../img/pics/medium/177311_yuasbzxbtl.jpeg Zəfərlərin mübarək, Azərbaycan! - Jalə Əliyeva yazır
../img/pics/medium/177290_2870wlg386.jpg Azadlığa qovuşan əsir abidəmiz - “Xudavəng”
../img/pics/medium/177279_em0pbivn9n.jpg "Sizin rəhbərliyiniz altında Azərbaycan qüdrətli dövlətə çevrildi"
../img/pics/medium/177272_l8wzztlr6w.jpg Mina partlayışı nəticəsində həlak olanlar bir ailənin üzvləridir
Son xəbərlər
29 Noyabr 2020
28 Noyabr 2020
27 Noyabr 2020

Bir şəklin izi ilə - Araşdırma

UKRAYNA-AZƏRBAYCAN DOSTLUĞUNUN TARİXÇƏSİ

Bir şəklin izi ilə - <b style="color:red">Araşdırma </b>

Dostluq - insan cəmiyyətinin mənəvi dəyərlər sisteminə aid olub bir neçə qrupa bölünür. Bu qruplar içində fərdlərin və şəxslərin dostluğundan əlavə millətlərin və dövlətlərin də dostluğu var ki, Azərbaycan-Ukrayna dostluğu belə nümunələrdəndir. Adətən insanları və xalqları ümumi maraqları birləşdirir, amma əsl dostluq heç tərəddüd etmədən qarşı tərəfin dar günündə onun yanında olmaqdır.

Azərbaycan-Ukrayna dostluğunun tarixi Böyük Vətən müharibəsi illərindən başlayır. Cəmşid Naxçıvanskinin 1921-ci ildə yaratdığı, 1940-cı il komplektləşdirməsindən sonra 77-ci diviziya adlandırılan Azərbaycan atıcı diviziyası II Cahan savaşı başlayanda sovetlət ittifaqında döyüş hazırlığı yüksək səviyyədə olan diviziyalardan biri idi.

... 1939-1943-cü illərdə faşist Almaniyasının "Barbarossa" adlandırdığı "ildırım sürətli hücum"larla zəbt etdiyi ərazilər içərisində Ukrayna torpaqları da var idi. Qara dəniz hövzəsinin əhəmiyyətli hissəsi olan Krım yarımadasını işğal edən Vermaxt qüvvələri sovetlər üzərində xeyli üstünlük qazanmışdı. Lakin dünyada baş verən siyasi-iqtisadi proseslər, ölkədə əzmlə davam etdirilən xalq dirəniş hərəkatları 1943-cü ilin payızından almanların əleyhinə işləməyə başladı.

1943-cü ildən 1944-cü ilə keçən qışı 77-ci Azərbaycan diviziyasının da daxil olduğu SSRİ Silahlı Qüvvələrinin 51-ci Ordusu Krıma istiqamətləndirildi. Cəmşid Naxçıvanskinin yetirmələri onun yolunu şərəflə davam etdirirdilər. 1941-ci ilin payızından Şimali Qafqazdan döyüş əməliyyatlarına başlayaraq minlərlə şəhid verən Azərbaycan diviziyası ərzaq, geyim və digər hərbi təchizatlardan korluq çəksə də, müharibə zamanı əsas amil sayılan fiziki və psixoloji hazırlığı yerində idi. Yəni diviziyanın döyüş ruhu sarsılmamışdır. Qəhrəman azərbaycanlılar yaxşı başa düşürdülər ki, faşizm və onun iyrənc ideologiyası insanlığa qarşı necə böyük təhlükədir. Əliağa Şıxlinskinin, Səməd bəy Mehmandarovun döyüş ənənələrini yaşadan, Cəmşid Naxçıvanski taktikasını məharətlə tətbiq edən cəsur həmvətənlərimiz 1944-cü ilin yazında Krımın azadlığı uğrunda hərbi təchizat baxımından özlərindən qat-qat güclü olan düşmənə qarşı ölüm-dirim savaşına girdilər. Milli diviziyamız əcdadlarının şanına layiq döyüşərək mərdlik və igidlik göstərdilər.

Aprelin 13-də sovet ordusunun digər dəstəkverici qüvvələri ilə birgə 77-ci diviziya xeyli sayda silah-sursatla bərabər, 1000 nəfər alman döyüşçüsünü də əsir götürərək yarımadanın paytaxtı Simferopol şəhərini düşməndən azad etdi. Mühasirədə qalmış onminlərlə insanın həyatı xilas edildi. Simferopola "Qəhrəman şəhər", şəhəri azad edən 77-ci Azərbaycan diviziyasına "Simferopol diviziyası" fəxri adları verildi. Bu tarixi qələbədən vəcdə gələn Sovet rəhbərliyi xüsusi "Simferopol" medalı təsis edərək döyüşlərdə fərqlənən əsgər və zabitlərə təqdim etmişdir.

1944-cü il may ayının 1-də 77-ci Azərbaycan diviziyası Sevastopolun "açarı" sayılan Sapun dağı (Tatarca sabunlu dağ deməkdir. Adını orda bitən sürüşkən otlardan götürmüşdür) əməliyyatına başladı. Tarixdə tayı görünməmiş qanlı bir döyüş baş verdi. Nasistlər bu döyüşə çox yaxşı hazırlaşmışdılar. General Almendinqer yazırdı ki: "Ali baş komandan (Hitler) əmrin preampula hissəsində Sevastopoldan bəhs etməsindən əlavə, xüsusi teleqramla mənə Sevastopolun əhəmiyyətini və qazanacağım bu "qələbə" ilə ruslara və bütün dünyaya Almaniyanın gücünü "göstərəcəyimi" bildirirdi". Amma Qafqazdan döyüşə-döyüşə bura qədər gələn, Kerç-Feodosya, Taman, Novorossiysk, Mozdok, Mineralni vodı, Odessa, Simferapol şəhərlərini, onlarla qəsəbə və kəndləri, neçə-neçə dəmir yolu stansiyalarını, rabitə qovşaqlarını və digər qeyri-yaşayış məntəqələrini azad edən 77-ci Azərbaycan diviziyasının gücünü  17-ci Ordunun rəhbərliyi də bilməmiş deyildi. Onların gücü və silahı çox sadə idi - şərəf və ləyaqət. Darda olan insanları öz həyatları bahasına xilas edən, şərəfli ölümü şərəfsiz yaşamdan üstün tutan qorxubilməz, cəsur azərbaycanlılar. 10 gün gecə-gündüz davam edən amansız savaşı may ayının 10-da diviziyanın döyüşçüsü Əbülfəz Qurbanovun Sapun dağının zirvəsinə qaldırdığı qələbə bayrağı tamamladı. İki güllə və üç qəlpə yarası almış Ə.Qurbanov bayrağı sancdıqdan birneçə dəqiqə sonra qanaxmadan huşunu itirdi. Sovet tarix kitablarında adı keçən, Böyük Vətən müharibəsində ən qürurverici döyüş kimi xarakterizə edilən "Sapun qələbəsi"ni 77-ci Azərbaycan diviziyası minlərlə şəhid verərək qazandı. Mayın 10-da təbrik məktubu göndərən rəsmi Moskva diviziyanı "Suvorov" ordeninin II dərəcəsi, diviziya komandiri Aleksey Podionovu "Sovet İttifaqı Qəhrəmanı" fəxri adı ilə təltif etdi. Sapun qələbəsinin sorağı dünyaya yayıldı. Düşmən şoka düşmüşdü. Almanlar və müttəfiqləri Sevastopol məğlubiyyətindən sonra sarsıldılar. Və bu, onların sonrakı məğlubiyyətlərinə də ciddi təsir göstərdi. Bu həlledici döyüşdə komandirlə birlikdə diviziyanın döyüşçülərindən İsmayıl İbrahimov, Tahir Cumaylov, Baladadaş Məmmədov, Kazım İsmayılov, Pavel Yelizov, Bədəl Əhmədov, Zinaida Şofeyeva, Əbdürəhman Abdullayev, Aleksey Qoropkin, Məmməd Nəbiyev, Əliağa Əliyev, Mariya Zakutayeva, Şahsuvar Quliyev, Musa Abbasov, Qəzənfər Zeynalov, Sədi İbrahimov, Vasili Kazlov, Bağırov, Qladkov, Həsənzadə,  Treyz, Qasımov, Şapkin, Nəcəfov, Əfəndiyev və neçə-neçə həmvətənimiz qeyri-adi şücaət və qəhrəmanlıq göstərmişlər.

Yeni tədqiqatlara əsasən, Sapun dağında Azərbaycan diviziyasının 11 min əsgər və zabiti qəhrəmancasına həlak olmuşdur. İtkinin çoxluğuna strateji yüksəkliklərin qarşı tərəfdə olması, dağa dırmanmağa cəhd edən əsgərlərin sürüşərək atəş altına düşmələri, havadan və dənizdən almanlara verilən güclü dəstək və heç ara vermədən günlərlə davam edən döyüşlərdə aclıq və yuxusuzluq səbəb ola bilərdi.  Bütün bunlara baxmayaraq, Cavad xanın nəvələri Vətəndən uzaqda olsalar da, axıtdıqları qızıl qanları ilə özlərinin, təmsil etdikləri xalqın, Krım-Tatar türklərinin şərəfini və yüz minlərlə ukraynalının həyatını qorudular.

Bu məqamda qeyd etmək yerinə düşər ki, Ukrayna döyüşlərində əlverişsiz landşaf səbəbindən milli diviziyalarımızdan ayrı düşmüş azərbaycanlılar Krımın dağlıq meşəliklərinə səpələnmiş yüzlərlə digər xalqların nümayəndələrini də səfərbər edərək əzəmətli partizan hərəkatları yaratmışlar. Bu qəhrəman eloğlularımızdan ikisinin adını xüsusilə vurğulamaq lazımdır:

1. Bəbir Nəcəfov. "Yalta hərəkatı" adı ilə tarixə düşmüş müsəlləf bir antifaşist müqavimət hərəkatı yaradaraq ona rəhbərlik edib. Müharibədən sonra Bəbir Nəcəfova "Yaltanın fəxri vətəndaşı" adı verilmiş, Yalta şəhərində əzəmətli büstü qoyulub.

2. Məmməd Kərimov. 8-ci partizan hərəkatını yaradıb, 8-ci partizan düşərgəsinin komandiri olub. İgidliyi ilə ad çıxarıb. Krım aşıqları ona "Mehmet çavuş" deyərək namına qoşmalar, şərqilər söyləyirdilər. Ümumilikdə, Ukrayna torpaqlarında 5 min nəfərə yaxın azərbaycanlı partizan dəstələrində fəal iştirak edib. Müharibədən sonra 190-dan artıq ukraynalı qız  bir düşərgədə xidmət etdikləri azərbaycanlı oğlanlara könül verərək onlarla birlikdə Azərbaycana gəliblər. Qonaqpərvər xalqımız onları gül-çiçəklə qarşılamış, öz balası kimi bağrına basaraq xeyir-dua vermişdir.

Bütövlükdə Krımın azad edilməsinə görə Azərbaycan diviziyasının 3141 nəfər əsgər və zabiti müxtəlif orden və medallarla təltif olunub. Böyük Vətən müharibəsində 77-ci Azərbaycan diviziyasının "Sovet İttifaqı Qəhrəmanı" adına layiq görülmüş 7 nəfərindən 3-cü (Aleksey Rodionov, Əbdürəhman Abdullayev, Aleksey Toropkin) məhz Krımın azad edilməsində fərqləndiklərinə görə bu fəxri adı qazanıblar.

Qısaca olaraq əlavə edək ki, Krım yarımadası azad edildikdən sonra  77-ci Azərbaycan diviziyası 1944-cü ildən Rusiyada və Baltikyanı ölkələrdə davam edən döyüşlərə qatılmış, Polşanın və Çexslovakiyanın azad olunmasında fəal iştirak edib. Döyüş əməliyyatlarına Qafqazdan başlayan Milli diviziya 11 min kilometrdən çox məsafəni qət edərək müharibəni Kurlandiyada bitirib. 1945-ci il mayın 8-də Dizintari rayonunda Vermaxt qüvvələri silahlarını ataraq 77-ci diviziyanın döyüş bölmələrinə təslim oldular.

Böyük Vətən müharibəsində 77-ci Azərbaycan diviziyasının 11237 nəfər əsgər və zabiti müxtəlif orden və medallara layiq görülüb. Diviziyanın döyüş yollarında Akim Abbasov, Mahmud Əbilov, Tərlan Əliyarbəyov, Məmmədbağır Bağırov, Heybət Heybətov, Hüseyn Məmmədov, Hacıbaba Zeynalov kimi generallar yetişmiş və onların hər biri peşəkar sərkərdəlik məharəti göstəriblər.

1969-cu ildə Azərbaycan SSR-in siyasi rəhbərliyinə gələn dahi şəxsiyyət, xalqımızın Ümummilli lideri Heydər Əliyev Ukrayna SSR-in siyasi rəhbərliyi ilə danışıqlar aparıb Sapun dağında qəhrəmancasına həlak olmuş 77-ci Azərbaycan diviziyasının oğlan və qızlarının xatirəsinin əbədiləşdirilməsi məsələsini müzakirə edərək onların şərəfinə abidə ucaldılmasının zərurətini bildirir. Qədirbilən Ukrayna xalqından qarşılıqlı istək və səmimiyyət görən Ulu öndər məsələ ilə əlaqədar bütün təşkilatçılığı öz üzərinə götürür. SSRİ Nazirlər Sovetinə hər iki respublika adından rəsmi məktub ünvanlanır. Nəzərdə tutulan memorial kompleksin parçaları Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Bakı və Kiyev şəhərlərində hazırlanaraq Sevastopolda quraşdırılır. Dünya mədəniyyətinin nəfis nümunələrindən olan abidənin müəllifi sovet heykəltaraşlığının canlı əfsanəsi Ömər Eldarovdur. Kompleks, tuncdan və latundan tökülmüşdür.

1974-cü ildə abidənin rəsmi açılışına gedən Ulu öndər Azərbaycandan rəsmi dövlət nümayəndələri ilə bərabər - əziz bir yerə gedirmiş kimi - Sevastopola - Sapun dağına öz ailəsini də gətirir. Rəsmi açılış tədbirində çıxış edən Dahi rəhbər "Sapun qələbəsi"nin əhəmiyyətindən, Ukrayna-Azərbaycan dostluğudan, bu möhtəşəm abidənin iki xalq arasında körpü olacağından danışır. Abidənin örtüyü açılır, xatirə şəkilləri çəkdirilir...

Abasət NURİYEV
Cəmşid Naxçıvanski Muzeyinin direktoru

Bölmənin digər xəbərləri
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.