Suriyanın dövlət xəbər agentliyi SANA-nın yaydığı məlumata görə, İsrail ölkə ərazisində bir neçə hərbi obyektə zərbə endirib. Məıumatda qeyd olunur ki, Suriyanın Həma əyalətinin qərbində yerləşən Masyaf şəhərinə İsrailin endirdiyi hava zərbəsi nəticəsində 14 nəfər ölüb, 43 nəfər yaralanıb. Suriya rəsmiləri İsrailin hücumu ilə bağlı məlumatı təsdiq ediblər. “Reuters”in yaydığı məlumata görə, hücumun hədəfi kimyəvi silahdan istifadəni araşdıran hərbi obyekt olub.
Suriyanın mərkəzində İrana bağlı hərbi obyektə zərbə endirilməsinə görə Dəməşq İsraili ittiham edir. İsrail isə həmişə olduğu kimi, Suriyaya hücumlara görə məsuliyyəti rəsmi olaraq öz üzərinə götürmür. Ona görə bir çox hallarda belə hücumların məhz İsrail tərəfindən həyata keçirildiyi şübhə altına düşür. Çünki hava hücumunu həyata keçirən uçuş aparatının hansı dövlətə mənsub olduğunu müəyyən etmək mümkün olmadığı üçün ehtimallara əsaslanmaq lazım gəlir. Digər tərəfdən, zaman-zaman ABŞ-nin bölgədə yerləşmiş hərbi hava qüvvələri də İsrail ərazisinə hava zərbələri endirir. Buna görə də, sentyabrın 8-dən 9-na keçən gecə İsrail ərazisinə endirilən hava zərbəsinin hansı ölkə tərəfindən həyata keçirildiyini ancaq ehtimal etmək olar.
Bir neçə aydır Suriya ərazsindəki İran qüvvələrinin məhv edilməsi geniş miqyas alıb. Aprelin 1-də İranın Dəməşqdəki konsulluğunun binasına hava hücumu nəticəsində ikisi general olmaqla 7 iranlı hərbçi həlak olmuşdu. Rəsmi olaraq İsrail hakimiyyəti bu hadisəyə görə də məsuliyyəti üzərinə götürməmişdi.
İran isə bütün bu hücumlardan sonra intiqam alacağını vəd etsə də, bu təhdidlər söz olaraq qalır. Tehranın mərkəzində HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra İranın hərbi-siyasi dairələrinin təmsilçiləri İsraildən intiqam alacaqlarını vəd etsələr də, bütün bunların heç biri olmadı.
Siyasi şərhçilərin diqqətini çəkən məqam isə Ukraynaya qarşı müharibədə İranın Rusiyanı dəstəklədiyi kimi, Suriyada da Rusiyanın İranı dəstəkləməsidir. Buna görə də çox yaxın zamanda Ukrayna ilə İsrail arasında əməkdaşlığın yaranacağı ehtimalı artır. Kiyevdə Ukraynanın İranın mövqelərinə zərbə vurmaqla bağlı çağırışlar var. Bu çağırışlar tezliklə siyasi iradəyə və əmələ çevrilə bilər.