İranın BMT-dəki nümayəndəliyi Rusiyaya ballistik raketlər vermədiklərini inadla sübut etməyə çalışdığı bir zamanda, İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əhməd Baxşaiş Ərdəstani Tehranın Rusiyaya ballistik raketlər verməsi faktını təsdiqləyib. Ərdəstani Rusiyaya silah satışını İranın buna məcbur olması ilə izah edib: “Biz ehtiyaclarımızı ödəmək üçün barterdən istifadə etməyə məcburuq. Soya və buğda müqabilində Rusiyaya raketlər və pilotsuz uçuş aparatları göndəririk”.
Rusiyanı silahlandırmanın İrana qarşı sanksiyaları gücləndirə biləcəyi ehtimalı ilə bağlı isə deputat bildirib ki, vəziyyət daha da pisləşə bilməz. “Hizbullah”, “Həmas” və “Həşd əş-Şabi”yə raketlər veririk, Rusiyaya nə üçün verməməliyik?”
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani isə Rusiyaya ballistik raketlər verdiklərini nə təsdiq, nə də təkzib edib. Kanaani deyib ki, İran heç vaxt Rusiya-Ukrayna münaqişəsinin bir hissəsi olmayıb. Lakin İran və Rusiya arasında hərbi əməkdaşlığın Ukraynadakı müharibədən çox əvvəl başladığı haqqında Kanaaninin fikirləri İranın Rusiyaya ballistik raketlər verdiyini dolayısı yolla təsdiq edir. Ərdastani və Kanaanin fikirlərindən çıxan ümumi məntiq isə ondan ibarətdir ki, İranın Rusiyaya ballistik raketlər verməsini sona kimi gizlətmək mümkün olmayacağını Tehranda anlayırlar. Ona görə də, Rusiyaya ballistik raketlər verdiklərini bir tərəfdən təkzib etməyə çalışarkən, digər tərəfdən də təsdiq edirlər. Tehranda anlayırlar ki, Rusiya bu raketlərdən istifadə etməyə başladığı an İranın yalanının üstü açılacaq. Ona görə də beynəlxalq ictimai rəyi çaşdırmağa çalışırlar. Lakin İranın bu məqsədinə uzun müddətə nail olması mümkün deyil.
Qeyd edək ki, İranın Rusiyaya “bir neçə yüz” qısa mənzilli ballistik raketlər verməsi haqqında ilk məlumat sentyabrın 6-da nüfuzlu “The Wall Street Journal” nəşri tərəfindən yayıldı. Daha sonra “The Times” qəzeti sentyabrın 4-də İranın Xəzər dənizi vasitəsilə Rusiyaya 200 ədəd “Fateh-360” raketi göndərdiyi haqqında məlumat yaydı. Məlumatda o da qeyd edilirdi ki, İran Rusiyaya ballistik raketlər göndərməyə davam edəcək.
“Associated Press” agentliyi isə ABŞ-nin müttəfiqlərinə İranın Rusiyaya raket ötürməsi barədə məlumat verdiyi haqqında xəbər yaydı. ABŞ-nin ən nüfuzlu televiziya kanallarından olan CNN kəşfiyyat mənbələrinə istinadən İranın Rusiyaya ballistik raketlər verdiyini təsdiqlədi.
Müharibənin Tədqiqi İnstitutunun (ISW) ekspertləri hesab edir ki, Rusiya payızda və ya qışda bu raketlərdən istifadə etməyə başlayacaq. ISW ekspertləri hesab edirlər ki, Rusiya İranın verdiyi “Fateh-360” ballistik raketləri ilə Ukraynanın mülki və enerji infrastrukturunu vuracaq.
Bütün bu məlumatlar da İran rəsmilərinin nə deməsindən asılı olmayaraq teokratik rejimin Rusiyanı silahlandırığı haqqında beynəlxalq ictimaiyyətdə ciddi rəy yaradır. Bu isə o deməkdir ki, İrana qarşı hansısa cəza tədbirləri görüləcək. “The Wall Street”ın məlumatına görə, Avropa İttifaqı ABŞ-la birlikdə İrana qarşı sanksiyalar hazırlamağa başlayıb. Sanksiyalar Rusiyaya silah satışı və nəqli ilə məşğul olan şəxslərə və şirkətlərə tətbiq ediləcək. İranın milli aviasiya şirkəti “İran Air”in Avropaya uçuşu qadağan edilə bilər. Ukrayna Xarici İşlər Nazirliyi mətbuatda yayılan xəbərlərdən dərin narahatlığını bildirib və məlumat təsdiqlənəcəyi halda Ukrayna-İran münasibətləri üçün “dağıdıcı nəticələr” olacağı ilə bağlı xəbərdarlıq edib.
İranın Rusiyaya ballistik raketlər verməsi teokratik rejimin beynəlxalq münasibətlərdən və qlobal iqtisadiyyatdan daha çox təcridinə səbəb olacaq. Bu isə Qərblə münasibətləri yumşaltmaqla ölkəni iqtisadi böhrandan çıxartmağı hədəfləyən Məsud Pezeşkian hökumətinin əl-qolunu bağlayacaq. Hər kəsə aydındır ki, İranın Rusiyaya ballistik raketlər verməsi Tehranla Brüssel, London və Vaşinqton arasında münasibətlərın yumşalması ehtimalnı istisna edir. Aydın görünür ki, Rusiyaya ballistik raketlər verilməsi ilə Moskva ilə yaxınlaşma tərəfdarları qalib gəliblər. Bundan sonra Qərblə münasibətləri yumşaltmağa çalışan prezident Pezeşkian müəmmalı qəzada həyataını itirən İbrahim Rəisinin Moskva ilə yaxınlaşma kursuna qayıtmaq məcburiyyətində qalacaq. Məlum olduğu kimi, İbrahim Rəisinin müəmmalı qəzada ölümü ilə Rusiya və İran arasında hərtərəfli əməkdaşlıq haqqında sazişin bağlanması üzrə işlər dayandırılmışdı.
Ümumiyyətlə, İbrahim Rəisinin müəmmalı qəzada həlak olması Rusiyanın İran siyasəti üçün böyük itki idi. Mərhum prezident Rəisi və onunla birlikdə qəzada ölən xarici işlər naziri Hüseyn Əmir Abdullahian Rusiya ilə yaxınlaşmanın ardıcıl tərəfdarları idi. Rəisi 2022-ci ilin yanvarında prezident seçildikdən sonra ilk xarici səfərlərini Moskvaya etmiş və Kremldə namaz qılmaqla Moskva ilə Tehran arasındakı yaxınlaşmanı nümayiş etdirmişdi. Hətta bu hadisələr olmadan da Rəisinin prezidentliyi dövründə “Qazprom”un İranın neft-qaz sektoruna 40 milyard dollar sərmayə qoymasına dair saziş, Rusiyanın Fars körfəzinə çıxışını təmin edəcək Şimal-Cənub nəqliyyat dəhlizinin tamamlanması üçün Rəşt-Astara dəmir yolunun tikintisinə dair saziş iki ölkə arasında strateji işbirliyinin yarandığını göstərirdi. Rəisinin müəmmalı qəzada həlak olması və növbədənkənar prezident seçkilərində liberalların namizədi Məsud Pezeşkianın qalib gəlməsi Moskva-Tehran alyansı üçün ciddi sınağa çevrilmişdi. Lakin İranın Rusiyaya ballistik raketlər verməsi ilə Moskva-Tehran alyansı bu sınaqdan itkisiz çıxa bildi.
Ancaq buna görə İran heç şübhəsiz ki, müəyyən cəzalara üzləşəcək. Xüsusilə də Ukraynanın beynəlxalq münasibətlərdə rolunun artması İranın daha çox təcrid olunmasına səbəb olacaq.
İran İslam Respublikasının Ukraynadakı müvəqqəti işlər vəkili Şəhriyar Amuzeqar Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomata sərt formada xəbərdarlıq edilib ki, Rusiyaya ballistik raketlərin verilməsi ilə bağlı məlumat təsdiqlənərsə, bu, “Ukrayna-İran ikitərəfli münasibətləri üçün dağıdıcı və düzəlməz nəticələrə səbəb olacaq”.
Bütün bunlar isə İsrailin mövqelərini gücləndirəcək. İrana qarşı Ukrayna-İsrail ittifaqı da yarana bilər. İrana qarşı əsas cəza tədbirlərinin isə noyabrda ABŞ-da keçiriləcək seçkilərdən sonra tətbiq ediləcəyini ehtimal etmək olar. Xüsusilə də, bu seçkidə keçmiş prezident Donald Tramp qalib gələcəyi halda İranın hərbi-sənaye kompleksinə qarşı hərbi zərbə endirilməsi ehtimalı da gündəmə gələcək. İrana qarşı geniş hərbi koalisiyanın yaranması da istisna deyil. Bütün bunların İran rejimi daxilində parçalanmaya gətirib çıxaracağı mümkündür. Lakin belə görünür ki, Rusiya ilə yaxınlaşma tərəfdarları bütün təhdidləri göz önünə alaraq Moskva ilə alyansı gücləndirməkdə qərarlıdırlar.