Azərbaycan bu gün təkcə regional proseslərdə aparıcı rol oynamır, həm də beynəlxalq arenada mühüm aktorlardan birinə çevrilib. Ölkəmiz Mərkəzi Asiyada, Yaxın Şərqdə, o cümlədən Afrika qitəsində cərəyan edən proseslərdə aktiv rola malikdir. Bu günlərdə ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda Azərbaycanın qeyd edilən regionlarla əlaqələri də diqqətdə olub.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan xüsusilə Yaxın Şərq ölkələri ilə çox güclü münasibətlər qurub. Avropa ölkələri ilə uzunmüddətli əməkdaşlığa gəldikdə, bu ölkələrin bir çoxu ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb və ya qəbul edib: “Beləliklə, artıq qurulmuş bu platforma bizə Mərkəzi Asiya və Avropa regionu arasında coğrafi, siyasi, iqtisadi və nəqliyyat körpüsü olaraq önəmli rol oynamağa imkan verir. Biz indi istər Avropa İttifaqı və ya Amerika Birləşmiş Ştatları olsun, istərsə də digər beynəlxalq təşkilatlar olsun, Qərbdən Mərkəzi Asiyaya və əlbəttə ki, həmin regionla uzunmüddətli əməkdaşlığın qurulmasının planlaşdırılmasına böyük marağın olduğunu bilirik”.
Azərbaycan həm də ölkələr arasında problemlərin həllində vasitəçilik missiyasını həyata keçirir. Türkiyə ilə İsrail arasında əvvəlki dönəmdəki vasitəçiliyi, daha sonra bu günlərdə Bakıda keçirilən görüş ölkəmizə dünyanın aparıcı dövlətləri tərəfindən bəslənən etimadın, beynəlxalq arenada nüfuzunun göstəricisidir.
Azərbaycan dünyada cərəyan edən istənilən məsələdə, münaqişələrdə hər zaman ədalətli mövqe sərgiləyib. Eyni zamanda, Yaxın Şərqdə uzun illərdir davam edən İsrail-Fələstin məsələsində də iki dövlət prinsipinə sadiq qalıb. Təkcə siyasi deyil, həm də Yaxın Şərq, Afrika qitəsi və digər regionlarda humanitar missiya da həyata keçirir. Əsəd rejiminin süqutundan sonra Suriyaya ilk yardım göstərən ölkələrdən biri məhz Azərbaycan oldu.
Afrika ölkələri ilə ikitərəfli təmaslar Azərbaycanın gündəliyini aydın şəkildə göstərir. Ölkəmiz Afrika ilə daha güclü əlaqələr qurulması istiqamətində xarici siyasət yürüdür. Dövlət başçısı bildirib ki,daha fəal qarşılıqlı əlaqələrin olmasını istərdik. Afrika liderlərinin Azərbaycana builki səfərləri böyük qarşılıqlı marağı nümayiş etdirir.
Həmçinin inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi proqrama start verən Azərbaycan, onlara birbaşa dəstək məqsədilə 10 milyon ABŞ dolları ayırıb. Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında körpülərin qurulmasında mühüm rol oynayır.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Sultan Zahidov mövzu ilə bağlı “525”ə deyib: “Azərbaycan elə bir coğrafiyada yerləşir ki, bura Avropa və Asiyanın birləşdiyi, eyni zamanda Şərq-Qərb, Şimal-Cənub yollarının kəsişdiyi strateji əhəmiyyətli bir coğrafiyadır. Azərbaycanın yerləşdiyi coğrafiya həm Avropa, həm Orta Asiya, həm də Yaxın və Orta Şərq ilə qonşuluqda yerləşir. Məhz belə bir coğrafiyada yerləşməyimiz ölkəmizin hər üç region ilə sıx əlaqələr qurmasına zəmin yaradan vacib faktorlardan biridir. Digər tərəfdən, Azərbaycanın beynəlxalq aləmdə öz statusunu, çəkisini daha da yüksəltməsi, etibarlı tərəfdaş kimi beynəlxalq ictimaiyyətin rəğbətini qazanması, vacib beynəlxalq tədbirlərə, o cümlədən COP29-a ev sahibliyi etməsi, regional və qlobal problemlərin həllində get-gedə daha açar rola sahib olması istər-istəməz fərqli regionlarda, o cümlədən Orta Asiya, Yaxın və Orta Şərq regionunda da ölkəmizin iştirakını zəruri edən amillər sırasındadır. Çünki həmin regionlarda da Azərbaycan sülhə, sabitliyə, əməkdaşlığa töhfə verən bir dövlət kimi tanınıb və qəbul olunub”.
Ekspert bildirib ki, Azərbaycanın Orta Asiya dövlətləri ilə əlaqələri 90-cı illərin əvvəllərindən bu günə kimi həndəsi silsilə ilə inkişaf etməkdədir. Azərbaycan Orta Asiya dövlətləri ilə bərabər, müştərək iqtisadi, enerji, infrastruktur layihələrinin tərkib hissəsidir: “Orta Dəhliz kimi meqa layihənin əsas iştirakçılarından biri Azərbaycan, eyni zamanda da Mərkəzi Asiya dövlətləridir ki, bu dəhliz vasitəsilə Avropa ilə Çin arasında ticarət həcmi getdikcə daha da artmaqdadır. Azərbaycanı Orta Asiya ilə bağlayan başqa bir xüsusiyyət yalnız ticarət və nəqliyyat, enerji deyil, bura Türk Dövlətləri Təşkilatını da daxil etməliyik ki, bu təşkilatın potensialı günü-gündən daha da artır. Həm hərbi, həm iqtisadi, humanitar aspektdən yanaşsaq, TDT bilirik ki, artıq yalnız regional səviyyədə deyil, bütün Avrasiya səviyyəsində proseslərə, məsələlərə müdaxiləsi, həmin proseslərin həllinə müsbət töhfəsi gündəmi zəbt edən məsələlər sırasındadır. Məhz bu səbəbdən Prezident İlham Əliyev bu təşkilatın qlobal səviyyədə böyük bir quruma çevrilməsini istəyir. Çünki təşkilatın əhatə etdiyi coğrafiya, onun strateji əhəmiyyəti, ticari-iqtisadi potensialı, hərbi imkanları əslində qlobal səviyyədə də bir aktora çevrilmək imkanını yaradıb”.
O xatırladıb ki, Mərkəzi Asiya ilə gündəmdə sözsüz ki, Xəzər dənizinin dibindən enerji kabelinin çəkilməsi və bu enerjinin Avropaya ötürülməsi məsələsi də gündəmdədir: “Bütün bu layihələrin hər biri Qafqazı və Mərkəzi Asiyanı, Azərbaycanı və Mərkəzi Asiya dövlətlərini bağlayan layihələr sırasında qələmə verilə bilər”.
Yaxın və Orta Şərq regionu ilə əlaqələrətoxunan S.Zahidov söyləyib ki, bu, bizim yaxın coğrafiyamızdır, Azərbaycan hər zaman bu bölgədə sabitliyin, inkişafın, əməkdaşlığın təmin olunmasında maraqlı olub: “Ona görə ki, bu regionda baş verən münaqişələr ölkəmizə də mənfi təsir edə bilər. Azərbaycan bunun fərqindədir. Digər tərəfdən Azərbaycan sivilizasiyalararası dialoqun əsas təşviqatçılarından biri kimi həmişə çalışıb ki, region xalqları ilə digər regionlar, Avropadakı xalqlar və dövlətlər arasında əməkdaşlıq, harmoniya təmin olunsun”.
Ekspert deyib ki, Prezident İlham Əliyevin ADA Universitetindəki çıxışından da gördük ki, Azərbaycan Yaxın və Orta Şərq dövlətləri arasında münasibətlərin tənzimlənməsində də bir vasitəçilik missiyasını uğurla yerinə yetirilməkdədir: “Nümunə olaraq Türkiyə ilə İsrail arasındakı münasibətləri qeyd edə bilərik. Azərbaycan bu iki ölkə arasında həm birinci böhran dönəmində, həm də hazırda vasitəçilik missiyasını həyata keçirməkdədir. Aprelin 9-da Bakıda hər iki ölkənin hərbi və təhlükəsizlik məmurları arasında görüş olub və hər iki tərəf Azərbaycana bu vasitəçiliyə görə təşəkkürlərini bildirdilər. Bu çox vacib məqamdır. Bilirsiniz ki, İsrail və Türkiyə Yaxın və Orta Şərqdəki müəyyən məsələlərdə anlaşılmazlıq içindədirlər. O cümlədən Fələstin, Suriya məsələsində. Azərbaycanın burda vasitəçiliyi həm iki ölkə arasında, həm də regional səviyyədə sülh və sabitliyə ciddi şəkildə töhfə vermək imkanına malikdir. Azərbaycan Suriyada sabitliyin, ölkə ilə sıx təmaslar və əməkdaşlığın tərəfdarıdır. Prezident İlham Əliyevin Antalya Diplomatiya Forumunda Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub. Prezident İlham Əliyev Suriyada bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu qeyd etdi. Bu, bir daha Bəşər Əsəd rejimindən sonra Azərbaycan-Suriya münasibətlərində yeni bir səhifənin açılması deməkdir. Eyni zamanda, Azərbaycanın Yaxın və Orta Şərqdəki proseslərdə bundan sonra daha fəal rol oynayacağının göstəricisidir”.
Afrika qitəsinə gəlincə, ekspert söyləyib ki, Afrikada uzun illərdir münaqişələr, kolonializim irsi, qalıqları, aclıq, səfalət, xəstəliklər hökm sürməkdədir: “Əfsuslar olsun ki, böyük dövlətlər Afrikaya yardım etmək əvəzinə daha çox oranın resurslarını talayıb, ordakı dövlətlər arasında nifaq yaradıb, öz məkrli geosiyasi planlarını həyata keçirməyə çalışıblar. Bu gün Azərbaycanın Afrika ölkələrinə xüsusi diqqət ayırması Azərbaycanın Qlobal Cənubun maraqlarının təmin olunmasında aparıcı güclərdən birinə çevrildiyinin sübutudur. COP29-da ölkəmiz Qlobal Cənub və Şimal arasında körpü rolunu oynadı. Bakı Təşəbbüs Qrupu vasitəsilə Azərbaycan Fransa kimi ölkələrin neokolonial siyasətini tənqid edərək, bu siyasətdən əziyyət çəkən ölkələrin haqqını müdafiə etdi. Bu dövlətlərin əksəriyyəti Afrikada yerləşir. Bu baxımdan Azərbaycanın Afrika istiqamətinə yön alması, ölkəmizin ticari-iqtisadi əlaqələrindən əlavə, humanitar məsələlərə, humanizmə ciddi önəm verdiyinin göstəricisidir. Düşünürəm ki, Azərbaycan bundan sonra da Afrikadakı proseslərdə daha çox iştirak etməyə, daha çox dövlətlə münasibətlərin inkişaf etdirməyə və səfirliklərini çoxaltmağa yönələn siyasət aparacaq.
COVİD dönəmində Azərbaycan 80-dən çox ölkəyə humanitar yardım etdi ki, onların əksəriyyəti Afrika dövlətləri idi. Bu, bir daha ölkəmizin bəzi geosiyasi məkrli planlar həyata keçirməyə çalışan dövlətlərdən fərqli olaraq əməkdaşlığa, humanizmə, ədalətə, eyni zamanda, bərabərliyə söykənən xarici siyasət yürütdüyünü nümayiş etdirir. Bu, Azərbaycanın artıq bir regional aktor kimi yalnız Qafqazda deyil, beynəlxalq aləmdə dünyada etibarlı tərəfdaş, yardımsevər dövlət, postkolonializmə, postimperializmə qarşı müqavimət göstərən bir dövlət kimi tarixə keçməsinə zəmin yaradacaqdır”.