|
|
|
|
Rusiya Prezidenti Vladimir Putin aparıcı media orqanlarının rəhbərləri ilə görüşündə etiraz aksiyalarında yeni nəslin iştirakı ilə bağlı mövqe bildirərkən belə deyib: "Nə etmək olar, gənclər hər zaman radikaldırlar".
Bu gün Rusiya gəncliyinin Prezident Putinə münasibətini doğrudan da, radikal hesab etmək olar. Hakimiyyətə loyal mövqeyi ilə seçilən Levada sosioloji araşdırma mərkəzinin son rəy sorğusuna görə, gənclərin yalnız 30 faizi Prezident Putinin fəaliyyətini təqdir edir. Mərkəzin araşdırmasından o da məlum olub ki, son bir ildə Prezident Putinin fəaliyyətini təqdir edənlərin sayında 18 faizlik azalma baş verib.
Levadadan fərqli olaraq, daha müstəqil sosioloji araşdırma mərkəzləri gənclər arasında dövlət başçısının fəaliyyətinə mənfi münasibətin daha yüksək olduğunu bildirirlər. Sosioloqlar etiraz aksiyalarının iştirakçılarının 70 faizinin gənclərin təşkil etməsini də bu reallığın göstəricisi kimi qiymətləndirirlər.
Sosioloqlar vəziyyətin bir neçə səbəb və məqama görə bu həddə çatdığını bildirirlər. Bu səbəblərin birincisi kimi ədəbiyyatda "Atalar və oğullar" qarşıdurması kimi xarakterizə olunan nəsillər arasındakı ziddiyyət qeyd edilir. Sosioloqlara görə, Rusiya gəncliyi ilə 69 yaşlı prezidentin arasındakı ən böyük uçurum yaş fərqindən doğur. Gənclik dövlətin başında "keçmişin adamı" hesab etdikləri şəxsi yox, özlərinə daha yaxın olan lideri görmək istəyirlər.
Ziddiyyətin ikinci səbəbi isə dünyagörüşü ilə bağlıdır. Prezident Putin interneti və Qərbdəki sosial şəbəkələri Mərkəzi Kəşfiyyat İdarəsinin dünyaya təsir aləti hesab edir. Gənclik isə həyatını internet və sosial şəbəkələr olmadan təsəvvür edə bilmir. Amma gəncliklə prezidentin dünyagörüşündəki ziddiyyət yalnız internet və sosial şəbəkələrlə bağlı da deyil. Dövlət başçısı mütəmadi olaraq ənənəvi dini və milli dəyərlərin təbliğatçısı kimi çıxış edir. Halbuki Rusiyada Z nəslinin yalnız 23 faizi dinə ehtiramla yanaşır, çox böyük əksəriyyət qətiyyətlə bu dəyərlərin əleyhinə çıxır.
Sosioloqlar prezidentlə gənc nəsil arasındakı ziddiyyətin digər səbəbini son illər ölkədə hüquq və azadlıqların məhdudlaşdırılması ilə izah edirlər. Sovet totalitarizmini keçib gəlmiş daha yaşlı nəsillər hüquq və azadlıqların məhdudlaşdırılmasına dözümlü yanaşa bilsə də, Sovet İttifaqının dağılmasından sonra doğulan insanlar hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə barışmırlar.
Rusiya gəncliyi ilə prezident arasındakı ziddiyyətin digər səbəbi kimi Z nəslinin ən çox rəğbət bəslədiyi siyasətçinin kimliyi ilə bağlı olduğu irəli sürülür. Bütün sosioloji sorğu mərkəzləri Z nəsli arasında ən yüksək reytinqə malik siyasətçinin müxalifət lideri Aleksey Navalnı olduğunu qeyd edirlər. Müxalifət lideri ətrafında ötən ilin avqustundan baş verən hadisələrin dövlət başçısına qarşı münasibətin dəyişməsində önəmli rol oynadığını qeyd edirlər.
Sosioloqlar eyni zamanda, xəbərdarlıq edirlər ki, hakimiyyət təmsilçilərinin qlobal internetin və bəzi sosial şəbəkələrin, xüsusilə də Yutubun qapadıla biləcəyi ilə bağlı fikirlər səsləndirməsi vəziyyəti daha da pisləşdirir. Qlobal internetin qapadıla biləcəyi fikrini Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev bir neçə qəzetə vediyi müsahibəsi zamanı sələndirmişdi. Prezident Putin isə media təmsilçiləri ilə son görüşündə hələlik sosial şəbəkələri bağlamaq niyyətlərinin olmadığını bildirsə də, Yutubun qapadıla biləcəyini istisna etməyib.
Sosioloqlara görə, bu fikirlər cəmiyyətdə, xüsusilə gənclər arasında hakimiyyətə qarşı münasibətin pisləşməsinə səbəb olur. Eyni zamanda, belə fikirlər etiraz aksiyalarına qoşulanların da sıralarını genişləndirir. Rəy sorğularına görə, internetin və ya sosial şəbəkələrin qapadılacağı halda əhalinin 17 faizinin etiraz aksiyalarına qoşula biləcəklərini vurğulayıblar. Bu isə bütün Rusiya boyunca 25 milyon insanın etiraza qalxması deməkdir. Çox maraqlıdır ki, Z nəslinin 61 faizi internet azadlığını qorumaq üçün meydanlara çıxmağa hazır olduqların bildiriblər. Ekspertlər isə bu statistik məlumatları 23 və 31 yanvarda etiraz aksiyalarına çıxanların sayı ilə müqayisə edirlər. Məlum olduğu kimi, təşkilatçılar bütün Rusiya boyunca 23 və 31 yanvarda 250-300 min nəfərin etiraz aksiyasına qoşulduğunu bəyan etmişdilər. Müşahidəçilər isə qeyd edirdilər ki, küçələrə 8-10 dəfə artıq, yəni 2-3 milyon insan çıxacağı halda, polis etiraz aksiyalarını nəzarət altında saxlaya bilməyəcək. Sosioloqlar 25 milyon insanın küçələrə çıxacağı halda bir neçə saatın içərisində hər şeyin dəyişə biləcəyini qeyd edirlər.
Politoloqlara görə, Rusiya cəmiyyətində proseslərin bundan sonrakı inkişafı iqtidarın addımlarından asılı olacaq. Əgər hakimiyyət ictimai rəyi nəzərə almamaqda davam edəcəksə, bu, Rusiyada vəziyyətin nəzarətdən çıxmasına qədər inkişaf edə bilər. Putinin radikal adlandırdığı gəncliyi daha da radikallaşdırmaq isə meymunun əlindən qumbara almaq cəhdi kimi təhlükəli ola bilər.
Xüsusilə də informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, Z nəslinin özündən əvvəlki bütün nəsillərlə müqayisədə bu fenomendən daha bacarıqlı davrandığı bir zamanda yaşlı prezidentin gənc nəsillə qarşıdurmasının nələrə səbəb ola biləcəyini proqnozlaşdırmaq çətin deyil. Hakerlərin "Putinin sarayı: Ən böyük rüşvətin tarixçəsi" filmini bəzi rəsmi saytlara yerləşdirməsi isə nələrin baş verə biləcəyinin anonsu hesab edilə bilər.