Avropa İttifaqı Rusiyanın Ukraynaya hərbi təcavüzünü dəstəkləmək ittihamı ilə iyirmiyə yaxın şirkətə, o cümlədən, üç Çin firmasına yeni ticarət məhdudiyyətləri tətbiq etmək niyyətindədir. Bu təkliflər qəbul olunarsa, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ilk dəfə olaraq Avropa İttifaqı Çin şirkətlərinə qadağalar tətbiq edəcək. Brüssellin hədəfində Honq-Konq, Serbiya, Hindistan və Türkiyədən olan şirkətlər də var. Əgər Brüsselin təklifi qəbul olunsa, Avropa şirkətlərinə siyahıda olan firmalarla əməkdaşlıq qadağan ediləcək.
Brüssel daha öncə də bir neçə Çin şirkətinə qarşı sanksiyaların tətbiqi təklifini irəli sürmüşdü, lakin Avropa İttifaqına üzv bəzi ölkələrin müqaviməti və Pekinin təzyiqləri səbəbindən təklif qəbul edilməmişdi.
Məlumata görə, Brüsselin sanksiya tətbiq etmək istədiyi şirkətlərin böyük hissəsi texnologiya və elektronika şirkətləridir. Onlar "Rusiyanın hərbi və texnoloji gücünün gücləndirilməsinə və ya hərbi-sənaye kompleksinin və təhlükəsizlik sektorunun inkişafına kömək etməkdə" ittiham olunurlar. Bir neçə gün öncə Ukrayna dünya üzrə 48 şirkəti, o cümlədən, Çindən olan 14 şirkəti "beynəlxalq müharibənin sponsorları" siyahısına daxil etmişdi. Ukraynanın bu addımından sonra Pekinlə Kiyev arasında münasibətlər gərginləşdi. Çin rəsmi bəyanatla çıxış edərək Çin şirkətini dərhal "beynəlxalq müharibənin sponsorları" siyahısından çıxarmağı Ukraynadan tələb etdi. Ukrayna isə geri addım atmadı. O zaman aydın idi ki, Ukraynanın ardınca Avropa İttifaqı, Böyük Britaniya və ABŞ hərəkətə keçəcək. Ukraynanın Çin şirkətlərini "müharibə sponsorları" siyahısına salmasından 10 gün sonra Avropa İttifaqının hərəkətə keçdiyi xəbəri yayıldı. Yaxın günlərdə ABŞ və Böyük Britaniyanın da oxşar addım atacağını proqnozlaşdırmaq olar.
Avropa İttifaqının Şurası bir neçə gün önə Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin Ukrayna üçün istifadəsinə hüquqi əsas verəcək qətnaməni təsdiqləmişdi. Sənəddə vurğulanır ki, bu qərar Şuraya Ukraynanın hazırkı və sonrakı mərhələdə bərpası, yenidən qurulmasını dəstəkləmək üçün Avropa İttifaqının büdcəsində əlavə imkanlar yaradacaq.
Avropa İttifaqının son iki qərarı aydın göstərir ki, Brüssel qətiyyətli addımlar atmağa başlayıb. Çin şirkətlərinə qarşı qadağaların tətbiqi və Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən Ukraynanın maliyyələşdirilməsi üçün istifadə edilməsi qərarı Brüsselin mövqeyini sərtləşdirdiyinin göstəricisidir. Lakin hər kəs anlayır ki, bunlar son deyil. Ukraynada müharibə davam etdikcə, Kiyevin müttəffiqləri ilə Rusiyanın tərəfdaşları arasında münasibətlər gəginləşəcək.