(Əvvəli ötən sayımızda)
Cəmo bəy Cəbrayılbəylinin 1919-cu ildə edadi məktəblərinin 2-3-cü sinif şagirfləri üçün nəşr edilən "Tarixi-təbii" kitabı 160 səhifədən və 60 bölmədən ibarət idi.
"Tarixi-təbii" kitabı edadi və rüşdiyyə məktəblərinin şagirdləri üçün dərslik kimi nəzərdə tutulmuş və mövzularından da göründüyü kimi, anatomiya və zoologiya elm sahələrinin natamam orta məktəblərdə tədrisi məsələləri rəğbət doğurmaya bilməz.
Cəmo bəyin qəzet və jurnallarda bədii və elmi yaradıcılıq nümunələri dərc edilir, bütün gücünü və səyini Cümhuriyyət təhsilinin keyfiyyət yüksəlişinə, dərs proqramlarının və vəsaitlərinin hazırlanmasına, təkmilləşdirilməsinə sərf edirdi.
O məktəbdarlıqla yanaşı, bu dövrdə ictimai işlərdə də fəal iştirak edirdi. 1919-cu ilin fevralın 15-də Bakı və ətrafı müsəlman ziyalılar ittifaqının Bakı bələdiyyə məclisinin zalında 200 nəfərlik təsis yığıncağı keçirilir. İttifaqın məramı məktəblər, muzeylər, kurslar açmaq, Qafqaz millətləri arasında sülhü, əmin-amanlığı təbliğ etmək idi. İttifaqın 12 nəfərlik İdarə heyətinə Cəmo bəy Cəbrayılbəyli üzv seçilmişdi. "Azərbaycan" qəzetinin 1919-cu il 21 fevral tarixli sayında "Ziyalılar ittifaqı" adlı məlumatdan öyrənirik ki, fevralın 17-də İttifaq üzvlərinin səsçoxluğu ilə doktor Seyidəli Seyidov sədr, Ağa Axundov və Cəmil bəy Vəzirov müavinlər, Cəmo bəy Cəbrayılbəyli isə katib seçilib.
Cəmo bəy Cəbrayılbəyli 9-cu Türk məktəbində Bakı və Ətrafı Müsəlman Müəllimləri İttifaqının təsis iclasında dostları və həmkarları ilə iştirak etmiş, fəaliyyətinə dəstək vermişdi. "Azərbaycan" qəzetinin 1919-cu il 25 may tarixli 187-ci nömrəsində bu barədə verilmiş məlumat bunu təsdiq edir.
Müəllimlər İttifaqına Abdulla Şaiq, Hüseyn Cavid, Ağaəli Qasımzadə, Cəmo bəy Cəbrayılbəyli, Əli Məhəmməd Mustafazadə, Rəşid bəy Əfəndizadə, Xudaverdi Kələntərzadə və digər görkəmli pedaqoqların cəlb edilməsi böyük arzuların gerçəkləşməsindən xəbər verirdi. Cəmo bəy həm Ziyalılar, həm də Müəllimlər İttifaqında Cümhuriyyətin sosial-mədəni sahəsində xalqın mənafeyi naminə ictimai işlərdə həvəslə çalışmaqla yanaşı, tədrisdən və sevimli Realnı məktəbdən uzaqlaşmamışdı, istedad və bacarığını gənclərin maariflənməsinə həsr edirdi.
Cəmo bəy Cəbrayılbəyli 1920-ci ilin aprel çevrilişinə qədər Bakı Birinci Realnı məktəbdə çalışdı. Cümhuriyyətin süqutu, Rusiyanın XI Qırmızı ordusu tərəfindən Azərbaycanın işğalı bütün mütərəqqi, azadlıqsevər ziyalılar kimi onun da qəlbindən qara qanlar axıtdı. Ölkəyə soxulmuş bolşeviklərin qətl və "Qarət həftəsi"ndə çoxsaylı zərərdidələrdən biri də Cəmo bəyin böyük bacısının ailəsi - Ağaəli Nasehin iki oğlu və bir nəvəsi olmuşdu.
Dosent Cümşüd Əfəndizadənin bu ağrılı xatirəsindən də bəlli olur ki, Cümhuriyyətin 1920-ci il 27 aprel işğalı həm də qəddarlıq, quldurluq və qarət faktları ilə izlənilərək yaddaslarda dərin, sızıltılı izlər buraxıb. Firidun bəy Köçərilinin, Mirzə Abbas Abbaszadənin, Nüsrət Ağaəli Naseh oğlu Əfəndizadənin və yüzlərlə digər günahsız ziyalıların qətlə yetirilməsi deyilənlərin əsaslandırılması üçün mötəbər arqument sayıla bilər.
Cəmo bəy bacısı oğlu Nüsrət Əfəndizadənin qırmızı bolşevik cildinə girmiş daşnak ünsürləri tərəfindən güllələnməsini və bacısı nəvəsi, Nüsrət müəllimin qızı Gülsüm Əfəndizadənin günün günorta çağı zorakılıqla qarət edilməsini heç vaxt unuda bilmədi, bu ağrını ömrü boyu yaddaşında və qəlbində qəlpə yarası kimi gəzdirdi.
Maarif fədaisi
Cəmo bəy Cəbrayılbəyli 1920-ci ilin may ayından rəsmi olaraq Bakı I Realnı məktəbin müəllimi vəzifəsindən azad edildi və həmin vaxtdan Azərbaycan Xalq Maarif Komissarlığı yanında Dərsliklərin Hazırlanması üzrə Komissiyanın üzvü təyin edildi. İş çox ağır idi. Maarifpərvər ziyalılarımız sözün geniş mənasında savadsızlığa, mədəni geriliyə qarşı cəbhə açmışdılar. Dərsliklərin Hazırlanması üzrə Komissiya üzvləri, o cümlədən, Cəmo bəy Cəbrayılbəyli müxtəlif elm sahələrinə aid yalnız yazılmış dərsliklərin müəyyən olunmuş kriteriyalara əsasən kəmiyyət və keyfiyyət məsələlərinə nəzarət etməklə kifayətlənmir, həm də özləri dərsliklər yazır, nəşrə hazırlayır və ya rus dilindən tərcümələr edirdilər. Bu minvalla o 1921-ci ilin oktyabr ayına qədər dərslik hazırlığı prosesində yaxından iştirak etməklə yanaşı, müəllimlik kurslarında dərs deyib. Bəzi sənədlərə görə, Cəbrayılbəylinin Xalq Maarif Komissarlığında xidməti 1922-ci ilin noyabr ayınadək davam edib. 1922-ci ildən 1931-ci ilin aprel ayına qədər isə Cəmo bəy Bakı Pedaqoji Texnikumunda əvvəl müəllim, sonra isə direktor müavini vəzifələrində çalışıb. O zaman texnikumun direktoru şamaxılı, təcrübəli pedaqoq Səməd bəy Hacıəliyev idi. Həmin vaxt Pedaqoji Texnikumda Sultan Məcid Qənizadə, Ağababa bəy İsrafilbəyli, Cəmo bəy Cəbrayılbəyli, Feyzulla Qasımzadə, Azad bəy Əmirov və digər görkəmli pedaqoqlar, maarif xadimləri bir yerdə böyük şövq ilə cəmiyyətin müəllim kadrlara olan kəskin ehtiyaclarını ödəmək üçün gecə-gündüz çalışırdılar.
C.Cəmo bəy təhsilini inkişaf etdirmək niyyətilə birillik Ali Pedaqoji kurs bitirir və 1922-ci ildə eksternat imtahan verərək müəllim statusu qazanır. O, 1929-1931-ci illərdə isə Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutu Təbiyyat-Riyaziyyat fakültəsinin kimya-biologiya ixtisası üzrə tam kursunu başa vuraraq orta məktəb pedaqoqu dərəcəsinə layiq görülüb.
C.Cəbrayılbəylinin 1920-ci illərdə "Təbiətə ilk addım" (1923), "Heyvanat dərsləri" (1924), "Müxtəsər nəbatat" (1924, 1926, 1929), "Zoologiya dərsləri" (1925, 1929), "Təbiyyat" (1929), "Akvarium" (1930) və digər əsərləri nəşr edilərək məktəblərin zəruri ehtiyacları üçün ünvanlanıb. Milli dərsliklərin hazırlanması və nəşr etdirilməsi sahəsində Cəmo bəy Cəbrayılbəylinin xidmətləri müqayisə edilməyəcək dərəcədə böyükdür. Onun musiqi sahəsinə dərin marağı, musiqi alətlərindən peşəkarlıqla istifadə etməyi bacarması pedaqoq kimi cazibədarlığını və ünsiyyətcilliyini daha da artırırdı. O, xatirələrindən birində qeyd edirdi ki, 1924-cü ilin sentyabr ayında ağır xəstəlikdən xilas olduğu üçün dostu Əlicabbar Orucəliyev evində ziyafət təşkil edir. Qonaqlardan Müslim Maqomayev, Pənah Qasımov, Xudaverdi Kələntərli, Qulu Hüseynov və b. iştirak edir, ailəvi məclisdə bəziləri xanımları ilə gəlmişdi. Masabəyi Müslüm Maqomayev idi. Bu məclisdə Əlicabbar Orucəliyevin bibisi qızı Yavər Kələntərli özünəməxsus şuxluqla "Segah", "Kəsmə şikəstə" oxuyur və onu Cəmo bəy tar ilə müşayiət edir. M.Maqomayevin təşəbbüsü ilə 1924-cü il 5 noyabr tarixində "Maarif evi"ndə təşkil olunan bir müsamirədə Yavər xanımla Cəmo bəyin konserti təşkil olunur. Burada da Yavər Kələntərlinin oxuduğu "Bayatı Şiraz", "Segah", "Kəsmə şikəstə" və s. musiqi nömrələrini tarda qocaman müəllim Bədəl bəy Bədəlbəyli, skripkada isə Cəmo bəy Cəbrayılbəyli müşayiət edir. Üzeyir bəy Hacıbəylinin iştirak etdiyi bu konsert anşlaqla keçir.
Tanınmış pedaqoq Əliyar Qarabağlı "Xalq müəlliminin şərəfli yolu" adlı məqaləsində dostu Cəmo bəy haqqında yazırdı: "Cəmo müəllimin çala bilmədiyi musiqi aləti yox idi. O, nəinki Azərbaycan muğamlarına və xalq musiqisinə, hətta rus, polyak xalq havalarına da yaxşı bələd idi" (Əliyar Qarabağlı "Xalq müəlliminin şərəfli yolu", "C.Cəbrayılbəyli, "Xatirələrim", Bakı, Azərnəşr, 1966, səh. 11). Cəmo bəyin klassik poeziya, muğam, xalq musiqisi ilə sıx bağlılığı müasirlərinin məqalələrində, xatirələrində vurğulanan danılmaz həqiqətdir.
Cəmo bəy Cəbrayılbəylinin bədii yaradıcılığında dram əsərlərinin tərcüməsi də xüsusi yer tutur. Onun alman dramaturqu Fridrix Şillerdən tərcümə etdiyi "Vilhelm Tell" əsəri 1925-ci il 16 apreldə Aleksandr Tuqanovun quruluşunda tamaşaya qoyulmuş, musiqi tərtibatını Müslüm Maqomayev vermiş, əsas rolları Sidqi Ruhulla, İbrahim Azəri, İsmayıl Hidayətzadə, Hacıməmməd Qafqazlı, Rza Əfqanlı və digərləri canlandırmışdı.
C.Cəbrayılbəyli 1931-1935-ci illərdə Bakı şəhər Xalq təhsili şöbəsində müfəttiş-metodist, 1935-1938-ci illərdə Yer quruluşu texnikumunda müəllim vəzifəsində çalışmışdır. Bu müddətdə - 1932-ci ildə onun İsrafil Hacızadə və Məhərrəm Mustafazadə ilə müştərək "Təbiyyatdan iş kitabı" adlı dərs vəsaiti nəşr edilərək Respublikanın orta məktəblərində tədris olunurdu.
Cəmo bəy 1938-ci ilin oktyabr ayından ömrünün sonuna kimi taleyini Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutu ilə bağlayır. Cəmo Adil 1942-ci il 29 yanvar tarixində Dakı Dövlət Universitetinin Elmi Şurasında "Orta məktəbdə Azərbaycan florası nümunələri bitkilərin sistemli tədqiqində obyekt kimi" adlı dissertasiyasını uğurla müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsi alıb.
Müharibə illərində Cəmo bəy əvəzçilik üzrə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Müəllimlər İnstitutunun Pedaqogika kafedrasında müəllim işləyib, ADMİ-nin vəsatəti əsasında ona SSRİ Xalq Komissarları Soveti yanında Ali Attestasiya Komissiyasının 1943-cü il 27 mart tarixli (Protokol №6) qərarı ilə Pedaqogika kafedrası üzrə dosent elmi adı verilib. Dosent attestatını AAK-ın sədri S.Kaftanov və elmi katib A.İppolitova imzalayıb.
1942-1946-cı illərdə Cəmo bəy Elmi-Tədqiqat Pedaqogika İnstitutunda elmi işçi, böyük elmi işçi, elmi katib vəzifələrinə uğurla yüksəldi, səmimiyyəti, diqqətcilliyi, obyektivliyi, prinsipallığı ilə çalışdığı kollektivin hörmətini, ehtiramını qazandı. Bu illərdə onun ibtidai məktəblərin üçüncü sinfi üçün "Qiraət kitabı" (1945), müəllimlər üçün metodik vəsaiti olan "Botanikadan məktəb praktikumu" (1946) və b. adlı kitab və risalələri nəşr edilir.
(Şəkildə: Soldan 3-cü Cəmo bəy Cəbrayılbəyli)
Çeviklik, operativlik, dəqiqlik, elmi fakta sədaqət, zəhmətsevərlik, səmimiyyət, söz ilə əməlin vəhdəti onun başlıca mənəvi keyfiyyətləri idi. Məhz bu yüksək şəxsi və elmi keyfiyyətləri nəzərə alaraq Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunun kollektivi 1946-cı ilin may ayında pedaqoji elmlər namizədi, dosent Cəmo Adil oğlu Cəbrayılbəylini institutun direktoru seçdi. Yeni direktor gənc və istedadlı kadrları instituta cəlb etdi, dərsliklər üzərində təkmilləşdirmə işləri intensiv hal aldı, kollektivdə ideoloji, mənəvi iqlimin saflaşdırılması, nizam-intizamın yüksəldilməsi ön plana çəkildi.
(Ardı var)