Ermənistanın baş naziri Nikol Paşinyan Britaniyanın nüfuzlu "The Telegraph" qəzetinə müsahibəsində Azərbaycanla imzalanacaq sülh sazişindən danışıb. O bəyan edib ki, sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb, İrəvanın bu sənədi imzalamaq üçün siyasi iradəsi var. "Əslində, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb və ötən ilin sonunda bizə elə gəldi ki, yekun müqavilənin son razılığına çox yaxınıq", - Paşinyan deyib. Onun sözlərinə görə, Azərbaycanda keçirilmiş prezident seçkilərindən sonra buna nail olmaq mümkün olacaq: "Deyə bilərəm ki, Ermənistan hökumətinin əvvəlki kimi regionumuzda sülhə nail olmaq və Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün siyasi iradəsi var".
Ümumiyyətlə, Ermənistan sülh müqaviləsinin tezliklə imzalanmasında maraqlıdırmı və bu istiqamətdə gözlənilən addımları atacaqmı?
Görünən odur ki, Ermənistan hökumətinin rəhbəri sözdə sülh sazişinin imzalanmasında maraqlı olduğunu dilə gətirir, amma söylədiyi siyasi iradəni nümayiş etdirmir. Bunun əsas səbəblərindən biri də rəsmi İrəvanın müstəqil olaraq qərar qəbul edə bilməməsindən irəli gəlir. Sirr deyil ki, Ermənistan Fransa başda olmaqla Qərbdəki bəzi antiazərbaycan qüvvələrin təsiri altındadır. Həmin qüvvələr İrəvanın sülh prosesində irəliləməsinə mane olur, iki dövləti nəinki sülhə təşviq edir, əksinə, yeni müharibəyə təhrik edir. Fransanın Ermənistanı silahlandırması, guya Azərbaycanın Ermənistana hücum planı hazırlaması kimi şayiələri gündəmə gətirməsi də bu qüvvələrin region üçün pozucu planlarının olduğunu göstərir.
Digər tərəfdən, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında ciddi maneə qalmayıb. İndi sülhə nail olmaq üçün məhz İrəvan siyasi iradəsini ortaya qoyub, gərəkən addımları atmalıdır. Təbii ki, atılacaq vacib addımlardan biri Ermənistanın öz Konstitusiyasını, bəzi dövlət atributlarını - gerbini dəyişməsidir. Çünki həm Konstitusiyada, eyni zamanda bir sıra hüquqi sənədlərdə Azərbaycana, Türkiyəyə qarşı ərazi iddiları yer alıb.
Ermənistanın Müstəqillik Bəyannaməsində Ermənistan SSR və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ali sovetlərinin 1989-cu il 1 dekabr tarixli "Ermənistan SSR-nin və Dağlıq Qarabağın birləşdirilməsi haqqında" birgə qərarına istinad olunur. Sənədin mətnində 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin, guya, "soyqırımına" məruz qalmasından da bəhs olunur. Həmçinin, 1915-ci il hadisələrinin beynəlxalq aləmdə "soyqırımı" kimi tanınmasına çağırış edilir.
1995-ci il iyulun 5-də refe-rendum yolu ilə qəbul olunmuş Konstitusiyasının preambulasında isə Müstəqillik Bəyannaməsinə istinad olunur.
Belə olan halda, Konstitusiya dəyişmədən sülh sazişinin imzalanması necə mümkün ola bilər?
Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə qeyd edilən mövzu ilə bağlı bildirdi ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Bununla yanaşı, dövlət başçısı vurğuladı ki, Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir. Prezident qeyd edib ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən dövlət başçısı vurğulayıb ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.
Düzdür, Ermənistanın Baş naziri Konstitusiyanın dəyişdiriləcəyini deyib, gerbi tənqid edib. Yazda Ermənistanda mütləq konstitusiya referendumunun keçiriləcəyini bəyan edib. Amma Paşinyanın bunu edə biləcəyi hələ ki, sual yaradır.
Mövzunu "525"ə şərh edən politoloq İlyas Hüseynov deyib ki, Paşinyan son müsahibəsində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivlərinə toxunarkən bildirib ki, sülh sazişinin arxitekturası və prinsipləri razılaşdırlıb. Bu, həqiqətən də belədir. Çünki ümumi yol xəritəsi məlumdur və tərəflər hansı istiqamətdə hərəkət edəcəklərini yaxşı bilirlər. Politoloq bildirib ki, bu, regionda sülhün və təhlükəsizliyin gücləndirilməsi, sərhədlərin müəyyən edilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasından ibarətdir: "Qarabağ mövzusu artıq gündəlikdən çıxıb, Azərbaycanın daxili məsələsidir. Bu gün sırf dövlətlərarası münasibətlər müzakirə olunur. Digər məsələ ondan ibarətdir ki, Nikol Paşinyan sülhün tərəfdarı olduğu təəssüratını yaratsa da, heç bir real iş görülmür. Heç bir praktiki addımlar atılmır. Yeganə olaraq fərqləndirici amil kimi delimitasiya komissiyasının işini qeyd edə bilərik. Artıq görüşün keçirilməsi, onun detallarının müzakirəsi müəyyən edilib. Bu xüsusda qeyd etməliyik ki, sülhə dair ehtimallar çoxalmaqdadır. Azərbaycanda prezident seçkilərinin nəticələri məlumdur və düşünürəm ki, andiçmə mərasimindən sonra cəld sürətdə sülh prosesi gündəmə gələcək və böyük ehtimalla, bu proses artıq öz axarına düşəcək. Böyük ümidlər var ki, bu il ərzində sülh müqaviləsi imzalana bilər. Lakin bir xüsusi qeyd etmək istədiyim məqam ondan ibarətdir ki, Ermənistan tərəfi və rəsmiləri sülh barədə daha çox danışaraq heç nə etməməklə yalnız prosesə zərbə vurmaq niyyətini güdürlər və bu yanaşmanın qarşısı alınmalıdır".
Politoloq Zaur Məmmədov isə "525"ə bildirib ki, Nikol Paşinyanın müsahibəsi bir daha təsdiq etdi ki, o, yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyətində deyil: "Hər kəsə məlumdur ki, bəli, sülh müqaviləsinin arxitekturası və ümumi prinsipləri razılaşdırılıb. Paşinyana sual vermək lazımdır ki, belə olan halda, problem nədən ibarətdir ki, sülh müqaviləsi hələ də imzalanmayıb. Problem ondan ibarətdir ki, həmin o mətnlə bağlı ümumi razılıq olsa da, axı söhbət təkcə mətndən getmir. Ermənistan Konstitusiyasını dəyişməlidir. Ermənistan parlamentinin qəbul etdiyi bu və ya digər qərarlar var ki, onlar da dəyişməlidir. Həmçinin, Ermənistan beynəlxalq təşkilatlarda qərar qəbul edən zaman Qarabağla bağlı, Azərbaycan ərazisi ilə bağlı xüsusi ifadələrdən istifadə etdiyinə görə bu məsələlərə də bir daha baxılmalıdır. Çünki bəzi beynəlxalq miqyasdakı təşkilatlar çərçivəsində səsvermələrdə istisna sözü ilə Ermənistan bu və digər məsələlərə səsini verib. Buna görə də bütün bunlar baş verməlidir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın. Əks təqdirdə müqavilə necə imzalana bilər".
Politoloqa görə, Paşinyanın Ermənistan qarşısında beynəlxalq çağırışların olmasına dair bəyanatları da onu sübut edir ki, məsələlərə o qədər də adekvat yanaşmır və məhz onun fəaliyyəti vəziyyəti belə gərginləşdirə bilər: "Amma Paşinyan da, erməni xalqı da düşünsün ki, sülh müqaviləsinin imzalanmaması doğurdanmı daha çox Azərbaycana, yoxsa Ermənistana sərf etmir. Yəni onlar bu dilemma qarşısında dayanmalıdırlar. Ümumiyyətlə, öz gələcəklərini ilə bağlı ciddi şəkildə sualları ortaya qoymaqla, əslində Paşinyanın qarşısında onun özü, erməni xalqı üçün böyük bir səhifələr açıla bilər. Bu böyük səhifə ondan ibarət ola bilər ki, erməni xalqının şüuru artıq dəyişdirilməlidir, erməni tarix kitabları artıq dəyişdirilməlidir. Ermənilərin uşaqlarının körpə yaşından tərbiyələndirilməsinin fəlsəfəsi dəyişdirilməlidir. Onların azərbaycanlılara, ümumilikdə türklərə münasibətləri dəyişdirilməlidir. Əgər bu işləri Nikol Paşinyan bacaracaqsa, doğrudan Cənubi Qafqazda böyük bir addım atmış olacaqdır. Yox, əgər bunu bacarmazsa, gah elə, gah belə ifadələrdən istifadə edəcəksə, bu həm onun, həm də Ermənistan dövlətçiliyinin süqutu ilə nəticələnə bilər".