Ermənistanın fevralın 12-də Azərbaycanla şərti dövlət sərhədində törətdiyi təxribat əslində sülhə açılan atəş oldu. Rəsmi Bakının normallaşma prosesinin irəliyə aparılması, sülh sazişinin imzalanması, ümumiyyətlə, qalan bütün məsələlərin həlli üçün göstərdiyi böyük səylərə baxmayaraq, İrəvan müxtəlif bəhanələrlə prosesdən yayınmaq, vaxt uzatmaqla məşğuldur. Ermənistan rəhbərliyinin siyasi iradəsizliyi, müstəqil siyasət aparmaması, öz xalqının, dövlətinin maraqlarından deyil, digər güclərin maraqlarından çıxış etməsi, onların təsiri altında olması sülh istiqamətində irəliləməyə imkan vermir. Nəticədə Cənubi Qafqazda gərginlik ocağı qalmaqda davam edir. Azərbaycanın sülh gündəliyi, proseslərlə bağlı mövqeyi açıq-aydındır. Bakı İrəvandan fərqli olaraq dediyi bütün sözlərə əməl edir, arxa planda hansısa ssenarilər qurmur. Təəssüf ki, Ermənistan bunun tam əksini edir. Sözdə sülhdən danışır, əməldə təxribatlardan, pozucu fəaliyyətdən əl çəkmək istəmir. Bununla da ilk olaraq özünə zərər vermiş olur. Otuz ildən artıq davam edən işğalçı siyasətinə görə regiondakı bütün mühüm əhəmiyyət daşıyan layihələrdən kənarda qalan, imkanlardan yararlana bilməyən İrəvan bu gün də yaranmış yeni fürsətləri öz pozucu siyasətinə qurban verməkdədir.
Ötən il sülh sazişinin imzalanması istiqamətində mövcud olan əlverişli imkan məhz Ermənistan rəhbərliyinin qətiyyətsizliyi, Qərb paytaxtlarında yazılan ssenarilərdə iştirakçı olması ucbatından əldən verildi. İndi də Ermənistanın davranışları, hətta beş aya yaxın davam edən sabitliyi pozması onu göstərir ki, İrəvan bu istiqamətdə irəliləməkdə maraqlı görünmür.
Prezident İlham Əliyev bir müddət əvvəl bu məqama toxunaraq son 4-5 ayda tərəflər arasında ən sabit dövrün müşahidə olunduğunu vurğulamışdı. Dövlət başçısı Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülhün mövcud olduğunu və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraitinin hökm sürdüyünü bildirib. Eyni zamanda onu da qeyd edib ki, bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.
Qeyd edək ki, Ermənistan ordusunun Nerkin-Hand kəndi yaxınlığında yerləşən mövqedən Zəngilan istiqamətində Dövlət Sərhəd Xidmətinin mövqelərinə snayperlə atəş açılması nəticəsində hərbi qulluqçumuz yaralanıb. Bundan sonra DSX-nın həyata keçirdiyi “qisas əməliyyatı” nəticəsində 4 erməni məhv edilib. Onların Ermənistan Silahlı Qüvvələrində çağırış əsasında xidmət edən gənclər deyil, "Yerkrapa" mənsubları olmaları barədə məlumatlar tirajlanır. Əslində bu da məqsədli şəkildə edilir. Ermənistan rəhbərliyi belə görüntü yaratmağa çalışır ki, “Yerkrapa” terror təşkilatının üzvləri ona tabe deyillər və müstəqil olaraq fəaliyyət göstəririlər. Amma bu da Paşinyan hakimiyyətini məsuliyyətdən azad etmir. Çünki Birinci Qarabağ müharibəsində iştirak edən "Yerkrapa" terror qrupu könüllü erməni hərbçiləri birləşdirsə də, həmişə hakimiyyətə tabe olub, onun əmrlərini yerinə yetirib. Əvvəllər “tuşonka oğrusu” general Manvel Qriqoryanın rəhbərlik etdiyi bu qruplaşmaya hazırda Paşinyana yaxın olan Sasun Mikaelyan rəhbərlik edir. Xatırladaq ki, Sasun Mikaelyan 1992-ci ildə Xocalıda dinc azərbaycanlılara qarşı vəhşiliklər törədən keçmiş döyüşçülərdən biridir. O, Birinci Qarabağ müharibəsində "Sasun” adlı terrorçu qruplaşma yaradaraq Azərbaycana qarşı vuruşub. Nikol Paşinyanın partiyasından deputat seçilib. Mikaelyan İkinci Qarabağ müharibəsində yaralanıb. Bütün bunlardan çıxış edərək əminliklə demək olar ki, təxribatın bütün məsuliyyəti Ermənistan hakimiyyətinin üzərindədir. Yəni rəsmi İrəvanın hər hansı açıqlaması onu məsuliyyətdən yayındıra bilməz.
Digər tərəfdən, burda həm də Ermənistanın sifarişlərini icra etdiyi xarici güclər, o cümlədən, Fransa, Avropa İttifaqının missiyası məsuliyyət daşıyır. Çünki atəş də məhz Avropa İttifaqının mülki müşahidəçi missiyasının fəaliyyət göstərdiyi tərəfdən həyata keçirilib. Ərazi də təsadüfən seçilməyib. Bundan əvvəl Çexiya vətəndaşı sərhədi keçmək istəyərkən Azərbaycan tərəfindən saxlanılıb. Görünən odur ki, Ermənistan ərazisində Avropa İttifaqının mülki missiyasının yerləşdirilməsi Azərbaycan-Ermənistan münasibətlərinə nəinki müsbət təsir edir, əksinə, prosesə zərbə vurur. Bu missiya əslində Qərbin Ermənistan ərazisində hərbi və siyasi mövcudluğu deməkdir. Və baş vermiş təxribatda da həmin güclərin iştirakçılığı istisna deyil. Ermənistanı silahlandıran qüvvələr onu yeni müharibəyə təhrik edir. Bu yaxınlarda fransız generalın İrəvana səfər edib bu ölkənin hərbi komandanlığı ilə görüş keçirməsi, sərhəd xəttinə gəlməsi də təsadüfi ola bilməz. Elə təxribat da bundan sonra baş verdi.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva mövzu ilə bağlı bildirib ki, Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlığın təmin olunmasında maraqlıdır. Ona görə də, Ermənistana sülh sazişi imzalamağı təklif edib. Lakin Ermənistan bu təşəbbüsə adekvat cavab vermir. Rəsmi İrəvanın sözdə sülh tərəfdarı olmasından danışması, sadəcə imitasiyadan başqa bir şey deyil. Çünki Paşinyan hakimiyyəti bu addımı ilə beynəlxalq ictimaiyyəti aldatmağa çalışır.
Deputat bildirib ki, Ermənistan hər zaman qeyri-konstruktiv mövqe nümayiş etdirib. 30 illik işğal siyasəti həyata həyata keçirən zaman da İrəvan sülhdən danışırdı: “Məqsəd isə bundan ibarət idi ki, torpaqlarımızı həmişə işğal altında saxlaya bilsin. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin də heç bir nəticə verməməsi bunun göstəricisi idi. Çünki Ermənistan danışıqlara guya sülh tərəfdarı olması görüntüsü yaratmaq üçün qatılırdı. Sülh prosesində isə bir addım belə irəli addım atılmadı. Ona görə də, Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad edərək beynəlxalq hüququ təmin etdi. Lakin görünən odur ki, Ermənistan 44 günlük müharibədə ağır məğlubiyyətə uğramasından lazımi dərs çıxarmayıb.
Rəsmi İrəvan xarici havadarlarının təhriki ilə sülh sazişi imzalamaqdan yayınır, revanşist iddialarla çıxış edir. Bu səbəbdəndir ki, son üç ildən artıq müddətdə törətdiyi təxribatlara görə ordumuz tərəfindən layiqli cavab alsa da, erməni tərəfi təxribatlarını davam etdirir. Fevralın 12-də Zəngilan istiqamətində mövqelərimizə atəş açılması və bir sərhədçimizin yaralanması da bunu təsdiqləyir”.
S.Fətəliyeva onu da vurğulayıb ki, sərhədçimizin snayperlə vurulması Ermənistanın növbəti məqsədyönlü təxribatıdır: “Bu günlərdə Ermənistanın Baş naziri Paşinyanın “The Telegraph” nəşrinə müsahibəsində aqressiv tonu da Ermənistanın növbəti təxribat hazırladığını göstərir. Digər tərəfdən, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komitəsinin sədr müavini Armen Xaçatryanın Ermənistanın Fransa, Hindistandan silah alması, silahlanma sahəsində böyük həcmdə iş aparılması, bunun nəticələrinin yaxın zamanlarda özünü göstərəcəyini deməsi də Ermənistanın yeni hərbi təxribatlarının ola biləcəyini göstərir. Əsas məqamlardan biri odur ki, ermənilərin hərbi təxribatı bu ölkədəki Avropa İttifaqı Müşahidə Missiyasının (EUMA) monitorinqi altında olan ərazidə baş verib. Hadisənin Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən və məqsədyönlü şəkildə törədildiyi və vəziyyətin gərginləşməsinə çalışıldığı aydın görünür. Bu o deməkdir ki, Ermənistan Aİ missiyasının arxasında gizlənərək öz çirkin niyyətlərini reallaşdırmağa çalışır. Aİ missiyasının genişləndirilməsinin, eləcə də, Fransanın Ermənistanı silahlandırmasının regionda vəziyyətin gərginləşməsinə xidmət etdiyi Azərbaycan tərəfindən dəfələrlə vurğulanıb. Bir müddət öncə Fransa generalının Ermənistana səfəri və Azərbaycanla sərhədə gəlməsi, sərhəddə Çexiya vətəndaşın saxlanması və digər faktlar Ermənistanın revanş planlarından hələ də əl çəkməməsini göstərir. Bunun sübutu olaraq erməni snayperin sərhəd mövqelərinə gətirilib yerləşdirilməsidir. Əvvəlcədən Azərbaycan Aİ missiyasının öz ərazisində yerləşdirilməsinə qəti şəkildə etiraz edib. Çünki müəyyən beynəlxalq dairələrin regionda hansı maraqlar güddüyü məlumdur. Ona görə də, Avropa İttifaqı “müşahidə” ideyasından çəkinməli idi. Çünki istənilən halda EUMA birtərəfli və qeyri-şəffaf fəaliyyət göstərməsi gözlənilən idi. Müəyyən qüvvələr uydurmalar əsasında bölgədə müharibə riskinin olduğunu yayaraq, hərbi qarşıdurma yaratmağa çalışır. Ona görə də, belə təxribatlar törədilir. Görünən odur ki, bu oyunların təşkilatçıları üçün Ermənistan alətdir. Onlar çox gözəl başa düşürlər ki, Azərbaycan öz təhlükəsizliyinə, ərazi bütövlüyünə və dövlət suverenliyinə daimi təhlükələrin qarşısını həmişə alacaq”.