(Əvvəli ötən sayımızda)
1917-ci il fevral çevrilişindən və çar II Nikolayın imperiya taxtından kənarlaşdırıldıqdan sonra bədii əsərlər üzərində senzura nəzarətinin öz əhəmiyyətini itirməsi təbii və labüd proses idi. Senzura qərarının nəticəsindən asılı olmayaraq Cəmo bəy Cəbrayılbəylinin beş dram və bir tərcümə əsərini milli səhnəmizin ehtiyacları üçün yazıb təqdim etməsini dövrün mütərəqqi ədəbi-mədəni hadisəsi adlandırmaq olar.
C.Cəbrayılbəyli 9-cu us-müsəlman məktəbində üç illik səmərəli müəllimlik fəaliyyətindən sonra 1917-ci ildə Alekseyev adına 3-cü ali-ibtidai məktəbə təbiyyat müəllimi təyin edilir. Altı sinifli bu məktəb Şamaxı yolu - indiki Cəfər Cabbarlı küçəsində yerləşir, ona rüşdiyyə - natamam orta məktəb də deyilirdi. Bu təhsil ocağı yüksək nizam-intizamı, peşəkar və təcrübəli pedaqoji kollektivi və ünlü yetirmələri ilə ölkədə yaxşı tanınırdı. Vaxtilə bu məktəbdə görkəmli dramaturq Cəfər Cabbarlı, Cümhuriyyətin ideoloqlarından olan Mirzə Bala Məhəmmədzadə təhsil almışdır. Üçüncü ali-ibtidai məktəbin müdiri, Qori Müəllimlər Seminariyasının məzunu, milli ruhlu, təcrübəli pedaqoq Səməd bəy Hacıəliyev (Acalov) idi.
Cəmo bəyin yeni məktəbdə sevincinə rəng qatan səbəblərdən biri də, Şamaxı şəhər məktəbində ilk müəllimi, unudulmaz xeyirxahı, Seyid Əzim Şirvaninin oğlu, Mir Cəfər Seyidzadə ilə bərabər, çiyin-çiyinə işləyəcək, onun məsləhət və tövsiyələrindən bəhrələnəcəkdi... Məktəbdə Üzeyir bəy Hacıbəyli, Müslim Maqomayev, Pənah Qasımov, Əli Cabbar Orucəliyev, Hənəfi Terequlov, Əli Hüseynov, Əli Terequlov kimi məşhur pedaqoqların çalışması Cəmo bəy kimi gənc müəllim üçün ürəkaçan və tarixi hadisə idi.
1917-ci ilin şimal nəsimi Azərbaycanın ictimai-mədəni həyatına bahar nəfəsi gətirdi, xalqı dəyənəklə idarə edən, milli oyanışı süngü ilə qarşılayan şovinist Jupranskilərin kürkünə birə saldı...
Tədrisin ana dilində aparılması təşəbbüsünə ilk olaraq 3-cü ali-ibtidai məktəb qoşuldu. 1917-ci ilin sentyabr ayında pedaqoji kollektivin qərarına Bakı bələdiyyəsi və "Məktəb komissiyası" biganə yanaşsa da, ana dilində fənlərin tədrisinə uğurla başlanıldı. Üzeyir bəy Hacıbəyli, Pənah Qasımov, Cəmo bəy Cəbrayılbəyli və digər müəllimlərin bu işin çətin və mürəkkəb bir şəraitda gerçəkləşməsi üçün fədakarlıq, cəsarət, məsuliyyət nümayiş etdirmələri, eyni zamanda Səməd bəy Hacıəliyevin milli təhsil yönümündə müstəsna xidmətləri danılmazdır.
1918-ci ilin mart ayında erməni-bolşevik hərbi hissələrinin Şamaxı, Bakı, Quba şəhərlərində və ölkənin digər ərazilərində azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar, qətliam və soyqırımları xalqın tarixinə və yaddaşına qanla yazıldı. Həmin faciəli günlərdə Cəmo bəy ən yaxın qohumlarının və əzizlərinin yaşadığı, top atəşləri ilə viranəyə çevrilmiş Şamaxı şəhərinə üz tutur. Gördükləri mənzərələr onu dəhşətə gətirir:
Vətəni görcək olmadım xürrəm,
Daha da artdı dildəki qüssəm.
...Qanlı düşmən kəsüb, yaxıb buraxıb,
Dopdolu küçələrlə qanlar axıb...
Məscidi atəşə edib suzan,
Vətəni topla eyləmiş viran -
- deyə fəryad qoparır (Cəmo Cəbrayıl. Annamə. "Övraqi-nəfisə" jur., Bakı, 1919, № 3, səh. 9-10).
Şamaxının Cümə məscidində qadın, uşaq və qocalara fərq qoymadan, acımadan insanların diri-diri yandırılmasını, müqəddəs məkanların, ibadət yerlərinin, yaşayış evlərinin dağıdılmasını, məhv edilməsini gördükcə, ağrılı-acılı dəhşətli mənzərəni seyr etdikcə Cəmo bəyin qəlbindən qara qanlar axırdı. Düşünürdü ki, erməni vandalları törətdikləri vəhşiliklər ilə 1902-ci il Şamaxı zəlzələsindən daha güclü, rəhmsiz və dağıdıcı imiş.
Günahsız insanların yalnız milli mənsubiyyətinə görə qəddarlıqla qətlə yetirilməsi burunlarının ucunu görməyən siyasi avantüristlərin böyük və məkrli planlarının tərkib hissəsi olsa da, xalqı milli istiqlal yolundan qorxudub çəkindirə bilmədi. Əksinə, Azərbaycan türklərinin özünəgüvənini, mübarizlik əzmini artırdı, birliyini, diriliyini daha da möhkəmləndirdi. Azadlığa, müstəqilliyə, demokratiyaya olan ehtiyac hissini qabartdı, gücləndirdi.
Cəmo bəy Cəbrayilbəyli
Cümhuriyyət dönəmində
Mart soyqırımı şəhidlərinin küçələrdən axan qanları hələ qurumamış, milli ağrı-acıların, sızıltıların hələ qövr etdiyi bir vaxtda - 28 may 1918-ci ildə Azərbaycan Milli Şurası ölkəmiz və millətimiz üçün taleyüklü olan tarixi sənədə imza atdı - Tiflis şəhərindəki Qafqaz Canişininin sarayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını elan etdi.
Bakı uğrunda, milli istiqlal yolunda aparılan ölüm-dirim mübarizəsində on mindən çox şəhid versək də, 1918-ci il 15 sentyabr qələbəsi, paytaxtın daşnak-bolşevik antimilli qüvvələrindən qurtuluşu - gözlərinə kədər buludu çökmüş insanların çöhrəsində təbəssüm oyatdı. Əzizlərini, yaxınlarını itirmiş bir çox insanlar Bakı zəfərini soyqırımı faciəsinin qisası, bədəli kimi də qəbul edirdi...
İstiqlal gününə bərabər tutulan Bakının qurtuluş günü xalq tərəfindən toy-bayram kimi qarşılandı. Qafqaz İslam Ordusunun zabit və əsgərlərinin şərəfinə dualar, alqışlar səsləndirilir, mahnılar qoşulur, şeirlər yazılır, kitabçalar yayımlanırdı. Xalq sevgisinin, sevincinin aşıb-daşdığı, milli birliyin, dövlətçiliyin, vətənin öyüldüyü, vəsf edildiyi günlərdə Cəmo bəy də qələminə sarıldı, qəlbindən keçən poetik duyğular selini kağıza köçürdü, milli marş motivləri üzərində düzənlədiyi şeirinin adını "Vətənim" qoydu. Bu şeirində vətənin (Azərbaycanın) şərəfli tarixini, "Al rəngli bayrağını" (Cümhuriyyətin bayrağı 1918-ci il 9 noyabra qədər al rəngli idi - A.R.), qəhrəman övladlarını qeyri-adi bir sevgi, atəşin bir məhəbbət ilə tərənnüm edirdi.
Cəmo bəyin "Vətənim" əsəri həqiqətən zamanında yazılmış və çox uğurlu alınmışdı. Müəllif şeirin misralarını dodaqaltı zümzümə etməkdən yorulmazdı, uşaqlar üçün vətənpərvərlik mövzusunda sevilən nəğmə ola biləcəyini düşünərək mətni müəllim dostu Üzeyir bəy Hacıbəyliyə də təqdim etmişdi.
Ağa Həsən Mirzəzadə Cəmo bəylə həmin ərəfədə görüşündə vətən, məktəb, maarif, cocuqlar haqqında yazılmış şeirlər, nəğmələr toplayıb nəşr etdirmək niyyətində olduğunu, hətta bu mövzuda Abbas Səhhət, Mirzə Ələkbər Sabir, Ağaəli Naseh, Məhəmməd Hadi, Əli bəy Hüseynzadə, Əli Abbas Müznib, Əli Yusifzadə və b. şairlərin əsərlərindən poetik nümunələr seçdiyini və onun da nəğməsini məmnunluqla topluya salmaq arzusunda olduğunu bildirdi. C.Cəbrayılbəyli dostunun elə bil onun ürəyini oxuduğuna sevindi və yenicə yazdığı "Vətənim" şeirinin əlyazmasını poeziya almanaxında çıxması üçün Ağa Həsən Mirzəzadəyə təqdim etdi. Cəmo bəy dərsliklərin qıt olduğu, nadirəyə çevrildiyi bir zamanda poeziya almanaxının xüsusilə rüşdiyyə məktəblərinin şagirdləri üçün əlavə oxu vəsaiti olaraq əhəmiyyətini və gərəkliliyini xüsusi vurğuladı...
"Milli nəğmələr" adlı almanaxın nəşrini yaxın dostların gözlədiyi günlərdə kitabdakı şeirlərin toplayıcısı və tərtibçisi, tanınmış nasir, istedadlı publisist, pedaqoq, mühərrir Ağa Həsən Mirzəzadə, təəssüflər olsun ki, ömrünün çox gənc vaxtında - 27 yaşında, vərəm xəstəliyinin əzablı ağrıları ilə dünyasını dəyişdi. Ədəbi ictimaiyyət üçün ağır itki olan Ağa Həsən Mirzəzadə haqqında "Azərbaycan" qəzeti dərc etdiyi başsağlığı-bildirişdə yazırdı: "Qafur Rəşad Mirzəzadə kəmali yas və təhəssürlə öz sevgili qardaşı, müəllim və mühərrir Ağa Həsən Mirzəzadənin ölüm xəbərini qövm-əqrəba və dost-aşnalarına xəbər veriyor. Təşyiye-cənazə bu gün çəharşənbə günü, sübh saət 10-da Nijni Tazəpirski küçədə 25 nömrəli evdən götürülüb Tazəpir məscidinə aparılacaqdır" ("Azərbaycan" qəz., 1918, 20 təşrini-sani (noyabr), № 45).
Həmin gün, noyabr ayının 20-də səhər saatlarında Tazəpir məscidinin ətrafı qələbəlik idi. Cümhuriyyətin qurucuları, görkəmli ziyalılar, şairlər, teatr işçiləri, maarif xadimləri, mətbuat nümayəndələri sırasında mərhumun yaxın dostları - Cəmo bəy Cəbrayılbəyli, Əmin Abid Mütəllibzadə, Əli Rai Yusifzadə, Əli Abbas Müznib və b. yas mərasiminə, mərhumu son mənzilə yola salmağa gəlmişdilər. İstedadlı bir publisistin, yazarın, ədibin gənc yaşında dünyasını dəyişməsi hamını ağrıdırdı, göynədirdi, təəssüf hissi doğururdu.
Qafur Rəşad Mirzəzadə qardaşının həyat yolu və fəaliyyəti barədə "Q.R." imzası ilə "Azərbaycan" qəzetinin 1918-ci il 20 təşrini-sani (noyabr) tarixli 45-ci sayında "Ağa Həsən Mirzəzadə" adlı məqalə dərc etdirdi. Qafur Rəşad yazırdı ki, "Müəllim və mühərrir Ağa Həsən Mirzəzadə 27 yaşında ikən millətinə əlvida etdi".
Ağa Həsən Mirzəzadə eyni zamanda opera müəllifi idi. Onun "Tənbəl" adlı musiqili və iki məclisli operası 1917-ci ildə "Məktəb" elektrik mətbəəsində çap edilmişdi.
Ağa Həsənin vəfatından sonra yarımçıq qalmış işlərinin həyata keçirilməsi, xüsusilə "Milli Nəğmələr" lirik şeirlər toplusunun nəşri onun böyük qardaşı Qafur Rəşad Mirzəzadənin öhdəsinə düşdü. Almanaxın çap versiyası qismən gecikdi və 1919-cu ilin ikinci yarısında işıq üzü gördü. Qafur Rəşadın redaktorluğu ilə çıxan topluya Cəmo bəyin "Vətənim" şeiri də cüzi dəyişiklik edilərək "Vətən marşı" adı ilə daxil olundu. Çünki artıq Üzeyir bəy Hacıbəyli dostu Cəmo bəyin "Vətənim"inə marş bəsləmişdi...
C.Cəbrayılbəyli böyük yaradıcılıq əzmi, şövqü ilə Alekseyev adına altıillik 3-cü ali-ibtidai məktəbdə pedaqoji fəaliyyətini davam etdirsə də, cəmi bir tədris ilindən sonra - 1918-ci ilin noyabr ayında onun iş yerini şəhərin daha qabaqcıl təhsil müəssisələrindən birinə - Bakı Birinci Realnı məktəbinə dəyişilməsi ilə bağlı əmr verildi. O, Nikolayev küçəsi 6 ünvanında (indiki İstiqlaliyyət küçəsi) yerləşən Bakı Realnı məktəbinə Təbiyyat müəllimi vəzifəsinə göndərildi.
Məktəbin direktoru o vaxt böyük pedaqoji təcrübəyə malik, tanınmış maarif işçisi İvan Viktoroviç Denfer idi. C.Cəbrayılbəyli ilə eyni zamanda Birinci Realnı məktəbinə Qafur Rəşad Mirzəzadə, Ağa Əli Rağib Qasımzadə, Xudaverdi Kələntərli, İbrahim Səfərov və digər ziyalılar müəllim vəzifəsinə təyin edildilər. Abdulla Şaiq və Əbdül Əli bəy Cəbibəyov isə bu məktəbdə, artıq bir neçə il idi ki, çalışırdılar.
Cəmo bəy Cəbrayılbəyli və yaxın dostları üçün 1919-cu il xüsusilə uğurlu oldu. Edadi və rüşdiyyə məktəbləri üçün Abdulla Şaiqin "Ədəbiyyat dərsləri" (H.Cavidlə müştərək), "Türk çələngi", Ağa Əli Rağib Qasımzadənin "Hesab məsələləri məcmuəsi", Səməd bəy Hacıəlizadənin "Rəhbəri-cəbr", Cəmo bəyin "Tarixi-təbii" kitabları Xalq Cümhuriyyətinin "Hökumət mətbəəsi"ndə böyük tirajla nəşr edildi.
Cəmo bəy Cəbrayılbəylinin yaxın dostlarından biri də görkəmli filosof-şair, böyük müəllim Hüseyn Cavid əfəndi idi. 1916-cı ildə indiki Filarmoniyanın bağında onu H.Cavidlə Abdulla Şaiq tanış etmişdi. 1921-1933-cü illərdə Darülmüəllimində (Pedaqoji texnikumda) Cəmo bəy biologiya fənnini, Hüseyn Cavid isə türk (Azərbaycan) dili və ədəbiyyatını tədris edirdi. Onun müəllimliyi, xoş xasiyyəti, qonşuluq münasibətləri haqqında Cəmo bəy yazırdı: "Mən, Cavidlə 1921-ci ildən 1933-cü ilə kimi bir yerdə işlədim. Darülmüəllimin Kommunist küçəsindəki binasında (indiki Əlyazmalar İnstitutunda -A.R.)... müəllimlərdən bir neçəsinə ev verilmişdi. Mən binanın ikinci mərtəbəsində, Cavid isə üçüncü mərtəbəsində yaşayırdıq. Beləliklə, mən Cavidlə 8 il qonşu olmuşam. Öz ailəsinə mehriban olan, uşaqlarını, arvadı Müşkinaz xanımı dərin məhəbbətlə sevən Hüseyn Cavid, bizim ailənin də əzizi idi" (C.Cəbrayılbəyli. "Xatirələrim", Bakı, Azərnəşr, 1966, səh.164-165).
Cəmo bəy xatirələrində böyük ədibin pedaqoji düşüncələrindən, sadəliyindən, səmimiliyindən sevgisindən, təvazökarlığından, diqqətcilliyindən, mehriban qonşuluq münasibətlərindən söz açaraq onu sevimli dramaturq, nüfuz sahibi, vətənpərvər şəxsiyyət kimi təqdim etməyi bacarıb.
(Ardı var)