Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini heç cür həzm edə bilməyən İranda son günlər Zəngəzur dəhlizi əleyhinə kampaniya genişlənməkdədir. Bu ölkədə müxtəlif səviyyələrdə bəyanatlar verilir, Zəngəzur dəhlizi "qırmızı xət"ləri adlandırılır. Söhbət "Azərbaycandan Azərbaycana yol"dan, yəni Naxçıvana Zəngəzur dəhlizi vasitəsilə gediş-gəlişdən gedir. Belə olan halda, İranın "qırmızı xətti" hardadır?!
Bu, həmin İrandır ki, Azərbaycan əraziləri işğal altında olanda Ermənistanı iqtisadi baxımdan ayaqda saxladı, insanlarımızın mal-mülkünü ermənilərlə birgə talan etdi, məscidlərimizin təhqir edilməsinə göz yumdu, İkinci Qarabağ müharibəsində işğalçıya silah-sursat daxil olmaqla, hər cür yardım göstərdi, "Cənubi Qafqazda sərhədlərin dəyişilməsinə heç vaxt imkan verməyəcəyik" kimi bəyanatlar səsləndirdi. Bəllidir ki, İran Azərbaycanla Ermənistan arasında sülhdə, kommunukasiyaların açılmasında maraqlı deyil. Onun marağında olan iki dövlət arasında daimi münaqişənin qalmasıdır. Zəngəzur dəhlizinin açılması Bakı-İrəvan münasibətlərində etimad quruculuğu baxımından da mühüm addım olacaq ki, Tehran da bunu istəmir. Digər tərəfdən, İran nəinki region, hətta dünya üçün vacib əhəmiyyət kəsb edən, nəqliyyat marşrutlarının şaxələndirilməsində əhəmiyyətli rol oynayacaq Zəngəzura qarşı çıxmaqla regional əməkdaşlıqda maraqlı olmadığını ortaya qoyur.
İranda Ermənistanın Zəngəzur dəhlizinin açılması ilə bağlı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın şərtini yerinə yetirməsini tələb edən Moskva da hədəfə alınıb.
Xatırladaq ki, üçtərəfli bəyanatda qeyd edilib ki, "Regionda bütün nəqliyyat və iqtisadi əlaqələr blokdan çıxarılır. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətin təmin olunması məqsədi ilə Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir".
İranı qıcıqlandıran Moskvanın Rusiya prezidentinin də imzası olan üçtərəfli bəyanatın İrəvan tərəfindən yerinə yetirilməsini tələb etməsidir. Xarici işlər naziri Sergey Lavrov bu günlərdə Zəngəzur dəhlizinin açılmasının dalana dirənməsində Paşinyan hakimiyyətini günahlandırıb: "Ermənistanın Sünik bölgəsindən keçən kommunikasiyaların açılmasına gəldikdə, üzərində Baş nazir Nikol Paşinyanın imzası olan razılaşmanı məhz Ermənistan rəhbərliyi sabotaj edir. Belə bir mövqenin mənasının nədən ibarət olduğunu dərk etmək çətindir. Mən əminəm ki, üçtərəfli sənədlər çərçivəsində qoyulan özül tam həcmdə aktuallığını qoruyub saxlayır".
Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bundan sonra bəyan edib ki, dəhliz Moskva üçün prioritet olaraq qalır. O, eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı İran tərəfində narahatlıq olduğunu deyib.
İrandan müxtəlif səviyyələrdə verilən bəyanatlar Tehranın iç üzünü bir daha göstərmiş olur. Məsələn, xarici işlər naziri Abbas Əraqçi Zəngəzur dəhlizinin İranın "qırmızı xətti" olduğunu deyib. Bəyan edib ki, qonşu dövlətlərin sərhədlərində hər hansı dəyişiklik onun ölkəsi üçün "qırmızı xətt" deməkdir və bu, "tamamilə qəbuledilməzdir".
İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri İbrahim Əzizi də Zəngəzur dəhlizini ölkəsinin "qırmızı xətt" hesab etdiyini və sərhəddə hər hansı dəyişikliyə qəti cavab veriləcəyini söyləyib. O, Zəngəzur dəhlizinə dair geosiyasi proseslərin İranın marağında olmadığını əlavə edib.
İran parlamentinin xarici siyasət komitəsinin üzvü Fədahüseyn Maliki Rusiyanı ikili standartlarda ittiham edib və Zəngəzur dəhlizi ideyasını ölkəsinin "kürəyinə vurulan zərbə" adlandırıb. Vurğulayıb ki, İslam Respublikası üçün milli maraqlar heç kimin keçə bilməyəcəyi "qırmızı xət"dir.
İran parlamentinin Xarici siyasət və təhlükəsizlik Komitəsinin keçmiş sədri Heşmətullah Fəlahətpişeh isə "X" səhifəsində Rusiyanın təşəbbüsü ilə Zəngəzur dəhlizi mövzusunun yenidən gündəmə gəlməsinin əsas səbəbi kimi Tehranın Qərblə münasibətləri normallaşdırmaq kursunu göstərib: "Əvvəlki hakimiyyət Rusiyanın Ukraynadakı maraqları naminə Qərblə sövdələşməni qurban verdi. Yeni hakimiyyət Moskva ilə birtərəfli dostluq siyasətinin tələsinə düşməməlidir. Zəngəzur dəhlizi Putinin İranın yeni hökuməti ilə ABŞ arasında kommunikasiya kanallarının formalaşdırılması imkanlarının qarşısını almağa yönəlmiş ilkin hücumudur".
Zəngəzur dəhlizi ətrafında baş verənləri şərh edən politoloq Zaur Məmmədov deyib ki, son iki həftə ərzində İran İslam Respublikasının parlamentariləri, politoloqları, hərbçiləri tərəfindən Zəngəzur dəhlizi ətrafında ard-arda bəyanatlara şahidlik etməkdəyik. Bəyanatlarda Rusiya prezidentinin və xarici işlər nazirinin Zəngəzur xəttinin açılmasına tərəfdar olması tənqid edilir və narahatlıq doğurur. Məsələ ilə bağlı narahatlığın ciddiliyinin təsdiqi qonşu dövlətin son bir həftədə hər gün Azərbaycana, Ermənistana, ələlxüsusda Rusiyaya KİV vasitəsilə bu yolun açılmasına "icazə verməyəcəkləri" ilə bağlı göndərdikləri ismarıclardır.
Politoloq qeyd edib ki, ali rəhbər Ayətullah Xameneinin nümayəndəsi və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli-Əkbər Əhmədian BRİKS sammitində iştirak etmək üçün Sankt-Peterburqa gəlib və mediadan alınan xəbərə görə, orada Sergey Şoyqu ilə görüşdə Rusiya tərəfinin Zəngəzurla bağlı mövqeyinin aydınlaşdırılması istənilib: "Çox güman ki, İranı narahat edən əsas səbəb bölgənin gələcək siyasi, iqtisadi və hərbi coğrafiyası ilə bağlı Rusiyanın Azərbaycanla, yoxsa İranla həmfikir olması sualıdır. Ermənistan və Rusiya arasında münasibətlərin soyuqluğu və son vaxtlar Bakı - Moskva arasında ənənəvi yanaşmaların deyil, yeni reallıq və yeni baxış bucağının formalaşması Tehranı narahat etməkdədir. Hərçənd Azərbaycan tərəfi dəfələrlə sübut edib ki, 2020-ci ilin sonunda bərpa olunan ədalətdən sonra yeni reallıqlar İrana da böyük üstünlüklər gətirəcək, yeni reallıq Tehran üçün heç də bəyan etdikləri çağırışları gətirməyəcək".
Z.Məmmədov əlavə edib ki, hazırda Qafqazda bütöv Azərbaycan və Zəngəzur mövzuları ətrafında İrandakı isterika ilk dəfə deyil: "1918- 1920-ci illərdə AXC dövründə də, İrandakı siyasətçilər Cənubi Qafqazdakı proseslərə ehtiyatla yanaşır və baş verənləri dövlətləri üçün təhdid sanırdılar. Bu gün də, Azərbaycan dövlətinin rəsmiləri dəfələrlə bəyan edirlər ki, ölkəmiz İran ilə dost qonşuluq münasibətlərinin tərəfdarıdır. Bu illər ərzində Ermənistanın tam olaraq blokadada qalmamasının yeganə səbəbinin İran olmasına, 2020-2023-cü illərdə İslam Respublikasının bölgədə müəyyən addımlar atmasına baxmayaraq, Azərbaycan dövləti qələbədən pay olaraq bütün qonşularına, o cümlədən, İrana 3+3 formatında iştirak etməyə dəvət edib, Cənub-Şimal nəqliyyat xəttinin mümkün qədər tez işə salınması üçün səylərini davam etdirir. Arazın cənubundakı siyasətçilər çox yaxşı bilirlər ki, Azərbaycan Respublikasının rəhbərliyi heç vaxt İrana qarşı koalisiyalarda iştirak etməyib və əsl qonşuluq və qardaşlığın necə olduğunu dəfələrlə birtərəfli qaydada sübut edib".
Onun sözlərinə görə, İranın müxtəlif məmurlarının Zəngəzurla bağlı açıqlamaları tarixə nəzər salmağa vadar edir, çünki Əhməd şah Qacar çətin və gec də olsa bu ərazilər də daxil olmaqla 114 000 kv km-lik Azərbaycan Respublikasını tanıyıb (ad ilə bağlı narazılıq olsa da, ərazilər və sərhəd xətti mübahisə doğurmayıb). Beynəlxalq ictimaiyyət tərəfindən Zəngəzur və Qarabağ daima Azərbaycan dövlətinin bir parçası olublar: "Yaxşı olardı ki, 2020-ci ildən bölgədə yeni reallıqlar ilə üzləşən siyasətçilər tarixə bir daha nəzər salsınlar. Və ən nəhayət, Azərbaycan təkbaşına Ermənistan Respublikasının ordusunu darmadağın edərək Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdi. Hazırda regionumuz və qonşularımız üçün sabit Qafqaz vacib sayılmalıdır. Kommunikasiyaların açılması, qayıdışın reallaşması bölgədə möhkəm sülh və dayanıqlı inkişaf üçün vacibdir. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunması prosesi olduğu kimi, Zəngəzurun da tarixi reallığa qayıtması bölgənin çiçəklənməsinə xidmət edəcək".