|
|
|
|
Məlum olduğu kimi, Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə görə, hüquqi şəxslər tərəfindən torpaq icarəsinə görə əldə edilən icarə haqqı ƏDV-dən azad olunub. Bu, sahibkarların xərcləri ilə yanaşı, torpaqların icarə qiymətinə də təsir göstərə bilər. Belə ki, torpaqlar üzrə icarə qiyməti müəyyənləşən zaman 18.0 faizlik vergi də nəzərə alınaraq tərəflər razılaşırdı. Bu vergini hüquqi şəxsin ödəməsinə baxmayaraq, tərəflər razılaşan zaman həmin xərc əksər hallarda qiymətdə nəzərə alınırdı.
Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov bildirib ki, investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması istiqamətində mühüm addımlar atılmaqdadır: "Bu addımlardan biri kimi torpaq sahələri üzrə icarənin ƏDV-yə cəlb edilməməsini qeyd edə bilərəm. Hüquqi şəxslər tərəfindən torpaq icarəsinə görə əldə edilən icarə haqqı ƏDV-dən azad edilir. Eyni zamanda, ƏDV-nin vergitutma obyekti ilə bağlı Vergi Məcəlləsinin normaları arasında uzlaşdırma aparılır. Qeyd edim ki, fiziki şəxslər tərəfindən torpaqların icarəyə verilməsi qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aiddir. Bu səbəbdən icarə haqqı ƏDV-yə cəlb edilmir".
Bu güzəştin sahibkarlar üçün üstünlükləri nədir?
İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, istənilən vergi güzəştləri müsbətə doğru atılan addımdır: "Amma dövlət orqanları rəsmi açıqlama verməlidirlər ki, torpaq icarəsindən əldə olunan ƏDV nə qədərdir. Yəni bu rəqəm açıqlanmalıdır. Nə qədər çox vergi güzəşti tətbiq olunsa, vergilərin azaldılması və eyni zamanda ləğv edilməsi olsa, biznes üçün əlverişli olar. Amma bu sahədə icarə haqqından gələn ƏDV çox cüzi idi. Söhbət bir neçə yüz min manatdan gedə bilər".
Natiq Cəfərli vurğulayıb ki, istəliən halda daha başqa sahələrdə də vergi güzəştlərinin tətbiq olunması məqsədəuyğun olardı: "Biznesə müsbət təsiredici vergi güzəştlərinin olması daha yaxşı olardı".
Milli Məclisin deputatı Vüqar Bayramov deyir ki, bu dəyişiklik təşviq xarakteri daşıyır və sahibkarların xərclərinin azalmasına və gəlirlərinin artmasına səbəb olacaq: "Torpaq sahələrinin icarəsini təklif edən sahibkarlar ƏDV ödəməkdən azad olunlar. Digər tərəfdən, bu sahibkarların xərcləri ilə yanaşı torpaqların icarə qiymətinə də təsir göstərə bilər. Belə ki, torpaqlar üzrə icarə qiyməti müəyyənləşən zaman 18.0 faizlik vergi də nəzərə alınaraq tərəflər razılaşırdı. Bu vergini hüquqi şəxsin ödəməsinə baxmayaraq tərəflər razılaşan zaman həmin xərc əksər hallarda qiymətdə nəzərə alınırdı. Yeni ildən ƏDV ilə bağlı güzəşt tətbiq olunduğu üçün bu torpaqların icarə haqqlarının aşağı düşməsinə səbəb ola bilər".
Millət vəkili deyib ki, bütövlükdə, bu dəyişiklik həm uçotun güclənməsinə, həm də sahibkarların dəstəklənməsinə xidmət edəcək.
Danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadənin sözlərinə əsasən, bu dəyişiklik sahibkarların öz vəsaitlərinə qənaət etməsinə, qalan pullarını digər bizneslərinə yönəltməsinə, inkişaf etdirməsinə şərait yaradacaq: "Məlum olduğu kimi, xüsusən dövlət mülkiyyətində olan torpaq sahələrini sahibkarlar icarəyə götürən zaman əsas məbləğlə yanaşı, ƏDV məbləğini də ödəyirdilər. Bu isə bəzi sahibkarlara bir qədər az vəsait, xüsusilə də ƏDV ödəyicisi olmayan sahibkarların daha az 1 məbləğ ödəməsinə şərait yaradır. Hansısa sahibkar ƏDV ödəyicisi deyilsə, dövriyyəsi 2000 manata qədər olan mənfəət vergi ödəyiciləridirsə, onlar torpaq icarəsi zamanı həm də əlavə olaraq ƏDV ödəmək məcburiyyətində idilər. Bu dəyişiklikdən sonra isə onlar götürdükləri torpağın bazara uyğun icarə dəyərini ödəyəcək".
Ekspert vurğulayıb ki, bu qərar ƏDV-si olan sahibkarlara təsir etməyəcək: "Çünki onlar ƏDV-ni əvəzləndirmə yolu ilə ödəməni həyata keçirirdilər. Hər bir halda sahibkarlar üçün mühüm göstəricidir. Çünki torpaq icarəsinə görə ödənilən ƏDV məbləği ümumiyyətlə az olur".
İqtisadçı ekspert Asif İbrahimov bildirib ki, bu məsələ uzun illərdir müzakirə olunurdu: "Burada məsələ Azərbaycan vətəndaşlarının sahibkarlığa təşviqinin gücləndirilməsi, sahibkarların vergi yükünün azaldılması istiqamətində atılan addımlar idi ki, bu da bir çox ekspertlər kimi mənim tərəfimdən də müsbət qarşılanır".
Ekspert burada, eyni zamanda, praktiki problem olduğunu, bir çox icarə ödəyiciləri, həmçinin icarədarlar praktiki qaydada vergi məsələlərindən yayınmaq məqsədi ilə öz obyektlərini, torpaqlarını qeyri-rəsmi şəkildə icarəyə verdiklərini bildirib: "Bu istiqamətdə atılan bu addım düşünürəm ki, təşviq olaraq müsbət hal kimi qiymətləndirilməlidir. Yəni bundan sonra bəzi məsələlərdə vergi yükünün azadılması istiqamətində atılan addımlar bu tip məsələlərin rəsmiləşdirilməsinə gətirib çıxaracaq".
Bu vergi güzəştinin bir sıra istiqamətlər üzrə öz təsirini göstərəcək. Bunlardan birincisi, regionlarda iqtisadiyyatın dəstəklənməsinə öz xidmətini göstərmiş olacaq. Torpaq sahələrinin icarəyə verilməsi tendensiyasında bir sürətləndirməni gətirib çıxara bilər. Çünki istər-istəməz 18 faizlik əlavə maliyyə yükü həm icarə götürmək istəyənlərdə müəyyən hallarda tərəddüdlər yarada bilirdi, eyni zamanda, icarə verən tərəf üçün qiymətin baha olması onu reallaşdırmağa imkan vermirdi. Digər tərəfdən isə bu maliyyə yükü, yəni 18 faizlik əlavə yük bu istiqamətdə bir qədər qeyri-şəffaf olmayan davranışlara sövq edirdi. Amma ƏDV-dən azad olunma həm torpaqların icarəsi ilə bağlı proseslərin daha da şəffaflaşdırılmasına imkan verəcək, sadələşdirilmiş vergi prosedurlarını dəstəkləmiş olacaq. Təbii ki, bu da özlüyündə öncə də qeyd etdiyim kimi, yerli iqtisadiyyatın dəstəklənməsi deməkdir. Yerli iqtisadiyyatın dəstəklənməsi isə təbii olaraq birmənalı şəkildə kiçik və orta sahibkarlıq üçün nisbətən əlverişli mühitin yaranmasına, sərmayə qoyuluşlarının, ümumiyyətlə, torpaqlardan daha səmərəli və torpaqlara sərmayə qoyuluşunu stimullaşdırmağa imkan verəcək.
İqtisadçı ekspert Emin Qəribli vurğulayıb ki, istənilən vergi güzəştləri iqtisadiyyatın inkişafına xidmət edir: "Mən dəfələrlə öz çıxışlarımda ƏDV-nin gələcəkdə təsnifatlaşdırılması, bir çox sahələrin ƏDV-dən azad olması, nəinki ƏDV-dən digər vergilərin də azad edilməsi haqqında fikirlərimi bildirmişəm. Perspektivli sahələrdə güzəştlərin tətbiqi müsbət haldır. Bunu da alqışlayıram. Hesab edirəm ki, bu, kənd təsərrüfatının inkişafına töhfə verəcək".
İqtisadçı Kamran Məmmədli qeyd edib ki, istənilən vergi güzəşti müsbət qarşılanmalıdır: "Vergi güzəşti biznesə müsbət təsir edir. Vergi Məcəlləsinə ediləcək dəyişikliyə əsasən hüquqi şəxslər torpaq icarəsinə görə ƏDV-dən azaddır. Fiziki şəxslər tərəfindən torpaqların icarəyə verilməsi qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab edildiyi üçün icarə haqqı ƏDV-yə cəlb edilmir. Məlumdur ki, fiziki şəxslər tərəfindən torpaqların icarəyə verilməsi qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aiddir. Bu islahat sahibkarlar üçün vergi yükünü azaltmaq üçün edilib. Məlum dəyişiklik sayəsində sahibkarlar öz vəsaitlərinə qənaət edəcək, pullarını digər sahələrə yönəldəcək, bu da sahibkarlığın inkişafına səbəb olacaq. Bu dəyişiklik həm uçotun güclənməsinə, həm də sahibkarların dəstəklənməsinə xidmət edəcək".
Ekspert əlavə edib ki, investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması istiqamətində bir sıra mühüm addımlar atılmaqdadır: "Məlumdur ki, gələn ildən bir sıra sahələrdə vergi güzəşti tətbiq olunacaq. Həmin sahələrdən torpağın icarəsinə görədir. Məlum yenilik sayəsində ölkəmizdə əkib-becərməyə, sahibkarlığa maraq artacaq".
Qeyd edək ki, hüquqi şəxslərin torpaq vergisi dövlət vergisinə aid idi. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanırdı. Torpaq icarəyə veriləndə icarəyəverən torpaq vergisi ödəyicisidirsə, o, vergi məbləğini icarəçidən alıb və mülkiyyətçi kimi onu müvafiq büdcəyə ödəyirdi.
Sevinc QARAYEVA