|
|
|
|
Prezident Donald Trampın yanvarın 20-də and içərək öz vəzifə səlahiyyətlərinin icrasına başlaması ilə ABŞ-nin yeni dövrə qədəm qoyduğunu demək olar. Trampın özünün söylədiyi kimi, ABŞ-da yeni qızıl dövr başlayır. O, Amerikanı yenidən güclü, sağlam, zəngin, qürurlu və möhtəşəm edəcəyinə vəd verib, həmçinin dünya üçün sülh mesajını verib. Andiçmə mərasimindən dərhal sonra vəd etdiyi məsələlərin reallaşdırılması istiqamətində hərəkətə keçən Ağ Ev lideri, bir sıra sərəncamlar imzalayıb, Bayden dövründə qəbul edilmiş bəzi qərarları ləğv edib.
Bayden administrasiyası Trampa "zəngin miras" qoyub gedib və ona görə də yeni administrasiya bir çox mürəkkəb çağırışlarla, çətin problemlərlə üz-üzədir. Bu, təkcə beynəlxalq məsələləri əhatə etmir, ABŞ daxilində də həllini gözləyən xeyli problemlər var.
Məsələnin başqa tərəfi odur ki, Bayden administrasiyası, xüsusilə də onun əsas fiquru olan dövlət katibi Entoni Blinken yanlış siyasəti ilə 4 il ərzində dünyada yeni münaqişə və gərginlik ocaqları yaradıb, bir sıra ölkələrin daxilində qarşıdurmalara təşviq ediblər, sülhə gedən bütün yolları qapadıblar. Rusiya-Ukrayna münaqişəsi, Yaxın Şərqdə cərəyan edən qanlı hadisələr, Gürcüstanda hakimiyyət çevrilişinə cəhd, aksiyalar, iğtişaşların təşkili və s. Bayden administrasiyası dünyanın demək olar ki, bütün nöqtələrində gərginlik yaratmağa nail oldu, dörd il ərzində müsbət heç bir addımla yadda qalmadılar. Elə Tramp da andiçmə mərasimində Baydenin qərarlarını tənqid etdi.
Köhnə hakimiyyət Azərbaycana qarşı da ədalətsiz, qərəzli, hətta nankor siyasət apardı. Baxmayaraq ki, Azərbaycan müstəqilliyinin ilk illərindən ABŞ-la yaxından əməkdaşlıq edib, terrorla mübarizədə, sülhməramlı missiyada ön sırada olub, amma Bayden hakimiyyəti bütün bunları dəyərləndirə bilmədi.
Prezident İlham Əliyev bu il yerli telekanallara müsahibəsində bu məqama toxunaraq deyib ki, Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvi ondan ibarət idi ki, o, Amerika-Azərbaycan münasibətlərini Amerika-Ermənistan münasibətlərinin qurbanına çevirdi: "Yəni Azərbaycana Ermənistan-Azərbaycan, ya da ki, Amerika-Ermənistan münasibətlərinin prizmasından yanaşırdı və o vaxta qədər əldə edilmiş yaxşı nəticələr kölgədə qaldı, bu birincisi. İkincisi, Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləmişdir, xüsusilə Qarabağ məsələsi ilə bağlı və bu, həm ədalətsiz, həm də ki, ikili standartlara əsaslanan mövqe idi. Çünki mən Amerika nümayəndələrinə dəfələrlə deyirdim və açıq da deyirdim, mətbuatda da, siz Ukraynanın ərazi bütövlüyünü ikiəlli dəstəkləyirsiniz, silahlar verirsiniz, milyardlarla pul verirsiniz. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik, niyə siz bizi cəzalandırmaq istəyirsiniz? Buna cavab verin. Cavab da yox idi. Cavab da bəllidir ki, bu, ikili standartlardır. Eyni zamanda, hesab edirəm, Bayden administrasiyasının səhvlərindən biri də o idi ki, Amerikaya olan inamı böyük dərəcədə sarsıtdı, özü öz əməlləri ilə. Məsələn, elə Əfqanıstan məsələsinə qayıtsaq, Azərbaycan birinci ölkələrdən idi ki, Əfqanıstandakı missiyaya qoşulmuşdu və həm hərbi kontingent göndərmişdi və dəfələrlə onu artırmışdı, həm də Amerika üçün çox vacib olan nəqliyyat-logistika məsələlərini də həll etmişdi. Biz onlara lazım olana qədər 907-ci düzəliş - sanksiya qaldırılırdı, biz ki, lazım olmadıq, tətbiq etdilər. Yəni bu nədir? Bunun bir adı var: nankorluq. Bu, nankorluqdur və hansı inamdan söhbət gedə bilər? Hansı uzunmüddətli əməkdaşlıqdan söhbət gedə bilər?".
Dövlət başçısı deyib ki, Sorosun yüksək mükafatla təltif edilməsi bütün maskaları yırtdı: "Yəni bu, Soros iqtidarı idi, həm Bayden dönəmində, həm Trampa qədər olan səkkiz il ərzində və məhz buna görə bizim münasibətlərimizdə heç bir irəliləyiş olmadı. Biz Amerika ilə əsas ciddi əməkdaşlıq platformasını Klinton və Corc Buş dönəmində yaratdıq və Tramp dönəmində bu davam etdi. Ona görə ümidlər var".
Dövlət başçısı hələ ötən il iyul ayında Şuşa Media Forumunda Trampla bağlı müsbət fikirlər səsləndirib. Bildirib ki, o, cəmiyyətimizin bölüşdüyü dəyərləri, ailə dəyərlərini, mənəviyyat dəyərlərini təbliğ edir.
Həmçinin Prezident Bayden administrasiyasının vədlərini yerinə yetirmədiyini əlavə edib: "Yalan danışmaq, söz vermək, sonra o sözdən çəkinmək və özünü sanki heç nə olmamış kimi aparmaq, buna nə ad vermək olar? Ona görə Azərbaycan cəmiyyətinin, bütün ölkələrin ümidləri ondadır ki, bu əxlaqsızlığa, mənəviyyatsızlığa son qoyulacaq və cəmiyyətlər, hansılar ki, Azərbaycan kimi ənənəvi dəyərlər üzərində qurulub, onlar bu kənar təsirdən yaxalarını qurtaracaqlar".
Tramp tamamilə yeni gündəliklə öz vəzifəsinə başlayıb. Prezident İlham Əliyevin dediyi kimi, onun birinci dönəmində Amerika-Azərbaycan əlaqələrində hər hansı bir problem yaşanmadı. Əksinə, münasibətlər çox müsbət idi və bir çox istiqamətlər üzrə irəliləyişə nail olunmuşdu. Bütün bunlar nəzərə alınaraq, Trampa ümidlər böyükdür, o cümlədən Amerika-Azərbaycan əlaqələrinin irəliyə aparılması baxımından ümidlər var. Azərbaycan Amerika ilə əlaqələrini strateji səviyyəyə də qaldıra bilər. Dövlət başçısı bununla bağlı deyib: "Mən hesab edirəm ki, əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik".
Yeri gəlmişkən, Bayden administrasiyası gedə-getdə Ermənistanla strateji tərəfaşlıq xartiyasını imzaladı. Bununla da bir daha göstərdi ki, hakimiyyəti müddətində ermənipərəst siyasət aparıb, Azərbaycana yanaşmada heç vaxt dürüst olmayıb, Cənubi Qafqazda sülhün əleyhinə olub. Əks halda, tərəflərə bərabər yanaşardı, Ermənistana açıq və gizli yollarla silah tədarükü etməz, hərbi dəstək verməzdi. Elə ötən ilin aprelində ABŞ-Avropa İttifaqı-Ermənistan formatında keçirilən görüş də İrəvana hərbi dəstək məqsədini daşıyırdı. Bunu gizlətməyə çalışsalar da, nail ola bilmədilər.
Tramp sülh mesajları verir, Bayden Ermənistanı silahlandırıb, sülhdən yayındırıb, hərbi məqsədlər üçün böyük vəsaitlər ayırırdı. Yarımçıq sülh sazişinə təşviq etməklə isə münaqişə ocağını nə vaxtsa yenidən alovlandırmaq istəyirdi. Amma Bakının qətiyyəti qarşısında geri addım atmalı oldu.
Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşündə də Azərbaycan-ABŞ əlaqələrinin Tramp dönəmində müsbət perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Dövlət başçısı bildirib ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib və bunun da nəticəsində ikitərəfli əlaqələr böhrana sürüklənib. 907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib. Söhbət zamanı Azərbaycan ilə Tramp administrasiyası arasında gələcək əlaqələr məsələsi müzakirə olunub.
Bakının ən böyük gözləntisi ABŞ-nin əvvəlki administrasiyasının Azərbaycana qarşı etdiyi səhvlərin təkrarlamamasıdır. Eyni zamanda, artıq uzun tarixə əsaslanan münasibətlərin qarşılıqlı anlaşma şəraitində davam etməsi və inkişafıdır.
Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti Donald Trampa təbrik məktubunda da bu bu məqamlara diqqət çəkilib: "İnanıram ki, Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir. Biz həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlar ilə fəal və səmərəli birgə işimizi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək və Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik".
Tramp dünyaya sülh mesajı verdi, Azərbaycanın da mesajı sülh, sabitlik, inkişafla bağlıdır. Digər tərəfdən, Azərbaycan təkcə bölgə üçün deyil, dünya üçün vacib bir aktora çevrilməkdədir. Ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolu, yaşıl enerji sahəsindəki potensialı, nəqliyyat-logistik imkanları, ədalətli mövqe sərgiləməsi, dünyada sülhyaratma missiyası ilə çıxış etməsi, eyni zamanda etibarlı tərəfdaş imicini qazanması onu daha da cəlbedici edir. Bütün bu məqamlar ABŞ-Azərbaycan münasibətlərinin yeni dinamika almasında, inkişafında müsbət rol oynayacaq.