ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana beş illik yardım paketini iki dəfədən çox artırıb. Belə ki, 120 milyon dollar olan yardım paketi 250 milyon dollara çatdırılıb. Ayrılan vəsaitin təbii fəlakət riskinin idarə olunması, kibertəhlükəsizlik, enerji təhlükəsizliyi, regional əməkdaşlıq, demokratiyaya dəstək və s. istiqamətlərdə istifadə olunmasının nəzərdə tutulduğu açıqlansa da, bu vəsaitin açıqlanan məqsədlər üçün omadığı gün kimi aydındır. Söhbət tamamilə başqa istiqamətlərdən gedir. Konkret olaraq, Ermənistanın silahlandırılması, onun Rusiyadan qopmasını sürətləndirmək, ümumilikdə Moskvanın bölgədə təsirini tamamilə yox etmək, qarşıdurmaya rəvac verməkdir.
ABŞ hər zaman məhz USAID kimi təşkilatlar vasitəsilə öz planlarını həyata keçirir, maraqlarını təmin etməyə çalışır. Bunun digər ölkələrin timsalında nümunələri çoxdur. Məlumdur ki, Birləşmiş Ştatlar Cənubi Qafqazda möhkəmlənməyə can atır. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regionda yeni reallıqlar yaratmasını, güclənməsini heç cür həzm edə bilməyən ABŞ ölkəmizə qarşı müxtəlif vasitələri işə salıb. Ermənistan isə hər zaman olduğu kimi, müxtəlif güclərin əlində alət olmaqda davam edir. Bir tərəfdən Qərbə inteqrasiya görüntüsü yaradan İrəvan, digər tərəfdən hələ də KTMT-də, Avrasiya İqtisadi İttifaqında qalmaqda davam edir. Ermənistanda Rusiyanın 102 saylı hərbi bazası, Rusiya-Ermənistan birgə hərbi qruplaşması, birgə havadan müdafiə sistemləri fəaliyyət göstərir.
USAID-nin Ermənistana yardımı iki dəfə artırması həm də 5 aprel görüşünün davamıdır. Yada salaq ki, bu il 5 apreldə Brüsseldə ABŞ-Avropa İttifaqı-Ermənistan görüşü keçirildi. Azərbaycan əvvəldən bu görüşün hərbi məqsəd daşıdığını və üçtərəfli hərbi paktın imzalanacağını bəyan etmişdi. Görüşdən sonra baş verənlər Bakının tamamilə haqlı olduğunu göstərdi. Həmin görüşdən sonra Ermənistana həm ABŞ, həm Avropa İttifaqı tərəfindən hərbi dəstək göstərilməkdə, silah-sursat verilməkdədir. Eyni zamanda, Fransa İrəvanı açıq şəkildə öldürücü silahlarla təmin edir.
5 apreldən sonra Ermənistan operativ şəkildə İrəvan hava limanından Rusiya sərhədçilərini çıxardı, ardınca ABŞ təyyarələrlə bu ölkərə silah və hərbi heyət göndərdi və onlar Zəngəzurda yerləşdirildi.
Belə ki, ABŞ-nin hərbi təyyarələrlə Ermənistana yük və şəxsi heyət gətirməsi barədə faktların əks olunduğu görüntülər Azərbaycan mətbuatında yayılıb. Birləşmiş Ştatlar tərəfindən faktı təkzib edən tutarlı açıqlama olmadı. Başqa bir fakt, Ermənistanda ABŞ-la birgə hərbi təlimlərin keçirilməsidir. Bu təlimlərin də hansı məqsədlə keçirildiyi məlumdur. Görünən odur ki, ABŞ-nin addımları bölgədə vəziyyəti pisləşdirməyə, sülh prosesini ləngitməyə yönəlib.
USAID-in rəhbəri qatı ermənipərəst Samanta Pauer öz postundan istifadə edərək aktiv antiazərbaycan fəaliyyəti aparır. Onun separatçıların liderlərindən olmuş Ruben Vardanyanla şəxsi dostluq münasibəti var. Hətta Vardanyanın ailəsi və oğlu tərəfindən qurulan antiazərbaycan şəbəkəni də koordinasiya edir. Vardanyanın maliyyələşdirdiyi Avrora mükafat komitəsində Pauer də təmsil olunurdu. Bütün bunlar göstərir ki, ABŞ dövlət maraqlarının reallaşdırılması ilə məşğul olan USAID erməni lobbisinin əlində bir oyuncaqdır. Bir daha vurğulamaq lazımdır ki, ABŞ və onun himayəsindəki beynəlxalq təşkilatlar regionda Ermənistanı öz bastionuna çevirmək istəyirlər. Xüsusilə Fransa tərəfindən Ermənistana göstərilən hərbi və siyasi dəstək bilavasitə Vaşinqtondan koordinasiya edilir.
USAID təşkilatı erməni lobbisi əlindədir. USAID-in həm də kəşfiyyat işinə cəlb olunması və yardım edilən ölkələrin daxili işlərinə qarışması uzun illərdən bəridir ki, danılmaz fakt kimi qəbul olunur. 1960-70-ci illərdə agentlik Mərkəzi Kəşfiyyat İdarəsinin hazırda bağlanmış İctimai Təhlükəsizlik Ofisi ilə əməkdaşlıq edib. ABŞ Hesablama Palatasının 1976-cı il hesabatına əsasən, bu ofis xarici polislərə terror və işgəncə texnikaları ilə bağlı təlim keçib. USAID hər zaman bu ittihamları rədd etsə də, 1973-cü ildə Konqres bu ittihamların ABŞ-nin ictimai imicinə zərbə vurduğunu əsas gətirərək agentliyə öz ictimai təhlükəsizlik proqramını mərhələli şəkildə dayandırmağı tapşırıb. Xarici polis qüvvələrinin hazırlanması Mərkəzi Kəşfiyyat İdarəsi ilə birlikdə bu proqram vasitəsilə həyata keçirilirdi. İndi də proqramın aktiv olduğu barədə məlumatlar var. Elə Ermənistana yardımda bu məqamın da yer alacağı istisna deyil.
Bu, bir daha onu göstərir ki, USAID yardım adı ilə bütün işlərlə məşğul olub. Hətta çox ölkədə legitim və qanuni hökumətlərə qarşı çıxan təşkilatları maliyyələşdirib. İndi də eyni fəaliyyət davam edir, amma artıq bu təşkilatın əsl siması bəlli olduğu üçün bir çox ölkələrdən çıxarılıb.
Məsələnin başqa tərəfi ondan ibarətdir ki, Azərbaycan torpaqları 30 ilə yaxın işğal altında qalanda ABŞ Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını hazırda Ermənistanın sərhəd toxunulmazlığı qədər xatırlatmırdı. Birləşmiş Ştatların ədalətsiz yanaşması indi də davam edir. Azad edilmiş ərazilərin kütləvi şəkildə minalanması illərdir yurd-yuvasından didərgin düşmüş insanların qayıdışı üçün ən böyük problemlərdən biridir. Azərbaycan dünyada minalardan ən çox çirklənmiş ölkələrdən biridir. Münaqişədən sonra çoxsaylı insan mina partlayışlarının qurbanı olub. Lakin minalardan təmizləmə işinə ABŞ real dəstək vermir. Görünən odur ki, Qarabağa və Şərqi Zəngəzura azərbaycanlıların qayıdış hüquqlarının təmini ABŞ-ni o qədər də narahat etmir.
ABŞ Ermənistana siyasi, iqtisadi və xüsusən hərbi dəstək olmaqla Ermənistanda revanşizmin artmasına zəmin yaradır.
Yuxarıda qeyd olunan ABŞ-nin addımları Qafqaz regionunda geosiyasi sərhədlərin çəkilməsi deməkdir. Əgər Birləşmiş Ştatlar sözdə bəyan etdiyi kimi, regionda həqiqətən də real sülh istəyirsə, Ermənistana tək tərəfli dəstəyi, xüsusən hərbi dəstəyi dayandırmalı, digər müttəfiqlərini də bu addımlardan çəkindirməlidır.
ABŞ-nin dəstəyindən ruhlanan Ermənistan rəsmiləri son günlər Rusiyaya qarşı yenidən reveranslara başlayıblar. Amma İrəvanın da siyasətinə güvənmək olmaz. Ermənistan heç vaxt etibarlı tərəfdaş, müttəfiq olmayıb. Qeyd etdiyimiz kimi, Ermənistan Rusiyanın yaratdığı təşkilatlarda qalır, Moskvanın İrəvanda hərbi iştirakçılığı var, belə olan halda Ermənistanın elə Rusiya orbitində qala biləcəyi də istisna deyil. Bu halda təbii ki, itirən ABŞ olacaq. Belə ki, yaratdığı gərginliyə görə regionda heç bir dövlət onunla sıx əməkdaşlıq etməkdə maraqlı olmayacaq. İndi Ermənistana görə ABŞ-nin buna gedib-getməyəcəyini zaman göstərəcək.