ş-şəhra” ifadəsi təqvim ayına şahidlik etdi anlamındadır, gördü anlamında yox. Bunlar bir qədər fərqli nəsnələr. Çünki təqvim ayı gözlə görülməz, bu ayın gəlişinə şahidlik etmək olar. Və bu ayın gəlişi zamanlanmasına dəqiqliklə tanıqlığı isə astronomlar edə bilərlər ki, onların bu şahidliyinə biz də inanıb şəhadət verməliyik. Əski zamanlarda bu, mümkün deyildi və mənada tam anlaşılandı ki, Ramazanın gəlişinin zamanlanmasını gözlərin göyə zillənməsilə təyin etməkdən başqa çarə yox idi.
İndiki “müsəlmanlar” isə əski zamanlarda qalmağı tərcih edərlər. Quranın bu günümüzə möcüzəvi bir tərzdə işıq tutan hikməti onlar üçün qapalı.
çap et