Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bir sıra deputatları rəsmi Bakı tərəfindən arzuolunmaz şəxs elan ediliblər.
Əlbəttə ki, bunun üçün ciddi əsaslar var. Antiazərbaycan kampaniyasına rəhbərlik edən Almaniya parlamentinin üzvü Frank Şvabe ölkəmiz əleyhinə olan dairələrdən aldığı sifarişləri yerinə yetirərək AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin mandatının dayandırılması təşəbbüsünü irəli sürüb və cari ilin yanvarında qurum tərəfindən belə bir qərar verilib. Bu qərəzli, əsaslandırılmayan qərar məhz Azərbaycan 30 ilə yaxın işğal altında olan torpaqlarını azad etdikdən, ərazisində separatizmə son qoyduqdan sonra qəbul edilib.
Yəni suverenliyini bərpa edən dövləti beynəlxalq bir struktur müxtəlif bəhanələr gətirərək bu şəkildə “cəzalandırmaq” istəyib. Görünən odur ki, AŞPA Şvabe kimilərin əlində vasitəyə çevrilərək, öz dəyərlərindən və prinsiplərindən uzaqlaşmaqdadır.
Frank Şvabe 23 avqust tarixində “Azadlıq radiosu”na müsahibəsində Azərbaycan əleyhinə növbəti dəfə ittihamlar səsləndirərək, ölkəmizin guya Avropa Şurasında üzvlükdə maraqlı olmadığını bildirib, Avropa Şurasının təbliğ etdiyi dəyərlərə sadiq olmamaqda ittiham edib, Avropa Şurasının Parlament Assambleyasının Milli Məclisə seçkilərdə müşahidəçi kimi dəvət olunmamasına irad bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) cavab bəyanatında Şvabenin COP29 çərçivəsində ölkəmizə səfər etmək niyyətinə də toxunularaq qeyd edilib ki, AŞPA-da Azərbaycan nümayəndə heyəti əleyhinə səs vermiş şəxslər “arzuolunmaz şəxslər” siyahısına salınıb: “AŞPA-da nümayəndə heyətimizin mandatı bərpa olunmayanədək sözügedən şəxslər Azərbaycana gəldikləri təqdirdə, onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək”.
Rəsmi Bakı bəyan edib ki, Azərbaycan beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə sadiqdir, bu öhdəlikləri yaxşı anlayır. Bununla yanaşı, bu öhdəliklərin yalnız birtərəfli və ikili standartlar əsasında tətbiq edilməsinə, onlardan sui-istifadə edilərək ölkəmizə qarşı qərəzli yanaşmaların tətbiq edilməsinə yol verilməyəcəyini bir daha diqqətə çatdırır.
Mövzu Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri zamanı da gündəmdə olub. Dövlət başçısı sentyabrın 6-da “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” sessiyasında moderatorun sualına cavab zamanı məsələyə geniş şəkildə aydınlıq gətirib.
Qeyd edək ki, moderator “Bu günlərdə ölkəniz Avropa Şurasının Parlament Assambleyasının bir sıra üzvlərini arzuolunmaz şəxs elan edib. Onların sırasında 5 italyan deputat da var. Bu, körpülərin qurulması, diplomatiyanın əhəmiyyəti və təmasların genişləndirilməsi ruhuna bir qədər ziddir” - fikirlərinə münasibət bildirən Prezident deyib ki, bu məsələ ilə bağlı müəyyən anlaşılmazlıq var və suala ətraflı cavab vermək üçün 20 il keçmişə qayıtmaq istəyir: “Azərbaycan o zaman, 2001-ci ildə Avropa Şurasına üzv olub. O zaman parlamentin üzvü idim və Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinin ilk rəhbəri idim. Yəni biz 2001-ci ildən etibarən orada idik. Bu illər enişli-yoxuşlu olub, əməkdaşlığımızın fəal mərhələsi də, Avropa Şurasının Parlament Assambleyası tərəfindən tənqid olduğumuz dövrlər də olub. Biz Avropa konvensiyalarının əksəriyyətinə qoşulmuşuq. Biz Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra edirik və sair”.
Dövlət başçısı deyib ki, bu ilin yanvar ayında baş vermiş hadisə “qırmızı xəttin” keçilməsi oldu. Azərbaycan lideri xatırladıb ki, ötən il suverenliyimizi tam şəkildə bərpa etdik, keçən ilin sentyabrında Azərbaycan torpağında separatçılığın kökü kəsildi.
Eyni zamanda, dövlət başçısı əlavə edib ki, biz bu gün Ukraynanın etməyə çalışdığından fərqli heç bir şey etməmişik: “Ukrayna bu gün Qərbin çox geniş dəstəyinə rəğmən, uğursuz şəkildə ərazi bütövlüyünü bərpa etməyə çalışır. Biz özümüz isə heç bir dəstək olmadan ərazi bütövlüyümüzü bərpa etdik. Bundan sadəcə bir neçə ay sonra Avropa Şurasının Parlament Assambleyası bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etdi. Bu, suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı tətbiq edilən sanksiya idi. Biz öz torpağımızda döyüşdük və hər hansı təcavüzə əl atmadıq.
Buna səs verənlər bizi Avropa Şurasında görmək istəməyənlərdir. Yəni Azərbaycanın qərarı adekvat idi. Bizim qərarımız buna cavab idi. Onlar tərəfindən qərarın dəyişdiriləcəyi və bizim hüquqlarımızı bərpa etdikləri təqdirdə, gələn ilin yanvar ayında belə bir fürsət olacaqdır, bizim tətbiq etdiyimiz qadağa aradan qaldırılacaq. Mən təəssüf edirəm ki, İtaliya parlamentinin üzvləri bu qərarın lehinə səs veriblər. Səmimi desəm, mən 70-dən artıq şəxsdən ibarət bu siyahıda olanların adlarını bilmirəm. Ancaq vəziyyəti yaxşılaşdırmaq üçün imkan var. Bizim nümayəndə heyətimizin fəaliyyəti bərpa edilməlidir və o zaman bu qadağa aradan qaldırılacaq”.
Bakı AŞPA-nın antiazərbaycan mövqeyinə adekvat mövqe sərgiləyir, amma əməkdaşlığı bərpa etmək şans da verir. Bunun üçün Azərbaycan nümayəndə heyətinin mandatı bərpa olunmalıdır.
Digər tərəfdən, Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməklə həm də bu təşkilatların fəaliyyətinin səmərəsizliyini göstərmiş oldu. İllərdir keçmiş Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu, məsələni nümayəndə heyətimizin daim gündəmə gətirdiyi AŞPA Ermənistanı təcavüzkar mövqedən çəkindirən hər hansı addım atmadılar. Əvəzində işğalçı öz qanunsuz əməllərini davam etdirdi, ərazilərimizi terror yuvasına, narkotrafik məskəninə çevirdi.
Amma bu gün birləşmiş Qərb ərazisi işğalda olan Ukraynaya dəstək verir. Hər iki halda ərazi bütövlüyünün pozulmasından söhbət gedir, amma yanaşma fərqlidir, daha doğrusu, illərdir ölkəmizin qarşılaşdığı ikilistandart, ədalətsizlik, beynəlxalq hüququn pozulması burda daha açıq şəkildə özünü göstərir.
AŞPA-nın, Avropa İttifaqındakı bəzi dairələrin, o cümlədən, Avropa Parlamentinin hansı mövqeyi tutmasından asılı olmayaraq, Azərbaycanın həm regionda, həm də dünya mühüm rola, nüfuza malik olduğunu heç cür danmaq mümkün deyil. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Dövlət başçısının dediyi kimi, Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir ki, onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Bununla yanaşı, Azərbaycan yaşıl enerji gündəliyini də sürətlə inkişaf etdirir, azad olunmuş ərazilər yaşıl enerji zonasına çevrilir. Azərbaycan dünyada həm də etibarlı tərəfdaş olaraq tanınır, müstəqil xarici siyasəti, ədalətli, obyektiv mövqeyi onu daha güclü edir, nüfuzunu artırır. Bir sözlə, Azərbaycan tək region deyil, dünya üçün önəmli dövlətdir. Odur ki, antiazərbaycançılar, qərəzli dairələr bunu nəhayət anlayıb, öz kampaniyalarından əl çəkməlidirlər.