Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ilk xarici səfərini Azərbaycana etməsi iki ölkə arasında münasibətlərin dərinliyini, Tbilisinin regionda Bakı ilə əməkdaşlığa verdiyi önəmi, strateji tərəfdaşlıq səviyyəsini göstərir. Bundan əvvəl Baş nazir İrakli Kobaxidze də ilk rəsmi səfərini məhz Azərbaycana etmişdi.
İki ölkənin münasibətlərinin bugünkü səviyyəsi təkcə iqtisadi amillərlə bağlı deyil, ölkələrimizi və xalqlarımızı həm də tarixi köklər, əsrlərə dayanan qonşuluq və dostluq münasibətləri birləşdirir.
Prezidentlərin mətbuata bəyanatları zamanı dövlət başçısı İlham Əliyev bildirib ki, əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar: "Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir".
Bu gün Azərbaycan və Gürcüstanı həm də bir çox önəmli layihə birləşdirir. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Prezident bildirib ki, əgər bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil: "Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir".
Gürcüstan Prezidentinin "Bu səfərdə Gürcüstanla Azərbaycan arasında strateji və xüsusi mehriban qonşuluq münasibətləri vurğulanır. Bu vəzifəyə seçildikdən sonra tezliklə Azərbaycana səfər etmək mənim üçün vacib idi", mesajı bir daha iki ölkənin münasibətlərə verdiyi əhəmiyyəti və gələcək üçün çox yaxşı perspektivləri nümayiş etdirir.
Azərbaycan və Gürcüstan həm də regionda sülhün, sabitliyin bərqərar edilməsində mühüm rol oynayırlar. Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsinin iki ölkənin birgə marağında olduğunu vurğulayan Prezident İlham Əliyev buna həm Gürcüstan, həm də Azərbaycanın öz töhfəsini verdiklərini diqqətə çatdırıb: "Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq".
Onu da vurğulayaq ki, bu günlərdə ADA Universitetində keçirilmiş beynəlxalq forumda da Prezident İlham Əliyev Gürcüstanla əlaqələrin Azərbaycan üçün strateji əhəmiyyətə malik olduğunu qeyd edib, eyni zamanda, Avropa təsisatlarının ikili standartlarına diqqət çəkərək, Avropa Komissiyasının Gürcüstanın daxili işləri ilə bağlı proseslərə münasibətinin tamamilə qəbuledilməz olduğunu vurğulayıb. Gürcüstan mediası, eyni zamanda dünya KİV-i bu məqama xüsusi diqqət çəkib.
Dövlət başçısı bunu müstəmləkəçilərin davranışı adlandıraraq deyib: "Onlar gürcü xalqının iradəsinə özlərinin müstəmləkəçi keçmişinin prizmasından yanaşırlar. Bu, tamamilə qəbuledilməzdir. Gürcü xalqı bilir ki, biz onlarla birlikdəyik və Gürcüstan hökuməti də bunu bilir. Gürcüstanın bütün daxili işləri Brüsseldəki bürokratlar deyil, gürcü xalqı tərəfindən həll edilməlidir. Beləliklə, biz Azərbaycan ilə Gürcüstan arasında tərəfdaşlığı gücləndirməliyik".
Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh prosesini aktiv şəkildə dəstəkləyir, digər aktorlardan fərqli olaraq bu məsələdən öz mənafeyini güdmür, eyni zamanda tərəflərə məkan təqdim edir. Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu günlərdə bildirib ki, "Sülh və təhlükəsizlik bizim üçün əsas faktorlardır. Azərbaycan və Ermənistan arasında sülh sazişi bütün region üçün mühüm əhəmiyyət daşıyır".
Milli Məclisin deputatı Hikmət Babaoğlu mövzu ilə bağlı "525"ə deyib ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ilk rəsmi səfərini Azərbaycana etməsi iki ölkə münasibətlərinin yeni səhifəsi kimi səciyyələndirilməlidir: "Çünki bundan əvvəl Gürcüstanın yeni seçilmiş Baş naziri İrakli Kobaxidze də ilk rəsmi səfərini məhz Azərbaycana etdi. Bu, dost və qonşu Gürcüstanın Azərbaycanla münasibətlərə verdiyi önəmin göstəricisidir".
Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlər spesifikdir: "Azərbaycan Prezidenti ADA Universitetindəki beynəlxalq forumda bu münasibətləri səciyyələndirərkən dedi ki, Gürcüstan-Azərbaycan münasibətləri dövlətlərarası və xalqlararası münasibətlərdir. Yəni dövlətlərarası münasibətlər nə qədər inkişaf edirsə, xalqlarımız arasında münasibətlər də bir o qədər dərinləşir. Düşünürəm ki, çox nadir ölkələr haqqında bunu ifadə etmək olar ki, paralel olaraq həm dövlətlərarası, həm də xalqlararası münasibətlər dərinləşir, inteqrasiya prosesi gedir. Bu, həm coğrafi şərtlərlə, həm də mentalitetlə bağlıdır. Hesab edirəm ki, əsrlər boyu gürcü və Azərbaycan xalqlarının qonşu kimi bir yerdə yaşamaları iki xalq arasında ortaq dəyərləri də formalaşdırıb. Ona görə də Gürcüstan Prezienti də bu məsələyə toxundu və Gürcüstan-Azərbaycan münasibətlərini məhz xalqlarımızın mənafeyi nöqteyi-nəzərindən izah etdi. Bu, məsələnin bir tərəfidir. İkinci mühüm tərəf ondan ibarətdir ki, yeni reallıqlar Azərbaycan və Gürcüstan arasında yeni əməkdaşlıq imkanları yaradıbdır. Bu, kommunikasiyalarla bağlıdır. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti forumda qeyd etdi ki, biz Gürcüstanla birlikdə Avropanın enerji təhlükəsizliyini təmin edirik. Yəni Azərbaycanın enerji daşıyıcıları məhz Gürcüstan üzərindən Avropaya nəql edilir və bu əməkdaşlığın dərin perspektivi var. Düşünürəm ki, bütövlükdə bütün bunlar iki ölkə arasında münasibətlərin dərinləşməsinə xidmət edəcəkdir. Hər iki lider bu münasibətlərin daha da dərinləşməsi üçün Cənubi Qafqazda sabitiyin və sülhün bərqərar olmasından danışdılar. Ona görə də hesab edirəm ki, Gürcüstan da, Azərbaycan da sülhün əldə edilməsində olduqca maraqlıdırlar".
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə "525"ə bildirib ki, Azərbaycan-Gürcüstan əlaqələri artıq yeni bir mərhələyə daxil olub. İki ölkənin münasibətləri getdikcə daha da inkişaf edir.
Onun sözlərinə görə, Gürcüstan Prezidentinin ilk xarici səfərini Azərbaycana etməsi əslində əlaqələrin möhkəmləndiyinin və gücləndiyinin göstəricisidir: "Bir müddət əvvəl cənab Prezident İlham Əliyev Antaliyada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşdü. Həmin görüşdə Azərbaycanla Gürcüstan arasında dostluğun və strateji tərəfdaşlığın tarixi xarakter daşıdığı qeyd olundu. Eyni zamanda, ADA Universitetində keçirilmiş beynəlxalq forumda da cənab Prezident Gürcüstanla əlaqələri çox yüksək qiymətləndirdi. Gürcüstan Prezidenti ilə görüşdə isə dövlət başçısı çox önəmli bir açıqlama verdi. Azərbaycan lideri bildirdi ki, Avropanın enerji təhlükəsizliyini Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Yəni bu gün Azərbaycan prosesdə Gürcüstanla bir yerdə çox fəal rol oynayır, ölkələrimiz arasında əməkdaşlıq əlaqələri daha da inkişaf edir".
Deputat əlavə edib ki, bölgədəki proseslərə mane olan əsas dövlət Ermənistandır: "Bu ölkə regional proseslərin, münasibətlərin inkişafına ciddi şəkildə mane olur. Azərbaycanın Gürcüstanla çox yaxşı gündəliyi var, çox önəmli mövzular var. Bu gün nəqliyyat, kommunikasiya, enerji təhlükəsizliyi istiqamətlərində dövlətlərimiz arasında ciddi bir əməkdaşlıq mövcuddur. Azərbaycan hər zaman Gürcüstana öz dəstəyini göstərib, Gürcüstan da beynəlxalq platformalarda Azərbaycanın mövqeyini hər zaman dəstəkləyib. Onu da təəssüflə qeyd etmək lazımdır ki, bu gün hər iki ölkə Avropa İttifaqının, Avropa təsisatlarının ikili standartları, qərəzi ilə üz-üzədir. Amma bütün bunlara baxmayaraq, hər iki dövlət öz hədəflərinə və məqsədlərinə doğru hərəkət edir. Bu prosesin daha da sürətləndiyini və inkişaf etdiyini görürük. Bu istiqamətdə bütün tərəflərin üzərinə böyük bir məsuliyyət düşür. Hesab edirəm ki, Gürcüstan Prezidentinin səfərindən sonra əlaqələrimizdə yeni bir istqamətin, yeni bir mərhələnin şahidi olacağıq. Əlaqələrimiz daha da güclənəcək, daha da möhkəmlənəcək, daha da inkişaf edəcək. Yeni layihələr, yeni əməkdaşlıq, yeni perspektivlər bizim gözümüzün önündə olacaq. Bu da prosesə, əlaqələrimizin inkişafına öz ciddi töhfəsini birmənalı olaraq verəcəkdir".