Nəsimi heç vaxt belə müşkülə düşməmişdi. Nə sağlığında, nə edamından sonra. 600 yaşı bitəbitdəydi. Bu uzun ömrün o, vur-tut 48 ilini yaşamışdı. Əgər “yaşamışdı” sözü dünyada rahatlıq, firavanlıq görmək mənasında düşünülsə, onda Nəsiminin ömründəki belə illərin sayı lap az götürülməlidir.
Təqiblər, sıxıntılar, qorxü-hürkü içində bu diyardan o diyara baş götürüb qaçmalar, yarıac-yarıtox günlər, həftələr, aylar... Bunların rahat ömrə aidiyyəti yoxdur. Amma bu yolu o özü seçmişdi. Mübarizələr, möhnətlərə qatlaşa-qatlaşa məsləki, amalları uğrunda çarpışmalar onun intixab etdiyi həyat tərziydi. Həmin səbəbdən də başqalarına narahat gələ bilən ömür illəri, əslində, onun qəbuluydu. Bəlkə də, başqalarının zillət saydığı günlər onun nəzərində ləzzət də olmasa, ən azı, elə həyatın adi gedişatı deməkdi.
Amma 600 yaşının tamamında onun üzləşdiyi qəziyyə sevənlərinin də qəlbini çox ağrıtdı, ruhu bunlara şahid idisə, ruhunu da ən ağır işgəncələrdən daha artıq sarsıtdı. Çünki onun niyyəti birləşdirmək idi.
Məfkurənin, düşüncələrin, sevgilərin ətrafında birləşdirmək. Hətta hərflərlə, sözlərlə də körpü yaradaraq bir yol, bir xətt üstündə toplamaq.
Şagirdlərini, məsləkdaşlarını, dostlarını, xalqını. 600 yaşının tamamında isə məhəbbətdən, istəkdən dəm vura-vura onun adının ətrafına yığışanlar, əslində, parçalayırdılar, ayrı salırdılar, niyyətləri xoş olduğu halda hərəsi bir səmtə çəkdiklərindən nəticə etibarilə Nəsimiyə zərər vurmuş olurdular.
“Haralısan?” söhbəti o vaxt – Nəsimi dövründə də olmuşdu, ondan əvvəlki çağlarda da. Olmasaydı, adların, təxəllüslərin böyründəki nisbə də yaranmazdı. Biri Şirvani, biri Gəncəli, biri Təbrizli, biri Ərdəbilli, biri Şəkili, biri Bakılı, biri Marağalı, biri Ordubadlı... olmazdı. Doğrudur, elə o çox köhnə vaxtlarda bütövlüyün rəmzi olan “Azərbaycani” nisbəsini daşıyan Bəhmənyar da yaşamışdı. Fəqət minlərin arasında belə nisbə götürən olardı bir nəfər, iki nəfər. Olsun ki, o zamanlar elə nisbələr qəbul edənlər öz dədə-baba yurdlarını Vətənin başqa bölgələrindən ayırmaq, özgə yerlərdən üstün tutmaq barədə heç fikirləşmirdilər, sadəcə, doğulduqları torpağa bu minvalla azacıq da olsa xidmət etmək istəyirdilər. Amma nə edəsən ki, vaxt çayları axdı keçdi və bu xislət bir xəstəliyə çevrilən qorxulu həddəcən dikəldi, milləti içəridən gəmirən güvəyə döndü.
Azərbaycan 1973-cü ildə mütəfəkkir şair İmadəddin Nəsiminin 600 illik yubileyini dünya miqyasında keçirmək niyyətindəydi (o vaxt nə idisə, əksər bu qəbil yuvarlaq ildönümləri bir neçə il gecikdirilərək bayram edilirdi. Əslində, Nəsiminin 600 yaşı artıq 1969-da tamam olmuşdu. Yubiley-filan yada düşməmişdi. Həmin il Azərbaycana rəhbərliyə gələn Heydər Əliyev dərhal bu məsələnin də üzərində işləməyə, özünə xas miqyaslı düşüncəyə müvafiq olaraq, bu ədəbi bayramı Azərbaycanın dünyada və Sovet İttifaqında güclü təbliğinə çevriləcək mühüm siyasi-mədəni hadisəyə döndərməkçün addımlar atmağa başlamışdı).
Təbii ki, bu arada elmi və kütləvi mətbuatda bir-birinin ardınca yazılar dərc edildi.
Salman Mümtazın hələ 1926-cı ildə nəşr etdirdiyi və Nəsiminin Şamaxıda doğulduğunu göstərən dəyərli, tarixi məlumatla zəngin məqaləsi illər fasiləsindən sonra işıq üzü gördü.
Bunun ardınca əslən Bakıdan, İçərişəhərdən olan, akademiyanın elmi əməkdaşı, arxivlərlə, mənbələrlə dərinlərə getməyin aludəsi olan filoloq Əliəjdər Seyidzadə elan etdi ki, Nəsimi qala divarları arasında yaşayıb, həyətini də, evini də tapmışam. Ayrıca məqaləsində öz aləmində sübut etdi ki, bəs Nəsimi bakılıdır.
Gəncə Pedaqoji İnstitutunun professoru Nazim Axundovun bundan lap az sonra çıxan məqaləsi vəziyyəti bir az da qarışdırdı. O, isbat edirdi ki, Nəsimi gəncəlidir ki, var.
Nəsiminin farsca “Divan”ını çapa hazırlayan, orta əsrlər ədəbiyyatımızla mütəmadi maraqlanan, əslən Cənubi Azərbaycandan olan professor Həmid Məmmədzadə Nəsimini elədi təbrizli.
Getdikcə meydan qızışırdı. Bərk bəhsəbəhs düşmüşdü.
Əslən Dağıstandan olan geoloq Əziz Əsgərovun məqaləsi isə lap gözlənilməz idi. Dərbənddə XIV yüzilliyə aid bir mağara tapdığını, həmin mağarada vaxtilə hürufilərin yığışdığını, Nəsiminin də dərbəndli olduğunu iddia etdi.
Akademik Məmməd Cəfər isə Nəsiminin naxçvanlı olduğunu sübuta yetirirdi.
Universitet müəllimim, görkəmli filosof Fuad Qasımzadə xatırlayır ki, bizimkilərin Nəsimini bölüşdürə bilmədiyi həmin ərəfədə türkmənlər götürüb Moskvaya, sovet dövlətinin rəhbəri Leonid Brejnevə məktub yazırlar ki, Nəsimi türkmən şairidir, bizim ona həsr edilmiş ayrıca xalq dastanımız var, şairin türkmən olmasını A.Krımski kimi böyük şərqşünas alim də yazıb. Adətən belə ciddi mübahisələr ortaya çıxanda Kreml höcətləri kiminsə xeyrinə həll etmək əvəzinə ümumən məsələni gündəlikdən çıxarmağa üstünlük verirdi.
İndi bir anlıq həmin qorxunc nəticəni təsəvvür edək. Necə vəziyyət alınardı? Nəsimi haqda film çəkilirdi, abidə hazırlanırdı, balet bəstələnirdi, kitablar nəşr edilirdi, tərcümələr edilirdi, xalçadan tutmuş xüsusi medaladək, plakatlardan tutmuş poçt markasınacan müxtəlif sənət əsərləri yaradılırdı. Təbii, bütün planlaşdırmalar da, maliyyələşdirmələr də Mərkəzdən asılı idi. “Dayanın!” deyilsəydi, indi mədəni sərvətimiz olan çox şeyləri itirərdik. Nə heykəl olardı, nə film, nə gözəl nəğmələr, nə bir-birindən cazibəli rəsm əsərləri, nə bir silsilə Nəsimi kitabları.
Böyük azərbaycanlı Heydər Əliyev köksünü verir irəli, nüfuzu, qətiyyəti, əlaqələri dadına çatır, Moskvayla da, Parislə də danışıqlar, yazışmalar aparır və lüzumsuz mübahisələrə nöqtə qoyulur.
Nəsiminin 600 yaşını YUNESKO da bayram edir, SSRİ paytaxtında da Azərbaycan şairi Nəsiminin təntənələri keçirilir.
Amma şairin haralı olması ilə alimlərimizin bu çəkişməsi hər halda tarixin də, elə Nəsiminin də yadında qalır...
***
Kim idi Nəsimi?
Altı əsrdir ki, bu suala ən uyğun, ən dürüst cavab axtarılır, çeşidli cavablar da tapılır və onların hər biri bu yenilməz fədaini başqa çalarda açmağa, təqdim etməyə səy göstərir. Bəs Nəsimi özü nə deyirdi?
Onun öz nəzərincə Nəsimi kim idi? Nəsimini hamıdan yaxşı tanıyan insanın qiymətləri nədən ibarət idi?
Sərraf-i bəhr-i qüdrətəm, yaqut-i kan-i vəhdətəm,
Şimdi Nəsimiyəm bu gün, xak ilə yeksan olmuşam.
Bir qüdrət, güc dənizinə bərabər olduğunu söyləyirdi, amma pərişan-pərişan gileylənməyə də bilmirdi ki, əsl dəyəri verilmir, ulduz kimi göylərdə tutulmalıykən torpaq kimi ayaqlar altındadır.
Kim idi Nəsimi?
Surətdə gərçi adi bəşərdir Nəsiminin,
Mənidə gör ki, zat-i mütəhhər degilmidir?
Təsdiqləyirdi ki, bəli, mən də üzdən bu dünyanın çirkabına bulaşmış adi insanlardan birinə oxşaya bilərəm. Amma mən daxilən pakizə, təmiz bir zatın daşıyıcısıyam.
Kim idi Nəsimi? Biz bunu bu gün dəqiq bilirik – o, şeirimizin günəşlərindən biridir. Bizdən əvvəl həmin həqiqəti özü də bilir və deyirdi:
Bir günəşdir Nəsimi kim, anın
Neçələr zərrəsinə həsrətdir.
Amma Nəsimi mənən özünü günəş kimi aliməqam saysa da, təvazö ilə özünəcə ifrat qürrələnməməyi də tövsiyə etmək gücündəydi, öz-özünə xeyli aşağıdakı yerini də nişan verməyə qadirdi:
Fərağət olmuşam sud u ziyandan,
Nəsimiyəm ki, dərvişəm, fəqirəm.
Kim idi Nəsimi?
Mən otuz iki hürufəm ləmyəzəl,
Yoxdur ortağım, nə mislim, nə bədəl.
Çün əbəddir axırım əvvəl, əzəl,
Əvvəl ü axır mənəm izzə və cəl.
Son nəticədə o özünü hərflərə bənzər tuturdu, varlığının da mənasını həmin hərflərdən yaranan sözdə görürdü. Nəsiminin qənaətincə isə, sözdən ulu, sözdən möhtəşəm heç bir qüvvət mövcud deyil və söz hər şey deməkdir. Həm candır, həm dünyanı yaradandır, həm səni sənə tanıdan, qəlbinin tərcümanıdır, həm yer-göydür, səmanın doqquz qatıdır, həm kainatdakı hər nəsnənin əsasını təşkil edən dörd ünsürdür – su, od, külək, torpaqdır, dəftər-qələm, yazı-pozudur və ilkindən tutmuş sonuncusunadək bütün peyğəmbərlər də Sözdür:
Dinləgil bu sözü ki, candır söz,
Aliyü asiman məkandır söz.
Şeş cəhətdən münəzzəh (qüsursuz – R.H.) anla vü bax,
Şoylə kim xaliq-i cahandır söz.
Nazil (Allah tərəfindən göndərilən – R.H.) ü münzil (yerə endirilən – R.H.) anla kim, birdir,
Kəndi kənduyə tərcümandır söz.
Tulü ərz ilə ümqü (dərinliyi – R.H.) bulunmaz,
Yəni bihədd ü binişandır söz.
Əql-i küll, ərş ü kürsi, lövh ü qələm,
Çar ünsür, nöh asimandır söz.
Zahir ü batin, əvvəl ü axir,
Aşikara vü nihandır söz.
Kaf ü nundan vücudə gəldi cahan,
Əgər anlar isən əyandır söz.
İsa-yi pak, Adəm ü Əhməd,
Mehdi-yi sahib əz-zəmandır söz.
Və yenə kim idi Nəsimi? Zərrə boyda günəş, günəş boyda zərrə, zərrədə günəş, günəşdə zərrə ola bilən, vəsfi alidən-ali saydığı sözə də sığmayan bir insan, bir şair.
Zərrə mənəm, günəş mənəm, çar ilə pənc ü şeş mənəm,
Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.
Amma 1369-cu ildə o hələ kiçik idi və bir Azərbaycan anasının bətninə də sığa bilirdi. Şamaxıda dünyaya gəldi. (Onun Şah Xəndan adlı bir qardaşı da oldu ki, sonucda elə Şamaxıda torpağa tapşırıldı və həmin məzarlıq da bu qəbrin şərəfinə “Şahxəndan” adlandırıldı, deyilə-deyilə, dəyişə-dəyişə el dilində həmin kəlmə “Şaxəndan”a çevrildi. Seyid Əzim də məhz bu müqəddəs qəbrin xatirinə həmin qəbiristanlıqda dəfn olunmasını vəsiyyət etmişdi:
Mən öləndə “Şaxəndan”da basdırın,
Çünki onun şahid-i xəndanı var).
Ən azı bu dəlil və başqa əksər qaynaqların yekdilliklə Nəsiminin Şamaxıda təvəllüd tapmasını bəyan etməsi onun doğum yerini başqa şəhərlərə bağlayan fərziyyələri çökdürür. Rədd ediləsi ehtimallar sırasında Qəstəmonlu Lətifinin də guya Nəsiminin Bağdad yaxınlığındakı Nəsim kəndində doğulması fikri də var ki, lap çoxdan ümumən belə bir kəndin olmadığı sübuta yetirilib. Osmanlı təzkirəçiləri Nəsimini özləri sarı çəkməyə cəhd etmiş, heç bir etibarlı mənbə, əsaslı dəlil gətirmədən Aşıq Çələbi, Bursalı Məhəmməd Tahir, Faiq Rəşad kimi müəlliflər onu diyarbəkirli etməyə çalışmışlar. Amma tutmayıb.
***
Nəsimigil nəsillikcə seyid idilər. Bu səbəbdən Nəsiminin adının, ləqəbinin, təxəllüsünün qarşısına çeşidli qaynaqlar “Seyid” sözünü də əlavə etmiş, onu Seyid Nəsimi, Seyid İmadəddin, Mir İmadəddin kimi də tanıtmışlar. İlk gənclik illərindən onu səciyyələndirən keyfiyyət sığmazlıq idi ki, ömrü boyu müşayiətçisi olaraq qaldı. Şamaxının münbit təhsil mühitində mükəmməl təməl savad alsa da, bu biliklərin çərçivəsi ona dar gəldi, daha geniş məkan aradı. Hürufiliyə səmt götürdü. Şeirlərində günün sabit din təfəkkürü ilə uyuşmayan məqamlar üzə çıxmağa başladı. Onun bu qəbil şeirlərini oxuyan, özü də şair olan, “Julidəmu” təxəllüsü ilə yazan Şah Xəndan qardaşının başına bəlalar gələ biləcəyindən xoflandı. Məktub yazaraq Nəsimini qəlbindəki hər sirri şeirə gətirməməyə, dilə-dişə düşməməkçün məxfiliyə riayət etməyə səslədi:
Gəl bu sirri kimsəyə faş eyləmə,
Xan ü xası aməyə aş eyləmə.
Nəsimi isə öz içərisinə də sığmırdı, belə xəbərdarlıqla, lap ən aşkar hədə-qorxuyla onu məqsədindən yayındırmaq, tutduğu cığırdan sapdırmaq müşkül idi. Dərya artıq dalğalanırdı, ləpələr məcradan çıxırdı. Qardaşının nigaran beytinə Nəsimi şeirlə cavab vermişdi:
Dərya-yi mühit cuşə gəldi,
Kövn ilə məkan xüruşə gəldi.
Sirr-i əzəl oldu aşikara,
Arif necə eyləsin müdara?
Nəqqaş bilindi nəqş içində,
Ləl oldu əyan Bədəxş içində.
Küll-i yer ü göy həqq oldu mütləq,
Söylər dəf ü çəng ü ney: “Ənəlhəq!”
İman ilə küfr bir şey oldu,
Dadlu ilə acı bir mey oldu.
Adəmdə təcəlli qıldı Allah,
Qıl adəmə səcdə, olma gümrah!
Cövhərindəki sığmazlıq şakəri onu bəktaşiliyə yönəltdi. Amma bəktaşiliyin qəlibi Nəsiminin ölçüsündən balaca idi. Bəktaşilər çox olsa da, Nəsimi tək idi, tale onu gedilmiş yolla getməyə deyil, hələ ləpir düşməmiş yollara yönəldirdi.
Surətdə gərçi bəktaşi çoxdur, Nəsimi tək,
Mənidə adı hər həcərin (daşın – R.H.) kimiya deyil.
Aralandı bəktaşilərdən. Onu hürufiliyin ahənrübası cəzb edirdi. Hürufilərin öndəri Şeyx Fəzlullah (1339–1394) idi. Həllac Mənsura sevgisinə görə Seyid İmadəddin “Hüseyni” olmuşdu. Fəzlullahın təxəllüsü “Nəimi” idi, İmadəddin də ona oxşamaqçün köhnə təxəllüsünü “Nəsimi”yə dəyişdi. Təbrizdə doğulmuş Fəzlullah zəmanəsinin əsas elm sahələrini yeniyetməlik illərindən mükəmməl şəkildə qavrasa da, çörəyini papaqçılıqdan çıxarırdı. Lakin onun alnına beş-on başa papaq tikməkdən daha əzəmətli bir vəzifə – yüzlərlə, minlərlə beyinə ülgülər, düsturlar bağışlamaq, təzə bir fəlsəfi fəza doğurmaq yazılmışdı.
Hürufiliyin ana kitabı, baş dərsliyi olan “Cavidannamə”ni qələmə aldı.
“Məhəbbətnamə”si, “Ərşnamə”si, “Növmnamə”si də vardı. Amma onlardan heç biri “Cavidannamə” kimi məşhur olub əl-əl, ürək-ürək, qafa-qafa gəzmədi. O kitab Nəsiminin də beyninə işığını saldı. Və Nəsimi tapındı bu kitaba, bu ustada, bu təlimə:
Fəzl-i həqdir vaqif-i əsrarımız,
Fəzl-i həqdəndir qamu ənvarımız.
Fəzl-i həqq göstərmiş idi karımız,
Fəzl-i həqdir, fəzl-i həqq memarımız.
Nagəhan bir şahə düşdü könlümüz,
Üzü bədr ü mahə düşdü könlümüz,
Ta ki Fəzlullahə düşdü könlümüz,
Uş həqiqi rahə düşdü könlümüz.
1386-cı ildə Fəzlullah hürufiliyin təbliği və ətrafına yeni ardıcıllar yığmaqçün Şirvana gələndə artıq Seyid İmadəddin bir şair kimi ad çıxarmışdı. Bakıda Fəzlullahla görüşəndən, həvəsində olduğu hürufilik təriqətinə min bir qəlb teliylə bağlanandan sonra şairlik şöhrəti bir az da artmışdı. Özü elan edirdi:
Ey Nəsimi, cahanı tutdu sözün,
Övnəkəllah ki, şah-i kişvərsən.
“Şah-i kişvər” – “ölkə padşahı” deyimi, yəqin, burada məcazi mənada işlənib. Lakin getdikcə sıraları sıxlaşan, əhatə dairəsi ənginləşən və daha mütəşəkkil bir görkəm alan hürufiliyə yalnız şair və filosofların hücrələr daxilində məzələnməsi təki deyil, siyasi iqtidar üçün təhlükə mənbəyi kimi baxan hakimiyyət qəti tədbirlər tökməyə qərar verdi.
Teymurləngin əmriylə oğlu Miranşah hürufi dədəsi Fəzlullahı dustaq götürərək Naxçıvana apardı. Qısa müddət Əlincə qalasında saxlanan Nəimi bütün müridlərinə görk olsun deyə, müdhiş bir ölümə ürcah edildi – at quyruğuna bağladılaraq daşlara çırpıla-çırpıla tikə-parça edildi...
Görünür, Fəzlullah qətlindən öncə bir neçə gün qalada hansısa adların, hansısa sirlərin dilindən qoparılması üçün saxlanılırmış.
Nəiminin sonacan mətanətli olması, işgəncələrə duruş gətirərək məsləkdaşlarını satmaması o səbəbdən inandırıcı görünür ki, ardıcıllarının xilası naminə Fəzlullah qayğıkeş müəllim, nəcib mürşid kimi irəlicədən tədarükünü görmüşdü. Ölüm ayağında “Vəsiyyətnamə”sini azadlıqdakı silahdaşlarına ötürməyə macal tapmışdı:
“Bütün dərvişlərə salam söyləyin. Bütün müridlər tələf ola bilər, hamıya qəsd edilə bilər. Harada olsalar, elə etsinlər ki, mənim müridim olmalarını bir kimsə bilməsin. Bacarsalar, Gilana, Mazandarana getsinlər. Tələf etmək üçün arxalarınca adam gələ bilər. Özlərini son dərəcə gizli, yenə də gizli saxlamalıdırlar. Öz geyiminizi, xarici görünüşünüzü dəyişin, şirvanlı və dağlı camaatının şəklinə salın. Möhkəm və əlçatmaz ucqarlara gedin. Bu işi olduqca tez edin ki, hələ ordudan arxanızca heç kim gəlməmiş və tələfata uğramamış getmiş olasınız. Əlbəttə, əlbəttə, əlbəttə, getməyə tələsin. Uzaq, dağlıq yerlərə çəkilin, adlarınızı dəyişin. Dərvişlik mərasimini üzərinizdən götürün. Hər dəm, hər dəm namaz qılıb bir peşəyə bağlanmanızı da məsləhət görürəm”.
Fəzlullah Nəimi müdrik, püxtə insan idi. Nəyi məsləhət etdiyini, niyə belə məsləhət etdiyini yaxşı bilirdi.
Ardıcıllarının coşqunluğundan, ipə-sapa yatmazlığından da agah idi.
Elə həmin səbəbdən bəzən bir sözü bir neçə dəfə təkrarlayır ki, bəlkə bu yolla təhlükənin nə qədər yovuq və qaçılmaz olduğunu anlada bilsin.
***
Nəsimi “Vəsiyyətnamə”yə əməl etməyinə edir, amma axıra qədər yox.
Anadoluya qaçır. Orada ustadın nəsihətinə müvafiq olaraq təriqətçiliyə vida deyibən xəlvətə çəkilmək əvəzinə yenə dediyini deyir, yazdığını yazır, başına xeyi məftunlar cəmləyə bilir. Nəsiminin cəlb etmək istədiklərinin heç də hamısı o deyəni demir. Dostlar qazanırsa, düşmənlər də tapır. Sığmazlıq onun iliyində idi. İradəsini ram edərək Nəiminin umduğu kimi büsbütün dəyişmək, başqalaşmaq ona xas olan xüsusiyyət deyildi. Cahana və cahanlara sığmayan bir Zirvə vəsiyyətnamənin tələblərinə necə sığaydı? Boynuna alırdı ki, məsləki, fikri, qayəsi – ayəti onun özündən də güclüdür, uludur:
Məndə sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhər-i laməkan mənəm, kövn ü məkanə sığmazam.
... Can ilə həmcahan mənəm, dəhr ilə həmzaman mənəm,
Gör bu lətifeyi ki, mən dəhr ü zamanə sığmazam.
Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
Məndən uludur ayətim, ayətə, şanə sığmazam.
Hürufilik də, bəktaşilik də Nəsiminin təsiriylə Anadoluda dərin köklər atır, qanadını gərir. Məhz elə nüvəsində siyasi niyyətlər olması oralarda da hakimiyyəti bu yolun yolçularıyla sərt davranmağa səfərbər edir. Bəktaşiləri sadəcə asmırlar, başlarını üzmürlər, Sultan Murad zamanında onların neçəsinə od vurub diri-diri yandırırlar. Nəsimi vəziyyətin tədricən mürəkkəbləşdiyini duyaraq yenə düzəlir yola. Bu dəfə İraq, Suriya səmtini götürür... O, üç dildə – türkcə, farsca, ərəbcə yetkin savad və biliklər yiyəsiydi, hər üç dildə şeirlər yazırdı və “Divan”lar bağlamışdı. Bu səbəbdən məfkurəsini intişar etdirməkdə onun dil, nəzm məhdudiyyəti yox idi. Qafqazda, Anadoluda olduğu sayaq, ərəb aləmində də ehtiramla qarşılanır. Lakin, həmişəki kimi, sayğı göstərənləri, ardınca gedənləri vardısa, kin bəsləyənlər, onu hikkəylə qarşılayanlar da az deyildi.
***
Şair və hökmdar Hüseyn Bayqaranın vəziri Əmir Kəmaləddin Hüseyn “Məcalis ül-üşşaq” (“Aşiqlərin yığnaqları”) adlı əsərində Nəsimi ətrafındakı nəhayətdə qətlə aparıb çatdıracaq təhlükə dairəsinin tədricən necə daralmasının səbəblərindən birini açıqlayırdı: “Nəimi nəfəsindən gələn nəsimləri qoxlayan Əmir Seyid İmadəddin “Nəsimi” adı ilə məşhurdur. Qərib bir aşiq və xanəxərab idi. Cavanlıqda aşiq olmuş, bilikli və incə sözləri dərk edən bir adam idi.
Batindən zahirə çıxan nəfəs tufan kimi onun könül dənizini cuş ü xüruşa gətirdi. O dəryanın dalğalanmasından şairin hərfləri və kəlmələri cəvahir i-əsrar kimi kənara töküldü. Ayıq zahirpərəstlərin nəzəri həqiqət şahlarına layiq olan o cəvahirlərə düşdükdə, şairin sözünü anlamadılar. Onu cəzalandırmaq istədilər. Hələbdə zahiri üləmadan bir münkir ondan soruşdu: “Bu cavanın üzündə nə görürsən ki, bu qədər həyəcan və məstlik göstərirsən?”
Cavab verdi ki, onun üzünün aynasında Haqqın Surətini müşahidə edirəm. Münkir dedi: “Biz də o cavanı görürük, bəs nə üçün o surət bizim gözümüzə görünmür?”
Şair dedi: “Bu dövlət quşu sizin qabiliyyətinizi özünə yuva etmədi və bu səadət quşu sizin himmətinizin başına kölgə salmadı”.
Seyid Nəsimi ilə o münkir arasında bu söhbət keçdikdən sonra şairin düşməni daha da möhkəmləndi və valinin yanına gedib bir neçə yalan da artıraraq xəbər verdi”.
***
Nəsimi o yerlərə gedib çıxanacan evlənmişdi, ya ailəsini orada qurdu?
Bu suala dürüst və dəqiq cavab verən məxəz yoxdur. Amma daha qüvvətli ehtimal budur ki, ev-eşik sahibi olmağı Suriyaya gedib yetişdiyi, orada məskunlaşdığı vaxtların hadisəsidir.
Çün Nəsiminin Əbülfəzl oldu həqdən künyəsi,
Cümlə əsmanın hürufi eyn-i əlqabındadır.
Fəzlin atası. Təxəllüsünü ustadın şərəfinə Nəsimi etmişdi, oğluna da yenə müəlliminin pak adına görə Fəzl adı verdi. Nəvə-nəticələri, uruğundan olan Nəsimilər bu gün də Suriyada ömür sürməkdədir.
Ancaq onlara kiçik bir dəstə dost-tanış, qohum-əqrəba bələddir.
Nəsiminin şeir balalarını isə indi hamı tanıyır, bütün gələcək boyu da tanıyacaqlar.
Həqbin nəzəri bayəd ta ruy-e məra binəd,
Çeşmi ke bovəd xodbin key ruy-e xoda binəd?
...Ey çeşm-e Nəsimira əz ruy-e to binayi,
Anra ke to mənzuri ğeyr əz to kera binəd.
(Haqqı görən gözlər gərəkdir ki, mənim üzümü görsün,
Xudbin olan gözlər Allahın Üzünü necə görə bilər?!
Ey Çöhrəsi Nəsiminin gözlərinə işıq verən,
Məqsədi Səni görmək olan Səndən savayı kimi görər?!)
Salnaməçi rəvayət edir ki, Nəsiminin Allahın insanda təcəlla etməsinə nümunə olan bu şeirini onun şagirdlərindən biri Hələbdəki qələbəliklərdən birində ucadan söyləyirmiş. Qəzəli oxuyanı tuturlar, Allaha asi düşdüyünə görə çəkirlər dar ağacının ayağına. Bu dəliqanlı cavan “şeir özümünküdür, Nəsimiyəm” deyir. Əhvalatdan xəbər tutunca Nəsimi dabanqırma yetişir həmin meydana, mərdliyə kişiliklə cavab verir, həqiqəti açır, şagirdinin onu xilas etmək naminə bu şeirə sahib çıxdığını bildirir və günahsız gənci azadlığa buraxdıraraq özü divana təslim olur. Nəsimini ilişdirməkçün onsuz da bütün tələlər qurulmuş, namərd şikarçılar marığa yatmışdılar. Münasib fürsəti gözləyirdilər. Bu şeir əhvalatı olmasaydı, təbii ki, başqa bir səbəb tapacaqdılar. Onbeşinci yüzilin ərəb tarixçisi Müvəffəqəddin Əhməd ibn İbrahim əl-Hələbi “Künuz üz-zəhəb və tarix-i Hələb” (“Qızıl xəzinələri və Hələb tarixi”) ünvanlı kitabında bizi aparır qana batmış o günlərə. Qaynaq Nəsiminin edamını hökm verən fərmanın mətnini də hifz edib.Mənbə şairi mühakimə edən 5 nəfərin adlarını da yaşadır. Şairi anıb onları lənətləmək üçünmü? Amma lənət hamısına düşmür. Baş hakim – İbn Şanqaşül Hənəfi Nəsiminin zındıq, mülhid elan edilərək Hələb şəhərinin din alimləri qarşısında ittiham edilməsini, hamının gözü qarşısında qətlə yetirilməsini tələb edir. Lakin məhkəmə üzvlərindən biri – Şəmsəddin ibn Əminüddövlə buna qarşı çıxır, belə bir ağır hökmü verməzdən əvvəl onu sübut etməyin gərək olduğunu söyləyir: “Əgər sən bu iddianı sübut edə bilməsən, sənin özünün öldürülməyin barədə qərar çıxararıq”.
Bu dirənmə məhkəməni aparan ibn Şanqaşülü karıxdırır. O, məhkuma aid etdiyi ittihamı isbat edə bilməyəcəyindən və cəzalanacağından qorxaraq geri durur. Amma edamın sifarişli olmasının, hansı vəchlə olur-olsun yerinə yetirilməsinin şərt kimi əlaltından ortaya qoyulmasına dəlalət edən budur ki, vəziyyət belə şəkil alanda məhkəməyə Şəhabəddin ibn Hilal gəlir. “Nəsiminin tövbəsinin qəbul edilməməsinə və öldürülməsinə fitva verirəm. Çünki o, doğrudan da, kafirdir. Bunu sübut da edərəm”.
Qaziy-ül qüzat – qazilər qazisi Fəxrəddin əl-Maliki: “Sən bir parça kağızda öz xəttinlə yaza bilərsənmi ki, məhkumun öldürülməsi lazımdır?” – deyir. Şihabəddin ibn Hilal elə o dəqiqə qələm götürüb yazır. Lakin hətta bundan sonra da digər məhkəmə üzvləri qərarla barışmaq istəmirlər. Fəxrəddin əl-Maliki məhkəmə üzvü olan qazi və üləmanın bu qərarla razılaşmadığını əsas gətirərək ölüm hökmü çıxarmaqdan imtina edir. Məhkəmə qərar qəbul etmədən dayandırılır, Nəsimi yenidən zindana aparılır. Niyə belə tərəddüdlüydülər?!
Əvvələn Nəsimiyə kafir damğasını vurmaq elə də asan deyildi.
Onun hər misrasının, hər beytinin ardında “Quran” hikmətləri dayanırdı.
“Quran” bulağından su içmiş Nəsimi hikmətlərini dini təftiş kimi yozaraq əks mənalandırmaq mümkün idisə, o iddiaların hər birini darmadağın edəcək əks müddəalar da gətirmək çətin deyildi. Elə “Quran”ın özündən, elə şəriətin əsaslarından, elə ən oturuşmuş fəqihlərin, mühəddislərin risalələrindən.
Hürufiliklə bağlı, bu sözün açımıyla ilgili belə bir yozum da var ki, bu, heç də “hərf” kəlməsiylə əlaqədar deyil, “herfə” – sənət, peşə sahibi, sənətkar sözüylə bağlıdır. Doğrudan da, hürufiliyə qoşulmuş insanların əksəriyyəti məhz orta təbəqənin adamları, sənət-peşə sahibləri, xırda tacirlər idi. Bəlkə də bu üsyankarlar üçün fəlsəfi bir pərdə, dini-təriqətçi bir örtük altında gizlənmək sərfəliydi? Bəlkə dövlət də məhz bu gizlinci müəyyənləşdirə bilmişdi?
***
Sultan Müəyyədin əmri özünü çox gözlətmir. “Dərisi soyularaq cəsədi Hələbdə 7 gün əhaliyə nümayiş etdirilsin. Sonra əl-ayaqları kəsilsin və bir parçası Zülqədər oğlu Əlibəyə, qardaşı Nəsirəddin və Osman Qarayölükə göndərilsin. Çünki bu Nəsimi onların da etiqadını pozmuşdur”.
***
Nəsiminin edamı ilə Babəkin edamının bənzəyişi var. Onlar ikisi də amal uğrunda qurban gedən şəhidlər idi. Babəkin də boynu vurulmazdan öncə qılınc tutan sağ, sonra isə sol qolunun, daha sonra ayaqlarının bədənindən ayrılması hökm edilmişdi. Məxəzlər heyrət və heyranlıqla şahidlik edir ki, bunca dəhşətli edam əsnasında Babək bütün ağrılara dözərək cınqırını da çıxarmadı. Sadəcə sağ qolu vurulanda sol əlini öz qanına batıraraq sifətinə çəkdi: “Qanım axdıqca rəngim ağaracaq. Elə zənn edərlər qorxudan rəngim qaçdı”.
Edam edilən Nəsiminin də qanı axdıqca avazıdığını görən ətrafdakılardan birinin kinayə ilə “Rəngin nə üçün saraldı?” sualına rəvayətlərdə şairin verdiyi məğrur cavab qalır: “Mən əbədiyyət üfüqlərində doğmuş eşq günəşiyəm. Günəş qürub edən zaman saralar”.
***
Amma çox ibrətli və çoxlarına da bəlli olan bir başqa söyləmə də elin yaddaşına nəqş olunub. Guya Nəsiminin edamında təkidli olan qatı dindarlardan biri qayıdır ki, bu elə rəzil kafirdir, qanından bircə damla hara düşsə, o yeri kəsib atmaq lazımdır. Təsadüfdən Nəsiminin bir damla qanı o möminin barmağına sıçrayır. Görənlər hay-küy salır ki, sözünə əməl elə, murdar qanın sıçradığı barmağını kəs. Ruhani: “Əşi, mən elə sözgəlişi o cür söylədim”, – deyərək vəziyyətdən çıxmaq istəyir. Və Nəsimi ölüm ayağında zarıya-zarıya axırıncı qəzəlini oxuyur:
Zahidin əfsanəsindən soydular nahəq məni,
Həqq bilir səndən şəha, sahibnəzərlər ağrımaz.
Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar,
Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz.
Bu şeir şəkk oyadıb. Etiraz ediblər ki, o ağır anda qanı axa-axa insan nəinki şeir quraşdıra, heç ağrıdan kəlmə kəsib bircə söz deyə bilməz; deməli, bu şeir Nəsiminin deyil, onun hansısa şagirdi tərəfindən sonradan yaradılmışdır.
Ağrıdan qıc olan insanın o məqamda şeir deyə bilməməsini mən də təsdiqləyirəm. Amma bu şeirin həmin edamdan çox-çox əvvəl yazılmasına da inanıram. Onsuz da Nəsimi bu təhər bir qətllə qarşılaşa bilmək ehtimalını həmişə saxlayırdı. Öz taleyini öncədən görə bilmək fəhmindəydi. Amma zahid macərasını xalq elə bu Nəsimi qəzəlinin havasıyla sonralar yarada bilərdi...
Nəsimi bu tüyuğunu yazanda XIV əsr idi və şair özünü o çağın söz mülkündə hökmran saymaqda haqlı idi:
Ay ilə günəş üzün heyranıdır,
Mişk ilə ənbər saçın tərxanıdır,
Çün Nəsimi aləmin sultanıdır,
Dövr anın, dövran anın dövranıdır.
Elə indi, XXI əsrdə də yenə dövr onun dövrü, dövran onun dövranıdır.
Nəsimi yalnız laməkan – məkansız deyil, həm də lazamandır –ZAMANSIZ!