Azərbaycanın ev sahibliyi etdiyi istənilən böyük beynəlxalq tədbirlər ərəfəsində Qərb ölkələri tərəfindən xüsusi kampaniyaya start verilir. Antiazərbaycan xarakteri daşıyan bu kampaniyalarda məqsəd həmin tədbirləri gözdən salmaq, iştirakçıların sayına təsir göstərməklə onun boykot olunduğu görüntüsünü yaratmaq, bununla da Azərbaycanın nüfuzuna xələl gətirməkdir. Keçmişdəki təcrübəyə nəzər salanda, artıq ölkəmizin beynəlxalq informasiya məkanında aparılan bu cür qarayaxma kampaniyalara öyrəşdiyini deyə bilərik.
Məsələn, “Eurovision” mahnı müsabiqəsi, Avropa Oyunları, İslam Oyunları, Formula 1 yarışları ərəfəsində də eyni proseslər müşahidə edilib. Amma indiyə qədər həmin qərəzli qüvvələr öz məqsədlərinə nail ola bilməyiblər. Bunun üçün xüsusi seçilən şəxslər isə həmin təlimatları yerinə yetirən sadəcə xırda məmurlardır ki, Qərb siyasi elitası onlardan istifadə edib sonra da unudur. Onlardan biri də Almaniya parlamentinin üzvü, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) ölkəsini təmsil edən Frank Şvabedir. Deputatlıq fəaliyyəti aldığı sifarişləri yerinə yetirməkdən, korrupsiya və qaranlıq biznes əlaqələrində iştirakdan ibarət olan bu muzdlu siyasətçi antiazərbaycançı qüvvələrin əlində bir alətdir. AŞPA-da da ölkəmiz əleyhinə qəbul edilən qərarın müəllifi də məhz odur.
Təəssüf ki, “insan haqları”, “demokratiya”, “siyasi məhbuslar” ifadələri Qərb dairələrin leksikonunda siyasi dəyənək rolunu oynayır. Həmin dəyənəyi onlar müstəqil siyasət yürüdən ölkələrə qarşı yönəldir. Lakin unudurlar ki, Azərbaycan ilə təzyiq dilində danışmaq heç bir nəticəyə gətirib çıxarmır.
Frank Şvabe son çıxışlarda yenidən Azərbaycanda “siyasi məhbuslar”ın azad olunmasına çağırıb. Birincisi, Azərbaycanda “siyasi məhbus” yoxdur, heç kim siyasi baxışlarına görə həbs olunmur. Digər tərəfdən, Ermənistanda baş verən hadisələrlə bağlı Qərb institutları susur. Məsələn, 2019-cu ildə Ermənistan həbsxanasında müxalifyönlü jurnalist M.Yegiazaryan aclıq aksiya keçirərək ölmüşdür. Müxalif siyasətçi Armen Qriqoryan da elə məhkəmə zalında ölüb (15 iyul 2022-ci il), keçmiş hakimiyyətin bir çox fəal funksioneri (məsələn, Armen Aşotyan) həbs edilib. Belə olan halda, niyə Şvabe bir dəfə də olsun Ermənistanda olan bu problemlər haqda danışmayıb?
Şvabe illərlə erməni lobbisinin təsiri altında olmaqla, Qarabağ ermənilərinin hüquqları barədə danışıb. Lakin o bir dəfə də olsun, Qarabağda qondarma rejim və işğalçı Ermənistan tərəfindən törədilmiş dağıntılar və Azərbaycanın mədəni irsinin dağıdılması, azərbaycanlıların ora qayıdış hüquqlarının 30 il ərzində tapdalanması barədə bir söz də deməyib. Heç vaxt bu məsələni gündəmə gətirməyib. Əgər qərəzsiz, ədalətli olsaydı, təbii ki, fərqli mövqe sərgiləyərdi. Bu fakt özlüyündə onun nə dərəcədə qərəzli və erməni lobbisinin maraqlarına xidmət edən şəxs olmasını göstərir. Şvabe Almaniyanın ictimai kanalı ARD-də Azərbaycan əleyhinə bədii filmin («Am Abgrund») hazırlanmasında yaxından iştirak edib. Bu şəxsin 2014-ü ildə Krımın işğalından sonra Rusiyanın AŞPA-dan çıxarılmasının əleyhinə olması artıq hər şeyi deyir.
Azərbaycan ictimaiyyəti Şvabe, Okampo, bir sıra ABŞ konqresmenləri və senatorları, fransalı siyasətçilər və insan hüquqları müdafiəçilərinin ardıcıl, məqsədyönlü və sifarişli hücumlarına onilliklərlə şahidlik edib, artıq azərbaycanlılarda bu kimi hücumlara qarşı immunitet yaranıb. Məlumdur ki, yeni hücum dalğası COP29-la bağlıdır. Qeyd etdiyimiz kimi, əslində bu, gözlənilən idi. Bu kampaniya mühüm tədbir ərəfəsində beynəlxalq ictimaiyyətin qarşısında Azərbaycanı növbəti dəfə qaralamaq məqsədi güdür və bütün bunların arxasına erməni lobbisi və antiazərbaycan qüvvələr dayanır.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsinə beynəlxalq ictimaiyyət tərəfidən yekdilliklə dəstəklənib. Belə ki, COP28-in ötən il dekabrın 11-də keçirilən plenar iclasında bu qərar verilib. Dünya dövlətləri Azərbaycana böyük etimad göstərərək onun ev sahibliyini dəstəkləyiblər. Yəni COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olub. İndi bu ərəfədə qarayaxma kampaniyası ilə Şvabe kimilər öz çirkin məqsədlərinə nail ola bilməyəcəklər. Azərbaycan tədbirin yüksək səviyyədə keçirilməsi, bütün tərəflərin iştirakının təmini, iqlim dəyişikliyinə təsir edəcək təkliflərin gündəmə gətirilib qəbul edilməsi üçün bütün səylərini göstərir. Hardan sifariş almalarına, onu icra etmək üçün nə etmələrinə, hansı şər-böhtanı səsləndirmələrinə baxmayaraq, Azərbaycan bu tədbiri ən yüksək səviyyədə keçirərəcək və nəticələrin əldə olunması ilə yekunlaşdıracaq. Şvabe kimilərə isə sadəcə bir neçə aydan sonra Bakının daha bir uğuruna şahidlik etmək qalır.