|
|
|
|
Hindistan yarımadası 1947-ci ildə Böyük Britaniyanın müstəmləkə zülmündən azad oldu. Onun yerində dini əlamətə görə Pakistan və Hindistan adlı iki müstəqil dövlət quruldu. Hindistan əskidən bəri var idi, bəs Pakistan haradan çıxdı?
Pakistan indi dünyanın ən böyük müsəlman ölkələrindən biridir. 220 milyon əhalisi var. 1971-ci ildə Pakistandan qoparaq müstəqil dövlət olan o vaxtkı adıyla Şərqi Pakistan, indiki adıyla Banqladeş də 1947-ci ildə yaranmışdır. İndi 165 milyon əhalisi var. Bu anda bütün Hindistan yarımadasında 220 milyon (Pakistan) + 165 milyon (Banqladeş) + 300 milyon (Hindistan) = 700 milyon müsəlman yaşayır. Bunda böyük özbək şairi və fatehi Zəhirəddin Məhəmməd Baburun müstəsna xidməti vardır.
***
Babur 14 fevral 1483-cü ildə Əndicanda anadan olmuşdur. Onun atası, Fərqanə hakimi Ömər Şeyx Mirzə böyük Əmir Teymurun nəticəsi, anası Qutlu Nigar xanım isə Çingiz xanın on dördüncü nəsildən törəməsi idi. Babur anadan olanda Ömər Şeyx Mirzə Səmərqəndə məşhur sufi şair Xoca Nəsrəddin Übeydullah Əhrarın yanına gələrək körpəyə ad qoymasını xahiş etmişdir. O, əvvəlcə «Zəhirəddin Məhəmməd» adını təklif etmiş, sonra bir az düşünərək «Bu ad tələffüz baxımında avam dili üçün ağırdır, qoy onlar «Babur Mirzə» desinlər» demişdir. Babur sözü əski türkcədə bəbir, pələng mənasına gəlir.
Dövlət idarəçiliyini öyrənməsi üçün atası Baburu hələ on yaşında ikən Əndicana vali təyin edir. Bundan iki il sonra bir qəza nəticəsində, daha doğrusu, Axsi qalasında uçurumun üstündə göyərçinləri seyr edərkən müvazinətini itirərək uçuruma yuvarlanan Ömər Şeyx Mirzə həlak olur və Babur 12 iyun 1494-cü ildə 12 yaşında Fərqanə taxtına çıxır.
Babur hökmdar olduqdan sonra yavaş-yavaş güclənir və 1497-ci ildə Səmərqəndi alır. Ancaq ağır xəstələndiyi üçün uzun müddət burada fəaliyyətsiz qalır, ətrafındakı bəylər onu tərk edirlər. Bu azmış kimi, Baburun ən inandığı bəylərindən biri, Axsi qalasının komendantı Uzun Həsən (Ağqoyunlu Uzun Həsənlə qarışdırmamalı) başqa bəylərlə əlbir olub «Babur, ağır xəstədir, dili tutulub, ağzına pambıqla su damızdırırlar» deyə şayiələr yayaraq Əndicanı mühasirəyə alır. Bunu eşidən Babur əmrindəki 250 nəfərlik dəstə ilə Əndicana üz tutur, lakin şəhərin ələ keçdiyini öyrənərək Xocəndə gəlib dayısına sığınır. Onun köməyi ilə Axsi və Əndicanı geri almağa çalışsa da, bundan bir şey çıxmır. Yalnız 15 ay sonra Əndicanı qurtarmağa müvəffəq olur, lakin bu dəfə rəqiblərin ən təhlükəlisi olan Şeybani xan ilə üz-üzə gəlir. 1501-ci ilin yayında Səripul müharibəsində ona məğlub olub Səmərqəndə qaçır. Şeybani xan bu dəfə Səmərqəndi mühasirəyə alır. Babur şəhəri tərk edir, ancaq bacısı Xanzadə bəyim Şeybaninin əlinə düşür, xan onunla evlənir. Bəxti gətirməyən və hər şeyini itirən gənc Babur dəfələrlə öz şəhərlərini, ölkəsini geri alır, yenə itirir, nəhayət, Fərqanənin cənubundakı dağlara qaçır. Uzun müddət burada ağır şəraitdə qalır, axırda Xorasana getmək üçün 250 nəfərlik qafilə ilə 1504-cü ilin iyun ayında yola çıxır.
Qunduz şəhərinin ərazisindən keçərkən xalq iki ulu xaqanın törəməsini böyük sevgi ilə qarşılayır, bir çox adam ona qoşulur. Qısa müddətdə Baburun ətrafında böyük bir ordu toplanır. Babur istiqaməti dəyişdirərək bu dəfə Xorasana deyil, Hindiquş dağlarını keçib Kabilə üz tutur. Qan tökmədən şəhəri ələ keçirir və 1506-cı ildə özünü Kabil şahı elan edir.
Şah İsmayıl Xətayi 1510-cu ildə Şeybani xanı öldürür və Babur şah əski torpaqlarını, yəni ata mülkü Mavəraünnəhri yenidən ələ keçirmək fikrinə düşür. Xətayinin yardımı ilə Hisarı, Buxaranı və Səmərqəndi ələ keçirir, ancaq osmanlı-səfəvi savaşı ilə əlaqədar Şah İsmayıl öz qoşununu geri çağırır, Babur tutduğu torpaqları yenidən itirir. Çarəsiz qalan Babur dörd illik fasilədən sonra Kabilə geri qayıdır və bütün diqqətini bu coğrafiyaya yönəldir.
Babur şah 1519-26-ci illərdə Hindistana beş dəfə yürüş edir. Pəncabı (1519/20), Qəndahar (1522), Lahor (1523), Dehli və Aqra (1526) şəhərlərini ələ keçirir. Nəticədə Əfqanıstanı, Bəlucistanı və Şşimali Hindistanı özünə tabe edərək Böyük moğollar imperiyasının təməlini qoyur.
Hindistanda iki əsas rəqibindən biri olan İbrahim Ludini Panipat yaxınlığında məğlub edərək 5 may 1526-cı ildə Dehlini tutan Babur raçputların başçısı Rana Sanka ilə vuruşur və 16 may 1527-ci ildə onun qoşunlarını Kanvanda darmadağın edir. Bu savaşdan sonra «Qazi» ünvanını alır. Babur 1527-29-cu illərdə baş verən üsyanları yatırır, müstəqil knyazlıqları məhv edir, axırda Qanq çayını keçərək benqalları yenir və 24 iyun 1529-cu ildə Aqra şəhərinə qayıdır.
Uşaqlığından bəri bataqlıq qızdırmasından əziyyət çəkən Baburun səhhəti ciddi şəkildə pozulur. Onu bir dəfə zəhərləyirlər. İbrahim Ludinin anası tərəfindən aşpaz Əhmədin əli ilə verilən ağının təsiri nəticəsində Baburun vəziyyəti gündən-günə ağırlaşır.
Baburun qızı Gülbədən bəyim özünün «Hümayunnamə» adlı kitabında atasının həyatının son aylarını müfəssəl şəkildə təsvir etmişdir. Onun yazdığına görə, şahzadə Hümayunun çox ağır şəkildə xəstələnməsi Babura öz dərdini unutdurur. O, xüsusi bir ayinə əməl edərək oğlunun yatağı başına üç dəfə dolanır, Hümayunun xəstəliyini öz üzərinə götürdüyünü bildirir, bunu gerçəkləşdirməyi sidq-ürəklə Allahdan niyaz edir. Tezliklə Hümayunun vəziyyəti yaxşılaşır və o, tamamilə sağalır. Əvəzində Baburun xəstəliyi getdikcə şiddətlənir. Babur oğulları Hümayun, Kamran, Əskəri və Hindalı, qızları Gülrəng, Gülçöhrə və Gülbədəni, sərkərdələrini yanına çağırır. Hamının hüzurunda böyük oğlu Hümayunu padşah təyin edir, elə həmin gün – 26 dekabr 1530-cu ildə 48 yaşında əbədiyyətə qovuşur. Aqrada dəfn olunur, sonralar qəbri Kabilə köçürülür. 1646-cı ildə nəticəsi Cahan şah onun Baği-Babur adlı bağda yerləşən qəbri üzərində bir məqbərə tikdirir.
Baburdan sonra ölkəni xanədan üzvləri Hümayun (1530-40), Əkbər (1556-1605), Səlim Cahangir (1605-27), Cahan (1628-58), Övrəngzib Aləmgir (1658-1707), Şahi-Aləm Bahadır (1707-12), Cahangir İskəndər (1712-13), Fərrux (1713-19) idarə etmişlər. 1719-cu ildə taxt üç dəfə əldən-ələ keçmiş, Rəfiütdərəcat və II Cahan qısa müddətə hökmdar olmuşdur. Məhəmmədin dövründə (1719-47) nisbi sakitlik bərpa edilsə də, Nadir şah Əfşarın 1739-cu ildə Dehlini tutması ilə ölkə yenidən xaosa sürüklənmişdir. Əhməd Bahadır (1747-53), II Aləmgir (1753-59) və III Aləm (1759-1806) dövründə ingilislər çox fəallaşmış və 1766-cı ildə imzalanan Allahabad müqaviləsi ilə ölkənin idarəsini öz əllərinə keçirmişlər. II Əkbərin (1806-37) və II Bahadırın (1837-58) hakimiyyəti formal xarakter daşımışdır. 1858-ci ildə baburilər səltənətinə son qoyulmuş, Hindistan İngiltərənin müstəmləkəsi, 1877-ci ildə isə Viktoriya ölkənin kraliçəsi elan edilmişdir.
Beləliklə, Baburun yaratdığı sülalə 332 il Hindistanı idarə etmiş, burada islamın yayılmasına, əhalinin bir qisminin islama keçməsinə şərait yaratmışdır. Başqa sözlə, bugünkü Pakistan və Banqladeş, eləcə də Hindistanda yaşayan müsəlmanlar baburilər sayəsində meydana çıxmışlar. Bu, hökmdar Baburun xidmətləridir.
Hərb sənətində görkəmli sərkərdə, mahir taktik və strateq, qılınc oynatmaqda, ox atmaqda, minicilikdə tayı-bərabəri olmayan cəngavər, memarlıq və peyzaj memarlığı sahəsində gözəl mütəxəssis, botanika, zoologiya, coğrafiya, astronomiya üzrə heyrətli dərəcədə dərin bilik sahibi, eyni zamanda gözəl şair, nasir, ədəbiyyatşünas, əruz nəzəriyyəçisi, tərcüməçi, musiqişünas, bəstəkar, tarixçi və etnoqraf kimi şöhrət qazanmaq tarixdə çox az adama nəsib olmuşdur. Nəticə etibarı ilə Babur eynən Qazi Bürhanəddin, Şah İsmayıl Xətayi, Cahan Şah Həqiqi, Şeybani xan, Hüseyn Bayqara, Sultan Səlim, Qanuni Sultan Süleyman və başqaları kimi həm hökmdar, həm də parlaq istedad sahibi olan əhli-qələmdir.
Babur iki divan müəllifidir. Bunlardan birincisi 1519-ci ildə tərtib edilmiş «Kabil divanı», ikincisi 1528-29-cu ildə Aqrada tərtib olunmuş «Hind divanı»dır. Alimlər Baburun iki divanında 122 qəzəl olduğunu yazırlar. Şairin bu anda elm aləminə 18 məsnəvisi, 216 rübaisi, 1 müəmması, 19 qitəsi, 15 tüyuğu, 79 mətləsi, 7 məsnu şeiri, 16 natamam qəzəli, 3 nəzmi, 16 müsərrə beyti, 11 müfrədi, 4 kiçik mənsur parçası məlumdur. Bunlardan başqa, onun qələmindən farsca yazdığı 2 qəzəl, 12 rübai, 8 qitə, 17 mətlə və 1 mənsur parça, ümumən 600-dən artıq əsər çıxmışdır.
Mən 2011-ci ildə Bakıda Baburun «Seçilmiş əsərləri»ni nəşr edərkən şairin 500-dən çox əsərini müasir dilimizə uyğunlaşdıraraq verdim. Əlavə olaraq, Baburun «Etiqadiyyə» risaləsini və tərcümə etdiyi «Risaleyi-validiyyə»ni də həmin kitaba saldım. Burada Babur divanının bir özəlliyini də qeyd etməliyik: əvvəla, divanda dibaçə yoxdur. İkincisi, qəzəllər, məsnəvilər, rübailər və s. əsərlər ərəb əlifbasına uyğun olaraq alfabetik ardıcıllıqla deyil, gəlişigözəl düzülmüşdür.
Baburun yaradıcılığında risalələr mühüm yer tutur. O, «Əruz risaləsi»ndə əruzun 21 bəhri və 272 vəzni haqqında geniş məlumat vermişdir. Şairin digər bir risaləsi «Mübəyyəni-zəkat»dır. Burada islamın hənəfilik təriqəti, zəkat, xüms, əşar, xərac və s. haqqında məsnəvi tərzində məlumat var. Şairin «Etiqadiyyə» risaləsi də dini mövzudadır. Mütəfəkkir şair 1504-cü ildə «xətti-baburi» adlı xüsusi bir əlifba kəşf etmiş, türk dilinin fonetikasını daha dolğun əks etdirən həmin əlifba ilə Qurani-kərim yazdırmışdır. Bunlardan başqa, Baburun «Musiqi elmi» və «Hərb işi» adlı iki risaləsi də olmuşdur. Bu əsərlər, təəssüf ki, indiyə qədər tapılmamışdır.
Qazi Zəhirəddin Məhəmməd Baburun yaradıcılığında «Baburnamə» (digər adları: «Vəqaye» və «Baburun xatirələri») əsəri mühüm yer tutur. Türk və islam ədəbiyyatında memuar janrında yazılmış ilk əsər olan «Baburnamə» 1494-1529-cu illər arasında Orta Asiyada, Əfqanıstanda və Hindistanda baş verən bütün hadisələri, müəllifin öz həyatını, o dövrün bütün siyasi xadimlərini, elm və ədəbiyyat nümayəndələrini əhatə edir. Kitabda regionun flora və faunası, coğrafiyası, etnoqrafik özəllikləri barədə geniş bilgilər mövcuddur.
«Baburnamə» hələ müəllifin öz sağlığında böyük əks-səda doğurmuşdur. Təkcə Əkbər şahın sarayında üç dəfə farscaya tərcümə edilmişdir. Əsərin şöhrəti qısa müddətdə Avropaya da yayılmış, onun bəzi hissələri holland, ingilis və fransız dilinə çevrilmişdir. Əsərin tam tərcüməsi ilk dəfə ingilis alimi Annet Susanna Beveric tərəfindən 1905-ci ildə həyata keçirilmişdir. Daha sonra özbək alimi Əbdürrauf Fitrət 1928-ci ildə «Baburnamə»dən bəzi hissələri çap etdirmişdir. Əsər ordinarius professor Rəşid Rəhməti Arat tərəfindən türk dilinə (1940), Mixail Salye tərəfindən rus dilinə çevrilmişdir. «Baburnamə» dörd dəfə ingilis (1826, 1905, 1921, 1922), üç dəfə fransız (1879, 1980, 1985), bir dəfə alman (1878), bir dəfə ispan (2005) dilinə çevrilmişdir.
Baburun macəra dolu əfsanəvi həyatı yazıçıları da yaxından maraqlandırmışdır. Fransız yazıçıları F.Qrenard və F.A.Stil, ABŞ yazıçısı V.Qaksoni Babur haqqında romanlar yazmışlar. Məşhur ədib Munilalə isə Baburun həyatından bəhs edən 6 roman qələmə almışdır. Bu əsərlər arasında ən populyarı amerikalı yazıçı Harold Lambın «Babur the Tiger. First of the Great Mogols» kitabıdır (Nyu-York, 1961). Həmin kitab dəfələrlə nəşr edilmiş, 2000-ci ildə Moskvada rus dilində də buraxılmışdır. Özbək ədibləri də Babura bir sıra əsərlər həsr etmişlər. Aybək, B.Baykabulov və Xurşid Dövran qələmə aldıqları poemalarında, Pirimqul Qədirov «Ulduzlu səma» romanında, Xeyrəddin Sultanov isə «Baburnamə» povestində Baburun surətini canlandırmışlar.
Mən bu mötəşəm əsəri ana dilimizə çevirərək onu 2011-ci ildə Bakıda nəşr etdirdim. Bundan qısa bir müddət sonra gözəl alim prof. Füzuli Bayat da öz tərcüməsini oxuculara təqdim etdi.
Yekun olaraq demək olar ki, ortaq türk ədəbiyyatının ən parlaq simalarından biri olan Babur çağatay ədəbiyyatında poeziyada Əlişir Nəvayidən sonra ikinci ən uca zirvə, nəsr sahəsində isə birinci, fəth olunmamış zirvədir. Babur bütün qanı, canı, dili və xarakteri ilə türkdür. .
Fevralın 14-də Baburun anadan olmasının 538-ci ildönümüdür. Bu vəsilə ilə onu yad edir, ruhu qarşısında dərin sayqı ilə əyilirik.