Koronavirusla bağlı zəruri tədbirlərin görülməsilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığını nəzərə alaraq, təhsilin davamlılığının təmin edilməsi məqsədilə martın 12-dən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bütün dərslər distant tədris olunur.
UNEC Eksterndən tədris olunan distant dərslərə bütün fakültə və ixtisaslar üzrə əyani təhsil alan bakalavrlar cəlb olunub. Dərslər 4 dildə aparılır. Gün ərzində 9200 tələbəyə müxtəlif fənlər üzrə dərslər keçilir. Ümumilikdə isə UNEC-də 12 min bakalavrın distant təhsilə cəlb olunması nəzərdə tutulub. Dərslər növbəli şəkildə saat 08:00-dan 20:20-dək tədris olunur.
ƏYANİ TƏHSİLİN ALTERNATİVİ
UNEC rektoru, professor Ədalət Muradov deyir ki, tətbiq edilən distant təhsil əyani təhsilin alternativi kimi düşünülüb. Distant təhsilə istənilən məkandan mobil telefon və internetlə qoşulmaq mümkündür. UNEC Eksterndə distant formada təşkil edilən dərslər müvafiq proqramla nəzərdə tutulan dərsləri əvəz edir. Sistemə qoşulan tələbə avtomatik olaraq elektron jurnalda “iştirak edir” kimi qeydiyyata alınır. Hər bir tələbə müəllimə distant dərs zamanı sual vermək imkanına malikdır: “Tətbiq edilən model ən müasir texnologiyaların tətbiqi ilə əyani təhsilin alternatividir. Əyani təhsildən yeganə fərqi müəllim və tələbələrin müxtəlif məkanlarda olmasıdır. Üstünlükləri çoxdur. Ən böyük üstünlüklərindən biri müəllimin mühazirəsinə tələbələrin dərsdən sonra məhdudiyyətsiz baxmaq imkanının olmasıdır”.
İLLƏR ÖTDÜKCƏ DAHA ÇOX İNKİŞAF EDƏCƏK MÜASİR TƏHSİL FORMASI
Rektorun sözlərinə görə, distant təhsil - müəyyən məsafədən keçirilən təhsil sistemidir. Bu təhsil forması ilk dəfə İngiltərədə yaranıb. Daha sonralar ABŞ, Almaniya və digər ölkələrdə geniş yayılıb. Bir çox üstünlüklərinə görə ali təhsilin distant forması əyani formasından belə daha cəlbedicidir. Təhsil ekspertləri distant təhsilin daha çox əyani təhsilin alternativi olduğunu bildirirlər. İnternetə çıxışı olan hər yerdə bu təhsil formasını almaq mümkündür. Dərslər onlayn keçirilir: “Distant təhsil tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu formasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, qarşılıqlı əlaqə əsasında, uzaq məsafədən həyata keçirir. Adıçəkilən təhsilin xarakterik xüsusiyyətlərinə çeviklik, modulluluq, iqtisadi səmərəlilik, təhsilin keyfiyyətinə xüsusi nəzarət, müasir texnologiyalardan istifadə və s. aiddir. Distant təhsildə informasiyalar təhsil alanlara elektron materiallar, elektron dərslik, videodərslər və s. formalarda təqdim edilir. Distant təhsil forması hamı üçün istər maddi baxımdan, istərsə də daha rahat və sərbəst şəkildə təhsil almaq baxımından olduqca münasibdir. Bu, illər ötdükcə daha çox inkişaf edəcək müasir təhsil formasıdır”.
İMTAHANLARIN DA DİSTANT KEÇİRİLMƏSİ MÜMKÜNDÜR
Ə.Muradov vurğulayıb ki, UNEC-də distant dərslərin uğurlu tədrisini nəzərə alaraq, Yekun Dövlət Attestasiyasının və magistrantların dissertasiya müdafiəsinin distant aparılması mümkündür. Təhsilalanların biliyinin distant qiymətləndirilməsi üçün UNEC Eksterndə beynəlxalq standartların bütün tələblərinə cavab verən infrastruktur və texniki imkanlar mövcuddur. Xüsusi qabiliyyət tələb edən ixtisaslarda isə məsləhət saatları təşkil olunmaqla imtahanların distant keçirilməsi mümkündür.
MÜASİR UNİVERSİTET MODELİ
Millət vəkili Etibar Əliyev bildirib ki, ali məktəb keyfiyyətli təhsil verməli, tədqiqat universitetinə çevrilməyi qarşıya məqsəd qoymalı, professor-müəllim heyəti və yüksək nəticə göstərən tələbələri ilə seçilməli, sanballı kitabxana fonduna malik olmalıdır və s. Bütün bunları etmək üçün həm də universitetin fəlsəfəsini bilən rektor olmalıdır: “UNEC artıq 2016-cı ildən distant təhsil modelini işləyib. Buna ayrıca korpus ayırıb. Elektron kitabxana yaradılıb, yüzlərlə müəllim elektron resurs hazırlayıb, təlimlərdən keçirilib. Tələbələrə distant təhsilə qoşulmağın yolları öyrədilib. UNEC-də Distant təhsillə tanış olduq. Özümü dünayanın aparıcı universitetlərinin birində hiss etdim. UNEC rəhbərliyi bu nadir təcrübəyə təhsilin keyfiyyətini yaxşılaşdırmaqla, şəffaflığı təmin etməklə, istedadlı insanları təhsilə və elmə cəlb etməklə, üfüqi idarəetməni gücləndirməklə gəlib çatıb. Təcrübə bölüşülməlidir. UNEC bununla həm də yeni rəqabət mühiti yaratdı”.
AZƏRBAYCAN UNİVERSİTETLƏRİ ÜÇÜN BİR İLK
Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi İlqar Orucov deyib ki, UNEC bu modeli tətbiq etməklə ölkəmizdə universitet necə olmalıdır, sualına cavab verdi: “UNEC-in təqdim etdiyi distant təhsilin tətbiqi imkanları ilə tanış oldum. “Bu, Azərbaycan universitetləri üçün bir ilkdir. Qısa müddət ərzində bu qədər işin görülməsi təhsilimiz üçün yenilikdir. Bununla qürur duyuruq! Dünyada distant təhsillə bağlı nə kimi işlər görülürsə, onların hər biri UNEC-də tətbiq olunur. Bu prosesə universitetin müəllim və tələbələri tam hazırdır. UNEC bu modeli tətbiq etməklə “ölkəmizdə universitet necə olmalıdır?” sualına cavab verdi. Digər universitetlərimiz də bundan örnək götürməlidirlər. Bu təcrübəni öyrənmək üçün xarici ölkələrə getməyə gərək yoxdur, UNEC-dən istədikləri informasiyanı əldə edə bilərlər. UNEC-də möhtəşəm elektron kitabxana fəaliyyət göstərir. Bu cür möhtəşəm işlər gördüyü üçün universitetin rektoru, professor Ədalət Muradova təşəkkür edirəm”.
UNEC TƏCRÜBƏSİ İLƏ TANIŞLIQ
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov distant tədrisdə UNEC təcrübəsi ilə tanış olub. Elmar Qasımov UNEC-də tətbiq olunan yenilikləri böyük maraqla qarşılayaraq, bu yenilikləri ölkənin ali təhsilində mütərəqqi addım kimi qiymətləndirib.
Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev də UNEC-də tədris olunan distant dərslərin təşkili prosesi ilə tanış olub. Vilayət Vəliyev UNEC-də tətbiq olunan distant tədrisi yüksək qiymətləndirib.
UNEC tələbələri dərslərin distant tədrisindən razı qaldıqlarını bildirirlər.
Universitetin 2-ci kurs tələbəsi Səmayə Quliyeva bildirib ki, tələbələr əvvəlcədən müəyyən olunmuş vaxtda interaktiv olaraq dərslərdə iştirak edir. Müəllimin distant formada oxuduğu mühazirəsi avtomatik olaraq yazılır və hər bir tələbə həmin mühazirəni dərsdən sonra da dinləyə və görə bilir. Bu isə çox yaxşıdır. Dərs cədvəli və bununla bağlı ətraflı məlumat gündəlik olaraq hər bir tələbənin şəxsi kabinetinə göndərilir".
UNEC-in 4-cü kurs tələbəsi Zaur Əliyev qeyd edib ki, distant təhsilin tətbiqi tələbələrin dərslərdən geri qalmamasına və proqramı nəzərdə tutulan vaxtda başa vurmasına şərait yaradır. O əlavə edib ki, tələbə olaraq dərslərin tədrisindən çox razıdır.
S.QARAYEVA