Tanınmış şair Zahid Afşar Eloğlu böyük şeir yoluna təbiətin qoynundan çıxır. Şair üçün bundan gözəl uğurlu yol, bundan böyük xeyir-dua yoxdur. Təbiətdən öyrənmək, ondan ilham almaq insanı - şairi heç vaxt uğursuzluğa düçar eləmir. Əksinə, şeirin çətin yolunda onu orijinallığa istiqamətləndirir, fikrini tamamlayır, daha da zənginləşdirir.
Bəzən mən cəmiyyətdə bir "əyri" yeri görəndə o saat təbiətə üz tuturam. Görüm bu məsələni təbiət necə həll eləyib, bu əyri yeri necə "düzəldib", necə calaq eləyib. Adları qafiyə olduğu kimi təbiət və cəmiyyət məsələləri bir-birinə bənzəyir. Cəmiyyət yaşamaq, mübarizə etmək yolunu təbiətdən iqtibas eləyib əslində. Cəmiyyət nədə uduzubsa, onda təbiətə xəyanət etmiş olub. Bu mənada həyatı və cəmiyyəti dərindən bilən Zahid Afşar Eloğlu hər şeirini təbiətdən başlayır. Təbiət də onun ilhamına qol-qanad taxır, həyatın dolambaclarından ustalıqla keçirir.
Zahid Afşar Eloğlu kənd dilini (Qənd dilini), onun adət-ənənəsini, folklorunu gözəl bilir. Məhz şeirləri ona görə şirindir, dili yumşaq və həlimdir, obrazları canlıdır.
Sudan gələn gözəlin hörüyündən iz düşüb,
Buludlardan od qopub, dərələrə söz düşüb.
Yamac boyu bir örkən sürünübdü suada,
Çınqıllar xam day kimi sarınıbdı burada.
Əriməzdən sal qaya yetərincə sel sorub,
Çiyni üstə qaldırıb, taxıl kimi sovurub.
Dünya Yer kürəsini sıxıb şələ eləyib,
Cığır sicimləriylə kürəyinə şəlləyib.
Şairin "cığırlar" şeirindən misal gətirdiyim bu misralarda həm təbiətin dili, həm də elmi var. Hörüyün izə bənzədilməsi və buludlardan od qopub dərələrə söz düşməsi, özündə şirin bir nağılı xatırladır. Şair şimşək çaxır demir, buludlardan od qopur deyir və bu oddan dərələrə söz düşür. Yəni yağış yağanda çayın, şəlalənin səsi artır, sular gülüşür, gurlaşır. Ona görə ki, onlar buluddan nəsə eşidiblər.
"Əsli və Kərəm" dastanında Əsli hörükləri ilə yanmış Kərəmin külünü bir yerə toplayır. Bu zaman həmin küldən hörüyünə od düşür və Əsli də alışıb yanır, külə dönür. Bu qoşa misrada hər şey sudan gələn gözəlin hörüyündən başlayır, onun hörüyündən buludlara od, buludlardan isə dərələrə söz düşür. Zahid Afşar Eloğlu göründüyü kimi, nağıl və dastanlara bağlı mahir bir söz ustasıdır.
İkinci beytə fikir verək. "Suad" (bir növ pilləkən) sözü arxdan və çaydan vedrə və ya səhənglə su götürmək üçün düzəldilən yerə deyilir. Qadınlar ayaqlarını həmin suada qoyub qabları su ilə rahat doldururlar. Baxın, Zahid müəllim unudulmaqda olan qədim, milli bir sözümüzü yada salır, yaşadır. Bu sözü oxuyan kimi gözlərim önündə kəndimiz, fermamız canlandı. Atamın arxdan su götürmək üçün düzəltdiyi suad yadıma düşdü. O suadla birlikdə yaddaşımda bir kənd, elat, el-oba oyandı. Budur, sözün, şeirin insanda yaratdığı böyük assosiasiya. Tabloya baxın, cığırlar örkən kimi suadlara sürünür. Örkən də yada düşür burada. Onda gərək örkəni izah eləyəsən. Örkən bir az enli (5-8 sm enində) minik heyvanlarının çulunu və yükünü sarıyıb bərkitmək üçün başında doğanaq olan ipdir. İndi gərək doğanağı da izah edəsən. Bir-birinə bənd etmək üçün örkənin, sicimin ucuna bağlanan ağac haçacıq (qarmaq); örkən halqası. Örkən nə qədər uzun olsa, yenə gəlib doğanaqdan keçəcək, yəni gəlib ona dolanacaq. İkinci misrada şair deyir ki, çınqıllar xam dayça kimi hamısı yerə sarınıb. Onda gərək xam dayçanı da izah edəsən. Nəyə görə onu sarıyıralar? Atın altı aylıq (180 gün) balasına xam dayça və ya day (erkək) deyillər. Xamlığı (Xam yer də var, əkilməmiş, otarılmamış)da odur ki, hələ minilməyib. Cavanlar və yaşlı təcrübəli kişilər xam dayların boğazına kəndir salıb hər iki tərəfdən onu boğurlar. Nəticədə dayın ürəyi gedir. Day ayılan kimi insanlara ram olur, əhliləşir. Belinə yəhər qoymağa, başına yüyən keçirməyə razı olur.
Bax, gör kiçicik bir şeirdə nə qədər unudulmaqda olan qədim sözlərimiz var. Bu şeir insanlara nə qədər bilgi verir. Şair onları yaşadır, yada salır.
Sonrakı beytə fikir verək. Əriməzdən (Kəlbəcərdə yer adı, qarı əriməyən dağ) sal qaya (bütöv yastı daş) yetərincə seli sorub(İçinə çəkib), sonra qaldırıb çiyni üstə, taxıl kimi sovurub. Şəlalənin yaranmasına bax. Deyir sal qaya Ərimizdən suyu çiyni üstə qaldırıb taxıl kimi sovurur, yəni şəlalə yaradır. Şair təbiətdəki hadisələri, bənzənənlə bənzədiləni elə uyarlı bir şəkildə verir ki, prosesin sanki şəklini görürsən. Şair təbiət hadisələrinin lövhəsini sözlə çəkir, həm də onun inkişafını, deyək ki, nədən nəyə çevrildiyini ardıcıllıqla, ustalıqla açıb göstərir.
Aşağıdakı bənddə sadə, real bir həqiqət var.
Qayası qartallı, gölü durna, qaz,
Kəklik xınalı daşlığı seçdi.
Elə ki, meşələr geyindi atlas,
Qış uca dağların başına köçdü.
Fəsillərin dəyişməsini şair detallarla açır. Deyir ki, yaz gələn kimi, yəni meşələr atlas geyinəndə qış Arandan dağlara köçdü. Məhz şairin qışa "köçdü" deməyi çox dəqiq və uyarlıdır, çünki həmin vaxt insanlar da dağa köçür. Şairin təbiətlə- qışla bağlı başqa bir şeirində oxuyuruq.
Ağrıdan əyilib çılpaq ağaclar,
Dağların dağlardan uca vaxtıdır.
Evlərin damında bardaş qurub qar,
İstinin, tüstünün baca vaxtıdır.
Nə qədər gözəldir, şair dağların dağlardan uca vaxtıdır deyəndə istər-istəməz düşünürsən ki, bu dağın qarı o biri dağın qarından çoxdur deyə dağlar dağlardan uca görünür. Bu, o zaman olur ki, artıq qar evlərin damında bardaş qurur. "Bardaş" (ayaqları bir-birinə keçirib oturmaq) sözü şeirə yeni bir çalar, yeni bir tablo gətirir. Yəni bu, qışın o vaxtıdır ki, artıq heç nədən qorxusu yoxdur və o qədər özünə arxayındır ki, hətta evlərin damında bardaş qurub. Onun belə arxayın bardaş qurmağı ona görədir ki, tüstünün, istinin baca vaxtıdır və oradan isti və tüstünü müşahidə eləyir.
Mən Hüseyn Arifdən sonra Zahid Afşar Eloğlu kimi ikinci bir təbiət şairi tanımıram. O, təbiəti mənalandırır, qanadlandırır və bununla da tarıma çəkilmiş cəmiyyətin əsəblərini sakitləşdirə bilir.
Təbiət diksinib qalxdı yuxudan,
Gərnəşdi, belinin quluncu sındı.
Təbiətin dolub-boşalması, gərilməsi çəkilməsi (göy guruldayır) onun əsəblərini tənzimləyir, özünü nizama salır, gərnəşir, qulucunu qırır və sonda sakitləşir. Baxın, şairin şeirində təbiət də eynən insan kimidir. İnsan da qaralır, dolur, gərnəşir, sonra boşalır, nəticədə şeir yaranır. Demək, təbiətin davranışında həmişə insan var.
Deyirlər Bəxtiyar Vahabzadə gənc vaxtlarında poeziya gecələrinin birində Səməd Vurğuna belə bir sual verir ki, Səməd müəllim, mən peyzaj (təbiət) şeirlərini sevmirəm. Səməd Vurğun səbəbini soruşanda deyir ki, orada insan yoxdur. Səməd Vurğun deyir ki, Bəxtiyar, bala, təbiət şeirini yazan kimdir? Deyir şair. Səməd Vurğun deyir: Bəs şair insan deyil. Şair də peyzaj şeirlərində iştirak edir Bəxtiyar Vahabzadə daha dinmir.
Böyük Səməd Vurğunun sözünə qüvvət, Zahid Afşar Eloğlu da bütün şeirlərində təbiətlə qol-boyundur, həmahəngdir, sanki təbiətin bir obrazıdır, onun sırdaşı və dostudur. Şeirlərində əvəlik, dəvədabanı, qırxbuğum, baldırxan, quzuqulağı, kakotu, qantəpər, bənövşə, lalə, xına, çınqıl və təbiətin bütün gözəllikləri sadalanır. Sanki şairin xitabını təbiət eşidir, duyur, suyu sevinir, lalələri açır. Şair dağ döşünə səpələnmiş lalələri görün necə mənalandırır.
Bir gəlinin Günəş rəngli boyunbağı qırılıb,
təpələrə səpilib,
Bir çobanın ocağının axça közü dağılıb,
dərələrə tökülüb.
Zahid Afşar Eloğlu yuxarıda dediyim kimi, təbiətə sadəcə seyrçi deyil, onun iştirakçısı, ağlayan, gülən və sevinən bir parçasıdır.
Çəmən dönüb yaşıl dona, köynəyə,
Lalələrlə düymələnən vaxtıdı.
Lalələrin düymələrə bənzədilməsi və onun gözəl ifadə tərzi müasir şeirimizin parlaq səhifələrindəndir.
Dan sökülür, xəbəri yox gecədən,
Şeh tökülür, hər ləçəyə neçə dən...
Selin, suyun dərələri çeçədən,
Qayaların silkələnən vaxtıdı.
Fikir verin, Zahid müəllim, dərədən axan çayın səsinə, harmoniyasına o qədər yaxından bələddir ki, əlavə sel, daşqının çaya qarışanda onun səsinin dəyişdiyini çox gözəl bilir və deyir ki, çaylar çeçəyir. Çox orijinal bir görüntüdür. İnsan suyu içəndə çeçədiyi kimi, çaylar da öz yatağına, deyək ki, boğazına sel töküləndə bir müddət çeçəyir, çünki əvvəlcə onu yad cisim kimi qəbul edir.
Şairin bütün təbiət şeirləri maraqlı, orijinal tablolardır. Hətta bu lövhələrdə çox qabarıq görünən obrazlar var.
Pətəkdə getmişdi huşu beçənin,
Qaymaq dodağından bal süzülürdü.
Pətəkdə beçənin huşunun getməyini şair onun sərxoşluğu kimi qiymətləndirir. Huş nəyə görə getsin ki? Əlbəttə gözəllikdən, eşqdən, yaranışın, doğuluşun gözəlliyindən.
Zahid müəllimin bütün şeirlərində dilimizin zəngin leksikonu var. Şeirlərdə elə bilgilər, elə sözlər var ki, gənc nəslin onları öyrənməsi və araşdırması çox vacibdir. Aşağıdakı şeirdə "sancaq" sözü işlədilib. Amma görün harada?
Hanı, mən sevdiyim; - o qız? - utancaq,
Hanı, uzun saçlar? - üstündə sancaq.
Bu sancaq keçmiş bir dövrün baş cümələsidir. Şair sancağı elə bir yerdə oxucuya təqdim edir ki, həmin səhnənin, görüntünün özü bu gün üçün çox maraqlı və həm də gərəklidir. Şair keçmişi axtarır və həm də axtardıqlarına "hanı?" sualını verir. "Hanı?" sualı təbiətin üzərində dayanaraq cəmiyyətə də ünvanlanır. Niyə cəmiyyət təbiətə xəyanət edir? Axı onlar bineyi-qədimdən qafiyə olublar, bir-birinə həyan, dost olublar. İndi cəmiyyət təbiətə divan tutur. Ancaq cəmiyyət bilmir ki, onun xilas yolu yenə təbiət olacaq.
Zahid Afşar Eloğlu təbiətin özü kimi safdır. O, insanlığın xilas yolunu təbətin harmoniyasında görür. Bütün şeirlərini təbiətdən başlayır, gedir, gəzir dolanır, yenə təbiətə qayıdır. Təbiət şeirləri ilə oxucuları, bütövlükdə cəmiyyəti saflaşdırmağa çalışır. Məncə də, buna nail olur.