Sözlər də diri varlıqlardır. Onların da rəngi, dadı, ətri, mülayimi, sərti, nəfəsi təngiyəni, əsəbisi, sakiti var.
Adicə bir söz o qədər güc daşıyır ki, yeri düşəndə insanın ovqatını anlar içində dəyişə, sevinəni pərişan, qəmlini şad edə bilir, sözün hökmüylə insana elə qüvvət də gəlir ki, selləri ram etməyə, dağı aşmağa qadir olur.
Onillər idi bu millətin "Qələbə" sözünə, "Zəfər" kəlməsinə çox, lap çox ehtiyacı vardı.
"Fəth etdik", "Düşməni əzdik", "Torpağımızı azad etdik" sözlərinin insana verdiyi təpərin, inamın, cəsarətin həsrətini çəkə-çəkə bir nəsil böyüdü, daha yaşlı nəsilsə qocaldı, bir çoxları ürəyi nisgilli, həsrətlə həyatdan getdi.
Sadəcə kağız üzərində yazılan, sadəcə dilə gətirilən, fikirdən, ürəkdən keçən quruca söz kimi deyil, "Qələbə"nin, "Zəfər"in, "Fəth"in döyüş meydanlarından sıyrılaraq Azərbaycan insanının könlündə fırtınalar oyatması nə xoşbəxt duyğudur!
Bu duyğu olmasa, insan kökdən düşmüş tar kimi olar, soluxmuş gülə bənzəyər, qurumuş çaya oxşayar.
İndi bu millət yatağına sığmayan nəhr kimi daşır, hər yurddaşın daxilində bir Vətən qeyrəti vulkanı püskürməyə hazırdır.
Bu millət bir neçə ongünün ərzində bunca bütövləşibsə, bunca mütəşəkkilləşibsə, çox səbəblərin sırasında ən əvvəldə dayananlardan birincisi məhz o sehrli sözlərin gerçəyinin hər Vətən övladının ürəyində pöhrə verməsi, hər kəsin varlığına "Biz güclüyük!", "Biz qadirik!" qətiyyətinin hakim kəsilməsidir.
Prezident İlham Əliyev bu günlər boyu hər dəfə millətinə müraciət edəndə, hər dəfə dünyaya üz tutaraq cəsarətlə həqiqətimizi bəyan edəndə, hər dəfə sarsılmaz bir qətiyyətlə "qələbə qazandıq" söyləyəndə, "azad etdik" sorağını çatdıranda, yeni zəfərlərin ümidini verəndə millətini içəridən böyüdür, bu xalqın sabahlar boyu qat-qat əzmlə daha yüksək zirvələrə doğru can atmasına möhkəm özül yaradır.
Millət iftixar edir ki, yenilməz, mərd öndəri var, millət qürur duyur ki, onu zəfərə qovuşduran sərkərdəsi var.
Bunlar bir xalqı millətə çevirən, uca edən təməl kərpicləridir.
Tarixin bunca keşməkeşli, örtülü burulğanlarla daşan qəliz bir dönəmində millətinə etdiyi həmin yaxşılığa görə, xalqı təzədən dirçəltdiyi üçün Azərbaycan insanı vaxt gedişiylə, bu xidmətin misilsizliyi, müstəsnalığı daha çox anlanıldıqca, Prezident İlham Əliyevə daha çox da minnətdar olacaq.
XX yüzilin başlanğıcında Azərbaycana istiqlal bağışlamış, millətə müstəqil dövlətə sahib olmağın məsudluğunu qismət etmiş qurucu babalar öz ali xidmətlərinin yetərincə sadə, fəqət son dərəcə dəqiq qiymətini də nəsihətli bir dərs kimi bizə yadigar qoydular.
Sovet lideri İosif Stalin Məhəmməd Əmin Rəsulzadədən kinayə ilə "Bu ilyarımlıq hakimiyyətiniz dövründə xalqa nə verə bildiniz?" soruşanda o, daxili məmnunluq və qətiyyətlə zərbülməsəl siqlətli cavabı dilə gətirmişdi: "Çox şey verə bilmədik. Amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da olsa milli istiqlalı dadızdırdıq. Yüz illik əsarət dərsi ilə iki illik hakimiyyət qovğası bizi özümüzə tanıtdı".
Prezident İlham Əliyev çəkisi, mənası etibarilə eyni şərəfli vəzifəni yerinə yetirdi.
Bu millətə "qələbə" sözünün şirinliyini dadızdırdı, başa saldı ki, bizim qarşımızda ən aşılmaz dağlar düzülsə də, onları fəth etməyə qadirik, anlatdı ki, bizim damarlarımızda 30 illik əsarət, işğal zillətini bir ay içərisindəki zəfər yürüşləri ilə sındıracaq qüdrət QANı axmaqdadır və bir daha millətin böyüklüyünü özünə tanıtdı!
Amma bu yol son dərəcə çətin, sıldırımlı bir yol idi və Azərbaycana rəhbərlik etdiyi 17 ilin hər günündə Prezident İlham Əliyev həmin müqəddəs məqsədinə doğru irəliləyib, bu amalına yetişmək üçün addım-addım iş görüb, tədbirlər töküb.
Bu zəfərli günlərə gəlib çatmaqçün güclü ordu yaratmaq, qabil əsgər yetişdirmək, ən müasir silahlara yiyələnmək, bunları edə bilməkçünsə iqtisadi cəhətdən güclənmək, dünyadakı nüfuzu durmadan artırmaq, haqq işimizin hüquqi bünövrəsini ardıcıllıqla yaradıb möhkəmləndirmək gərək idi.
Lakin hətta bütün bunların hamısı olsa idi belə, onların umulan bəhrəni verə bilməsinə qarşı duracaq aşılması mümkünsüz kimi görünən maneəni adlamaq lazım idi.
Prezident İlham Əliyevin ən böyük QƏLƏBƏsi qarşımızda Çin deyil, cin səddi kimi 27 il dikələn həmin müdhiş barını, həmin ÜÇQAT zirehli siyasət barikadasını yarmasıdır!
İllər boyu Azərbaycan insanı, yalnız qaçqınımız-köçkünümüz yox, böyüklü-kiçikli hamımız, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının - ATƏT-in Qarabağ düyününü çözmək, Ermənistan-Azərbaycan münaqişəsinin həll etmək məqsədilə yaradılmış Minsk qrupuna bir ümid yeri kimi baxmışıq.
Əvvəlcə Minsk Konfransı adı ilə 1992-ci ildə yaradılsa da, 1994-cü ildə həmsədrlik institutu təsis edildi, bu quruma münaqişənin həlli yolunda çalışmaqçün xüsusi mandat verildi və 1997-ci ilin lap başlanğıcından - yanvarın 1-dən həmsədrlik 3 böyük dövlətin əlində cəmləşdi.
Və əslində bunca mötəbər, zahirən hər çətin beynəlxalq məsələni həll etməyə qadir təsiri bağışlayan ABŞ, Rusiya, Fransa üçlüyünün tezliklə qanayan yaraya əncam qılacağına xalqın da, dövlətin də ümidləri böyük idi.
Başladılar gəlməyə-getməyə, müzakirələr aparmağa, tərəfləri görüşdürməyə, sənədlər hazırlamağa.
Hər təzə görüşə təzə ümidlərlə baxdıq və illər bir-birini əvəz edib onillərə çevrildi. İş o yerə çatdı ki, bunca mühüm səlahiyyətlər verilmiş, bunca böyük dövlətləri təmsil edən həmin quruma bəslənən ümidlər tədricən söndü və ona bir məsxərə ünvanı kimi baxılmağa başlandı.
Di gəl, məsxərə yeri deyildi, bu gedişat asta-asta bir tragikomediyaya döndü. ATƏT-in Minsk qrupunun komediyalılığı onda idi və ondadır ki, bu təsisat həmsədrlərin bitməz və nəticəsiz turist səfərləri qurumu kimi bədnam şöhrət qazandı, tragediyası isə onda idi və ondadır ki, həmsədr nəhənglərin özlərinin məsələyə əncam çəkməmələri cəhənnəm, bütün prosesi iflic vəziyyətinə salıb yerində saymaq oyunu halına gətirdilər.
Nə sülh, nə müharibə, hər şey donub qalmış, havadan asılı vəziyyətdə. Rəsmi beynəlxalq sənədlərdə ərazilər Azərbaycanın, amma reallıqda Ermənistanın nəzarətində. Məqsəd nə idi? - Onilləri elə bu minvalla yola vermək, insanları bu gerçəkliyə alışdırmaq, haçansa zamanı yetəndə də Azərbaycanı mövcud vəziyyətlə barışmağa sövq etmək.
Böyük alman mütəfəkkiri İohann Volfqanq Getenin yaxşı və pis münsifliyin mahiyyətini dəqiq müəyyən edən müdrik fikri var. Söyləyib ki, cəza verməyi bacarmayan hakim əvvəl-axır cinayətkarın şərikinə çevrilir.
Kainatın sonsuzluğunda bapbalaca olan bu dünyanın içərisində ən böyüklərdən, ən güclülərdən, ən sözükeçərlərdən olan 3 dövlət 30 ilə çatan bir müddətdə onlara rəsmi münsiflik ixtiyarı verildiyi halda etməli olduqlarını qanun çərçivəsində etmirlərsə, bir ölkəni o biri ölkənin işğalına alışdıraraq nəhayətdə "qismət"lə barışmağa yönəldirlərsə, göz qarşısında olan cinayəti sanki sonsuza qədər uzatmağı qəsd edirlərsə, onlar elə həmin məkrin ortağına çevrilmirlərmi?
Xatırlayıram,1993-cü ilin 28 iyulunu. Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri yenicə seçilmişdi və o zamanAvropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Minsk Konfransının sədri olan Mario Rafaelli ilə görüşü olmalı idi. İndiki Milli Məclis binasına Heydər Əliyevin tapşırığı ilə çoxlu jurnalist dəvət edilmişdi. Qonaq görüşə gecikirdi. Həm də bu gecikmə dəqiqələr yox, saatlar çəkdi. Axşam saatları idi, jurnalistlər hamısı yorulmuşdu və rəsmi qonağın belə yubanmağı hər kəsdə narazılıq yaratmış, Mario Rafaelliyə kəskin suallar verməyə kökləmişdi. Bu ovqatı, təbii ki, tükü tükdən seçən Heydər Əliyev də hiss etmişdi və nəhayət ki, gəlib çıxan qonağı yarızarafat-yarıciddi xeyli divara sıxışdırdı. Mətbuat nümayəndələri də həmin ritmi dərhal tutub sərt suallar yağdırdılar. Ancaq diplomat yayğın cavablarla sivişib bu sualların altından birtəhər çıxdı və o görüşdən yaranan ağır təəssürat son dərəcə narahat məsələyə qeyri-ciddi münasibətin varlığı idi.
Sonra illərcə "Amerikanın səsi" radiosunun müxbiri kimi Prezidentin bu qəbil bütün görüşlərini izlədiyimdən unudulmaz Heydər Əliyevin Minsk qrupunun həmsədrləri ilə çox sərt danışıqlarının, ən tikanlı tənqidlərinin şahidi olmuşam, ondan sonra da eyni tərzdə Prezident İlham Əliyevin.
Zaman keçdi, çox şeylər dəyişdi, amma başlanğıcdakı süst yanaşma üslubu dəyişmədi ki, dəyişmədi. Bir mürgüdöymə Minsk qrupunun həmsədrlik institutuna həmişə xas oldu.
3 onilliyə sığışan müddətdə ATƏT-in Minsk qrupu bizə ümidlərimizi azacıq da olsa doğuracaq heç bir töhfə vermədi. Ermənilərəsə hər halda məhz bu süründürməçiliyin faydasını əməlli-başlı hiss etdirdi. Həm də bütün başqa üstünlüklərdən savayı, həmsədrlər Ermənistana perspektiv üçün üstüörtülü bu ümidi də vermiş oldular ki, uzana-uzana, donmuş qala-qala, sükunətdə ola-ola bu münaqişə mahiyyətcə sizin, yəni ermənilərin xeyrinə həll olunur.
Və görünür ki, məhz Minsk qrupunun həmsədrləri sarıdan arxayın olduqlarından getdikcə onların ayaqları daha da möhkəm yer aldı, sözün birbaşa mənasında, azğınlaşdılar, harınladılar.
Bilavasitə müşahidəmdən belə qənaətə gəlirəm ki, 2013-cü ildən sonra həmsədrlər institutunun onların nəfinə olmayacaq hər hansı qəti addım atacağına ermənilərdə əminlik yarandı.
Haradan yarandı, niyə və necə yarandı sualına hələ ki yalnız hadisələr zəncirini izləyərək, erməniliyin dayaqlarını göz önünə gətirərək məntiqlə düşünən hər kəsin ağlına gələ biləcək ehtimallarla şərti cavab vermək olar, lakin günü çatacaq çox mübhəmlər aydına çıxacaq, üzə duran, ifşa edən şahidlər də tapılacaq.
2013-cü ili isə ona görə ayrıca qeyd edirəm ki, yeni əsr başlanandan, Avropa Şurasına üzvlüyümüzün əvvəllərindən etibarən Parlament Assambleyasında Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ məsələsi ilə əlaqədar mütəmadi sənədlər hazırlayır, çıxışlar edir, qətnamələr qəbul etdirirdik. Avropa Şurası Parlament Assambleyası (AŞPA) qarşısında Azərbaycan və Ermənistanın həqiqi üzvlüyə qəbul edilərkən əsas öhdəliklərindən biri də elə bu məsələnin diplomatik vasitələrlə həlli problemi idi, 2005-ci ilin yanvarında Assambleyada Ermənistanı işğalçı kimi ittiham edən mühüm bir qətnamənin qəbuluna da nail olmuşduq. Yəni bu nüfuzlu təşkilat Ermənistana təsir göstərmək, sanksiyalar tətbiq etmək hüququ və imkanları olduğundan bizimçün çox əhəmiyyətli idi. Lakin məhz 2013-cü ildən etibarən Ermənistan nümayəndələri hər dəfə israr etdilər və Avropa Şurası Nazirlər Komitəsinə yönələn yazılı və şifahi suallarımıza verilən cavablarda da vurğulanmağa başladı ki, bu problemlə ATƏT-in Minsk qrupu məşğul olmalıdır və olur, onların bununla bağlı xüsusi mandatı var. Beləliklə, faktiki olaraq gerçəklikdə heç bir irəliləyiş əlaməti daşıyan fəaliyyəti olmayan ATƏT-in Minsk qrupu ilə pərdələnərək Avropa Şurasının da təsirgöstərmə imkanları məhdudlaşdırıldı.
Çox çək-çevir etmədən də yaranan ilk güman bu idi ki, Ermənistanın ATƏT sarıdan beli bağlıdır, o səmtdən özlərinə hər hansı narahatlıq gözləmirlər.
2020-ci ilin savaş gedən sentyabr-oktyabr günlərinin Azərbaycanın xeyrinə işləyən vacib bir cəhəti də ondan ibarət oldu ki, dünya mətbuatının diqqəti bölgəyə yönəldi və xoşbəxtliyimizdən bu dövrdə sözümüzü ən yüksək səviyyədə deyə, dünyanı həqiqətlərimizə inandıra, düşmənin əsl simasını və saxtakarlığını ifşa edə, ATƏT-in Minsk qrupu həmsədrlik institutunun iç üzünü silsilə müsahibələrində bitdə-bitdə aça bilən İlham Əliyev kimi yalnız güclü, mətin, iradəli dövlət başçımız deyil, həm də onun şəxsində bunca misilsiz diplomatik qüdrəti, natiqlik istedadı, incə polemika məharəti ilə verdiyi müsahibələrin hamısında hər dəfə yeni təsirli qələbə qazanan parlaq Mərkəz Hücumçumuz oldu.
Kadr arxasında, həmsədr ölkələrin - ABŞ, Fransa, Rusiyanın rəhbərliyi ilə birbaşa təmasları və müzakirələrində qaldırdığı suallar öz yerində, amma bütün dünyaya açıq olan reytinqli telekanalların, informasiya agentliklərinin vasitəsilə ötkəmliklə, qətiyyətlə, nizamlı ardıcıllıqla, heç nəyi ört-basdır etmədən söylədikləri yetərincə gərgin olan vəziyyəti xeyrimizə kökündən dəyişdi.
Rusiyanın "İnterfax" agentliyinə müsahibəsində Prezident İlham Əliyev o günə qədər bir neçə dəfə ATƏT-in Minsk qrupuna verdiyi sırf mənfi xasiyyətnaməni yenidən ifadə edirdi, ilk növbədə bunları həmsədr ölkənin auditoriyasına, həm də bütün dünyaya ötürürdü: "Minsk qrupu özünü doğrultmadı. Özü də əgər Minsk qrupunun həmsədrləri hansısa başqa ölkələr olsaydı, bunu hələ onunla izah etmək olardı ki, o ölkələrin dünyada kifayət qədər təsir qüvvəsi yoxdur, hətta BMT Təhlükəsizlik Şurasının onların özlərinin qəbul etdikləri qətnamələrini reallaşdırmaq üçün kifayət qədər nüfuzu yoxdur. Lakin Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə dövləti olduğu halda onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması, əlbəttə, çoxlu suallar doğurur".
Oxşar haqlı və əsaslı ittihamı Prezident İlham Əliyev elə həmin ərəfədə kameralar qarşısında digər həmsədr ölkələrin - ABŞ-ın da, Fransanın da jurnalist təmsilçilərinə eyni çılpaqlıq və sərtliklə söyləmişdi, ən əvvəl həmsədr olduğu üçün bitərəf mövqe tutmalı Fransa dövlət başçısının aşkarca erməniçi mövqeyində dayanmasını, münsiflikdən vəkilliyə keçməsini, Azərbaycana yolverilməz təzyiq təşəbbüslərini ən cod ifadələrlə qınamış, saxta ittihamlara qarşı danılması çətin olan ittihamlar irəli sürmüşdü.
Hərçənd məşhur Taleyran "Diplomata dil düşündüklərini ifadə etməkçün deyil, fikrindəkiləri gizlətməkdən ötrü verilib" söyləyib, ancaq anı gələndə susmamaq, cürət taparaq gerçəkləri hamınınkılaşdırmaq, həm də bunu ağılla, səriştə ilə edə bilmək səninlə döş-döşə gələn çox qüvvələri yerində oturda, özünü yığışdırmağa vadar edə bilir.
Məhz belə bir qədər riskli, amma dəqiq hesablanmış gedişləri ilə Prezident İlham Əliyev namümkünü mümkünə çevirə, yolunun üstündəki xeyli bədheybət barıları kənarlaşdıra bildi.
Aydın məsələdir ki, lap əvvəldən Azərbaycan tək Ermənistanla yox, dünya erməniliyi və onlara havadar qüvvələrlə qarşı-qarşıya idi.
Ermənistanda 2 milyona yaxın əhali vardı. Son dövrlərdə baş götürüb bu səfalət məskənindən çıxıb gedənlərin, ölkədə get-gedə dərinləşən böhranlardan canını qurtaranların üstünə indiki müharibədəki ölənləri də artırsaq, həmin miqdar bir qədər də azaldı. Sətəlcəmli təfəkkürlə dövləti batinindən dağıdaraq yaxın zamanda tam çöküş və iflasa gətirib çıxarmasalar, Ermənistan bir müstəqil, ya müstəqiləbənzər ölkə kimi qalmaqda davam etsə, indiki davada cavan nəsil arasındakı iri sayda itkiləri nəzərə almaqla gələcəkdə onlarda əhali lap tükənəcək.
Amma "bəh-bəh"lə çox illər öncə sülh yaratmaq kimi nəcib niyyətlə təsis edilmiş ATƏT-in Minsk qrupunun 3 həmsədr ölkəsində ermənilərin sayı Ermənistandakından iki dəfə çoxdur. Rusiyada 2 milyon, Amerikada milyon yarım, Fransada yarım milyon. Doğrudur, bu rəqəmlər o nəhəng ölkələrin ümumi əhali sayı içərisində cüzi göstəricidir, bəs nəyə görə onlar belə qızğın erməni təəssübkeşi olublar?
Təbii, erməni lobbisinin uzun əllərinin girə bildiyi nöqtələr ziyadədir və ona görə də hər künc-bucaqda erməniyə qahmardurma mütləq şəkildə var.
Ancaq bu üçlükdəkilə elə dünya gücləridir ki, iradə göstərsələr, onlara nə bir diaspora təsir edər, nə də hansısa başqa qüvvə. Bunu etmirlərsə, demək, işin içində iş var, demək, bundan da başqa məqsədlərlə, hansısa təzyiq vasitəsi kimi istifadə etmək niyyətindədirlər.
Artıq lap çoxdan hər kəsə aydındır ki, onların bu məsələni həll etmək həvəsi yoxdur. Belə bir məram olsaydı, haçandan bəri ən zəruri addımlar da atılardı, uzun illər davam edən yorucu danışıqlar nəticəsində ortaya qoyulmuş alababat şərtlərə belə əməl etməyən Ermənistana qarşı cəza tədbirləri də görülərdi. Bu edilməyibsə, elə Gete deyəndir ki, var. Onlar cinayətkarın şərikinə çevriliblər.
Ən azı məntiqin anlatdığı gerçək budur. Dərinə gedilərsə, hələ nə qədər başqa astarı üzə çevirən sübutlar da tapılar.
ABŞ nə böyüklükdə, Ermənistan nə cılızlıqda. Amma mənzərəyə fikir verin.
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Robert Çarlz O`Brayen Azərbaycanın tam qələbəni əldə etməyin astanasında olduğu, Ermənistanın nəfəsinin tıncıxdığı əsnada ABŞ-ın işə qarışmasına, birbaşa yox, əl altından müdaxiləsinə səsləyir.
Bu həmin Brayendir ki, oktyabrın 25-də bəyan edirdi: "Ermənistan atəşkəsi qəbul edib, Azərbaycan yox". Bu həmin Brayendir ki, Ermənistanın baş naziri ilə telefon danışığından sonra öz "Twitter"hesabında yazırdı ki, hücum əməliyyatlarının ağırlığından erməni xalqı daha çox əziyyət çəkib.
Halbuki hücumu edən elə Ermənistanın özü olub.
Və uduzmaqda olan, eyni zamanda atəşkəsi pozmaqdan da usanmayan Ermənistana nicat üçün cəhd, bizim qələbəli irəliləyişlərimizə pəl vurmaq məqsədilə "Bu münaqişənin müharibə yolu ilə həlli yoxdur" deyirdi. Bu həmin Brayendir ki, öz "Twitter"səhifəsində guya Türkiyənin Azərbaycana yardım etməsinə işarəylə "Azərbaycan üçüncü aktorların məsələyə qarışmasından çəkinməlidir" yazırdı.
İndi başqa hava çalır, "Minsk qrupu çərçivəsində danışıqlara qayıtmaq gərəkdir" söyləyir.
Onu narahat edən nədir? Deyir ki, Azərbaycan bir sıra strateji şəhərləri tutaraq irəliləyib, ordu yeni ərazilər qazanmaqda davam edir, neft gəlirləri hesabına müasir silahlar əldə edib, ordu Türkiyənin köməyi ilə yaxşı təlim keçib və belə görünür ki, Azərbaycanın hücum əməliyyatlarını dayandırmaq niyyəti yoxdur.
"Biz neytral vasitəçi ola bilərik" deyir. Əcəb neytrallıqdır.
Eynən arxada qalan 27 ildə Minsk qrupu çərçivəsindəki neytrallıq sayaq.
O, münaqişə bölgəsinə Danimarka, Finlandiya, Norveç və İsveçdən ibarət Skandinav sülhməramlı silahlı qüvvələrini gətirməyi fərz edir.
Hər halda bunları hələ ki ermənilərdən səs almaq naminə seçki təbliğatı qismindən olan çağırışlar sayaq. Düşünürəm, Ağ Ev sarıdan belə erməniçi yanaşmaların ömrü noyabrın 4-də, seçki gününün ertəsi də bitəcək. Amma istənilən halda bu növbəti dəfə həmsədr ölkənin hansı ədalətin sahibi olmasını, tərəflərə necə fərqli münasibət bəsləməsini gün işığına çıxaran daha bir əşyayi-dəlildir.
Elə belə-belə sualoyadıcımətləbləri nəzərə alaraq Prezident İlham Əliyev oktyabrın 28-də həmin "İnterfax"a müsahibəsində əslində çəkicə çox ağır olan bir uğurumuzu - nəhəng üçlüyü, nəhayət ki, silah-sursat verməkdən tutmuş açıq siyasi dəstəyə qədər tərəfkeş mövqedən çəkindirməyə müvəffəq olduğunu bəyan edirdi: "Həmsədr ölkələrdə çox strukturlaşdırılmış və fəal erməni icmalarının mövcud olmasına biz həmişə anlaşıqlı münasibət bəsləmişik. Amerikada da, Fransada da, Rusiyada da. Biz hətta bu vəziyyəti təhlil edəndə onların qərarların qəbuluna daha çox harada təsir etmək imkanını müəyyənləşdirməkdə çətinlik çəkirik. Buna görə biz həmin amili həmişə nəzərə almışıq və indi də nəzərə alırıq. Birinci mərhələdə, hərbi toqquşmaların ilk günlərində bəzi sapmalar bizdə bitərəfliyə şübhə oyadırdı, indi isə, düşünürəm ki, bütün bunlar qaydaya düşüb. Həmsədr ölkələrin ali rəhbərliyi ilə mənim əlaqələrim, habelə, əminəm, - Azərbaycanın aldığı beynəlxalq dəstək indi gördüyümüz bitərəfliyə gətirib çıxarıb".
Prezident İlham Əliyevin həmsədr ölkələr tərəfindən bitərəfliyin qaydaya düşməsi barədə təvazö ilə dediyi bu sadə sözlər əslində Azərbaycan üçün taleyüklü bir mərhələdə, qeyri-bərabər mübarizədə qazanılmış elə nailiyyətdir ki, belə siyasi şücaət bir dövlət rəhbərinin bütöv ömrünü bəzəməyə yetər.
Oktyabrın son günündə Prezident İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsində yetərincə ibrətli məqam var. Jurnalistin "Qarabağ sizinçün niyə bu qədər önəmlidir?" sualına cavabında dövlət başçımız "Ən əvvəl ora Vətəndir, bizim torpağımızdır, bu, milli qürur məsələsidir" deyir və sözünü onunla tamamlayır ki, biz bu mübarizəmizlə həm də "...ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik", yəni bu ali qurumun düşmüş hörmətini qaldırırıq.
Təbii, çox keçməyəcək, dünyanın çox belə təşkilatlarının ayağı, nəhayət ki, işğaldan azad olunmuş ərazilərimizə dəyəcək və onda şahid olacaqlar ki, Ermənistan insana yaraşmaz hansı qəddarlıqla torpaqlara necə dağ çəkib.
Gəlib görəcəklər ki, ermənilər yalnız işğal etdikləri torpaqlarımızın üstünü xarabalıqlara çevirməyiblər. Onlara köhnədən xas olan göstəbək xisləti ilə torpağın altını da eşim-eşim ediblər. Arxada qalan 30 ilə yaxın müddətdə zəbt olunmuş torpaqlarda onların əsas quruculuq işləri elə siçovulsayaq saysız lağımlar atmaq imiş. Kilometrlərlə uzunluğu olan şübhəli (və vaxtı yetişəndə bir ucunun hara gedib çıxması, təyinatı bütün yönləriylə ciddi araşdırılmalı) tunellər quraşdırıblar, kahalar qazıblar, istehkamlar tikiblər.
Çünki nə qədər ağılsız, ölçü hissini itirmiş olsalar da, hər halda dərk edirmişlər ki, bu yerlərdə müvəqqətidirlər, geci-tezi var, qisas saatı yetişəcək, buralardan rədd olub gedəcəklər və yerin altında eşələnməkləri də onunçünmiş ki, günlərin birində göydən başlarına od ələnəndə siçan kimi həmin deşiklərə təpilsinlər.
Rəhmətlik Maqsud İbrahimbəyov ermənilərin yerin üstündən çox torpağın altında özlərini daha rahat hiss etmələri haqqında özünə xas yandırıcı istehza ilə deyirdi ki, dünyanın bütün xalqlarından fərqli olaraq, ermənilər torpağın üstündə deyil, yerin altında törəyib artırlar. Belə olmasaydı, onların guya haçansa soyqırımına uğradılmış ölülərinin sayı ildən-ilə belə sürətlə çoxalardımı?
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qalibiyyətlərinin arxasında dayanan başlıca səbəblərdən biri də odur ki, dövlətimiz əvvəl-axır başlanması labüd olan savaşa erməni məkrinin hər üzünü ayrıntıları ilə hesablayaraq, həm siyasi, həm də hərbi istiqamətin hər çalarını nəzərə alaraq hazırlaşıb.
Bir çox həlledici döyüşlər geridə qalarkən, bir aylıq hərbi əməliyyatlardan sonra təhlil və müşahidələr əsasında artıq müəyyən qənaətlərə gəlmək mümkünləşərkən Prezident İlham Əliyev oktyabrın 28-də "İnterfax" agentliyinə müsahibəsinədə bəzi təfərrüatları açırdı: "Sanki hansısa gəmiricilərdir. Onlar orada hər yeri qazıblar. Aralarında yollar olan, uzunluğu kilometrlərlə ölçülən tunellər var. Siçovul yuvalarına oxşayır. Səs eşidən kimi oraya girirlər. Hər bir artilleriya topunun "siçovul yuvası" var. Buna görə müasir texnika olmasa, bunları məhv etmək çox çətin olardı və bu, çox böyük insan tələfatına gətirib çıxarardı!"
... Dinc əhalinin başına bombalar yağdırmağa vərdiş etmiş ermənilər öz quduz şakərlərinə uyğun olaraq indi də Şuşanın meşələrini oda qalayıblar. Anlayırlar ki, artıq kirli caynaqları bu gözəl yurdlardan qopmaq üzrədir, axırıncı zəhərlərini tökürlər, vura biləcəkləri son ziyanı törədirlər. O məsum ağacları yandırmaq ermənilərin körpələrimizi, uşaqlarımızı, məktəblilərimizi öldürməsinə bərabər və bağışlanması mümkünsüz cinayətlərdir. 1988-ci ildə onların Topxanada ağaclara çaldıqları baltaların əks-sədası bugünədək eşidilməkdədir və aralıqdakı onillər boyu nə qədər faciələr yaşandı. Bu gün ermənilərin düçar olduqları elə həmin ağacların ahıdır ki, onları tutub. İndi yandırılan meşələrin alovu bütün gələcək boyu onları qarsacaq, bu kösəvə dönən ağacların tüstüsü çox uzaq sabahlarda da çox gözləri göynədəcək.
Tarixin məhkəməsi səbirli, lakin vədəsi yetişəndə verdiyi hökmlərində həmişə güzəştsiz, amansızdır.
Köhnə minildən təzə minilə keçməməli olan, yüzminlərlə insanın bədbəxtliyinə bais olan bu müsibətlərin bunca uzanmasına rəvac vermiş, münsif olmalıykən daim tərəzinin bir gözünü əymiş cavabdehlərdən də haqq-hesabın sorulacağı saat, inşallah ki, yetişəcək!
Tarixin dronları həmişə çox üstdən baxıb çox dəqiq görür və nişan aldığı hədəfi nə əfv edir, nə də layiq olduğu cəzanı verməmiş buraxır.
İllər illərin üstünə qalaqlandıqca Üçbaşlı əjdahanın ixtiyarı və inhisarında daha da pırtlaşıqlaşaraq açılmazlaşan məkr kələfinin Qordi düyününü qırmaq Prezident İlham Əliyevə nəsib oldu.
Cəbhədəki partlayışlardan, atəş gurultularından fərqli olaraq, səssiz, çox zaman görünməz gedən bu savaşda zəfər çalmadan müharibədəki uğurlar da baş tutmaz, uzaqbaşı yarı yolda qalardı.
Bu bir zəka, iradə döyüşü idi ki, qarşıdakı nəhəng gücləri ram etmək, tərəf tutmamaq həddinədək gətirib çıxarmağa nail olmaq elə yaylım atəşləri altında Şuşanı azad etməyə, Laçını, Kəlbəcəri yağıdan təmizləməyə bərabərdi.
Milyonlarla insan yüzillər uzunluqlu 30 ilə yaxın müddət boyunca öhdəsinə ali hakimlik məsuliyyətini götürmüş üç nəhəngə BİR ÜMİD üçbucağı kimi baxsa da, haqq-ədaləti, insafı, həqiqətləri udan çıxılmaz BERMUD üçbucağına çevrilmiş riyakarlıqlarla qarşılaşdı.
Elə bir xəyal qırıqlığı yarandı ki, sanki şərin haçansa yeniləcəyinə daha inam da qalmamışdı.
Prezident İlham Əliyev bunu bacardı, Riyaya Qalib gəldi!
Görünməz cəbhədə zəfər çaldığından müharibə meydanında da Fatehə döndü, MÜZƏFFƏR oldu!
Əlbəttə ki, Qarabağ Azərbaycandır! Bizimkidir, belə olub, belə var, əbədiyyət boyu da belə qalacaq!
31 oktyabr, 2020