|
|
|
|
ABŞ Senatının Ukrayna, İsrail və Tayvana hərbi yardımı nəzərdə tutan qanun layihəsinin səsverməyə çıxarılmasını rədd etməsi Qərbin Ukraynanı Rusiyaya satması kimi dəyərləndirilib. Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladığı 24 fevral 2022-ci ildən bu ilin oktyabr ayına kimi olan müddət ərzində NATO-ya üzv ölkələr Kiyevə 113 milyard dollarlıq hərbi yardım göstəriblər. Ukraynaya hərbi dəstək verən ölkələrə ABŞ öncüllük edir. Vaşinqton 24 fevral 2022-ci ildən bu ilin oktyabr ayına kim Ukraynaya 46.6 milyard dollarlıq hərbi yardım göstərib. Qeyd olunan tarixdə Ukrayna Qərbdən 783 tank, 783 haubitsa, 125 hava hücumundan müdafiə sistemi və 97 reaktiv yaylım atəşi sistemi alıb.
Ukraynanın dövət büdcəsinin təxminən 70 faizi Qərbin maliyyə yardımından ibarətdir. Bundan əlavə də, bir neçə on milyard dollar Ukraynadan olan köçkünlərin ehtiyaclarını qaşılamağa xərclənir. Tarixdə buna bənzər bir yardım kampaniyası müşahidə olunmayıb. Üstəlik, Qərb özünün iqtisadi maraqlarının əleyhinə gedərək Rusiyanı qlobal iqtisadiyyatdan təcrid edib. Rusiyanın Qərbin enerji bazarlarıdan kənarlaşdırılmasına görə Avropa ölkələri enerji daşıyıcılara daha çox pul ödəməli olublar. Moskvaya qarşı tətbiq olunan sanksiyalara görə Rusiyada biznes əlaqələri olan Qərb şirkətləri də milyardlarla zərərə düşüblər. Bir ölkəyə bu qədər yardım göstərildiyinin, bir ölkə üçün bu qədər fədakarlıq edilməsinin tarixdə analoqu yoxdur. Ukrayna kimi öz ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycana Qərbin Kiyevə göstərdiyi dəstəyin bir faizini Bakıya ən yaxın müttəfiqləri və tərəfdaşları göstərməyib. Bu mənada Ukraynanın Qərbdən küsməsi üçün heç bir səbəb yoxdur. Eyni zamanda Ukraynaya bu qədər dəstək vermiş Qərbi satqınlıqda ittiham etmək obyektiv dəyərləndirmə hesab oluna bilməz. Üstəlik, Qərb Ukraynaya yardımdan imtina etməyib. Sadəcə olaraq demokratik dövlətlərdə daima müşahidə olunan maraqların toqquşması nətcəsində ABŞ-ın Ukraynaya dəstəyinin davam etməsini nəzərdə tutan qanun layihəsi səsverməyə çıxarılıb. Onu da nəzərə almaq lazımdır ki, bu qanun layihəsinə Ukrayna ilə yanaşı, ABŞ-ın iki strateji müttəqinə - İsrail və Tayvana yardım da daxildir. Prezident Cozef Baydeninin partiyadaşları tərəfindən təklif olunan qanun layihəsinin əleyhinə çıxan respublikaçılar onların təklifinin qanun layihəsində əks olunmadığı üçün sənədin əleyhinə səs veriblər. Respublikaçılar Cənubdan, Meksika üzərindən gələn qanunsuz miqrant dalğası ilə mübarizə tədbirlərinin də Ukrayna, İsrail və Tayvana hərbi yardımı nəzərdə tutan qanun layihəsinə daxil edilməsini, qanun layihəsinin bundan sonra səsverməyə çıxarılmasını təklif edirlər. Demokratlar qanunsuz miqarntlarla məsələni müzakirə etməyə hazır olduqlarını, ancaq ayrı-ayrı qanunlar halında qəbul edilməsini istəyirlər. Bütün bunlar ABŞ-ın daxili siyasəti ilə bağlıdır.
Ukrayna ilə bağlı önəmli məsələ ondan ibarətdir ki, Kiyev və Vaşinqtonun təmsilçiləri dekabrın 6-da Ukrayna silahlı qüvvələrinin təcili ehtiyaclarını ödəmək üçün ən zəruru silah-sursatın birgə istehsalı, həm texniki, həm də digər məlumatların mübadiləsi barədə anlaşma imzalayıblar. Yaxın aylarda ABŞ Ukraynada FrankenSAM hibrid hava hücumundan müdafiə sistemlərinin istehsalına başlayacaq. Ağ evin yaydığı məlumatda deyilir ki, Vaşinqton Ukraynaya müdafiə sənayesini inkişaf etdirməkdə dəstək vermək niyyətindədir və FrankenSAM hibrid hava hücumundan müdafiə sistemlərinin istehsalına başlamaq üçün lazım olan məlumatlar artıq Kiyevə verilib. FrankenSAM layihəsi sovet hava hücumundan müdafiə sistemlərinin və artıq ehtiyatda ola bilən raketlərin Amerika sistemlərinə uyğunlaşdırılmasını nəzərdə tutur. Bunun nəticəsidə Ukrayna Silahlıq Qüvvələri kamikadze dronlarını, qanadlı raketləri və hətta cəbhə xəttinə yaxın hədəfləri vurmaq imkanlarını ciddi şəkildə artıracaq. Hərbi ekspertlər FrankenSAM layihəsini hava hücumundan müdafiə sahəsində inqilab hesab edirlər.
ABŞ-la yanaşı, Almaniya da Ukraynanın müdafiə sənayesini gücləndirməyə başlayıb. Almaniyanın hərbi-sənaye kompleksinin aparıcı şirkəti Rheinmetall AG 2024-cü ildə Ukraynada zirehli texnikanın istehsalına başlayacaq. Rheinmetall AG-ın Ukraynada təsis etdiyi birgə müəssisə Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi Qərb texnikasının təmirini də həyata keçirəcək. Əsası 1889-cu ildə qoyulmuş Rheinmetall AG şirkəti yalnız Almaniyanın deyil, bütövlükdə Qərb blokunun ən böyük hərbi texnika və silah istehsalçılarından biridir. Rheinmetall AG zirehli texnikaların istehsalında üçüncü böyük şirkət hesab olunur. Belə bir şirkətin Ukraynada istehsal qurması hərbi texnika və silah-sürsat istehsal edən digər şirkətləri də Kiyevlə əməkdaşlığa sövq edəcək.
Ukraynaya dəstəyi artıran Almaniya bununla kifayətlənməyəcək. Almaniyanın müdafiə naziri Boris Pistorius bəyan edib ki, yaxın aylarda Almaniya Ukraynaya 200 min artilleriya mərmisi verəcək. Almaniya ilə yanaşı, digər Avropa ölkələri də Ukraynanı artilleriya mərmisi ilə təmin etmək üçün hərəkətə keçiblər. Cəmi bir neçə ay öncə NATO-ya üzv olan Finlandiya tezliklə Ukrayna üçün artilleriya mərmilərinin istehsalına başlayacaq. Bu barədə Finlandiyanın müdafiə naziri Antti Hyakk?nen "İltalehti" qəzetinə müsahibəsində deyib: "Biz Ukraynaya indikindən də çox dəstək vermək niyyətindəyik. Eyni zamanda, Finlandiya və Şimali Avropa ölkələri mərmi istehsalını daha da artıracaq".
Başqa bir məlumata görə, Almaniyanın Rheinmetall AG şirkəti Ukrayna üçün 155 mm-lik artilleriya mərmiləri istehsal etmək üçün adının açıqlanmasını istəməyən bir ölkə tərəfindən böyük sifariş alıb. Mediada yer alan məlumata görə, bu ölkə Yaponiya və ya İsveç ola bilər.
Bütün bunlar Qərbin Ukraynanı Rusiyaya satmadığını göstərir. Sadəcə olaraq Qərb dövlətləri demokratik sistemə malik olduqları üçün prezidentin və ya baş nazirin mövqeyi hər şeyi həll etmir. Bütün əhəmiyyətli qərarları qanunvericilərlə razılaşdırmaq lazım gəlir. Qanunverici orqanda isə bəzən bir neçə nəfər bütün təşəbəssüləri ləngidə və ya ümumiyyətlə, qarşısını ala bilirlər. Bu baxımından ABŞ-ın keçmiş prezidenti Donald Trampın Konqressində təmsil olunan 29 nəfərdən ibarət tərəfdarı 435 üzvü olan Nümayəndələr Palatasının qərarlarına təsir edə bilirlər. Avropada isə elə ölkələr var ki, hətta bir deputat belə qərarların qəbuluna təsir edə bilir.