Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ölkəsində keçiriləcək G20 toplantısına Rusiya Prezidenti Vladimir Putini də dəvət edəcəyini bildirib. Lakin o, Rusiya Prezidentinin orada həbs olunmayacağına zəmanət vermir. "Putin gəlsə də, gəlməsə də, Braziliyada keçiriləcək G20 sammitinə dəvət olunacaq. Lakin gələcəyi halda nəticələrini düşünməlidir. Qərar vermək mənim səlahiyyətimdə deyil". Lula da Silva bildirib ki, Putinin həbs edilib-edilməməsi ilə bağlı qərarı Braziliya Prezidenti deyil, məhkəmə verəcək.
Çox maraqlıdır ki, cəmi üç ay öncə Lula da Silva Putinin Braziliyaya səfər edəcəyi təqdirdə həbs olunmayacağına söz vermişdi. İndi isə Braziliya prezidenti tamamilə fərqli münasibət bildirir. Bundan əvvəl oxşar vəziyyət Rusiyanın BRİKS-dəki digər müttəfiqi Cənubi Afrika ilə bağlı yaşanmışdı.
Məlum olduğu kimi, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) 2023-cü ilin martında Prezident Vladimir Putinin, eləcə də Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın həbsinə order verib. Onlar Ukraynanın işğal olunmuş ərazilərindən uşaqları Rusiyaya deportasiya etməkdə şübhəli bilinirlər. Bundan sonra Putin Braziliya kimi Roma Statutunu ratifikasiya edən Cənubi Afrikadakı BRİKS sammitinə gedə bilmədi. İki ay əvvəl, oktyabr ayında isə Rusiyanın digər müttəfiqi Ermənistan hökuməti Roma Statunun ratifikasiya edilməsinə qərar verdi. Ermənistan parlamenti isə qısa müddətdə Roma Statunu ratifikasiya edərək, Putinin həbs yolunu açdı.
Qısa zamanda baş verən bu proses Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq münasibətlərdə legitimliyini itirdiyini göstərir. Görünür, məhz bu məqam Vladimir Putini yeni siyasi mövqenin mesajı kimi bir sıra bəyanatlar verməyə vadar edib. Putinin ilk bəyanatı Ukraynaya qarşı müharibəni dayandırmağa hazır olması ilə bağlı idi. Ardınca Putin NATO-ya üzv olan Avropa ölkələri ilə Rusiya arasında münasibətlərin kəskin şəkildə pisləşməsindən təəssüfəndiyini bildirib və qarşılıqlı mənfəət naminə münasibətlərin normallaşmasına hazır olduğunu bəyan edib. Putin xüsusilə Almaniya ilə iqtisadi münasibətlərin qırılmasından təəssüfləndiyini ifadə edərək bu münasibətlərin yalnız Rusiya-Almaniya üçün deyil, bütün Avropa üçün vacib olduğunu bildirib.
Bundan başqa, Prezident Vladimir Putin Rusiyada genişmiqyaslı repressiyaların təkrarlanmasına qarşı çıxıb: "Siyasi repressiya qurbanları dedikdə, biz müxtəlif insanları nəzərdə tuturuq, bunlar həqiqətən sovet quruluşunun əleyhdarları və tərəfdarları olan, lakin müxtəlif daxili siyasi səbəblərə görə dəmir barmaqlıqlar arxasına düşənlərdir. Bizim üçün vacibdir ki, ölkəmizin tarixində belə bir şey təkrarlanmasın, çünki bütün bunlar bütövlükdə xalqımıza və dövlətimizə böyük, bərpası çətin olan ziyan vurub".
Belə görünür ki, Putin proseslərin onun və Rusiyanın əleyhinə işlədiyini artıq dərk etməyə başlayıb. Ən azından son açıqlamaları göstərir ki, Putinin mövqeyində dəyişikliyin ilk əlamətləri görünməyə başlayıb. Bütün bunlara Cənubi Afrika və Braziliyanın son mövqeyinin təsir etdiyini söyləmək mümkündür.