|
|
|
|
Azərbaycanla Ermənistan arasında əldə edilmiş sonuncu razılaşma iki ölkənin sülhə çox yaxın olduğunu göstərir. Bu, eyni zamanda danışıqların vasitəçilərin iştirakı olmadan də aparıla biləcəyini nümayiş etdirir.
Məlumat üçün qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayıb. Açıqlamada tərəflərin bir sıra razılaşmalar əldə etdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan və Ermənistan regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir. Tərəflər arasında aparılmış danışıqlar nəticəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir. Xoş niyyətin təzahürü olaraq, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir. Bu razılaşmalar əlbəttə ki, qarşılıqlı etimad mühitinin yaradılmasına töhfə verəcək.
Aparıcı beynəlxalq qurumlar və dövlətlər
birgə bəyanatı və orada yer almış razılaşmaları alqışlayıblar.
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel sosial şəbəkə hesabında yaydığı açıqlamada saxlanılanların azad edilməsini və siyasi dialoqda görünməmiş irəliləyişi alqışlayıb: "Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Avropa İttifaqının rəhbərlik etdiyi "Brüssel prosesi"nin əsas məqsədi olub. Bu irəliləyiş vacib addımdır. İndi isə liderləri Ermənistan-Azərbaycan sülh razılaşmasını tez bir zamanda yekunlaşdırmağa çağırıram".
Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel isə saxlanılanların qarşılıqlı azadlığa buraxılması və digər etimad tədbirlərini mühüm siyasi addım adlandırıb: "Regionda sülh üçün tarixi şansın olması barədə həmfikirik və bu səyləri dəstəkləməkdə qərarlıyıq".
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller iki azərbaycanlı və otuz iki erməni məhbusunun azad edilməsini tərəflərin sülh müqaviləsi prosesini yekunlaşdırmaq və münasibətləri normallaşdırmaq üzərində işlədiyi bir vaxtda mühüm etimadın möhkəmləndirilməsi tədbiri adlandırıb. ABŞ-nin davamlı və ləyaqətli sülhə nail olmaq üçün səyləri güclü şəkildə dəstəkləməyə davam edəcəyini söyləyib.
Türkiyə, Rusiya, Almaniya, İtaliya və digər ölkələrdən də dəstəkləyici bəyanatlar verilib.
Görünən odur ki, iki ölkə arasında düşmənçiliyə son qoyulmasının, dinc qonşuluq şəraitində yaşamağın, regionda sülh və təhlükəsizliyin, əmin-amanlığın bərpa edilməsinin zamanı çatıb. Bu gün artıq bütün bunlara nail olmaq üçün real şərait və imkanlar var. Sadəcə Ermənistan rəhbərliyi iradə nümayiş etdirib, kənar qüvvələrin təsirinə düşmədən Bakı ilə vasitəçisiz danışmalıdır. Hazırkı şəraitdə vasitəçilərə ehtiyac qalmayıb. Bakı və İrəvan rəsmiləri iki ölkə ərazisində də müzakirələr apara bilərlər, eyni zamanda uzağa getmədən Gürcüstanda görüşlər mümkündür. Rəsmi Tbilisidən dəfələrlə belə təklif gəlib. Yetər ki, İrəvan artıq iradə ortaya qoyub, manipulyasiyalardan əl çəksin. Rəsmi Bakı sülh üçün, etimad mühitinin yaradıması, birgəyaşayışın təmini üçün bütün səyləri göstərir. Əldə edilmiş razılaşmada heç şübhəsiz ki, Bakının töhfəsi daha çoxdur.
ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri, beynəlxalq ekspert Metyu Brayza da hesab edir ki, Azərbaycan və Ermənistan arasında artıq hər hansı vasitəçiyə ehtiyac yoxdur. O, razılaşmanı sülh sazişinə gedən yolda bir məqam adlandırıb. Bildirib ki, sülh müqaviləsinə gedən yolda sonuncu maneə aradan qaldırılıb: "Dəfələrlə qeyd olunduğu kimi, Azərbaycanın Qarabağ bölgəsində erməni qoşunlarının və separatçı siyasi hakimiyyətin sonu həm Ermənistanın Baş naziri Paşinyan, həm də Azərbaycan Prezidenti Əliyev tərəfindən sülh müqaviləsi qarşısında duran sonuncu maneəni aradan qaldırdı".
Milli Məclisin deputatı Azər Badamov mövzunu "525"ə şərhində bildirib ki, Azərbaycan və Ermənistan arasında birbaşa danışıqların aparılması yolu ilə hərbçilərin qarşılıqlı dəyişdirilməsi təşəbbüsü Prezident İlham Əliyevə məxsusdur: "Bu, Ali Baş Komandanın hər bir Azərbaycan əsgərinin taleyini düşündüyünün göstəricisidir. Eyni zamanda, əsgər valideynlərinin dövlətimizin başçısına etdiyi müraciətlərinə verilən yüksək dəyər və onların dərdinə şərik olmağın əyani sübutudur".
Deputat xatırladıb ki, Azərbaycanın 2 əsgəri, Ermənistanın 32 hərbçisi sərbəst buraxılır: "Bu addım bir daha hər bir əsgərimizin taleyinin Prezident İlham Əliyev üçün nə qədər dəyərli olduğunu göstərir. İlham Əliyev ölkə prezidenti seçiləndə hər bir azərbaycanlının prezidenti olacağını demişdi. Azərbaycan Prezidentinin hakimiyyətdə olduğu illərdə həyata keçirilən layihələr, insanların sosial rifahının yüksəldilməsi ilə bağlı atılmış addımlar dövlətimizin başçısının xalqımıza olan diqqət və qayğısının təzahürüdür. Keçmiş məcburi köçkünlərə və qaçqınlara göstərilən dövlət qayğısı, şəhid ailələrinə və müharibə iştirakçılarına olan diqqət, suverenliyimizin bərpa edilməsi, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması, o cümlədən, əsirlikdə olan hərbçilərin azad olunması istiqamətində atılan addımlar Prezident İlham Əliyevin Azərbaycanın hər bir vətəndaşının yanında olduğunun sübutudur".
O əlavə edib ki, Azərbaycanla Ermənistan arasında mövcud kanallarla razılaşmanın əldə olunması həm də ölkələrarası münasibətlərin tənzimlənməsi baxımından yeni bir səhifənin açılması deməkdir. Bu, münasibətlərin tənzimlənməsində vasitəçilərin iştirakı olmadan aparılan danışıqların daha effektiv olduğunu göstərir: "İndi qarşılıqlı etimad mühiti yaratmaq və ölkələrarası münasibətlərin formalaşdırılması üçün fürsət yaranıb. Bu fürsət həm də regiona sülhün gəlişini sürətləndirə bilər".
A.Badamov vurğulayıb ki, üç il əvvəl müharibə başa çatanda Ermənistanla sülh danışıqlarının aparılmasının təşəbbüskarı da Prezident İlham Əliyev olub: "İkitərəfli razılaşma da dövlətimizin başçısının təşəbbüsü ilə əldə olunub. Prezident İlham Əliyevin bu cür humanist səyləri regionda davamlı sülhün əldə olunmasına yol açır".