GÖZ YAŞLARININ QƏLƏBƏSİ, YAXUD TAR SƏRGÜZƏŞTLƏRİMİN UVERTÜRASI
Atam çox istəyirdi ki, mən yaxşı tarçı olum (təklif edirəm ki, "tarzən" əvəzinə bu sözü işlədək). Ona görə də müxtəlif üsullarla məndə bu sənətə maraq oyatmağa çalışırdı. Nəhayət, mən 3-cü sinifdə oxuyanda bir gün əlimdən tutub Mədəniyyət evindəki tar dərnəyinə apardı, "əti sənin, sümüyü mənim" prinsipi ilə dərnəyin o vaxtkı rəhbəri Yaqub müəllimə (Mürsəlov) tapşırıb getdi...
İlk dərsim çox uğursuz keçdi. Dərnəyə gec gəldiyimdən buradakı uşaqlar ötən 2 ay ərzində azdan- çoxdan tarı tutmağı, mizrabı simlərə toxundurub, ən azından bir barmağı pərdəyə qoyub tarı dınqıldatmağı öyrənmişdilər. Mən isə hər şeyi 0-dan başlamalı idim. Üstəlik, tarım da yox idi (və yaxın perspektivdə olmağı da gözlənilmirdi). Ona görə də tarı sinəmdə düzgün tutmaq bir yana, simləri döyəcləyə-döyəcləyə barmaqlarımı pərdələr üzərində gəzdirmək mənə o qədər çətin göründü ki, elə orada - sinifdəcə özümü inandırdım ki, məndən heç zaman tarçalan çıxmayacaq...
Küçəyə çıxan kimi atamın qəzəbli sifəti gəldi durdu gözlərimin qabağında - məni ağlamaq tutdu və evimizə qədər olan ən azı 20-25 dəqiqəlik yolu xısın-xısın ağlaya-ağlaya qət etdim. Özümü həyətə salanda zırıltılarım sanballı bir hönkürtüyə çevrildi və anam əməllicə qorxdu:
- Nə olub, a bala? Səni döyüblər?..
Necə deyəydim ki, döysələr bundan yaxşı olardı? Ağlaya-ağlaya bəyan etdim ki, mən tar çalmaq istəmirəm və bir daha ora qayıtmayacağam.
Anam üz-gözünü turşudub dərindən bir ah çəkdi:
- Heyif səndən, heyif bizim zənnimizdən... Axşam atan gələr, həll edərsiz.
Bu o demək idi ki, əsl zıppıltı hələ qabaqdadır. Onsuz da atamın nəzərində fərli bir uşaq deyildim və bu tar əhvalatından sonra dönüb olacaqdım fərsizin kvadratı. Hələ mükafat kimi yağlı bir qapaz da ala bilərdim. Yeganə pənahım göz yaşlarım idi. Ona görə də güc verdim ağlamağa ki, tempi itirməyim - axşam atam gələnə kimi evdən mənim zırıltım, gözlərimdən isə yaş əskik olmadı.
...Atam həyətə girəndə təhər- tövürümdən işin nə yerdə olduğunu anladı. Kişinin rəngi qaraldı, səsi kallaşdı, amma yenə də məni "adam" eləmək üçün qulaqburmasına, silləyə yox, pedaqoji üsullara əl atıb, tar çalmağın yaxşı şey olması barədə uzun bir leksiyaya başladı, amma görəndə ki, mən deyilənləri qanmaq əvəzinə öz zırıltılarımla onun leksiyasına züy tutmaqda israrlıyam - kişi yoruldu, "Səndən çətin adam olsun" - deyib əllərini yellədi və adəti üzrə divana uzanıb çox güman ki, ona mənim kimi fərsiz bir oğul bəxş etdiyinə görə taleyindən şikayət edə-edə guya ki, dincəməyə başladı.
Təbii ki, təhlükə tam sovuşmamışdı, ehtiyatı əldən verib kirisəydim, atam düz yola qayıtdığımı düşünüb məni sabah yenidən ora apara bilərdi. Odur ki, bu faciəni nikbin sonluqla başa çatdırmaq üçün ağlamağın o vaxtlara kimi öyrəndiyim bütün çalarlarını bir-birinə qatıb funksiyamı ləyaqətlə yerinə yetirməkdə davam etdim - ta o vaxta qədər ki, gecə düşdü, yatmaq vaxtı çatdı və sızıltılarımdan cana gəlmiş atam axır ki, qapını açıb gözlədiyim sözləri dedi:
- Baş-beynimiz getdi daha. Səsini kəs! Getmirsən getmə.
Və elə həmin o andaca elə bil qurbağa gölünə daş atdılar. Səsimi xırp kəsməyimlə yuxuya getməyim bir oldu.
Amma sən demə, bu, tragikomediyanın hələ 1-ci hissəsi imiş.
Düz bir il sonra dərsdən çıxıb evə gələndə Mədəniyət evinin qarşısındakı çinara vurulmuş elandan bildim ki, tar dərnəyinə yeni qəbul var. Şeytan məni necə qıdıqladısa, tar çalmaq istəyi bircə anın içindəcə bütün varlığıma hakim kəsildi. İstəyimin evdəkilər tərəfindən alqışla qarşılanacağını düşünüb şəstlə həyətimizə girdim, uca səslə "Sabahdan tar dərnəyinə gedəcəm" - deyib anamın reaksiyasını gözlədim. Anam mənim gözlədiyimə rəğmən, üzünü turşudub başını buladı, "Balaca boyunla camaatı barmağına dolamısan ha. Sənin ipinin üstünə odun yığmaq olmaz" - deyərək mənim bəyanatımı boşa verəndə anladım ki, batmışam, ötən il baş verənlər mənim tar dərnəyinə gedən yolumun üstünə elə bir zıppıltı daş dığırlayıb ki, Azərbaycanın bütün stajlı pəhləvanlarını bir yerə yığsan da, onu yerindən tərpədə bilməzlər. O ki qaldı mənim ipimə, bütün qüvvələri səfərbər edib onun möhkəmliyini sübut etməli idim.
Ümd qalırdı yenə də ağlamağa. Və mən ötən il qazandığım təcrübəyə əsaslanıb bir ağlamaq ağladım ki, buna sadəcə ağlamaq demək günah olardı. Bu, tutuquşu kimi təkrarladığım "Yox, mən gedəcəm" misrasının mənim sızıltılarımın, iniltilərimin müşayiəti ilə muğamsayağı ifası kimi bir şey idi.
Axşam atam gəldi, bu dəfə onun tərsliyi tutdu və mənim "Ağlamaq" dəstgahım yatana kimi yox, düz səhərə kimi davam elədi. Yalnız bundan sonra atam inandı ki, deyəsən, mən yavaş-yavaş "adam" olmaq istəyirəm.
...Səhər şişmiş, qızarmış gözlərimə 3-4 ovuc su çırpıb atamla birgə üz tutdum Mədəniyyət evinə.
"RƏSUL RZA BAĞÇASINDA BİR AXŞAM..."
Xalq şairi Rəsul Rzanın Göyçay çayına yaxın yerdə kiçik bir bağ evi vardı. Bütün göyçaylılar bilirdi ki, yaz ağzı, payız aylarında ustad ya özü, ya da ailəsi ilə birlikdə burada dincəlməyi xoşlayır. Amma hamıdan fərqli olaraq o vaxtlar dəliqanlı yeniyetmələr olan mən və dostum Yaşar hər dəfə bu evin, həyətin yanından keçəndə üzərindən nar ağaclarının "başı" görünən hasara, dəmir darvazaya qəribə bir nisgillə, həsrətlə baxırdıq - görəsən, sevdiyimiz şairin ayağı dəyən həyətdə gəzmək, onun əllərinin sığalladığı ağaclara, güllərə toxunmaq bizə nəsib olacaqmı?..
Nəhayət, mülayim, xoş bir yaz gecəsi istəyimizi, necə deyərlər, partizan üsulu ilə reallaşdırmaq qərarına gəldik. Gecənin qara vaxtı - hamı şirin yuxuda olanda obyekti "fəth" etmək üçün həmin ünvana gəldik, daş hasarı aşıb, Allah bilir, neçə-neçə gözəl şeirin doğulduğu həyətə endik...
Aylı bir gecə idi və həmin məqamda Ay həyətin başındakı kiçik çarhovuzun tuşunda dayandığından onun dupduru suyunda bərq vurub həyəti ikiqat işığa bələmişdi. Bircə andaca Aylı gecənin sehrinə düşdük, çarhovuzun alçaq divarının üstündə oturub gözlərimizi gah göydəki, gah da göydən qopub çarhovuzun içinə düşən Aya zillədik. Qəfildən Yaşar 3 ədəd şam çıxartdı və biz o şamları da yandırıb hovuzun dairəvi divarı üzərinə düzdük - Ay işığına şam işığı da qarışdı...
Az sonra o həyətdə, həmin sehrli, işıqlı aurada bizim qeyri-adi "Poeziya gecəmiz" başladı. Ay hovuzdakı güzgüdə bəzənib- düzənməyini başa çatdırıb çəkilənə qədər əvvəlcə Rəsul Rzanın, sonra isə Füzulinin əzbər bildiyimiz şeirlərini söylədik, çinarı Aya, Ayı dənizə, dənizi küləyə, nə bilim, daha nəyi nəyə qatdıq...
Həmin o anlarda mən qəribə bir hiss də yaşadım - qəfildən mənə elə gəldi ki, biz 2 nəfər deyilik, ustad da bizim yanımızdadır, deyə-gülə bizimlə söhbət edir, hər dəfə onun misralarını səsləndirəndə gülümsəyir, sözümüzü kəsib nə isə demək istəyir...
Bir il sonra artıq əsgərlikdə olan Yaşar Göyçaylı günlərin həsrətindən bəhs edən bir şeir yazıb uzaq Barnaul şəhərindən mənə göndərmişdi. Həmin şeirdə bu misralar da vardı:
"Rəsul Rza bağçasında bir axşam,
Səhərədək şeir dedik, qurduq şam..."
Həmin o sehrli gecədən 47 il keçir. Amma bu xatirənin işığı azalmır ki, azalmır...
XATADAN NECƏ QURTARDIM
1977-ci ilin mayında çəkdirdiyimiz bu şəklin fərqləndirici bir məziyyəti var - təbiilik. Biz obyektivin qarşısına hansısa yaxşı bir pozada yaxşı şəkil çəkdirmək üçün keçməmişdik və bu, heç yada da düşmürdü - səhəri gün dostum Yaşar hərbi xidmətə yollanacaqdı (elə fotoatelyedəki əsgər kitelini də ona görə geyinmişdi ki, özünü psixoloji cəhətdən yeni həyata kökləsin), mən isə demək olar ki, hər gün ünsiyyətdə olduğum dostumdan ayrı düşəcəkdim. Ona görə də fotokamera elə indidən hər ikimizin gözlərindən aşıb-daşan nisgili, bizi qarşıda gözləyən darıxdırıcı günlərin ağrısını, xofunu çox rahat şəkildə qeydə ala bilmişdi.
Yaşar uzaq Barnaulda yaman darıxırdı. Mənsə ona "palaz- palaz" məktublar yazıb həm öz başımı qatırdım, həm də Yaşarı darıxmağa qoymurdum. 1 il sonra özüm əsgər getdim. Daha 1 il sonra Yaşar əsgərlikdən qayıtdı və "palaz" məktublar yazmaq növbəsi ona çatdı. Elə bəri başdan deyim ki, onun hər biri 12 vərəqli şagird dəftəri həcmində (!) olan məktubları mənə həm də başağrısı oldu.
Niyəsini deyim, bilin.
Milliyyətcə rus olan bir
zabitin yanında ağzımdan qaçırmışdım ki, Azərbaycanda ikiyə bölünmüş vətənimizi bütöv və müstəqil görmək istəyən içi mən qarışıq xeyli gənc var və biz gec-tez öz istəyimizə çatacağıq. Gözünə döndüyüm dərhal bunu qoyur zampolitin ovcuna. O da üzü yuxarı bir dosye hazırlayır ki, bəs filan hərbi hissədə, filan yerdən gəlmiş belə bir şübhəli tip xidmət edir. Yuxarıdan dərhal göstəriş gəlir: bu tipin kimlərlə əlaqə saxladığını, dostları ilə hansı mövzuda yazışdığını nəzarətə götürün. Əgər şübhələr özünü doğrultsa, gətirin bura, xüsusi idarəyə təhvil verək, məşğul olsun. Beləcə, mənə gələn bağlamaları, məktubların "siyasi ekspertizası" başlayır. Bunu dərhal hiss etmişdim. Evdən gələn bağlamalar əsasən təzə nəşr olunan kitabların nüsxələri, ədəbi jurnalların yeni nömrələri olurdu, ona görə də bu sarıdan nigarançılığım yox idi. Amma əsəb gərginliyi keçirirdim, ağzımı Allah yoluna qoyub zəvzəklik etdiyimə görə özümü bağışlaya bilmirdim. Məşədi İbad demişkən, heç hənanın yeri idi? Özü də harada - sovet ordusunda xidmətdə. Bu tərəfdən də Yaşarın palaz-palaz məktubları. Yaşar "palaz" məktublarında bu mövzuda düşündüklərindən, olanlardan-keçənlərdən yaza bilərdi. Gəl ondan sonra sudan quru çıx görüm, necə çıxırsan.
Amma xoşbəxtlikdən 2 illik əsgər həyatı Yaşarı əməllicə müdrikləşdiribmiş. Onun yazdıqları ədəbi esselərdən, Göyçay çinarlarını, Göyçay çayını vəsf edən şeirlərdən, dostyana zarafatlardan o yana keçmirdi.
Mənim depressiyaya düşdüyüm həmin o böhtanlı günlərdə milliyyətcə yəhudi olan Mrşeryakov soyadllı gənc bir zabit bir gün mənim növbədə olduğum qazmaya gəldi, yanımda əyləşib az qala pıçıltı ilə ordan-burdan - siyasətdən, totalitar cəmiyyətdən, belə cəmiyyətdə dediyin sözə görə məsuliyyətdən söz açdı və əvvəlcə düşündüm ki, onu kəşfiyyata göndəriblər ki, məndən söz alsın. Həyəcanım, gərginliyim daha da artdı. Bunu o da hiss elədi və durub gedəndə dediyi sözlər indi də qulaqlarımda səslənir:
- Hüseynov, yadında saxla, kiməsə söz deyəndə yanınızda üçüncü şəxs, yəni şahid olmayıbsa, boynuna almasan, o sözü sənin adına yaza bilməzlər...
Kim bilir, bəlkə də onu həqiqətən kəşfiyyata göndərmişdilər. Amma bu yəhudi zabit mənimlə söhbətə ifşaçı yox, xilaskar missiyası ilə gəlibmiş.
Nə isə...
Beləcə xatadan qurtardım. Amma hər halda mənə eləyə biləcəkləri pisliyi elədilər - min bəhanə edib xidməti xasiyyətnamə vermədilər ki, ali təhsil ala bilməyim. Məni Allahım xilas etdi - 1980-ci ildən etibarən ali məktəblərə sənəd verəndə mütləq əsgərlikdən xidməti xasiyyətnamə təqdim etmək məcburiyyəti aradan götürüldü və mən həmin il Universitetin tələbəsi oldum.
Allah hamını xata-baladan qorusun.
....Gör hardan başladım, hara gəlib çıxdım.
(Ardı var)