Leyla xanım Əliyevanın nəcibliyinə və mədəniyyətimizə yanan həssas ürəyinə ithaf edirəm
Artıq neçə gündür ki, saatlarla, dönə-dönə onu dinləyirəm.
Daha heç vaxt dünyanın nə çox, nə az məşhur operalarının səhnələrində, daha heç bir zaman dünyanın nə böyük, nə kiçik konsert salonlarında canlı eşidə, seyr edə bilməyəcəyim bir-birindən gözəl ifalarına baxıram, qulaq asıram, təkrar-təkrar məftun oluram, qəhərlənirəm.
Azərbaycan opera tarixinin ən təkrarsız və ən gözəl müğənnilərindən biri Eldar Əliyev oxuyur.
"Müğənnilərdən biri" yazıram və daxilən narahatlıq keçirirəm ki, onu sadəcə ən yaxşılardan biri sayan bu deyişlə Eldarın ruhunu incidirəm.
Axı Eldar Əliyev kimi bir bas, bu parlaqlıqda ifaçı bizdə olmayıb və dünya operasının tarixində də Eldar müstəsnalardandır.
Ekrandakı Eldardır. Şöhrət yolunun başlanğıcı. 1994-cü ildir. İtaliyada, "Comunal di Treviso" teatrının səhnəsindədir. Volfqanq Motsartın "Sehrli fleyta"sında Sarastro rolundadır.
Gözəldən gözəldir!
Dinləyirəm Eldarı. 1998-si ildir. İspaniyada, Real de Madrid teatrının səhnəsindədir. Cakomo Puççininin "Turandot"unda Timurun partiyasını ifa edir.
Möhtəşəmdir!
Eldara baxıram. 1999-cu ildir. "La Skala" səhnəsindədir. Cüzeppe Verdinin "Taleyin gücü" ("La Forza del Destino") operasında Markiz di Kalatrava rolundadır.
Şahanədir!
Oxuyan Eldardır. 2000-ci il, Bakı, Konservatoriya səhnəsi, Vokalçıların Bülbül adına İkinci Beynəlxalq müsabiqəsi, Verdinin "Atilla"sından Hun hökmdarının ariyasını ifa edir.
Heyrətamizdir!
Bu da Eldardır. Almaniyadadır, Bremen Dövlət Filarmonik Orkestri çalır, səslənən Cüzeppe Verdinin "Mi minor rekviyemi"dir, Konfutatisi oxuyur.
Mat qalmamaq mümkünsüzdür!
... Günəş dan üzündən axşamacan nur saçır, sonra axşam gəlir, qaranlıq qatışır, gecə düşür.
Yay ötür, payız yetişir, qış qapını döyür.
Bizə fasiləsiz aydınlıq, işıq, istilik bağışlamış günəşin əsl qiyməti və əvəzsizliyini, elə bil ki, o batandan, aləm zülmətə qərq olandan, soyuqlar-sazaqlar bizi incidəndən sonra daha artıq dərk etməyə başlayırıq.
Artıq Eldarsızıq!..
Dəfə-dəfə dinləyirəm onu, bir dəfə dinlədiyimə növbəti dəfə qulaq asanda yenə valeh oluram, növbəti dəfə məftun kəsilirəm və çox, lap çox kədərlənirəm...
2008-ci ilin son oktyabr günlərində Müslüm Maqomayevdən əbədi ayrılarkən də oxşar hisslər keçirmişdim.
Müslümün həyatı bitmişdi, dünyanın bütün ağrı-acısından canı qurtarmışdı. İndi tam rahat idi.
Amma oxuyurdu.
Moskvanın müxtəlif telekanalları, bizim televiziyalarımız onun haqqında silsilə verilişlər göstərirdilər, ayrı-ayrı illərə aid ifaları səsləndirilirdi və heç birinə həyəcansız qulaq asa bilmirdim.
Oxuyurdu, ürəyim sıyrılırdı, onun duyğulu səsi və oxusu hər dəfə boğazımı yandırırdı, doluxsundururdu məni.
Son nəğməsini, elə bil ki, məhz özü üçün bir rekviyem kimi bəstələdiyi Sergey Yesenin sözlü "Prohay, Baku"nu - "Əlvida, Bakı"nı oxuyurdu.
Dözmək olmurdu.
Mən məəttələm, o nəğmə Bakıda, böyük sənətkarla vidalaşma dəqiqələrində, səhnəsinə Müslümün cənazəsi qoyulmuş filarmoniyada səslənəndə həyat yoldaşı Tamara xanım Sinyavskaya necə tab gətirirdi!
Üstündən nə qədər müddət keçib. Sanki itkinin acısı çoxdan toxtamalıydı. Lakin yenə Müslüm hər dəfə oxuyanda istər-istəməz həmin ifanın hansısa məqamında içərimi bir xiffət bürüyür, yenə qəhərlənirəm.
Müslümü şəxsən tanıyırdım, babası haqqında ayrıca kitab yazmışdım.
Elə o kitabın yazılmasına səbəb də Müslüm özü olmuşdu.
1985-ci ilin payızı idi. Günlərin birində unudulmaz bəstəkarımız Tofiq Quliyev mənə zəng vurmuşdu ki, təcili bizə baş çək.
Gəlmişdim Tofiq müəllimin ovaxtkı məşhur "Təranə" musiqi kitabları mağazasının üstündə, "Bəstəkarlar evi" deyilən binadakı tanış mənzilinə.
İri, köhnə bir çamadanı qoymuşdu qarşıma. Demişdi ki, buradakıların hamısı əlyazmaları, məktublar, fotolar, müxtəlif arxiv sənədləridir. Müslüm bunu bizim Əlyazmaları Fonduna (indi Məhəmməd Füzuli adına Əlyazmaları İnstitutu) vermək istəyir, xahiş edir baxasan, təxmini bir qiymət deyəsən.
Elə ilk tanışlıqdanca anladım ki, xəzinə ilə üz-üzəyəm.
Baba Müslümün oğlu, nəvə Müslümün əmisi Cəmaləddin Maqomayev illərcə atası ilə bağlı bütün sənədləri - onun gündəliklərini, ayrı-ayrı yazışmalarını, tərcümeyi-halı ilə bağlı çeşidli arayışları, ona yazılmış, özünün müxtəlif şəxslərə, o sıradan oğullarına, zövcəsinə göndərdiyi məktubları, bir sözlə, bir ömrü dolğunluğu ilə görməyə bəs edəcək nə vardısa hamısını toplamışdı.
Mən bir neçə gün sonra Moskvaya uzunmüddətli ezamiyyətə yola düşəcəkdim.
Tofiq müəllimə dedim ki, burada sənədlər çox, həm də dəyərlilik dərəcəsinə görə müxtəlifdir. Aparım evə, bu gecə müfəssəl araşdırım, ortalama bir qiymət çıxarım, sabah çamadanı qaytararam.
Yükümü də götürüb taksi ilə birbaşa Elmlər Akademiyasının əsas binasına yollandım. O vaxt surətçıxarma məsələsi indiki kimi asan deyildi. Bütün Bakıda 3-4 yerdə iri kserks aparatı vardı. Ən yaxşılarından biri Elmlər Akademiyasında idi və işlədəni də mənim dostum, 1930-1940-cı illərdə Azərbaycan operasının aparıcı simalarından olmuş Şirzad Hüseynovun oğlu Seyran idi.
Gəldim onun yanına. Bu görüşümüzdən az öncə radioda Şirzad Hüseynovun müğənnilik, aktyorluq, xanəndəlik fəaliyyəti haqqında geniş veriliş hazırlamışdım. Ailəsi mənə minnətdar idi.
Seyrandan rica etdim ki, bu gün işdə gecələsin, özüm də yanında oturacağam, haqqını tam ödəmək şərti ilə bu çamadanda olanların hamısının surətini çıxarsın.
Dediyim kimi də etdi və səhər elə Akademiya binasındakı poçtdan sənəd surətlərinin hamısını 10-a yaxın qutuya yığaraq Moskvaya, öz adıma Mərkəzi Poçtamta yolladım ki, bir neçə gün sonra oraya gedib götürə bilim.
Müslüm həmin sənədləri az sonra Əlyazmaları Fonduna təqdim etdi, qəbul olundu və yalnız üstündən 10-12 ildən də çox ötəndən sonra bütün bunları kataloqlaşdırdılar.
1987-ci ildə isə artıq mənim bəstəkar Müslüm Maqomayevin enişli-yoxuşlu ömür yolu haqqında "Yaşıl yarpaq" adlı əsərim işıq üzü görmüşdü.
Müslümün xahişi ilə həmin essenin rusca tərcüməsinin əlyazmasını da ona göndərmişdim. Danışmışdıq. Fikrim vardı ki, nəvə Müslüm Maqomayev haqqında da yazım və onların surətlərinin qovuşduğu "İki Müslüm" adlı yeni iri bir kitab yaransın.
Təəssüf, ömrünün son parçasındakı səhhət böhranları və həm mənim, həm onun cürbəcür işlərimiz imkan vermədi ki, ardıcıl görüşək, söhbətləşək, həyatının bir çox anları ilə bağlı təfərrüatlı danışaq. Ancaq geci-tezi var, həmin kitab mütləq yaranacaq. Heyiflər ki, Müslümün özünün iştirakı olmadan.
Eldar Əliyevin itkisi mənə Müslümdən sonra ən ağır təsir edən bir gediş oldu.
Baxmayaraq ki, onunla bircə dəfə də görüşməmişdim.
Baxmayaraq ki, Müslüm Maqomayev və Eldar Əliyev ayrı-ayrı səviyyələrdir.
Onlar tam fərqli ömür yaşayaraq, tam fərqli sənət yolu keçiblər.
Fəqət onları mənə qəlbən yaxın edən hər ikisinin sadəcə böyük sənətkar olmaları yox, fövqəladəlikləri, tam təkrarsızlıqları və boş qalacaq, heç kəsin heç vaxt doldura bilməyəcəyi yerləridir.
Parlayaraq tez sönənləri bəzən şairanə bir bənzətmə ilə şimşəyə oxşadırlar.
Bu deyim hamıdan çox opera müğənnisi Eldar Əliyevə yaraşır.
Nə taleyi, nə sənətinin gücü, nə də işığının yayılma miqyası ilə opera tariximizdə ona çatan ikincisi yoxdur.
Tarixdə belə şey olmamışdı. O, tələbəlikdən birbaşa dünyanın ən məşhur opera teatrına - "La Skala"ya işə qəbul edildi. 10 il par-par parladı. 10 il İtaliya və dünya səhnələrində möcüzələr yaratdı. Elə möcüzələr ki, həmin tamaşaları seyr etmişlərin, həmin səsi dinləmişlərin yaddaşında həmişə qalacaq.
Ancaq insan hafizəsi etibarsızdır.
Çünki sonludur, insanla birgə o da tamamlanır, insanla bərabər, xatirələr də ölür.
Nə yaxşı ki, Eldarın hamısı olmasa da, əksər misilsiz ifaları video və audioyazılarda qalır.
Gələcək zamanlar boyunca da bu səsi çoxları dinləyəcək və bütün dəhşəti ilə hiss edəcəklər ki, biz - Azərbaycan və dünya musiqi sənəti necə bir zirvəni itirib.
Həyatdır, hər gələn bir gün getməlidir. Eldar hadisəsində isə yandıran və həmişə ağrıdacaq odur ki, onu biz və dünya opera sənəti vəfat etdiyi 2020-ci ilin 4 avqustunda, 49 yaşında ikən deyil, hələ 2004-2005-ci illərdə itirmişik.
Eldar indiki yaşınadək səhnədə olsaydı, oxumağında davam etsəydi, lap bir gün səhnədə ifa etdiyi anda keçinsəydi, bu, bəlkə də, nə qədər qəmli olsa belə, məntiqi anlaşılan ölüm sayılardı.
Ən acınacaqlısı odur ki, ömrünün son 15 ilində (əgər bu illərə "ömür" demək yaraşarsa) Eldar oxumadı, səhnəsiz oldu, duman kimi, kölgə kimi mövcud oldu, "canlı meyit" güzəranı sürdü.
Di gəl, yaddaşlara və ürəklərə izini necə dərin qoyubsa, 15 ilin susqunluğu belə onu unutdura bilməyib.
Bu itkiyə qəlbən acıyanlardan olan musiqişünas Zümrüd Dadaşzadə götürüb məşhur serb müğənnisi, vaxtilə Eldarla eyni səhnədə oxumuş Mila Vilotiyeviçə məktub yazıb. Xanım Mila da sanki 18-19 il əvvəl deyil, Florensiyada, görkəmli dirijor Piter Maaqın idarəsi ilə səslənən orkestrin müşayiəti ilə Eldarla birgə Motsartın "Böyük messa do minor" ("Grasse Messe") əsərini ifa etmələrini bir an öncə baş veribmiş kimi heyranlıqla yada salıb: "Nə qədər bənzərsiz müğənni, necə nazik qəlbli bir insan idi Eldar!"
Vəfatı xəbəri yayılınca İtaliyada, İngiltərədə, Almaniyada, Fransada, İspaniyada... mətbuat onun haqqında yazdı, bu gedişi dünya sənətinin böyük itkisi kimi yozdu.
İngilis sosial şəbəkəsində Norman Lebrextin 12 avqustda yaydığı "La Skala" ulduzunun faciəsi" (slippedisc.com) adlı məqaləyə yazılan şərhlərdən hiss etmək olur ki, vaxtilə çıxış etmiş olduğu Londonda Eldara illər ötəndən sonra da necə məhəbbət bəslənir. Kluntu Buşmazneman yazır ki, onun canlı ifasını bircə dəfə dinləmişəm və unuda bilmirəm. Dinlədikcə onun ruhunun dərinliyini hiss edirdim. Bu nəsə başqa aləmlərdən (otherworldly) gələn səs idi.
Bir başqası - Edqar Self Eldarıın taleyini və gözəl sənətini bənzər taleyi yaşamış, "Metropoliten opera"nın aparıcı solistlərindən olmuş məşhur müğənni Cerri Hadlinin aqibəti ilə müqayisə edərək yazır ki, Cerri də 2002-ci ildə Con Harbisonun "Böyük Qətsbi" ("The Great Gatsby") operasında baş rolda çıxış etdikdən sonra hansısa uğursuzluqdan çıxılmaz depressiyaya mübtəla olur, teatrdan gedir, başlayır səfil həyat sürməyə və 2007-ci ildə canını tapşırır.
Madriddən, Romadan, Parisdən, Berlindən, Mexikodan... gələn əks-sədalarda Eldar Əliyevin səsi qulaqlarından getməyən musiqisevərlərin hər dəfə azərbaycanlı olduğunun altını cizdikləri bir nömrəli opera ulduzunun vaxtsız ölümünə səmimi qəlb ağrısı sezilir.
Diqqət edilsin - Eldar Əliyev 15 ildir səhnədə yoxdur, oxumur.
Musiqinin, müğənniliyin, sənətin amansız, etibarsız bir tərəfi də var. Nə qədər göz qabağındasan, adın dillərdədir. Səhnədən, sənətdən aralanınca sürətlə unudulursan, önə yeni gələnlərin adları çıxır.
İndi hesabı özünüz götürün ki, Eldar necə parlaqdan-parlaq iz qoymağı bacarıb ki, adı çəkilincə onun haqqında bu gün də dünyanın dörd bucağındakı sənət xiridarları vəcdə gələrək bəhs edirlər.
Aydın gecələrdə səmada sayrışan saysız-hesabsız ulduzlar var ki, əslində, çoxdan sönüblər. Amma işıqları yüzillərdi gəlir, hələ neçə yüzillər də diri ulduzların nuru kimi bizə doğru gəlməkdə davam edəcək.
Bu elə Eldarın da alın yazısıdır.
Tədricən onun lentlərdə, disklərdə qalan bütün oxuları toplanacaq, o, hələ uzun zaman sevərək dinləniləcək, bütün yaratdıqlarına toplu halında baxanda bəlkə işığını indikindən də qat-qat artıq duyacağıq.
Amma elə indi, isti-isti də dünya Eldar itkisinin necə ağır olduğunu yetərincə hiss edir.
Marinna Vazzananın "Gündəlik Milan" ("IL GIORNO MILANO") qəzetinin 2020-ci il 12 avqust sayında dərc edilmiş "La Skala" səhnəsindən Milandakı Prekotto rayonunda yedəkli maşındakı bədbəxt sonluğa qədərki qəribə yol" sərlövhəli ürəkağrıdan məqaləsi "Bas-profondo Eldar Əliyevlə son vidalaşmamız" ithafı ilə başlanır: "Evsiz-eşiksiz qalanadək o, ən məşhur dünya səhnələrini fəth etmişdi. Əvvəlki həyatında dünyanın ən mötəbər səhnələrində ən məşhur operalarda qəhrəmanlarına öz gözəl bas-profondosu ilə həyat bağışlayan bu insan həyatının son illərindəMilanın Prekotto rayonunun küçələri və parklarına sığınmışdı. Bu rayonda yanaşı yaşadıqlarının heç də hamısı onun əvvəlki şöhrətindən xəbərdar deyildi. Səhnənin bərq vuran bəzəklərindən və məxmər pərdələrindən imtina edərək o, hər kəs üçün görünməz, bilinməz qalmaq istəyirdi. Rayonun sakinləri danışırlar ki, o, son 15 ildə çox ağır, dözülməz şəraitdə yaşayırdı. Ötən həftənin dördüncü günü o, həyatdan öz arzuladığı kimi bir ruh kimi getdi. Prekotto rayonundakıların "Sevimli evsiz"("Un clochard benvoluto") adlandırdığı bu insan heç vaxt heç kimi narahat etmirdi. Ona bir mərhəmətli italyanın bağışladığı kiçik yedəkli maşınında əvvəlcə Via Karnovali, axır vaxtlarsa Via Marianidə yaşayırdı. Həmin rayonun sakinlərindən birinin söyləməsincə isə, daha əvvəllər parkda skamyalarda yatırmış. O, qızıl ürəkli, çox yaxşı insan idi. Nəcib varlıq! ("Era un uomo buono, con un cuore d'oro. Un'anima nobile").Ona yardım etmək istəyənlərdən yalnız pul götürürdü. Kimsə 10 avroluq əsginaz uzadanda "Çox verirsiniz" deyə özünə 2 avro saxlayaraq dərhal 8 avronu qaytarırdı. Bu davranışı şəhər sakinlərində ona münasibətdə həm heyranlıq, həm də hörmət oyadırdı. O, tam tənha idi. Vəfat etdiyini ilkin bilmiş tibb işçiləri əvvəllər ona dəfələrlə müraciət edərək əziyyət çəkdiyi müxtəlif patologiyalardan müalicə etməyə təşəbbüs göstərsələr də, özü buna etiraz etmişdi.
Heç kim bilmir ki, onu səhnədən aralanaraq özünüunuduluşa və belə əzablara məhkum qılmağa nə vadar edib. Dünyaca məşhur "La Skala" teatrının reklam lövhələrində isə onun adı indiyədək qalmaqdadır".
Bu yazıda məni ən çox təsirləndirən həyatının bunca sıxıntılı günlərində belə Eldarın ona İlahidən nəsib olmuş daxili kübarlığını, ləyaqətini, mənəvi zərifliyini qoruyub saxlaya bilməsi ilə bağlı soraqlardır.
Biz demirik bunları. Bir italyan müxbirə şəhərin hər gün Eldarı görən sakinlərinin söylədikləridir bunlar.
Ona "qızıl ürəkli" deyirlər, "yaxşı adam" deyirlər, "nəcib varlıq" deyirlər.
Eldar həyatının elə parçasını yaşayırdı ki, onun kimsəyə yaxşılıq etməyə, nəsə köməklik göstərməyə nə halı, nə imkanı vardı.
Avropanın şəhərlərində, parklarında, küçələrində o qədər yurdsuzlar var ki!
Amma Eldar yalnız səhnələrdən könülləri ram edən füsunkar sənəti ilə deyil, adamlığı ilə də o qədər böyükmüş ki, hətta bu zavallı durumunda da insanlarda özünə rəğbət, sayğı, heyranlıq oyada bilirmiş.
Yadıma Bəxtiyar Vahabzadənin misraları düşür:
Həyat səni güldürəndə gülmüsən,
Hünərin var ağladanda gül görüm.
Ömrün rəvan davam edəndə nəcib görünməyə nə var ki! Suda boğulanda, qəzaya uğrayanda, həyatın tükdən asılı olanda gəl görüm nə qədər nəcibsən!
Avropanın ən nüfuzlu maestroları Eldar Əliyevə "dahi müğənni" deyib.
Skamyalarda uyuyan bu nimdaş geyimli adamın vaxtilə böyük müğənni olmasından xəbərsiz sadə italyanlar isə onu "qızıl ürəkli" adlandırıb.
Sənətinin qiyməti elə, insanlığının qiyməti bu sayaq!
Biz belə bir Eldarı itirmişik!..
Eldarla birgə işləmişləri də tapacağıq, dindirəcəyik, güman ki, onun tənhalığa qapılmasının gerçək səbəblərini də bütün ayrıntıları ilə əvvəl-axır öyrənəcəyik. Gün gələcək, opera tarixinin (yenə dəqiqləşdirirəm: tək bizim yox, dünya operası tarixinin) ən nadir simalarından olan Eldar Əliyevin macəralı həyatı, nahamvar yolu haqqında, zəfəri və süqutu barədə kitablar da yazılacaq, filmlər də çəkiləcək. Görürəm ki, indi bəziləri Eldarı "Azərbaycan Şalyapini" adlandırırlar. Söz yox, Fyodor Şalyapin (1878-1938) qüdrətli sənətkar olub, dünyaoperası tarixində də silinməz izi var. Lakin müqayisə edin: tərəzinin bir gözündə Şalyapinin vallarda qalan oxuları, digər gözündə Eldarın ifaları.
Eldarın səsindəki məlahət, tembrindəki cazibədarlıq, oxu anında qeybdən gəlirmiş kimi ifasını süsləyən bir-birindən bənzərsiz melizmlər elə zənginlik yaradır ki, bunları Şalyapin eşitmiş olsaydı, o da şlyapasını çıxarardı.
Eləcə də ölməz opera dürləri doğurmuş əbədiyaşar bəstəkarlar!
Kimin bu müşahidəmə şəkki var, Eldarı dönə-dönə dinləsin və oxularını başqa məşhurlarla tutuşdursun!
Eldar böyük sənətə, dünya operasına bir meh kimi yox, qasırğa kimi gəldi.
Gəldi və keçdi!
Dilimizdə "keçmək" yalnız ötüb-getmək anlamında deyil, sönmək mənasında da işlənir.
Eldarın işığı da gözqamaşdırıcı parlaqlığı ilə 10 il boyunca Avropa səhnələrini nurlandırdı, silkələdi və keçdi - söndü.
Eldar hələ 2000-ci ildə Azərbaycanda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Leyla Məmmədova-Fərəcovaya yorğun bir etirafını edibmiş. Söyləyibmiş ki, "La Skala"da oxumaq, publikanın sevimlisi olmaq, repertuarda fəal yeri olmaq, bolluca qastrollar nə qədər xoşdursa da, bunun pis tərəfi də var ki, ixtiyarım öz əlimdə deyil. Nə xəstələnə bilərəm, nə şəxsi işlərimə vaxt ayırmağa fürsətim var. Mən maşın kimiyəm. Həm də bu maşın daim işlək vəziyyətdə, formada olmalıdır. Əks təqdirdə dərhal mənə əvəz tapacaqlar. Mənsə özümü səhnəsiz təsəvvür edə bilmirəm. Səhnəsiz mən heç kəsəm, heç nəyəm! Amma indi mən maşınam, fasiləsiz çapan at kimiyəm...
Şübhələnirəm, ehtimal edirəm ki, 2004-2005-ci illərdə bir ara səhhətində yaranan əngəllər bais olub ki, hansı məqamdasa Eldar onu daxilən daim səksəkədə saxlayan maşın olmaq vəzifəsini lazımi səviyyədə yerinə yetirə bilməyib, haradasa büdrəyib və o anlarında qolundan yapışanı olmayıb, söykənəcəyi kürək tapılmayıb.
Və o, asta-asta kökdən düşüb. Nəticədə də qorxduğu "heç kimə çevrilmək" qəzası başına gəlib.
Yenə Müslüm canlanır xəyalımda.
Onun da o qədər paxılları, maneolanları, ən ali kürsülərdə əyləşən əleyhdarları vardı ki!.. Elə bircə onu gözümçıxdıya salan SSRİ Mədəniyyət naziri Yekaterina Furtseva (1910-1974) bəs idi ki, kitabı həmişəlik bağlansın.
Ancaq Müslüm Maqomayevin və musiqinin üzünə iqbalın gülümsəməsidir ki, bu əvəzsiz müğənninin Heydər Əliyev kimi arxası, dayağı, söykənə biləcəyi kürək oldu.
Heydər Əliyev onu daim qorudu. Yalnız kənar bəd qüvvələrdən deyil, Müslümün özünü özündən də, dürlü ipə-sapa yatmazlıqlarından daqorudu.
Və nəticədə Müslüm yıxılmadı, küncə qısıldıla bilmədi, məğlubedilməzləşdi, yüksəldikcə yüksəldi.
Tale belə bir xeyirxah və güclü himayədarı, belə bir canıyanan yönəldicini, belə bir qədirbilən qoruyucunu Eldardan əsirgədi...
... Eldar artıq yoxdur. Onun sərgüzəşti dərs almaq, ibrət götürməkçün daha bir göynəkli örnəkdir.
Heyhat, dərs almaqda, ibrət götürməkdə həmişə ləngik.
Kimisə son mənzilə yola salırıq. Qəbiristanlıq yolunda, məzar həndəvərində sanki içərimizdə nəsə durulur, həyatın keçəriliyi, dünyanın vəfasızlığı haqqında düşünürük, daxilən tövbə eləməyə, dəyişməyə hazırlaşan kimi oluruq. O məkandan ayrılınca dönüb oluruq əvvəlki adam, bayaqkı saf düşüncələr də uçub buxarlanıb gedir, yenə bu təhər fikirləşməyimiz qalır növbəti mərhumu yola salmağımıza.
Lazımi səviyyədə qiymətini vermədiyimiz, qədrini bilmədiyimiz, laqeydlik göstərdiyimiz Eldarlar məgər yalnız dünənlərdədir?
Elə biri Eldarın İtaliyaya göndərilməsinin səbəbkarı olmuş bəstəkar və müğənni Rizvan Sədirxanov.
Rizvan Azərbaycan ziyalılığı və Azərbaycan musiqi mədəniyyətinin ən qiymətli simalarından biridir.
1992-ci ildə İtaliyada, Ozimo Musiqi Akademiyasında təhsil alıb Bakıya qayıdandan sonra Operamızda işə girmək istədi.
Solist qəbul etmədilər ki, yaşın çoxdur, təcrübəçi də götürə bilmərik, ayıbdır, siz yetkin sənətkarsınız.
Orada, İtaliyada bir neçə çox ciddi beynəlxalq müsabiqədə qalib olmuşdu, bu gün bəstələdiyi mahnı və romansların miqdarı 1000-i çoxdan aşıb, İosif Kobzon ona mahnılar sifariş edirdi, özünü də ayrı-ayrı konsertlərinə yalnız bir bəstəkar deyil, müğənni kimi də oxumağa dəvət edirdi.
Bir dəfə afişanı hazırlayanda orada Rizvandan soruşmuşdular ki, sizin titulları göstərəndə Xalq artisti olmağınızdan başqa nələri yazaq?
Rizvan utana-utana dillənir: "Elə adımı-soyadımı qeyd etsəniz kifayətdir. Heç bir fəxri adım yoxdur".
2019-cu ildə Rizvanın üzərində 40 il işlədiyi və Azərbaycanın ilk rok-operası olan "Səyyah Sindbad", nəhayət ki, Heydər Əliyev Sarayında ilk dəfə nümayiş etdirildi və premyera çox uğurla keçdi, ölkəmizdə və xaricdə əhəmiyyətli əks-səda oyatdı.
Amma Mədəniyyət Nazirliyinin rəhbərliyindən bircə nəfər belə tarixi hadisə sayılası o tamaşaya gəlmədi, ikinci və sonrakı nümayişlərinə də şərait yaradılmadı. Bəstəkarın özünə isə bilirsinizmi nə qədər müəllif haqqı yazıldı?! - 126 manat!
Nə rejissora, nə rəqslərin quruluşçusuna, nə də ifaçılara pul yazmışdılar. Gətirdikləri səbəb bu idi ki, onlar öz işçilərimizdir, onsuz da bizdən maaş alırlar.
Yalnız rok-operada şeirləri yer alanların hər birinə 15 manat neçə qəpiksə ödəməyi qət ediblərmiş.
Rizvan "Səyyah Sindbad"a bir sıra xalqların təmsilçilərinin surətlərini də daxil etmişdi və kolorit naminə qədim Çin poeziyasından tutmuş rus və Azərbaycan klassiklərinə qədər xeyli şairin əsərlərindən istifadə edilmişdi, bir neçə parçanı da mən yazmışdım. Mühasibatda alacağı müəllif haqqı ilə bağlı sənədi imzalayanda Rizvan masanın üstündə şairlərə aid həmin siyahını görür və birinci də Konfutsinin adı. Özünəxas mədəni mülayimliklə qayıdır ki, heç olmazsa Konfutsiyə aid olan məbləği ifaçılardan birinə verin. Mühasibat işçisinin sifəti ciddiləşir: "Siz nə danışırsınız! Bunlar hamısı yazandır, birdən götürüb şikayət elədi? Yox, bizdə elə şeylər olmur. Hər kəs qonorarını özü almalıdır!"
Bu da belə!..
Rizvanı Azərbaycan musiqisinin üst qatında olanların hamısı tanıyır və yaxşı tanıyır. Haçansa maraqlanıblarmı ki, illərdir bu adam haradasa işləyirmi, haradansa məvacib alırmı, ailəsini nəylə dolandırır?
Yaxşı ki, Rizvan içərisindən güc almağı bacaran, baş verənlərə fəlsəfi yanaşan, ruhdan düşməyən, təskinliyi doğurduqlarında tapan məsum bir yaradıcıdır.
Bəs daha neçə Rizvanımız var - musiqidə, elmdə, ən fərqli sahələrdə?
Burada - ölkəmizdə və sərhədlərimizdən kənarlarda?
Axı bu insanlar Pərvərdigarın bizə səxavətlə əta etdiyi sərvətdir.
Bütün yeraltı və yerüstü sərvətlərimizdən dəfələrlə dəyərli olan sərvət, yurdumuzu və millətimizi ucalardan-uca göstərməyə qadir sərvət!
Elə edək ki, burada Azərbaycandakı Eldarların da, Vətəndən uzaqlardakı Eldarların da nəfəsini həmişə duyaq, bir əlimiz həmişə onların nəbzində olsun ki, itirə-itirə getməyək!..
...Böyük müğənni Eldar Əliyevin həyatı qürbətdə sona çatdı. O, Vətəndən uzaqlarda canını tapşıran ilk sənətkarımız deyil. Hələ XX yüzilin başlanğıcında ən üstün xanəndələrdən sayılmış, Seyid Şuşinskiyə bərabər tutularaq fəxrlə "bakılı Seyid" adlandırılmış Mirtağı Mirbabayev də, ötən yüzildə ləhni məclislər bəzəmiş, avazı hopmuş vallar əl-əl gəzmiş Məşədi Məmməd Fərzəliyev də Azərbaycandan kənarda yaşamağa məcbur oldular, sonacan da yurd həsrəti içərilərində çırpındı, məzarları da xaricdə qaldı.
Onlardan sonra da neçələrinin qədəri belə nisgilli oldu.
Mahir pianoçumuz, sənəti musiqimizdə bir mərhələ olan Çingiz Sadıqov həyatla,ömrünün axır illərini yaşadığı, Amerika Birləşmiş Ştatlarında vidalaşdı. Azərbaycan dövlətinin qayğısıyla Vətənə gətirildi, burada torpağa verildi.
Müslüm Maqomayev də Moskvada yaşayırdı, elə ürəyi də orada dayandı. Rusiya Müslümü elə bizim qədər sevir, özününkü sayır və onu elə orada da ən təntənəli şəkildə dəfn etmək istəyərdilər. Ancaq Azərbaycan dövləti qəti iradəsini ortaya qoydu və Müslüm doğma Bakısına qayıtdı, son ucda Vətəninə qovuşdu.
İndi Eldar da həsrətlərdən sonra Vətəninə qayıdır.
Eldar Əliyevləbu ilk ayrılıq günlərində onu dünyada məşhur olan bas, görkəmli opera müğənnisi kimi təqdim edən Almaniyanın SWR (Südwestrundfunk) İctimai Teleradio Şirkəti "Əsrarlı karyera" adlı məqaləsində sənətkarın bir neçə qitənin şöhrətli teatrlarında çıxışlarını, məhzun sonluğunu xatırladaraq müğənninin "obiri həyatında "La Skala"da oxuduğunu" vurğulayır.
"Obiri həyat". Bu deyiliş nə qədər qüssəli və həm də, təəssüf ki, sərt həqiqəti ifadə etdiyindən necə də ürəkdağlayandır!
Lakin gerçəkdə Eldarın ömrünün son 15 illik parçasından əvvəldə yalnız bir deyil, iki "obiri" həyatı olmuşdu.
Bakıda yaşadığı illər, uşaqlığı, yeniyetməliyi, gəncliyi, Konservatoriyada tələbəlik dövrü. Sarsıntıları, üzüntüləri olsa da, hər halda sabaha ümidlərin, hər şeyin yaxşı olacağına inamın ürəyində aşıb-daşdığı çağlar.
Bu, bir həyat idi. Ardınca ikinci həyat gəldi.
Eldarıntərcümeyi-halında 1992-ci ildən başlanan dövr, İtaliyaya, Ozimo Musiqi Akademiyasına təhsil almağa getdiyi zamandan sonrakı ömür parçası sadəcə əvvəlki həyatının davamı deyil. Bu, büsbütün başqa bir həyat idi.
1992-ci ildən 2005-ci ilədək Eldarın yaşadığı ömür bir nağıl idi, şirindən-şirin, yuxu sayılacaq qədər məsud bir film idi.
Nə özünün, nə başqalarının xəyala belə gətirə bilməyəcəyi, indiyədək heç bir soydaşının yüksəlmədiyi ən uca zirvələrə sanki sehrli çubuğun hökmü ilə ildırım sürəti ilə ucalışlar. Başgicəlləndirici şöhrət, sel kimi alqışlar, qaynar sevgilər, dünyaya gələn övladları, xoşbəxtliyin piki.
Və üçüncü həyat. Haqqında danışmağa dil dönməyən, bütün işıqların söndüyü, guya ən sonda ölməli olan ümidlərin də öldüyü, kimsəsizlik, tənhalıq, boşluqzolağı.
Amma Allah insaflı Allahdır və Eldarın qismətinə 3 "obiri" həyatından sonra yaşayacağı dördüncü həyatı da yazıbmış.
Gələcəyə ümidlərsiz, boşalmış, solmuş, erkən qocalmış ürəyində - o həssas, o qızıl kimi, o nəcib qəlbində yalın səhradakı təkcə fidan kimi bircə arzusu qalıbmış - Azərbaycana qayıtmaq, uşaqlığının, gəncliyinin şəhərinə son dəfə dönmək, doğma torpaqda əbədi rahatlığını tapmaq.
Eldar hər halda xoşbəxtdir ki, həyatının bu son və yeganə arzusuna çatır.
O hələ bu fani dünyanın üstündə, bu torpağın üzərindədir. Vətəninə gəlir. Qayıdır ki, daha heç vaxt bitməyəcək dördüncü həyatını başlasın!..
Axı bu gəlişin baş tutmaması hürküsü də vardı!
Bir Allaha bəllidir ki, bu arzunun gerçəkləşməsi üçün çalışan bizlər -Bakıda Rizvan Sədirxanovla mən, İtaliyada, Milanda gənc, istedadlı opera müğənnimiz, Ozimo və "La Skala" akademiyalarının məzunu Məhərrəm Hüseynov, Moskvada jurnalist, ictimai fəal dostumuz Azər Cahangirov nə qədər nigaranlıq keçirdik, ruhi gərginlik və həyəcan yaşadıq.
Bütün səylərimizə rəğmən, bu istək gerçəkləşməyə də bilərdi.
Son anda uzanan xeyirxah əl kömək oldu ki, arzumuz gözümüzdə qalmasın və Eldar son istəyinə çatsın.
Belə nəcibliklər heç vaxt unudulmaz!
Kədərli və zəfərli ömründə doyunca ana nəvazişi görməmiş Eldar Əliyev ana torpağın qucağında həyatının son 15 ilindəki ən rahat yuxusuna dalmaq üçün Vətənə qayıdır.
Azərbaycan xanəndəlik sənətinin zirvələrindən olan Ələsgər Abdullayev məzara endiriləndə ustadlar ustadı Cabbar Qaryağdı oğlu kövrələrək demişdi ki, biz bu gün Şəkili Ələsgəri torpağa basdırmırıq, bu gün biz daha heç vaxt heç kimin onun kimi məharətlə oxuya bilməyəcəyi "Rahab"ı dəfn edirik.
Eldar Əliyev Azərbaycan musiqi dühasının doğurduğu bir inci idi.
O, dünya operasının səhifələrinə elə bir möhtəşəm imza atıb ki, həmin xətt həm Eldarın özünün, həm millətimizin istedadının nişanəsi kimi gələcək boyunca hər zaman görünəcək.
Eldarla da yol bitməyəcək. Yeni büllur kimi saf səslərimiz də doğulacaq, işığı dünyaya yayılan təzə ulduzlarımız da yetişəcək, Eldarın ifa etdiyi rolların da, əfsunlayıcı səsi ilə can verdiyi ariyaların da başqa yaxşı ifaçıları mütləq olacaq.
Amma çox, lap çox, həddən ziyadə çox arzulayıram ki, Eldarı Vətən torpağına tapşıracağımız gündə, onun haqqında ən hərarətli sözləri dilə gətirəcəyimiz saatda yalnız bu parlaq övladımızı deyil, istedadlarımıza, dəyərlilərimizə, əvəzsizlərimizə, geniş üfüqlərə uçmaqçün qanadı olanlara qarşı içərimizdəki həsədi, biganəliyi, təkəbbürü, hikkəni, soyuqluğu da biryolluq dəfn edək.
Böyük millət olmağın, yaxşı millət olmağın, sağlam, güclü millət olmağın ən vacib yollarından biri elə bu təmizlənmədən keçir...
17 avqust, 2020