ABŞ Konqresinin yuxarı palatası - Senat fevralın 8-də Ukrayna, İsrail və Tayvana yardımın ayrılması ilə bağlı qanun layihəsinin səsverməyə çıxarılması haqqında qərar qəbul edib. Qanun layihəsi Ukraynaya dəstək üçün 61 milyard dollar, HƏMAS-a qarşı müharibədə İsrailə 14 milyard dollar və Hind-Sakit okean regionunda ABŞ-nin tərəfdaşlarını dəstəkləməyi nəzərdə tutur. Senatın qərarı bütün dünya üçün gözlənilməz oldu. Bir neçə aydır ki, Konqresin Nümayəndələr Palatasında respublikaçı çoxluq Ukraynaya yardımla bağlı qərar qəbul edilməsinin qarşısını alır. Qanun layihəsinin Senatda qəbulu üçün respublikaçıların dəstəyi lazımdır. Konqresin hər iki palatasındakı respublikaçı qanunvericilər isə Respublikaçılar Partiyasının prezidentliyə namizədliyinə əsas iddialı Donald Trampın tələbi ilə Ukraynaya yardımın ayrılmasına qarşı çıxır. Elə bir vəziyyət yaranıb ki, prezident Co Bayden Donald Trampı qanun layihələrinin qəbulunu sabotaj etməkdə ittiham edib. Tramp və onun MAGA (Make America Great Again) qrupu Ukraynaya yardım edilməsini ABŞ vətəndaşlarının maraqlarına zidd olduğunu bəyan edərək Konqresin müfaviq qərar qəbul etməsinə imkan vermirlər. Hətta Konqresdəki iki partiyanın bir neçə həftə ərzində hazırladıqları razılaşdırılmış qanun layihəsi də Tramp və onun tərəfdarlarının müqaviməti nəticəsində qəbul edilmədi.
ABŞ Konqresinin Ukraynaya yadıma imkan verən qərar qəbul edə bilməməsi Vaşinqtonun müttəfiqləri və Qərb mediası tərəfindən kəskin tənqid olunur. Fevralın 8-də Polşanın Baş naziri Donald Tusk ABŞ Senatını Ukraynaya yardımı ehtiva edən qanun layihəsini qəbul etmədiyinə görə sərt tənqid edib. "X" sosial şəbəkəsi üzərindən paylaşdığı mesajında Donald Tusk belə yazıb: "Hörmətli respublikaçı senatorlar, milyonlarla insana azadlığını və müstəqilliyini qazanmağa dəstək olan Ronald Reyqan bu gün məzarında narahatdır. Sizə ayıb olsun". ABŞ-nin Respublikaçılar Partiyasından olan 40-cı prezidenti Ronald Reyqan Avropadakı kommunist ölkələrinin Moskvanın nəzarətindən çıxaraq azadlıq qazanmasına böyük dəstək verməsilə tarixə düşüb. İndi isə həmin Respublikaçılar Partiyasının Konqresdəki təmsilçiləri Rusiyanın işğalına qarşı Ukraynanın müqavimətini dəstəkləməyə imkan vermirlər. Polşanın Baş nazirindən əvvəl Baltikyanı ölkələrin parlament rəhbərləri Vaşinqtonda həmkarları ilə danışıq apararaq Konqresi Ukraynaya yardımı dəstəkləməyə çağırmışdılar.
Son günlər ABŞ və bütövlükdə Qərb mediası da Konqresdəki respublikaçıları sərt tənqid edir. Məsələn, "The Economist" jurnalında respublikaçıların Ukraynaya yardımın qarşısının alınmasında təhlükəli israrını tənqid edən redaksiya məqaləsi dərc edilib. Məqalədə Respublikaçılar Partiyası, xüsusən də onun Nümayəndələr Palatasındakı təmsilçiləri Rusiya Prezidenti Vladimir Putinə kömək etməkdə ittiham olunurlar. "Nümayəndələr Palatasındakı respublikaçılar Prezident Co Baydenə zərər vermək üçün öz siyasət prioritetlərini sabotaj etdilər. Onların yanaşması Amerikanı zəiflədir və düşmənlərini sevindirir".
"The Economist" jurnalı kimi nüfuzlu nəşrin, Polşa Baş naziri Donald Tuskun sərt tənqidləri nəticəsiz qala bilməz. Respublikaçılar Partiyasında anlayırlar ki, bu mövqelərini davam etdirsələr, seçicilərin, xüsusən də əslən Şərqi Avropadan olan seçicilərin səslərini itirəcəklər. Ona görə mövqelərində bir qədər dəyişiklik ediblər.