|
|
|
|
Rusiya Dövlət Dumasının "Vahid Rusiya" fraksiyasından olan deputat, MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin "Bizə necə Ukrayna lazımdır?" forumundakı çıxışını rus "dərin dövlət"inin prezident Vladimir Putinə qarşı qiyamın başlanğıcı kimi dəyərləndirmək olar. Həmin çıxışı zamanı Zatulin bildirib ki, "xüsusi hərbi əməliyyat" nəticəsində Rusiya qarşıya qoyulan məqsədlərə nail olmayıb: "Ukraynanın "denazifikasiyası" və "demilitarizasiya", eləcə də Donetsk və Luqansk "Xalq respublikaları"nın sakinlərinin müdafiəsinin təmin edilməsi əsas məqsəd idi. Bu bəndlərdən hansı üzrə bu günə kimi nəticələr əldə etmişik? Heç biri. Üstəlik, onların bəzilərinin heç bir mənası da qalmayıb".
Zaporojye və Xerson vilayətlərinin Rusiyanın tərkibinə daxil edilməsinə toxunan Zatulin daha sonra bildirib: "Biz heç vaxt Zaporojye şəhərinə daxil olmamışıq, Xerson şəhərini isə tərk etmişik". Rusiyanın ötən ilin fevralın 24-də başlayan və hələ də davam etməkdə olan "xüsusi hərbi əməliyyat" zamanı qarşısına qoyduğu məqsədlərin heç birinə nail ola bilmədiyini, Xerson, Zaporojye, Donetsk, Luqansk vilayətlərini tamamilə nəzarət altına alsa belə, heç bir faydasının olmayacağını vurğulayan Zatulin bunu Ukraynanın mövcud vəziyyətlə barışmayacağı ilə izah edib.
Zatulinin bu çıxışına cavab olaraq Dövlət Dumasındakı "Vahid Rusiya" partiyasının fraksiyası onun komitə sədrinin birinci müavini vəzifəsindən məhrum edilməsi və fraksiyadan çıxarılmasını müzakirə etməyə balayıb.
Ermənipərəst və anti-Azərbaycan mövqeyi ilə seçilən Zatulinin "xüsusi hərbi əməliyyat"ı tənqidi sıradan bir deputatın hakimiyyətin əleyhinə çıxış etməsindən daha böyük hadisədir. Zatulinlə bağlı oxşar vəziyyət Liviya böhranı zamanı da yaşanmışdı. O zaman hakimiyyətin xarici siyasət kursunu kəskin tənqid etdiyi üçün Zatulin Dövlət Dumasının MDB İşləri və Həmvətənlərlə Əlaqələr Komitəsi sədrinin birinci müavini vəzifəsindən kənarlaşdırılmışdı.
Zatulin Postsovet məkanını Rusiya İmperiyasının bir hissəsi kimi görənlərin öncüllərindən hesab olunur. Zatulinin Andranik Miqranyanla birlikdə yazdığı və 1997-ci ilin martında "Nezavisimaya qazeta"da dərc olunmuş "MDB: tarixin başlanğıcı və ya sonu. Mərhələləri dəyişmək" başlıqlı məqaləsində Rusiyanın postsovet məkanı üzərində nəzarəti saxlamasının ideoloji əsasları və bu vəzifəni həyata keçirməyin yolları göstərilmişdi.
"MDB: tarixin başlanğıcı və ya sonu. Mərhələləri dəyişmək" məqaləsinin qeyri-rəsmi həmmüəllifindən birinin də Sergey Lavrov olduğu haqqında bu günə kimi təkzib edilməmiş iddialar var. Bu iddianın yaranması əsassız deyil. Məqalənin həmmüəlliflərindən biri olan Andranik Miqranyan Sergey Lavrovla Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda, eyni qrupda təhsil alıblar. Zatulinlə Lavrovun çox yaxın münasibətlərə malik olması Rusiyanın siyasi dairələrində hər kəsin bildiyi məsələdir. Lavrovun müəlliflərindən biri olduğu iddia edilən məqalənin ümumi fikri ondan ibarətdir ki, Rusiya postsovet məkanını özünün təsir dairəsində saxlamaq üçün bütün imkanlara əl atmalı, o cümlədən, münaqişələr yaratmalı və onları idarə etməlidir. Məqalə müəlliflərinin Cənubi Qafqazla bağlı fikirləri məqalədə "Cənubi Qafqazda həll yolu: Anti-Rusiya oxu və ya idarə olunan qeyri-sabitlik qövsü" yarımbaşlığı altında verilib.
Zatulin və Miqranyan qeyd etdiyimiz həmin məqalədə yazırdılar: "1994-cü ilin sonundan etibarən Rusiya diplomatiyası üçün yeni problem yarandı. Çünki regionda vəziyyət kökündən dəyişdi. 1994-cü il sentyabrın 20-də Qərb şirkətlərinin iştirakı ilə təxminən 7,5 milyard dollar kapital qoyuluşu ilə Xəzər neftinin hasilatı üzrə ilk super-layihə imzalandı". Müəlliflər baş vermiş hadisəni belə qiymətləndirdilər: "Beləliklə, rus diplomatiyası üçqat məğlubiyyətə uğradı. Birincisi, Azərbaycanda Rusiya yönümlü siyasi qüvvələrin güclənməsinə nail olmaq mümkün olmadı".
Məqalədə Rusiya diplomatiyasının üçqat məğlubiyyətin ikinci məqamı kimi Xəzər dənizinin hüquqi rejiminin qeyri-müəyyənliyini əsas gətirərək bağlanmış müqavilələrin hüquqi əhəmiyyətini şübhə altına almaq cəhdlərinin iflasa uğraması göstərilirdi.
Üçüncü məqamı kimi isə qüdrətli Qərb şirkətlərinin Azərbaycana gəlməsinin qarşısını almağın mümkün olmadığı qeyd edilir və bu halın regionda Rusiyanın rolunun və təsirinin zəifləməsinə gətirib çıxaracağı bildirilirdi. Məqalə müəllifləri bu məğlubiyyətlərin rus diplomatiyası üçün digər uğursuzluqların yolunu açdığını qeyd edərək yekunda yazırdılar: "Rusiya üçün yaxın xaric təkcə onun təsir dairəsi deyil, Rusiyanın var olması və möhkəmlənməsi uğrunda mübarizə meydanıdır". Yaranmış vəziyyətdən çıxış yolu kimi Zatulin və Miqranyan (S.Lavrov) təklif edirdilər ki, Rusiya tərəfdaşlarına, rəqiblərinə birmənalı şəkildə çatdırmalıdır ki, Moskva bütün imkanlardan istifadə edərək, postsovet məkanının yenidən bölüşdürülməsinə imkan verməyəcək: "Rusiyanın Xarici İşlər Nazirliyi postsovet məkanında çoxmərkəzlik və ya ikimərkəzlik yaratmaq cəhdlərini məhv etməlidir".
Sergey Lavrov 2004-cü ildə Rusiyanın xarici işlər naziri təyin olunduqdan sonra "MDB: tarixin başlanğıcı və ya sonu. Mərhələləri dəyişmək" başlıqlı məqalədə əskini tapan fikirlər rus diplomatiyasının ana xəttinə çevrilir. Rusiya postsovet məkanında çoxmərkəzlik və ya ikimərkəzlik yaranmasının qarşısını almaq üçün qeyri-stabillik yaradır və münaqişələri alovlandırır. Etnik münaqişələrə görə Gürcüstan, Ukrayna və Moldova Avropa Birliyinə və NATO-ya inteqrasiya edə bilmir.
Bütün bunları ona görə qeyd edirik ki, Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin qanunverici orqanın sıradan bir deputat olmadığı tam aydın olsun.
İndi isə Ukraynadakı hərbi uğursuzluq və dəhşətli itkilər Rusiya imperiyasının bərpasını qeyri-mümkün edib. Bu gerçəkliyi Moskvanın siyasi dairələrində hər kəs anlayır. Üstəlik, imperiyanın sərhədlərinin bərpasına yönəlik "xüsusi hərbi əməliyyat"ın Rusiyanın özü üçün təhlükələr doğurduğu hər kəsə aydın olmağa başlayıb. Buna görə də Rusiya "dərin dövlət"inə bağlı şəxslər prezident Vladimir Putinə qarşı fikirlər səsləndirməyə başlayıblar. Artıq bu etirazlar Kremlin sərt nəzarəti altında olan televiziya kanallarından da səslənir. Vəziyyətdən çıxış yolu kimi isə Rusiya dövlətinin başına yeni bir şəxsin gətirilməsi təklif olunur. Ukraynanın əks-hücumu gözlənilən nəticəni versə, yəni Ukrayna Silahlı Qüvvələri işğal altındakı torpaqların ən azından böyük bir hissəsini azad etsə, Rusiya "dərin dövlət"i qiyamı məntiqi sonluqla bitirməyə cəhd göstərəcək.