(Əvvəli ötən çərşənbə sayımızda)
Misirdə rəngkarlıq və heykəltaraşlıq tam fərqli idi. Onlar sərdabələrdə - mastabalarda çəkilirdi və qoyulurdu ki, sehrli funksiya yerinə yetirsinlər. Bu rəsmlər və heykəllər faraonun o dünyadakı həyatına xidmət etməli idi. Bəzi məqbərələrdə erotik rəsmlərə də rast gəlinir. Misirlilər təbiəti çox diqqətlə müşahidə edirdilər, ona görə də heyvan rəsmləri çox realistik olurdu. Rəsmlərdə heç bir ikimənalılıq yox idi, hər şey daimi formada təsvir edilirdi ki, həyat əbədi davam etsin. Sərdabəyə bol miqdarda yemək şeyləri qoyulurdu ki, faraon yaxşı qidalansın. Faraon burada da yeməli, içməli, məhəbbətlə məşğul olmalı, bir sözlə, canlı həyatda etdiyi bütün şeyləri ordada da təkrar etməli idi.
Sarkofaqda isə faraonun mumiyalanmış cəsədi qoyulurdu. Sərdabədə çəkilən hər bir təsvir, simvol xarakteri daşıyırdı. Burada yazılan mətnlərə cürbəcür heyvan rəsmləri əlavə olunurdu. Ona görə də məqbərədə çox sayda rəsmlər olurdu. Rəsmləri çəkmək üçün mineral piqmentlərdən istifadə olunurdu, oxra ən davamlı rəsm vasitəsi idi. Bəzi sərdabələrdə isə rənglər polifoniyası diqqəti cəlb edir.
Rəsmin icra aspekti, məqbərədə yatana xoş həyat bəxş etməkdən ibarət idi. Təsvir edilən səhnələr canlanmalı idi ki, faraon cənnətdə yaşaya bilsin.
Misir rəngkarlığı həmçinin formullaşırdı. Rəssamlar və heykəltaraşlar proporsiyanın ciddi qanunlarına riayət edirdilər, bunlar isə həm formanı, həm də təqdim olunmanı müəyyən edirdi. Buna görə də min illər ərzində Misir rəssamlığına bu qanun xüsusi fərqlilik vermişdi. Onun spesifik əlaməti, insan bədəninin müxtəlif pozalardakı baxışlarının birliyini dərinləşdirirdi. Bədənin hər bir hissəsi çox diqqətlə təqdim olunurdu. Bu üslub, yüksək dərəcədə stilistik olan rəssamlıq yaratdı, bu həm də portretin cizgilərinin fərqli olmasına, fərdi xüsusiyyətləri əks etdirməsinə imkan verirdi.
Yazı Misirdə ilk iki sülalənin dövründə meydana gəldi. Bu yazını sonralar yunanlar heroqlif adlandırdılar, həmin söz “Keşiş nəqş edir” və ya “müqəddəs yazı” mənasını verirdi. Heroqlif sonralar inkişaf etsə də, sadələşdirilsə də, heç vaxt əlifbaya malik olmadı. Misir heroqlifləri əvvəllər daşda nəqş edilirdi, lakin sonralar papirusda yazılmağa başlandı. Həmin kağız növü Nil boyu bitən papirus qamışından hazırlanırdı. Bizim dövrə gəlib çıxmış qədim Misir ədəbiyyatı boru şəklində bükülmüş papirusda və taxta cədvəllərdə yazılmışdır.
Yeni Babilistan imperiyası
Yeni Babilistan çarı Nabuhodonosor (b.e.ə. VII əsr, 625-605-ci illər) öz paytaxtı Babili yenidən tikməklə və abadlaşdırmaqla, onu həmin dövr dünyasının ən gözəl şəhərinə çevirmişdi. Həmin vaxt semit dilində danışan xalq olan xaldeanlar Mesopotamiyada assuriyalıların nəzarətinə müqavimət göstərən qüvvəyə çevrilmişdi. Nabuhodonosor Midiya ilə qüvvələrini birləşdirib, Assuriya paytaxtı Ninevanı b.e.ə. 612-ci ildə işğal etdi və Yeni Babilistan monarxiyasını yaratdı. Köhnə Babilistan isə b.e.ə. XVIII əsrdə mövcud olmuşdu, onun ən məşhur çarı Hammurabi idi və ondan Hammurabi kodeksi kimi böyük bir irs qalmışdı.
Nabuhodnosorun hökmranlığı dövründə Babilistan kənd təsərrüfatı torpaqları, həm də gəmilərlə ticarət yolları və sənətkarlığın inkişafı hesabına varlandı. Xüsusən toxuculuq və metal emalına əsaslanan mülkiyyət növlərini yeniləşdirdi. Çar, Babil şəhərini imperiyanın mərkəzində tikdirməklə, qədim dünyanın ən böyük şəhərlərindən birinə çevirdi. Babil 8 mil uzunluğunda qülləli divarlarla əhatə olunmuşdu, həm də Fərat çayı ilə dövrələnmişdi. Şəhərin 8 qapısından biri olan İştar qapısı (babillilərin sitayiş etdiyi ilahənin şərəfinə belə adlanmışdı) Zəfər yoluna açılırdı. Bu yol Marduk adlı məhdudlaşdırılmış bir müqəddəs əraziyə aparırdı. Marduk isə Babilistanın baş allahı idi.
Babil çox sayda məbədlərlə və saraylarla bəzədilmişdi. Məbədlərinin çoxluğuna görə Yaponiyanın müasir Kioto şəhəri Babili yada salır. Burada mindən artıq məbəd vardır.
Nabuhodonosorun yaratdığı bütün abidələrdən ən məşhuru Asılı Bağlar idi. O, qədim dünyada Yeddi Möcüzədən biri hesab olunurdu. Bu bağ çarın Midiyadan olan arvadının vətəninin dağları və bağları üçün darıxdığını yüngülləşdirmək üçün saldırılmışdı. Təəssüf ki, səhv nəticəsində Babilistan çarının saldırdığı bağ Semiramida bağları kimi tanınmışdı, b.e.ə. IX əsrin sonunda Assuriya çariçası olan Semiramidaya isə Asılı Bağlara heç bir aidiyyəti yox idi, bu bağ ondan iki əsr sonra meydana gəlmişdi.
Bağın görünüşündə terraslar seriyası süni dağ kimi platoya aparırdı və sıx bağlar yuxarıdan borularla axan su ilə suvarılırdı. B.e. I əsrində bir müəllifin yazdığına görə, uzaqdan bağlar olduqca gözəl təəssürat yaradırdı: “Bu ərazinin başında Asılı Bağlar yerləşirdi, yunan rəvayətlərində onlar möcüzə kimi xarakterizə olunurdu. Daş sütunlar bütün bağ ərazisini əhatə edirdi, struktura iri həcmdə olan ağaclara dəstək verirdi. Qüllələrin hündürlüyü 50 futa çatırdı və bağlar torpaqda bitən ağaclardan ibarət olmaqla, çoxlu bəhrə verirdilər. Uzaqdan bağı müşahidə edənlərə real ağaclar, onların öz doğma dağlarından asılmış kimi görünürdü”.
Nabuhodonosor Babili öz imperiyasının paytaxtı kimi yenidən tikmişdi və onu İştar qapısı kimi bir arxitektura möcüzəsi ilə bəzəmişdi. Qapı mavi qlazurlu (şirli) kərpiclərdən tikilməklə, Zəfər yoluna açılırdı. Kərpiclər ayrıca hazırlanırdı və sonra qapı divarlarına qaldırılırdı. Mardukun müqəddəs heyvanı olan əjdaha fiqurları (baş allahın müqəddəs heyvanlarından biri də öküz idi) qapının səthində alternativ kimi nümayiş etdirilirdi. Qapının mavi səthini həm də buynuzlu marala bənzər heyvan şəkilləri bəzəyirdi.
İştar Babilistanın müharibə və virtual məhəbbət ilahəsi idi. İştar qapısı hazırda Berlinin Perqam muzeyində saxlanılır.
Yunanların sivilizasiyası
Qaranlıq eradan sonrakı dövr, yunan həyatının canlanmasını göstərir. Yunan incəsənəti və ədəbiyyatı, arxaik yunan mədəniyyətinin dulusçuluq və heykəltaraşlıq kimi bəzi cəhətləri xüsusilə Şərqin təsirinə məruz qalmışdı.
Yunan heykəltaraşlığı, xüsusən Kiçik Asiyanın cənubi-şərqində yaşayan (indiki Türkiyə ərazisi) İon yunan sakinləri, qədim Misir sivilizasiyası ilə xeyli əlaqədə olduğuna görə, onun təsirinə məruz qalmışdı. Təbii ölçüdə olan gənc yunanların daş heykəlləri çılpaq təsvir edilən fiqurlar idi. Fiqurlar real olmasalar da, onların bir ayağı digərindən qabaqda olurdu. Əlləri isə sərbəst qaydada bədənin yanında tutulurdu.
B.e.ə. VIII əsrdə Homerin məşhur “İliada” və “Odisseya” poemaları meydana gəlmişdi. Onlar Troya müharibəsinə və onun qəhrəmanlarına həsr olunmuşdu.
Krit adasındakı Knossos sarayında həm təbiət mənzərəsinin, həm də gənclərin idmanla məşğul olmasını təsvir edən rəsmlər, çəkildiyi vaxtdan 3, 4 min il keçməsinə baxmayaraq, adamı heyran edir. Oradakı divar üzərindəki bir freskada “Öküz üzərindən tullanmaq” kimi Minoy idmanı təsvir edilmişdir. Qadın və kişi akrobatlardan biri öküzün belinin üstündən tullanır. Digəri isə öküzün arxasında dayanıb ki, tullananı tutsun. Başqa bir rəsmdə qara qıvrım saçlı, albalı rəngindəki qalın, cazibədar dodaqları olan qızın portreti o qədər real idi ki, Knossos sarayında onu görən fransız turist, Parisdə özünün qonşuluğunda yaşayan qıza bənzədib, onu “parizian qız” adlandırmışdı.
Qədim sənət əsərlərindən biri mikenalılara məxsus qızıldan olan ölüm maskasıdır. Qızıl lövhədə olduqca real cizgiləri olan maska döyülmüşdür.
Afinada Praksitel tərəfindən yaradılan “Venera Kindli” heykəli qadın bədəninin gözəlliyini əks etdirir. Digər bir heykəl isə “Apollon Belvederli” adlanır, onda isə kişi bədəninin məğrurluğu, hər cür fədakarlığa hazır olduğu təsvir olunur. Ümumiyyətlə, ilahə Afinanın himayə etdiyi məşhur şəhərdə arxitektura ilə yanaşı, heykəltaraşlıq da çox inkişaf etmişdi. Praksitel tişəsindən çıxan fiqurları çılpaq təsvir edirdi. Onun “Venera Kindli” heykəli çılpaq qadın bədənini ağ mərmərdə təsvir edir. Heykəl XV əsrin sonunda Romada tapılmışdır, hazırda Vatikanda saxlanılır.
Fidi Delfidə Zevsin, Akropoldakı Parfenonda isə Afinanın qızıldan və fil sümüyündən möhtəşəm heykəllərini yaratmışdı.
B.e.ə. II və I əsrlərdə yaradılan Böyük Aleksandrın başının heykəl təsvirində, sərkərdə allaha bənzədilir. Axı o, özünü Heraklın törəməsi hesab edirdi. Anası Olimpiyada isə onun əri II Filippdən deyil, Zevsdən doğulduğunu iddia edirdi.
O, Misirdə də ilahi qüvvə kimi etiraf edildikdən sonra, ona faraon kimi sitayiş edilirdi. Heykəldə isə Aleksandrın üzünün ifadəsi Zevsin baxışı nümunəsində göstərilir. Ona görə də heykəlin təməlində yazılmşdı: “Mən Yer üzünü öz hakimiyyətim altında birləşdirdim, ey yalnız Olimpiyanı tutan Zevs!” O, özünü Zevsdən də qüvvətli və məharətli hesab edirdi.
B.e.ə. VII əsrin yunan ədəbiyyatı, onların lirik poeziyası güman ki, başqaları ilə müqayisədə daha yaxşı məlumdur. Lirika epik poeziyadan xeyli dərəcədə qısa idi. Sonralar yunanlar Sapfonu (b.e.ə. VII əsr) özlərinin ən böyük qadın lirik şairi kimi qiymətləndirirdilər. Sapfo Egey dənizindəki Lesbos adasında yaşamışdı, orada o, öz gənc rəfiqələrinə musiqi və poeziya dərsləri keçirdi. Onun şeirlərinin çoxu öz qız tələbələrinə həsr olunmuş məhəbbət mahnıları idi. İndiki “lesbiyanka” sözü də Sapfonun Lesbos adasından gəlir. Sapfo yunan yuxarı sinfinə məxsus olan digərləri kimi, homoseksualizmin və heteroseksual hisslərin eyni fərddə mövcudluğunu qəbul edirdi. Sapfo ailədə ərinin qanuni arvadı olmaqla yanaşı, həm də ana idi. O, həmçinin kişilər arasında və həm də qadınlar arasında baş verən hisslərə, yəni eyni cinsdən olanların məhəbbətinə həsr olunmuş şeirlər yazırdı.
Arxaik Yunanıstan həmçinin kübarların və kəndlilərin həyat tərzini əks etdirən şairləri tanıyırdı. Yunanıstanın mərkəzindəki Beotiyadan olan Hesiod b.e.ə. 700-cü il ətrafında yaşamışdı. Onun iki əsərindən biri “Teoqonika” adlanırdı, “Zəhmətlər və günlər” adlanan ikinci əsəri uzun epik poema idi. Özü əkinçi olmaqla, Hespod kübarlara inanmırdı və onlara yuxarıdan aşağı baxırdı. Onun məqsədlərindən biri allahların ədalətini izləmək, cəzalandırmanın mənbəyinin və ömürün uzun yolunun mahiyyətinin zəhmət olduğunu göstərmək idi. “Aclıq və xəstəlik” yorulmadan işləyənləri və bayram edənləri yaxalamayacaqdır. Torpaq onları həm də əliaçıqlıqla dəstəkləyir.
Hespadun “Zəhmətlər və günlər” poeması Qərb ədəbiyyatında əməyə həsr olunmuş ilk əsər kimi tanınır.
Meqaradan olan Feonis Hesioddan fərqli olaraq, kübar idi. O, b.e.ə. VI əsrdə yaşamış və yaratmışdı.
Ellinist incəsənəti
Ellin monarxları ədəbiyyatın hamiləri olmaqla yanaşı, öz pullarını gözəlliyə xərcləyirdilər və şəhərlərini onların köməyi ilə bəzəyirdilər. Yeni salınan şəhərlər və bəzi köhnələrin yenidən bərpası yunan arxitekturası və heykəltaraşlığı üçün çox sayda yaxşı şərait yaradırdı. Bəlkə də, utopik sosialist Tommazo Kompanella özünün “Günəş şəhəri” əsərindən bu yaşayış yerinin, uşaqlar üçün təhsil mənbəyi olan monumental heykəllərlə bəzədilməsini təsvir edərkən, ellinist şəhərlərin nümunəvi təcrübəsinə əsaslanmışdı. Lenin də “Günəş şəhəri”nə bəzəyən monumental heykəlləri Rusiya şəhərlərinə qoymağı məsləhət görmüşdü. SSRİ-də monumental heykəltaraşlığa loyal münasibət bəslənirdi, lakin onlar əsasən inqilab xadimlərinin şərəfinə həsr olunurdu.
Çox sayda tikilən məbədlərin isə sütunları əsasən Korinf ordeni ilə bəzədilirdi. Axı bu, digər dorik və ion ordenlərindən daha gözəl görünürdü, kapitelin üzərindəki vazadan çiçəklər ətrafa səpələnirdi. Ona görə də Korinf ordeni ellin şəhərlərində daha populyar idi.
(Ardı var)