Çoxəsrlik inkişaf yoluna malik olan Azərbaycan yazılı ədəbiyyatının qədim tarixi, görkəmli yaradıcı simaları və böyük ənənələri vardır.
Bununla belə, ədəbiyyatşünaslıq elmində Azərbaycan yazılı ədəbiyyatının konkret olaraq hansı vaxtdan başlaması haqqında yekdil fikir olmamışdır. Azərbaycan yazılı ədəbiyyatının tarixini müəyyən etmək məsələsində müxtəlif meyarlara istinad olunmuşdur. Həmin prinsiplər sırasında üç əsas prinsip: ortaq türk yazılı mətnlərinə istinad olunması, ana dilli milli ədəbiyyat faktoru və harada yaşamasından, hansı dildə yaranmasından asılı olmayaraq, milliyyət etibarilə azərbaycanlı olan qələm sahiblərinin əsərlərinin meydana çıxması əsas yer tutur.
XX əsrin əvvəllərində yaranan ədəbiyyat tarixçiliyində Azərbaycan yazılı ədəbiyyatının mənşəyinin ortaq türk yazılı mətnləri olan Orxon-Yenisey abidələri ilə əlaqəli təqdim edilməsi meyilləri olmuşdur. Əmin Abidin “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” kitabında “Orxon abidələrindəki kitabələr mövzu etibarilə oğuzlardan bəhs edən” bədii mətnlər kimi nəzərə çarpdırılır. Onun fikrincə, “oğuz-türkmən ləhcəsində on iki əsr əvvəlki şəklində bizə qalan Orxon kitabələrindəki üslub və ifadə olduqca işlənmiş bir yazı ədəbiyyatının təkamül etməyə başlayan dövrün ədəbiyyatındadır”. Sovet hakimiyyəti illərində siyasi-ideoloji baxışlara görə Azərbaycan yazılı ədəbiyyatının mənşəyi, başlanğıcı kimi Orxon-Yenisey kitabələri versiyası arxa plana keçirilmiş və tədricən unutdurulmuşdur. Azərbaycan yazılı ədəbiyyatı tarixinin ortaq türk abidələrindən başlaması fikrinə XX əsrin yetmiş-səksəninci illərində yenidən qayıdılsa da, bu ideya yalnız ölkəmiz dövlət müstəqilliyi əldə etdikdən sonra ədəbiyyat tarixçiliyində elmi prinsip kimi nəzərə alınmışdır.
Azərbaycan yazılı ədəbiyyatının tarixinin başlanğıc dövrünün müəyyən edilməsində ana dilində yazılan ədəbiyyatın meydana çıxması faktoruna istinad edilməsi uzun dövr ərzində üstünlük qazanmışdır. Ədəbiyyatşünaslıq elmində ilk ədəbiyyat tarixi kimi qəbul edilən Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları” əsərində ana dilində yaranan ədəbiyyat faktoru əsas götürülməklə ədəbiyyatımızın Məhəmməd Füzulidən başlaması fikri irəli sürülmüşdür: “Füzuli özü türk oğlu olmağa binaən, öz ana dilini artıcıq sevib də ona rövnəq verməyi baş vəzifələrindən biri hesab edirmiş. Və insafən demək olur ki, türk ədəbiyyatının banisi Molla Məhəmməd Bağdadi olubdur. Əgərçi ondan müqəddəm türklərin də bəzi mötəbər şairləri olubdur, vəli onun kimi müqtədir və cəm lisana malik və camli-fünuni-nəzm və nəsr olmayıbdır”.
Anadilli ədəbiyyat prinsipini əsas kimi qəbul etməklə, Yusif Vəzir Çəmənzəminli Azərbaycan ədəbiyyatını İmadəddin Nəsimidən, İsmayıl Hikmət İzzəddin Həsənoğludan, Mehmet Fuad Köprülüzadə isə Qazi Bürhanəddindən başlamağı məqsədəuyğun saymışdır.
Ədəbiyyat tarixçiliyində yazılı ədəbiyyatın başlanması mənasında yalnız ana dilində yaranan ədəbiyyat faktorunun əsas kimi qəbul edilməsi dünya elmi fikrində öz isbatını tapmış obyektiv məntiqə uyğun gəlmir. Belə ki, Avropa xalqlarının bir çoxunun qədim elmi və ədəbi irsinin latın dilində, əksər Asiya xalqlarının ədəbiyyatının isə ərəb və fars dillərində yaranıb inkişaf etməsi heç də həmin ölkələrin milli ədəbiyyatının olmaması kimi başa düşülmür. Avstriya, İsveç və Holland ədəbiyyatlarının alman dilində yaranması bu xalqların ədəbiyyatının “qədim dövrünün” olmaması demək deyildir. Bir çox xalqların qədim dövrdə əlifbasının olmaması həmin ölkələrdə ana dilində yaranan ədəbiyyatın gecikməsinə öz təsirini göstərmişdir. İctimai-siyasi və dini-hərbi amillər də ayrı-ayrı xalqlarda milli dildə deyil, hakim dildə ədəbiyyatların formalaşmasını şərtləndirmişdir.
Ədəbiyyatşünaslıq elmində Azərbaycan yazılı ədəbiyyatı tarixinin azərbaycanlı müəlliflərin VII əsrdə ərəb dilində yazılmış əsərləri ilə başlandığını bildirən elmi mülahizələr müəyyən yer tutur. Bu məqamda ərəbdilli ədəbiyyatın xilafətin tərkibinə daxil olan bütün xalqlar tərəfindən yaradılması məntiqinə üstünlük verilir ki, həmin ortaq mədəniyyəti ərsəyə gətirənlərin arasında Azərbaycanın da özünəməxsus payı və rolu olmuşdur.
Bütün bunlara görə ortaq dildə yaranan yazılı ədəbiyyatda hər xalqın öz yeri və xidmətləri mütləq nəzərə alınmalıdır. Müasir dövrdə Azərbaycan yazılı ədəbiyyatı tarixinin başlanğıc dövrünün, ilkin yazılı mərhələsinin müəyyən olunmasında ortaq ədəbiyyata istinad etmək və bu ümumi mədəniyyətdə xalqın özünəməxsus payını ayırd edərək dəyərləndirmək məqbul elmi prinsip hesab olunur. Xüsusən dilçi alimlərin Orxon-Yenisey abidələrinə həsr edilmiş tədqiqatlarında ortaq türk dili və mədəniyyəti haqqındakı elmi mülahizələr məntiqi mənada həmin yazılı mətnlərin ortaq ümumtürk ədəbiyyatı nümunəsi olduğunu düşünməyə əsas verir. Bundan başqa, XX əsrin doxsanıncı illərində Azərbaycan ədəbiyyatşünaslıq elmində də ədəbiyyat tarixinin ortaq ümumtürk abidələrindən başlamağa dair konseptual təkliflər irəli sürülmüşdür. Bu baxımdan yanaşdıqda qədim dövrün siyasi-hərbi və dini-ideoloji şəraiti nəzərə alınmaqla, Azərbaycan yazılı ədəbiyyatı tarixinin Başlanğıc dövrünün ortaq mədəniyyətlər və başqa dillər vasitəsilə yaranıb inkişaf etdiyi qənaətinə gəlmək və bunu məqbul hesab etmək olar.
Qədim dövr Azərbaycan yazılı ədəbiyyatı aşağıdakı ortaq mədəniyyətlərlə birgə yaranıb inkişaf etmişdir:
1. Ortaq ümumtürk yazılı mətnləri
2. Ərəbdilli Azərbaycan ədəbiyyatı
3. Alban şeir nümunəsi
Qeyd olunduğu kimi, Başlanğıc mərhələdə Azərbaycan yazılı ədəbiyyatı ümumtürk ədəbiyyatının tərkib hissəsi olaraq meydana çıxmışdır. Xalqımızın şifahi ədəbiyyatıda, yazılı bədii təfəkkürü də ortaq ümumtürk ədəbiyyatı və mədəniyyəti ilə sıx əlaqədə, birgə formalaşmışdır. Qədim dövrlərdə yaranmış folklor nümunələrinin əksəriyyətinin ayrı-ayrı türk xalqlarının ədəbiyyatında oxşar variantlarının olması bu ədəbiyyatın vahid bədii təfəkkür sistemi əsasında yaradıldığını sübut edir.
Ümumtürk yazı mədəniyyətinin və ortaq yazılı mətnlərin ən klassik nümunəsi Orxon-Yeniseykitabələridir. Monqolustandakı Orxon və Sibirdəki Yenisey çayları hövzələrində tapılmış daş üzərindəki yazılı mətnlərdə ifadə olunan müəyyən dəbdəbəli üslub, obrazlı təsvirlər, ritmik ifadə tərzi və sabit leksik tərkib qədim türkdili və ədəbiyyatı ənənələri ilə səsləşir. Türkiyə mənbələrində hələ XX əsrin ortalarında etiraf olunmuşdu ki, “Orxon kitabələrində gördüyümüz kəlmələr bugünkü oğuz türkcəsində işlədilən sözlərin köklərini təşkil etdiyi kimi, üsluba hakim olan qrammatika qaydaları da türkcənin əsas qramer qaydalarını etiva etməkdədir” (H.T.Gönensay, N.S.Banarlı). Azərbaycan dilçi alimləri də bu fikirdədirlər ki, “qədim türk yazılı abidələrinin dili V-VIII əsr xalq danışıq dilini əks etdirən ədəbi dildir”. Qədim Orxon-Yenisey yazılarının lüğət tərkibində olan sözlərin bir qismi müasir türk dilləri üçün arxaikləşmiş olsa da, digər qismi bəzən fonetik dəyişmələrlə, bəzən isə olduğu kimi işlənməkdədir (N.Xudiyev).
Ədəbiyyat baxımdan da Orxon-Yenisey abidələri ümumtürk xarakteri daşıyır. Türkiyə ədəbiyyat tarixlərində Orxon-Yenisey abidələri ümumiyyətlə, türklərin qədim dövlətçilik və azadlıq ruhunun bədii ifadəsinin əsəri kimi qiymətləndirilir: “Bu yazılarda türk millətinin hürriyyət və istiqlal eşqi, milli həyəcanı, savaşmaq və dövlət qurmaq qabiliyyəti çox qüvvətli bir ifadə tərzi ilə anladılmışdır” (H.T.Gönensay, N.S.Banarlı). Təsadüfi deyildir ki, tanınmış türkoloq F.E.Korş Orxon-Yenisey yazılı mətnlərində ümumiyyətlə, türk xalq şeiri ritminin olduğunu müşahidə etmişdir. İ.V.Stebleva bu abidələrdən ortaq türk tarixi qəhrəmanlıq poemaları kimi söz açmışdır. Hətta tanınmış Türkiyə tədqiqatçısı Vəsfi Mahir Qocatürk “kiçik bir ədəbi əsər” kimi dəyərləndirdiyi Orxon-Yenisey abidələrindəki “Tonyukuk kitabəsi”nin müəllifi Yolluq Tigini əski türk abidəsinin müəllifi hesab etmişdir.
Orxon-Yenisey kitabələrinin janrı haqqında alimlərin maraqlı fikirləri vardır. Tanınmış rus türkoloqu S.E.Malov (1880-1957) Yenisey məzarüstü yazılı abidələrini “epitafiya” və ya “məzar ədəbiyyatı” adlandırmışdır. V.Jirmunski (1891-1971) Orxon abidələrinin “ayrıca janr” olduğunu qeyd etmişdir. Əhməd Kabakçı “Oğuz Kağan dastanı”nı “əfsanələşdirilmiş tarix” kimi dəyərləndirmişdir. Ortaq türk mətnlərinin janrı haqqında yazılanlardan hər birində bu yazılara bədii forma baxımından fərqli yanaşmaların təzahürü olan baxış ifadə olunmuşdur. Və Orxon-Yenisey mətnlərində qeyd olunan bədii formaların müəyyən əlamətləri vardır. Burada diqqəti çəkən əsas cəhət ondan ibarətdir ki, tədqiqatçılar Orxon-Yenisey abidələrindən ədəbiyyat faktı kimi bəhs etmişlər. Orxon-Yenisey yazılı ədəbiyyat mətnlərinin xarakterinə gəlincə, elmi fikrin ortaq qənaəti bundan ibarətdir ki, bu mətnlərdə mənzum poetik ünsürlər mövcuddur. Hətta F.Korş Orxon-Yenisey abidələrinin mətnində “vəznli mənzumələrin” olması qənaətinə gəlmişdir. Azərbaycan ədəbiyyatşünası Əmin Abid də Orxon-Yenisey mətnlərində “vəznli nəsr” üslubunu müşahidə etmişdir. Onun “Gültegin” abidəsindən sitat gətirdiyi aşağıdakı parçada vəznli sərbəst şeirin xüsusiyyətləri aydın surətdə diqqəti cəlb edir:
Buncə bitik bitincə
Gün Təkinin atısı
Yollıq Təkin bitidim.
Yigirmi gün olunub
Bu başqa bu tamğa qop
Yolluq Təkin bitidim.
Şeir parçasından Gültegin qardaşı Yolluqteginin “Gültegin” abidəsinin müəllifi olduğu görünür. Eyni zamanda, “Bilgə Kağan” kitabəsinin də Yolluqtegin tərəfindən bir ay dörd gün ərzində yazıldığını bildirən mənbələr mövcuddur.
Akademik Tofiq Hacıyev Orxon-Yenisey abidələrini təşkil edən “Gültegin”, “Bilgə Kağan” və “Tonyukuk” kitabələrini bir-birini tamamlayan trilogiya biçimində yazılmış “bədii-sənədli qəhrəmanlıq dastanları” hesab edir. Vəli Osmanlı Orxon abidələrinin “daş salnamə” olduğu qənaətinə gəlmişdir.
Bizim fikrimizcə, Orxon-Yenisey mətnləri sənədli bədii təfəkkürün məhsuludur. Məzarların üzərinə bu mətnləri yazanlar həm müəyyən olmuş faktları, hadisələri və şəxsiyyətləri tarixləşdirmiş, həm də baş verən proseslərə özlərinin hiss və həyəcanlarından doğan obrazlı baxışlarını ifadə etmişlər. Orxon yazıları bir qədər böyük həcmə malik mənsur memuar hekayələridir. Kiçikhəcmli Yenisey yazıları isə miniatür mənsur şeir təəssüratı yaradır. İdeya-məzmun və dil-üslub etibarilə bir-birinə çox yaxın olan Orxon-Yenisey yazılı abidələrini bir yerdə mənsur roman adlandırmaq olar. Böyük rus şairi Mixail Lermontovun (1814-1841) məşhur “Zəmanəmizin qəhrəmanları” əsəri də mənsur roman janrında yazılmışdır. Hətta bir-iki sətirdən ibarət olan Yenisey mətnlərinin bəzilərini “Orxon-Yenisey ədəbiyyatı”nın epiqrafı kimi qəbul etmək olar.
Bundan başqa, qədim türk dastan ənənəsində, o cümlədən, Azərbaycan eposunda olduğu kimi, Orxon-Yenisey abidələrində də nəzmlə nəsrin üzvi şəkildə əlaqələndirilməsi məqamları müşahidə olunmaqdadır. Deməli, ümumtürk ədəbi təfəkkürünün ifadəsi olan Orxon-Yenisey yazılı bədii mətnlərində ortaq dastan poetikasının ümumi xüsusiyyətləri mövcuddur. Azərbaycan alimlərindən Tofiq Hacıyev, Nizami Cəfərov, Əbülfəz Quliyev, Nizami Xudiyev, Əbülfəz Rəcəbov, Abbasqulu Məhərrəmov, Əlisa Şükürov, Yunis Məmmədov və başqaları Orxon-Yenisey kitabələrindəki mətnlərdə bədiilik faktorunun olduğunu qeyd etmişlər. Tanınmış rus türkoloqları kimi, Azərbaycan alimləri də Orxon-Yenisey abidələrində oğuz türklərinin həyatı, məişəti və mübarizəsindən bəhs olunduğu fikrini müdafiə etmək mövqeyində dayanmışlar. Bu kitabələrdə haqqında bəhs olunan qədim Göy Türk dövləti Çin səddindən Qara dənizə qədər uzanan böyük əraziləri özündə birləşdirmişdir. Tonyukuk kitabəsindən aydın görünür ki, Orxon-Yenisey abidələrində “ittifaq-birlik” ideyası, yəni türk millətinin və dövlətinin birliyi fikri təsvir və tərənnüm edilmişdir. Həmin böyük Birlik içərisində oğuz türklərinin qədim məskəni Azərbaycan da özünəməxsus yer tutduğu üçün ümumtürk Orxon-Yenisey abidəsində xalqımızın da ortaq taleyi və ümidləri öz əksini tapmışdır. Bundan başqa, Orxon-Yenisey abidələrində ifadə olunmuş ümumtürk bədii təfəkkürünün formalaşmasında Azərbaycan oğuz-türk düşüncəsi də iştirak edən əsas tərəflərdən biridir. Hətta diqqətlə nəzər salınarsa, “Kitabi-Dədə Qorqud” dastanları ilə Orxon-Yenisey yazılı mətnləri arasında yaxınlıq tapmaq, leksik-sintaktik paralellər aparmaq mümkündür. Bütün bunlara görə, Orxon-Yenisey abidələri həm də qədim dövr Azərbaycan ortaq yazılı ədəbiyyatı örnəkləri hesab oluna bilər.
Məlum olduğu kimi, Orxon-Yenisey kitabələri bizim eranın 634-732-ci illərində məzar daşları üzərində yazılmışdır. Beləliklə, Orxon-Yenisey kitabələri VII-VIII əsrlər ortaq türk dilində yaranan ümumtürk ədəbiyyatını, o cümlədən də Azərbaycan ədəbiyyatının qiymətli ortaq abidəsidir. Bunu nəzərə alaraq, Azərbaycan ortaq yazılı ədəbiyyatının başlanğıcını VII əsrə aid etmək mümkündür. Yenisey abidələrinin V-VI əsrlərdə yaranmasına dair fikirlərin mübahisəli olduğunu nəzərə alsaq, sabit ortaq yazılı ədəbiyyatın VII əsrdən başlanması qənaətini məqbul hesab etmək olar. Ən yaxşı halda V-VI əsrləri Azərbaycan ortaq yazılı ədəbiyyatının hazırlıq dövrü, VII əsri isə rəsmi başlanğıcı adlandıra bilərik.
X əsrdə meydana gəlmiş Yusif Balasaqunlunun (1020-1075) “Qutadqu-bilik” poeması da ortaq ümumtürk ədəbiyyatı nümunəsi kimi qəbul olunur. Bu əsərdə türk sivilizasiyası ilə islam mədəniyyətinin çarpazlaşması, sintezi öz əksini tapmışdır. Bu, o deməkdir ki, artıq X əsrdə türk-islam birliyinə doğru addımlar atılmış, bu istiqamətdə inteqrasiya prosesləri dərin-ləşməyə başlamışdır. Eyni proses həmin dövrdə Azərbaycanda da getmişdir. XI əsrdə Qaraxanlı dövründə Mahmud Kaşğarlı tərəfindən yazılan “Divani lüğət-it türk” əsəri ümumtürk mədəniyyətinin ən böyük abidələrindən biridir. Kaşğarlının lüğətində oğuzların tarixi, mədəniyyəti haqqında məlumatlar öz əksini tapmışdır.
Bundan başqa, qədim köklərə malik olan manilər də ortaq ümumtürk ədəbiyyatı nümunəsidir.
Ədəbiyyat tarixindən məlumdur ki, ərəb dilində yazılmış Azərbaycan ədəbiyyatı nümunələri də VII-X əsrlərdə meydana çıxmışdır. Hələlik ədəbiyyatşünaslıq elmində bundan əvvəlki dövrdə Azərbaycanda yazılı ədəbiyyatın mövcud olması haqqında heç bir məlumat yoxdur. Böyük ehtimal ki, bizim eranın VII əsrinə qədər Azərbaycanda mövcud olmuş qədim və zəngin mədəniyyət özünün yazılı ədəbiyyatını və elmi əsərlərini də ərsəyə gətirmişdir. Mənbələrdə VIII-X əsrlərdə yaşayıb-yaratmış Azərbaycan alimlərinin adları və elmi əsərləri haqqında məlumatlara rast gəlinir. Məlum olur ki, bu dövrdə Əbusəid Əhməd ibn Hüseyn Bərdəi, Əbu Məhəmməd Ərdəbili, Əbubəkr Məhəmməd ibn Abdulla Maliki, Əhməd ibn Harun Bərdəçi-Bərdəi, Cəfər ibn Məhəmməd Marağai, Musa ibn İmran Səlmasi, Əhməd ibn Süleyman Təbrizi, Yaqub ibn Musa Ərdəbili, Həddad ibn Nəşəvi, Əhməd ibn Hacaf Nəşəvi və başqaları kimi azərbaycanlı alimlər yetişib formalaşmışdır. Lakin hələ ki, bu vaxta qədər VII-X əsrlərdə yaşayıb, ana dilində bədii əsərlər yazan azərbaycanlı sənətkarların əsərləri haqqında məlumat əldə etmək mümkün olmamışdır.
Ərəbdilli Azərbaycan ədəbiyyatının yaranıb inkişaf etdiyi VII-IX əsrlər ərəb xilafətinin Azərbaycana yürüşləri və ölkədə islam dininin qəbul edilməsi ilə səciyyələnir. Doğrudur, islama qədər Azərbaycanda tanrıçılıq-tenqriçilik dini dünyagörüşü hakim olduğu üçün təkallahlıq düşüncə sisteminə əsaslanan müsəlmanlıq ölkədə demək olar ki, ciddi müqavimətə rast gəlmədən qəbul edilmişdir. Regionda xilafətlə mübarizə aparan qüvvələr - Xürrəmilər və Məzdəkilər islam dininə qarşı yox, ərazi bütövlüyü və yerli idarəetmə uğrunda ayağa qalxmışdılar. Lakin son nəticədə islam dininin sürətlə yayılması və qəbul edilməsi ilə Azərbaycanda yenitipli həyat tərzi öz axarını tapmışdır. Ərəb dilinin rəsmi dil kimi qəbul edilməsi və mədrəsələrdə “Qurani-Kərim” müqəddəs kitabının tədris olunması ölkədə həmin dildə ilk növbədə dini mövzuda yazılmış bədii əsərlərin yaranması zərurətini meydana çıxarmış, sonra isə ideya-mövzu baxımından genişləndirmişdir.
Beləliklə, ölkədə qədim tarixə və böyük ənənələrə malik olan türk sivilizasiyası və yeni bərqərar olmuş ərəb mədəniyyəti bir müddət yanaşı yaşamalı olmuşdur. Orxon-Yenisey mətnlərindən başqa, VII-X əsrlər Azərbaycan ədəbiyyatını əsasən ərəb dilində yazıb-yaratmış sənətkarlar təmsil etmişlər. Bu mənada görkəmli rus şərqşünası İ.Y.Kraçkovskinin (1883-1951) yazdığı kimi, “ərəb ədəbiyyatı” ...həm ərəblərin, həm də ərəb olmayanların, həm ərəb ölkələrində, həm də ki, qeyri-ərəb ölkələrində ərəb dilində yaranmış əsərlərini əhatə edir”. Ona görə də ərəb dilində yazıb “ərəb olmayanların” sırasında azərbaycanlıların da özünəməxsus yeri vardır. Belə ki, VII-X əsrlərdə ərəb dilində onlarla azərbaycanlı sənətkarlar yazıb-yaratmış, həm ümumşərq ədəbiyyatının, həm də mənsub olduğu xalqın bədii mədəniyyətinin inkişafına şərəflə xidmət göstərmişlər. Azərbaycanda ömür sürərək əsərlərini xilafətin dilində qələmə alan söz ustaları və ərəb ölkələrində yaşayıb, həmin xalqın dilində əsərlər yazan sənətkarları iki istiqamətə ayırmaq olar.
1. Mənbələrdə Azərbaycanda yaşayıb, ərəb dilində şeirlər yazmış Əbu Abdullah Mülğəçi Marağai, Bərəkəveyh Zəncani, Cəfər ibn Məhəmməd Marağai və Məkki ibn Əhməd Bərdəinin haqqında məlumatlar vardır. X əsrdə yaşayıb-yaratmış bu şairlər klassik Şərq şeirinin forma və məzmun zənginliyini yaşatmış, dövrünün qiymətli sənət nümunələrini meydana qoymuşlar. Onların ərəb dilində əruz vəznində qəzəl-qəsidə janrlarında yazılmış zəngin lirikası bu dövrdə Azərbaycan ədəbiyyatının yüksək mövqeyə malik olduğunu göstərir. Bərəkəveyh Zəncani yaradıcılığındakı aşiqanəlik və yumor, Müğləçi Marağainin şeirlərində ifadə olunan müdriklik və nəsihət, Məkkəli ibn Əhməd Bərdəinin insanları heyrətə gətirmək məharəti Azərbaycan ərəbdilli şeirinin səciyyəvi xüsusiyyətlərini əks etdirir. Bərəkəveyhin yaradıcılığındakı xalq həyatından qidalanan gerçəkliyə meyil Azərbaycan ərəbdilli poeziyasının xəlqi ruhunu ifadə edir. Deməli, ərəbdilli Azərbaycan şeiri xilafət düşüncəsinin sədlərini aşaraq, xalq ruhunun və milli-mənəvi reallığın gerçəkliklərini ifadə etmişdir.
2. Elmi ədəbiyyatdan məlumdur ki, mənşəcə digər ölkələrdən olub, lakin ərəb ölkələrində yaşayıb-yaratmış şairləri “məvali şairlər” adlandırmışlar. Ərəbdili Azərbaycan ədəbiyyatının əsas tədqiqatçısı olan professor Malik Mahmudov “məvali şair” anlayışının mənasını aşağıdakı kimi izah edərək yazmışdır: “Bu ad islamdan əvvəl və islamın ilk dövrlərində əsir tutularaq müsəlmanlığı qəbul etmiş, yaxud da ərəblərin içərisində yaşayan və könüllü surətdə yeni dinin bayrağı altına keçən qeyri-ərəblərə verilirdi”. Azərbaycandan olub, ərəb dilində yazıb-yaradan məvali şairlər də iki qismə ayrılırdı. Bunlardan bir çoxu islamdan əvvəl və sonra ərəblər tərəfindən əsir alınaraq aparılmış şairlər olmuşlar. Adları bəlli olmasa da, onların “hətta ərəbləri belə heyrətə salan kamil sənət nümunələri yaratdıqlarına” (M.Mahmudov) dair məlumatlar vardır. Lakin ərəb ölkələrində yaşayıb, oranı ikinci vətən kimi qəbul etmiş bədii yaradıcılıqla məşğul olan azərbaycanlı şairlərdən İsmayıl ibn Yəsar, Musa Şəfahət, Əbul-Abbas əl-Əma kimi sənətkarlar ərəb məvali ədəbiyyatının görkəmli yaradıcıları kimi şöhrət qazanmışdılar. İsmayıl ibn Yasar Ərəbistanda yaşasa da, qeyri-ərəblərin elm, ədəbiyyat və mədəniyyətlərinin varlığı uğrunda mübarizə aparan Şüubilər cərəyanını təmsil etmişdir. Buna görə də onun yaradıcılığında vətəndaşlıq mövqeyini ifadə edən siyasi şeirlər çoxluq təşkil etmiş, mədhlərə çox az diqqət yetirilmişdir. Şairlər ailəsinə mənsub olan, babası, atası və oğlu Ubeydullah ibn Yasar da şair olaraq tanınan digər Yasarlar kimi İsmayıl ibn Yasar da Şüubilər olaraq ərəb hegemonluğunu müdafiə edən Əməvilərin hakimiyyətinə qarşı çıxmış, Əcəm təəssübkeşliyinə sadiq qalmışdır. Siyasi baxışlarına görə Hicaza sürgün olunmuşdur. Dərin və incə aşiqanə şeirləri geniş yayılıb müğənnilər tərəfindən oxunduğu üçün sürgündən azad edilmişdir. Qardaşı Məhəmmədin ölümünə həsr olunmuş mərsiyəsi və dostunun vəfasızlığına kəskin münasibəti ifadə edən həcvi geniş yayılmışdır. İsmayıl ibn Yəsar Mədinə şəhərində doğulsa da, Azərbaycandan olduğunu heç vaxt unutmamış, əsarət altına atılmış xalqların milli oyanışına xidmət edən böyük ədəbiyyatın əsas yaradıcılarından biri olmuşdur.
Musa Bəşşar Şəhəvat Ərəbistanda doğulub orada yaşasa da, vətəni Azərbaycana gedib-gəlmiş, ticarət əlaqələri yaratmışdır. O, şiələrin tərəfdarı olmuş, bu mənada Ərəbistanda yaşayan İran qrupu şairləri ilə eyni mövqedən çıxış etmişdir. Musa Şəhəvat VII-VIII əsrlərdə mədhlər, həcvlər və mərsiyələr yazmış ərəbdilli Azərbaycan şairidir. Mədhiyyə-həcv janrında yazdığı şeirlər onu fərqli bir şair kimi tanıtmışdır. Onun şeirləri həm xalq arasında, həm də sarayda geniş yayılmış, rəğbətlə qarşılanmışdır. Bununla belə, o, siyasi mübarizəyə qoşulmayaraq, ümumiyyətlə ədalətsizliyi tənqid etməklə kifayətlənmişdir.
Əbül-Abbas əl-Əma Mədinədə anadan olsa da, Məkkə şairlərini təmsil etmişdir. O, həmvətənləri olan digər şairlərdən fərqli olaraq, Əməvilər hakimiyyətinin tərəfdarı olmuş, axıradək onlara sadiq qalmışdır. Onun siyasi xarakter daşıyan mədhləri və həcvlərində dövrün ictimai-siyasi prosesləri əks etdirilmişdir. Dövrünün tanınmış ərəb şairi Ömər ibn Əbu Rəbiə ilə həcvləşməsi Əbül əl-Abbasın yüksək poetik istedada malik olduğunu göstərir.
Beləliklə, VII-X əsrlərin ərəbdilli Azərbaycan şeiri ümumşərq miqyasında tanınmış, başqa xalqların da ədəbiyyatının inkişafına xidmət etmişdir. Malik Mahmudovun haqlı olaraq yazdığı kimi, “onların yaradıcılığı sübut edir ki, Azərbaycan xalqının həmin dövrdəki bədii təfəkkürü digər müsəlman xalqlarının mədəni səviyyəsindən heç də geri qalmamış, bir çox millətlərin birgə səyi nəticəsində meydana gəlmiş ərəbdilli poeziyanın yeni keyfiyyətlər kəsb etməsində, forma və məzmunca dərinləşdirməsində, ictimai və siyasi həyata dərindən nüfuz etməsində öz faydasını əsirgəməmişdir.
Başlanğıc dövrü ortaq Azərbaycan ədəbiyyatının inkişafında alban faktoru da iştirak etmişdir. Ölkənin şimal hissəsini təşkil edən Albaniyada yaranan ədəbiyyat da Azərbaycan ortaq bədii təfəkkürünün poetik ifadəsi olub, burada yaşanan həyatın və ictimai-siyasi mühitin reallıqlarına işıq salan bədii əsərlərdən ibarətdir. Bu mənada alban şairi Dəvdəkin yaradıcılığı Azərbaycan ədəbiyyatının ölkənin multikultural mühitinin alban məkanındakı inkişafına nümunədir. Təxminən VII əsrdə Azərbaycanın qədim şəhərlərindən olan Bərdədə yaşayıb-yaratmış alban şairi Dəvdək dövrünün elmi fikrinə bələd olmuş, yüksək poetik istedadı və natiqlik qabiliyyəti ilə seçilmişdir. Alban hökmdarı böyük sərkərdə Cavanşir Mehraninin qətlinə həsr olunmuş mərsiyyə şair Dəvdəkin sədaqətinin və vətənpərvərliyinin, vətəndaşlıq mövqeyinin orijinal bədii ifadəsidir. Bu, ölkəsini və torpağını sevən, böyük ideallarına sadiq olan vətənpərvər bir şairin dərin məzmunlu və həyəcanlı, yüksək ideya-bədii səviyyədə yazılmış təsirli bir elegiyasıdır:
Mənim ağlım nə qu quşu, nə də pəri nəğməsidir,
Qatarından ayrı düşmüş bir durnanın naləsidir.
Yetim qaldı böyük şəhər, başsız qaldı polad qala,
Ömür boyu görməmişdik bu cür matəm, bu cür bəla!
...Sən ki, qızıl günəş kimi nur saçırdın sərin-sərin,
Qürub etdin... qərq olmuşuq zülmətinə gecələrin.
Aramıza bulud girdi, ayrı düşdük günəşdən biz,
Sənin çinar qamətinə həsrət qaldı gözlərimiz.
...Xoşdur mənə bu sözləri deyib yatmaq, susub yanmaq,
Ancaq daha xoş olardı səninlə bir dəfn olunmaq.
“Böyük sərkərdə Cavanşirin ölümünə ağı” adlı matəm qəsidəsi onun müəllifi Dəvdəkin “dövrünün ustad şairlərindən” olduğunu bir daha təsdiq edir. Xalq şairi Xəlil Rza Ulutürkün böyük istedadla Azərbaycan dilinə tərcümə etdiyi bu matəm qəsidəsi poetik forma və məzmun baxımından qiymətli sənət nümunəsidir.
Qədim dövrlərin dini baxışlarını əks etdirən “Avesta” da Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrünə aid mətnlərdəndir.
Göründüyü kimi, VII-X əsrlərdə Azərbaycan xalqı çətin ictimai-siyasi şəraitdə sənətkarların harada yaşamasından asılı olmayaraq, geniş dairədə böyük ortaq yazılı ədəbiyyat yaratmaq qüdrətinə malik olduğunu nümayiş etdirir. Bu mənada başlanğıc dövrü Azərbaycan yazılı ədəbiyyatı geniş coğrafi ərazidə və müxtəlif dillərdə yaranmış ortaq ümumtürk və ərəb-müsəlman ədəbi təfəkkürünün sintezindən yaranmış ədəbiyyatdır. Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü ədəbiyyatımızın sonrakı tarixi mərhələlərinin möhkəm təməllərini təşkil edir. Ümumtürk və ərəb-müsəlman ədəbi-ictimai fikrinin, ölkədaxili proseslərin qarşılıqlı əlaqəsi və sintezi yaradıcı mühitdə geniş dünyagörüşün formalaşmasına, bu zəmində böyük ədəbiyyatın yaranmasına yol açmışdır.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşr etdiyi 7 cildlik “Azərbaycan ədəbiyyatı tarixi”ndə yazılı ədəbiyyatın ortaq ümumtürk Orxon-Yenisey abidələrindən və ərəb-müsəlman ədəbiyyatını yaratmış azərbaycanlı şairlərin əsərlərindən başlaması müştərək olsa da, VII-X əsrlər ədəbiyyatının xüsusi bir mərhələ olduğunu bir daha elmi şəkildə təsdiq edir.
Yazılı ədəbiyyatın orta başlanğıc dövrü özündən sonra meydana çıxmış Azərbaycan intibah ədəbiyyatının start nöqtəsidir. Bu, qədim dövr ədəbiyyatı ilə XI-XII əsrlərin intibah dövrü Azərbaycan ədəbiyyatı arasında möhkəm mənəvi körpüdür.