(Əvvəli ötən sayımızda)
Cəmo bəy Cəbrayılbəylinin həmin dövrdə zəmanədən şikayət ruhlu ilk mənzum məktubu əziz dostu və yaxın həmdəmi dövrün və insanlığın səhhəti olan Abbas Səhhətə ünvanlanıb. A.Səhhət də dostunu cavabsız qoymamışdı. Mənzum məktub “Bir məktuba cavab” (Cəmo bəy Cəbrayılbəyli Acizə) adlanırdı:
Mən bu cahan içrə vəfa görmədim,
Seyri-sülukunda səfa görmədim.
Aciz, yazıq bəşərlərə rəhm etməyən qəza...
Səndən məni ayırmağı da etmiş iqtiza.
...Dünyadə hiss eylədigim ibtilaların,
Ən cangüdazdır bu təmamən bəlaların.
Amalü arzularımız qaldı natamam,
Zalımdən adil Allah özü alsun intiqam!
(Abbas Səhhət. “Sınıq saz”.
Bakı, 1912, səh. 17).
Abbas Səhhətin Bakıda Orucov qardaşlarının elektrik mətbəəsində 1912-ci ildə nəşr edilən “Sınıq saz” adlı “Əşar məcmuəsi”ndə çaplanan “Bir məktuba cavab” mənzum məktubunda, Cəmo bəy Acizə müraciətində dövrün, mühitin özbaşınalığı, ədalətsizliyi, qəddarlığı öz əksini tapıb.
Bu şeirdə eyni zamanda Səhhətin həssas qəlbini, dostluqda səmimiyyətini və etibarlılığını, Cəmo bəyə dəyərli insani münasibətini görürük. Məlumdur ki, müəllif Abdulla Şaiqə, Firidun bəy Köçərliyə və başqalarına da mənzum məktublar yazıb. Cəmo bəy Acizə yazdığı əsərdə “Mən bu cahan içrə vəfa görmədim” - deyən Səhhət Acizə müraciətində “Tək bir səninlə Haqq mənə qılmışdı mərhəmət” düşüncəsiylə fəna, vəfasız dünyada təsəlli tapdığını bildirməklə yanaşı, cahanda yaxşı insanların çox az olduğunu təəssüf hissi ilə qeyd edirdi. Şairlər yurdu olan Şamaxıda Abbas Səhhət kimi məşhur ədibin gənc Cəmo bəyə şeir həsr etməsi yaddaqalan hadisə idi. Dövrün, zamanın eybəcərlikləri haqqında düşüncələrini yaxın dostu ilə bölüşmək şairin içindən, daxilindən gəlirdi. Çünki onun gənc dostu sözün geniş mənasında hal əhli idi. Ona üz tutub söz demək olardı.
Gənc Cəmo bəy Cəbrayılbəylinin Şamaxı şəhər Birinci rusi-müsəlmani məktəbinə müdir təyin edilməsi dövrün maarifpərvər insanları, ziyalıları arasında müsbət hadisə kimi qarşılandı. Dünyəvi elmlərin tədrisi səviyyəsi yüksəldildi, dərslərdə nizam-intizam artırıldı, şagirdlərin kitabxanadan və qiraətxanadan sərbəst istifadəsi üçün xüsusi şərait yaradıldı, Şərq, rus və Avropa klassiklərinin əsərlərinin öyrənilməsinə maraq artırıldı.
Cəmo bəyin məktəbində əlifba, hesab, ana dili, ədəbiyyat, təbiyyat, rus dili dərslərinə xüsusi diqqət yetirilirdi. Yaz, yay aylarının gözəl vaxtlarında sinif otağı təbiətin dilbər guşələri ilə əvəzlənirdi. Xüsusilə təbiyyat, botanika, zoologiya dərsləri açıq havada təcrübi xarakter daşıyırdı. Bayram və yubileylərdə Cəmo bəyin rəhbərliyi ilə şagirdlər şeirlər əzbərləyir, mahnılar oxuyur və səhnəciklər hazırlayırdılar. O dövrün mətbuat səhifərərində mədəniyyət yönümlü xəbərlərdə bu barədə məlumatlar tez-tez yer alırdı. Onlardan birində yazılırdı: “1912, 8 mart Şamaxı. Ziyalıların iştirakı ilə məktəb şagirdləri üçün birinci şəhər məktəbi zalında biletsiz, pulsuz dörd pərdəli tamaşa verilmişdir. Müəssislər: Cəmo bəy Cəbrayılbəyli və Məmmədhəsən Atamalıbəyov” (“Azərbaycan teatrının salnaməsi”, tərtibçi Qulam Məmmədli, Bakı, Azərnəşr, 1975, səh. 361).
XX yüzilliyin əvvəllərində imperiyanın ikili, şovinist siyasətinə rəğmən, teatr insanların bir yerə toplaşması üçün mövcud olan yeganə, birləşdirici mədəni-kütləvi məkan idi və bu imkandan ziyalılar yetərincə, səmərəli faydalanmağı bacarırdılar.
Şamaxıda “Xonça bayramı” milli ruhlu ziyalıların, qəlbindən qara qanlar axan xalqın sevgi və sayğısı ilə qarşılansa da, şəhərin qeyri-milli inzibati qurum məmurlarının süngü və sünbəsinə tuş gəldi. Şamaxı qəza rəisi Jupranski qəddarlığı ilə tanınır, yerli ziyalıları təqib edir, onları yerli-yersiz təhqir etməkdən çəkinmir, bəzən də işdən çıxartmağa, doğma yurdlarından sürgün etməyə nail olurdu. Jupranskinin ilk qurbanlarından biri, Şamaxı qəza məhkəməsində katib işləyən, “Naseh” təxəllüsü ilə şeirlər yazan Ağaəli Hacı Məhəmməd oğlu Əfəndizadə (1856-1914) olmuşdur. Dövrün haqsızlıqlarını əsərlərində tənqid edən, “Basıb aləmləri bidadü, ədalət yoxdur” - deyə hayqıran mübariz sənətkar Ağaəli Naseh 1914-cü ildə əsassız olaraq Jupranski tərəfindən təhqir olunaraq xidmətdən kənarlaşdırılmış və çox keçmir ki, şair ağır xəstəlik taparaq vəfat etmişdir.
Qəza rəisinin təqib etdiyi gənc mütəxəssislərdən biri də, Birinci rusi-müsəlmani məktəbinin müdiri C.Cəbrayılbəyli idi. Şamaxıda polis özbaşınalığı haqqında Cəmo bəy yazırdı: “Polis gəncləri ciddi surətdə təqib edirdi. “Şübhəli” görünən bəzi adamların, o cümlədən, mənim Şamaxıdan sürgün edilməm haqqında məsələ qaldırdı və buna nail oldu... Lakin xoşbəxtlikdən mən uzaqlara deyil, vicdanlı, namuslu və insanpərvər olan xalq məktəbləri inspektoru Yevqraf Rozinin köməyi ilə 1914-cü ildə Bakıya təyin olundum” (C.Cəbrayılbəyli. “Xatirələrim”, Bakı, Azərnəşr, 1966, səh. 95).
Cəmo bəy qəza rəisi Jupranskinin təzyiqi və təpkiləri ilə 1914-cü ilin oktyabr ayında Şamaxı Birinci rusi-müsəlmani məktəbinin müdirliyindən azad edildi və elə həmin vaxt o doğma yurdu Şamaxı şəhərindən uzaqlaşdırıldı.
Doqquzuncu rusi-müsəlmani məktəbi Bakıda yeni yaradılsa da, kollektiv məşhur və təcrübəli pedaqoqlardan ibarət idi. Məktəbə Mirzə Məhəmməd Tağı Atakişiyev müdirlik edirdi. Məşhur pedaqoqlardan Süleyman Sani Axundov, Mahmud bəy Mahmudbəyov, Bədəl bəy Bədəlbəyov, Əbdüləli bəy Vəlibəyov və b. 9-cu rusi-müsəlmani məktəbində çalışırdı. Cəmo bəy bu məktəbin kollektivinə az müddət içərisində qaynayıb-qarışır, həmkarlarının təcrübəsindən faydalandı və onlar ilə sıx dostluq əlaqələri yaradır.
Cəmo bəy “Məktəb” jurnalı ilə də əlaqələrini intensivləşdirirdi. Yaxın dostları Abbas Səhhət, Ağa Həsən Mirzəzadə, Abid Mütəllibzadə, Əli Rai Yusifzadə və b. ilə didaktik mahiyyət daşıyan, əsasən yeniyetmələr, məktəblilər üçün nəzərdə tutulan əsərlərini dövrün mətbuat orqanlarında, xüsusilə də “Məktəb” jurnalında nəşr etdirirdilər. Abbas Səhhətin “Vətən”, Cəmo bəy “Aciz” Şirvaninin “Qənbər və Heydər”, “Nəğmə”, Ağa Həsən Mirzəzadənin “Gülməli nağıllar”, “Allah düz adamı sevər”, “Midhət”, “Ayının səhvi”, Əli Rai Yusifzadənin “Son nəğmə” və b. əsərlər həmin dövrün dəyərli ədəbi nümunələri idi.
...1915-ci ilin yayında Cəmo bəy Zülfüqar bəy Hacıbəyli ilə Şamaxıda “Nicat” maarif cəmiyyətinin şöbəsini açmaq və “Arşın mal alan” operettasını tamaşaya qoymaq qərarına gəlirlər. Üzeyir bəy və “Nicat”ın sədri Mehdi bəy Hacınski təşəbbüsü dəstəkləyir. İyul ayının əvvəlləri Zülfüqar bəy ailəsi və oğlu Niyazi ilə Şamaxıya gəlir. İki-üç gün Cəmo bəyin qonağı olur və sonra isə ev kirayələyərək ora köçür. “Arşın mal alan”ı hazırlamaq üçün Realnı məktəbin müəllim və şagirdlərinə müraciət olunur. Tamaşaya ümumi rəhbərliyi Zülfüqar bəy öz üzərinə götürür. Tar çalan gənclərdən ibarət musiqi dəstəsi yaradılır. Soltan bəy rolu - Cəmo bəyə, Telli rolu - Cəmo bəyin bacısı oğlu Ağa İsa Əbdürrəhmanova, Gülçöhrə rolu - gənc müğənni Hüseynağa Hacıbababəyova, Əsgərin rolu - Məmmədhəsən Atamalıbəyova, Süleymanın rolu - Məmmədbağır Mutuquluya həvalə edilir. İki həftə ciddi məşq gedir. Son məşq klubun binasında aparılır. Tamaşa anşlaqla keçir və böyük uğur qazanır. Bu əsərin uğurla nümayiş etdirilməsi Zülfüqar bəy Hacıbəyli və Cəmo bəy Cəbrayılbəyli əməkdaşlığının, birliyinin, həmrəyliyinin, dostluğunun bariz və danılmaz təzahürü idi.
Cəmo bəy müəllimlik fəaliyyətini Bakıda davam etdirdiyi dönəmdə Üzeyir bəy Hacıbəyli ilə də yaxından tanış olur. Bu işdə ona Şəfiqə Cəbrayılbəylinin şagird yoldaşı, Üzeyir bəyin bacısı qızı Sehrən vasitəçi olur. Bir gün o, Sehrənlə Üzeyir bəyin evinə gəlir və onunla ilk görüş haqqında söz açaraq yazırdı: “...Üzeyirgilə gəldik. Onlar indiki Kamo küçəsində (hazırda Süleyman Rəhimov küçəsi - A.R.) yaşayırdılar. Qapını gülərüzlü bir qadın açıb bizi içəri buraxdı. Sonradan öyrəndim ki, bu, Üzeyir bəyin anası imiş. Otağa daxil olduqda Üzeyir bəyin pianino qarşısında əyləşdiyini və klavişlərin üzərində barmaq gəzdirdiyini gördüm. Məni çox mehriban qarşıladı, əl verib yanında oturtdu. Məleykə xanım da mənimlə çox səmimi görüşdü. ...Üzeyirlə söhbətimiz xeyli uzandı. Söhbətarası mən Seyid Şuşinskinin Şamaxıdakı hörmət və şöhrətindən danışdım. Muğamatdan az-çox xəbərdar olduğumu bildikdə çox sevindi. Məni ötürərkən: “Cəmo bəy, arabir gəl, həmsöhbət olaq, yaxınlaşaq” - dedi.
Beləliklə, qızların vasitəsilə biz ailəvi tanış və dost olduq. Bundan sonra daha tez-tez görüşürdük” (C.Cəbrayılbəyli. “Xatirələrim”, Bakı, Azərnəşr, 1966, səh. 131-132).
Üzeyir bəyin həmsöhbət olmaq istəyi Cəmo bəy tərəfindən hər zaman dəstəkləndi və bu yaxınlaşma tədricən yaxın dostluğa çevrilirdi...
Cəmo bəyin yaxın dostu, “Məktəb” jurnalından yaxşı tanıdığı Ağa Həsən Mirzəzadə 1916-cı il 1 sentyabr tarixindən “siyasi, ədəbi, ictimai və iqtisadi gündəlik türk qəzetəsi” olan “Sovqat”ın müdir və sahibi imtiyaz (redaktoru və naşiri) vəzifəsini icra etməyə başladı. Dövrün görkəmli ziyalılarından Məhəmməd Hadi, Abbas Səhhət, Məhəmməd Əli Sidqi və b. bu qəzetdə əsərlərini dərc etdirirdi. Qafur Rəşad və Ağa Həsən Mirzəzadələr 1917-ci ildə “...mərhum Haşım bəy Vəzirovun “Səda” mətbəəsini təmam və kəmal al” araq (bax: “Sovqat” qəz., Bakı, 1917, №103) “Sovqat”ın basıldığı “Məktəb” mətbəəsinin texniki imkanlarını genişləndirmiş, çap məhsullarının çeşidini çoxaltmış, keyfiyyətini və sürətini yüksəltmişdir.
Poliqrafik səviyyəsi ilə seçilən “Sovqat” qəzetinin 1917-ci il 3 mart sayında Cəmo bəy Cəbrayılbəylinin dram əsərləri haqqında yığcam məlumat vermişdir. Mədəniyyət xəbərlərində deyilirdi: “Tazə dram və məzhəkələr. Bakı şəhər Rusi - müsəlmani məktəblərinin müəllimlərindən Cəmo bəy Cəbrayılbəyli cənablarının yazmış olduğu (5) pərdəli “Şərarət qurbanları” və bir pərdədən ibarət olan “Qramofon”, “Vəhşi”, “Kəmsüxən” və “Tiryakilər” adlı məzhəkələri və bundan əlavə, tərcümə etdigi, bəylər və kəndlilər məişətindən götürülmüş “Monna və Anna” adlı bir drama səhnəmizdə oynanılmaq üçün senzora getmişdir. Məzkur əsərlərə izn verildikdən sonra səhnəmizdə oynanılmağa başlanılacaqdır” (Tazə dram və məzhəkələr. “Sovqat” qəz., 1917. 03. mart. №151).
“Sovqat”ın Cəmo bəy Cəbrayılbəylinin dram əsərləri və onların səhnələsdirilməsinə icazə (lisenziya) alınması üçün senzura idarəsinə göndərilməsi xəbəri Rusiya imperiyasının dağılması dönəminə təsadüf etdiyinə görə əsərlərin lisenziyalaşdırılması ilə əlaqədar sonrakı taleyi barədə səhih məlumat əldə etmək müşkül məsələyə çevrildi.
(Ardı var)