|
|
|
|
Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən keçirək.
(Əvvəli ötən şənbə saylarımızda)
“MÜSAVAT” QURULTAYI
Keçən nömrədə xəbər verilmiş olduğu üzrə “Müsavat” firqəsinin iclası ayın 25-də açılmayaraq rəsmi-kəşad ayın 26-a təxir edilmişdir. Ayın 25-də ancaq xüsusi məşvərət məclisi təyin edilmişdi.
Hələ saət 5-dən İsmailiyyə binasında, xüsusən “Müsavat” bölməsində böyük cünbiş ruhlu hərəkətlər müşahidə olunur; yüzlərcə adam cəm olub, içəri girmək üçün bilet istiyor; firqə nümayəndələrinə kağız veriliyor; şura əzasına xüsusi nişanlar paylanıyor...
Nəhayət, saət 8 oluyor. 500-dən ziyadə hazirunin gurultulu alqışları altında Türk Ədəmi-Mərkəziyyət firqəsinin ən çalışqan müəssislərindən Məhəmməd Əmin Rəsulzadə cənabları məclisi açaraq bu qurultayın əhəmiyyətindən bəhslə diyor ki: “Türk Ədəmi-Mərkəziyyət firqəsi “Müsavat”ın birinci qurultayı bütün Türk və Şərqi-islam aləmi üçün böyük əhəmiyyətə malikdir. Zira siyasi firqələri olmayan bir millətin siyasi duyğusu, siyasi düşüncəsi olamaz. Siyasət meydanına hər milləti siyasi firqələr çıxar r, siyasi fikirlər siyasi firqənin ehtimamilə xəlq arasında intişar tapar. Fəqət bir firqə xəlqin hüsni-rəğbətini o vəqt qazanar, milləti öz başına o vəqt toplaya bilər ki, cəmaətin milli amal və arzusuna müvafiq proqram yürüdərək təşkili təbiətə yaxın olsun. Bir siyasi firqə o vəqt müvəffəq olar ki, millətin təbii yolunu dərk edə. Firqəmizin tərəqqipərvərlər, füqərayi-kasibə, demokratiya və ümumqərəzsizlər tərəfindən hüsni-təvəccöh və rəğbəti qazanmış olduğu doğru yol getdiginə bir dəlildir. Bugünki etibar və təvəccöh ayrı firqə əzasının çalışması və niyazı sayəsində degil, hər şeydən artıq Türk Ədəmi-Mərkəziyyət firqəsi “Müsavat”ın bütün millətimizin arzu və amallarını doğru surətdə dərki və təbii bir cərəyanla hərəkət etməsindədir.
Siyasi firqələr birər hökumət kibidirlər. Hər firqənin təşkilatı gələcək hökumətin necə təşkil olunmasını istədigini göstərir. Fəqət firqə təşkilatı hökumətin ancaq icraiyyə müəssisələri kibidir. Qanun vəz etmək ixtiyarı isə ancaq firqə qurultaylarına məxsusdur. Bundan dolayıdır ki, mütərəqqi millətlər və siyasi firqələr firqə qurultaylarına çox böyük əhəmiyyət veriyorlar.
Bədə natiq əfəndi qurultaya gəlmiş olan nümayəndələrin adlarını oxuyaraq bəyan ediyor ki, Naxçıvan, İrəvan, Ağdaş və sairlərindən gözlənən vəkillərin həpsi gəlməmiş, yaxud yenicə gəlib də yorulmuş olduğundan qurultayın rəsmi-kəşadı ayın 26-a təxir edilərək bu gecəyi boş keçirməmək üçün ancaq xüsusi məşvərət məclisi qurmağa və tərtibat və bəzi hazırlıq məsələsinə baxılması təklif olunur. Əzcümlə, bu gecə heyəti-rəyasətə, etibarnamə komissiyasına və tərtibati-məclis işlərinə baxan heyətə namizədlər göstərilməlidir.
Heyəti-rəyasətə Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Məhəmməd Həsən Hacınski, Cavad Məlikyeqanov (fəhlə), Əbülqasim əfəndi (Quba mahalından) namizəd edildilər. Katibligə: Mirzə Məhəmməd Axundzadə ilə İslam bəy Qəbulov namizəd göstərildilər.
Etibarnamə komissiyasına: Oruc Orucov, Qulamrza Şərifov, Zülfüqar Məhəmmədov, Ərimullah əfəndi və Mirzə Məhəmməd.
BİRİNCİ İCLAS
Pəncşənbə günü Türk Ədəmi-Mərkəziyyət firqəsi “Müsavat” qurultayı özgə bir təntənə və ruh qabarıqlığı ilə başladı. Ta saət 7-dən “İsmailiyyə” binasının dairələri cəmaətlə qaynaşaraq saət 8-də böyük salon xıncaxınc dolaraq tamaşaçılardan bir çoxu ayaq üstə durmuş, əksərinə bilet tapılmayaraq məyus qayıtmışlardı.
Qurultayda yüzə qədər Azərbaycanın hər tərəfindən gəlmə nümayəndələr var. nümayəndələr yalnız şəhərlərdən degil, uzaq kəndlərdən, əmələ rayonlarından gəlmişlərdir. Qurultay heyət etibarı ilə ehtimal Şərqi-İslamda toplanmış, əndüvə və qurultayların ən demokratik bir heyətini təşkil ediyor.
Nümayəndələrdən yüzdə 90-ı kəndli və fəhlədən ibarət!
Qurultay firqənin Bakı heyəti-mərkəziyyəsi rəisi Məhəmməd Əmin Rəsulzadə cənabları tərəfindən açıldı.
Məhəmməd Əmin əfəndi rəyasət mövqeinə çıxınca alqış tufanı açılıb sürəkli surətdə davam elədi, bir necə dəqiqə natiqi gözləmək məcburiyyətində bulundurdu. Alqışlar dayandıqdan sonra nitq iftinahi başladı. Natiq müvəqqətən Şərq islamı ilə Türk aləminin əhvali-hazırə siyasətindən bəhslə dedi ki:
Bütün Şərqi-İslam və Türklük aləmi neçə əsrdən bəri ətalət zamanı keçiriyordu. Həm də ətalət o dərəcəyə gəlmişdi ki, Şərq millətlərinin tərəqqi və mədəni olmasına ümid kəsilmişdi. Bunun da səbəbi məzkur millətlər arasında amal, ideal, məqsəd yoxluğu idi. Əlbəttə, millətin həyatına işıqlı yol göstərən yıldız olan milli amal və məqsəd yoxalınca cəmaət də halətdən qaldı və siyasətcə öldü.
Fəqət həmişə böylə gedəməzdi: son zamanlar Şərq aləmi cünbişə gəldi. İmdi bir dövri-intibah keçiriyoruz. Milli oyanıqlıq böyük duyğu, böyük fikir Şərqi-islam və Türk millətlərini oyatdı. Böyük sarsıntılar, böyük fikir doğurdu. Biz qəflətdə olduğumuz zaman Avropanın zülm və cəfası bir dərəcəyə çatdı ki, nəhayət, Qərb imperializmi bizi əzdi, sarsıtdı və əzilmək nəticəsində milli duyğu oyandı. Şimdi dövri-intibah keçiriyoruz.
Milli amalımıza doğru yüzüyoruz. Lakin bizim amalımız başqalarına hakim olmaq, başqalarını əzmək degil, özümüzün rifa və səadətlə yaşamamız və sair millətlərlə bərabər bəşəriyyətə bir üzv, hamı ilə bərabər mədəni və mütərəqqi bir millət olmaqdır. Türklük fikri başqalarına təcavüz olmadığı kibi, İslama da müariz degil. Hürriyyətin böyük ərkanından birisi şəxsi təmin etməkdir. Bir millət isə bir camiə təşkil ediyor. Bir şəxsin özünə məxsus arzu və məqsədləri, dilək və istəkləri olduğu kibi, bir millətin, o camiəyi-noviyyənin də milli fikir amalı, məqsədi, ehtiyacı var. Yaşadığımız şərait altında bizim bu amal və arzularımızı ancaq böyük milli fikir ödəyə bilər. Firqəmizin müvəffəqiyyət qazanması, fəhlə, kəndli və tərəqqipərvər sinifləri bir yerə cəm edə bilməsinin sirri və hikməti də haman bu fikirdəndir. Bir cəmaətin, millətin, hətta bir şəxsin müəyyən amal və arzusu, müəyyən məqsədi olmazsa tərəqqi edəməz. Came olan millətin də bu milli məqsədi olmazsa milli qüvvələri birləşdirəməz, qaranlıq içində işıq olmaz. Əgər Türk milləti bu vəqtədək bunca fənalığa məruz qalmışsa, səbəbi başqalarının təcavüzündən ziyadə özünün amalsız, idealsızlığından, tarixini, mənligini bilmədigindən qalmışdır. Buna görədir ki, əsrlərdən bəri türk milləti qaranlıqlar, yolsuzluqlar-rahsızlıqlar, sarsıntılara uğramışdır və haman amillər səbəbilə nəhayət, gözü açıldı (gurultulu alqış). Türk millətinin məqsədi tərəqqi etmək, bəşəriyyət gülüstanında yaxşı qoxulu bir türk gülü yetişdirməkdir (sürəkli alqışlar). Bu gül isə islama mənsub olan islam beynəlmiləliyyəti təşkil edən heyətlə bir yerdə bir güldəstə təşkil edəcəkdir (alqışlar). Millət nə qədər bir came isə də, bir vücud degildir. Təbiiyatda qətiyyəti-riyaziyyə mümkün isə ictimaiyyatda böylə qətiyyət olamaz. Binaənileyh millət təşkil edən fərdlər bir vücud olamazlar. Bu səbəblədir ki, millətin məqsədi əksəriyyətin məqsədi deməkdir. Əksəriyyət isə fəhlə, kəndli, ümumiyyətlə demokratiyadan ibarətdir. Buna görədir ki, məkan və zaman şəraiti altında millətimizin məqsədi haman demokratiya məqsədidir. Son müzəffəriyyətimiz də firqəmizin demokrat firqəsi olduğunu isbat etdi (sürəkli alqışlar).
Rusiya türklərinə hürriyyəti Rusiya inqilabı gətirmişdir. Millətimizin gözəl xislətlərindən olan şükrani-nemət bizə vacib ediyor ki, inqilab şühədalarını qiyamla yad edəlim (məclis ayağa qalxıyor).
Bədə natiq cənabları vəfat etmiş firqə əzalarının tərxim ruhu üçün ayağa qalxmağı təklif ediyor. Yenə hamı qalxıyor.
İnqilab meydana əmələ, topraq, sülh, millətlərə öz müqəddəratını özü təyin etmək şüarları atdı. Millətlər Məclisi-Müəssisan və hüquq gözlüyordu, sülhə müntəzir idi. Amma sülhü cəngə mübəddəl edib millətlər hüquqlarını istədikdə köhnə dil ilə cavab verdilər. Nəticədə hərcümərc...
Bütün Rusiya Məclisi-Müəssisanə, seçkilərə hazırlanmaqda ikən hazırlıqlar içində anarşi başlandı. Bir dərəcəyə çatmış ki, sabah nə olacağını kimsə bilmiyor. Məmləkət daxilində əhval böylə ikən cəbhədə daha fənadır. Ordunun nəinki dava etməsinə, bəlkə cəbhədə durmasına imkan yoxdur. Silah yox, libas yox, ayaqqabı yox, yemək yox, ruh da yoxdur. Amma barışmaq da çətindir. Ona görədir ki, bir qism əhali barışıq tələb ediyorsa da, digər qismi sülhdən hədsiz dərəcədə qorxuyor. Nəticədə hazırda məmləkətin hər bir parçasında bir başsızlıq, hökumətsizlik, hərcümərc başlanmışdır.
Əlbəttə, biz hər bir şeyi Məclisi-Müəssisandan gözləməliyiz, Məclisi-Müəssisandan ümidimizi kəsməmişiz, Məclisi-Müəssisana gedəcəgiz, ondan dərdlərimizə əlac istəyəcəgiz. Fəqət başımızı özümüz saxlamalıyız. Böylə etməzsək yaşıyamayız. Hazırda öylə müşəvvəş bir dövr keçiriyoruz ki, bərkişmək üçün çəkişmək, rahət yaşamaq üçün rahatlıq uğrunda mübarizə lazımdır. Hürriyyət tarixini bilənlər, hürriyyəti anlayanlar bundan darıxmazlar. Bu qədər böyük məsələlər, əlbəttə, bir neçə günün, ayın içində həll olu-namaz. İttihad və ittifaqı olan mədəni millətlər arasında belə böyük fikirlər doğular, amallar böyük sarsıntı, əzəmətli hadisələr nəticəsində hasil olar. İştə, qurultayımız böylə bir dövrə təsadüf ediyor. Böylə bir zamanda qüvvəti-qəlb sahibi olan firqələr göstərərlər ki, böyük fırtınalar yaşamaya əzm etmiş böyük qüvvətə malik olan milləti həlak edəməz (gurultulu alqış). Böylə firqələr qüvvətli təşkilatlar yapar, böyük qüvvələr əmələ gətirər. İşıqlı yıldız yöni itirməz və işıqlı yıldız olan milli amalların dalınca gedərək sərmənzili-məqsudə yetişər (alqışlar).
Bundan sonra natiq əfəndi qurultayı təbrik edərək keçən gecə verilmiş olan qərarları oxuyor. Məclis tərəfindən qəbula keçəcək heyəti-rəyasətə namizədləri və etibarnamə komissiyası öz yerlərini işğal ediyorlar.
“Açıq söz”, 27 noyabr 1917, №599
MƏCLİSİ-MÜƏSSİSAN SEÇKİLƏRİ
Qüvvətlərin sayıldığı günlər başlıyor.
Bu gündən bütün Şərqi Zaqafqasiyada siyasi firqələr imtahan meydanına çıxıb kəndi qüvvətlərini sınayacaqlar. Biz hər zaman diyoruz ki, Zaqafqasiya bizimdir. Biz burada dörd milyonuz. Zaqafqasiyanın yarısı miqdarındayız. Miqdarımıza görə həqqimizi veriniz. Sayımıza görə şanımızı gözləyiniz. Fəqət iş qara sayda degil. Seçki ayağına gəlməkdədir. Hər hanki millət, hər hanki partiya seçki ayağına nə qədər çox adam gətirə bilərsə, məmləkətdəki əhəmiyyəti, etibarı o dərəcədə, o nisbətdə olacaqdır.
Çox da sayımız çoxdur. Seçkilərə az gəlirsək vəkillərimiz o nisbətdə çıxacaq. Həqqimiz, hüququmuz isə vəkillərimizin miqdarından asılmış olacaqdır.
Ona görə ay öz yurdunda yurd sahibi olmaq istəyən azərbaycanlı türk, ay öz evində oturmaq istəyən müsəlman, tərpən, seçki günlərini qəflətlə keçirmə, gəl seçki ayağına. Hanki müsəlman nömrəsini istiyorsan istə, ona səs ver. Fəqət 14-ü, 12-ni, 11-i və ya onu ixtiyar edərkən düşün gör nə istiyorsan.
İstiyormusun ki, sənin muxtariyyətin olsun?!
İstiyormusun ki, kəndlilərə topraq verilsin, onlar əkib-biçməgə imkan tapsınlar?!
İstiyormusun ki, əmələlərə, zəhmətkeşlərə baxılsın, hallarına yanılsın!!
İstiyormusun ki, türk milləti özbaşına millət olub sair islam millətləri ilə birlikdə mədəniyyət aləmində dəgərli bir vücud olsun?!
İstiyormusun ki, getdigin yol tərəqqi yolu, mədəniyyət yolu və zamana müvafiq bir yol olsun?!
İstiyormusun ki, sənin də başqaları kibi mərifətin, mədəniyyətin, ürfanın olsun?!
İstiyormusun ki, öz muxtariyyətin daxilində yaşayıb türkligin Uluğ bəylər, Yasa, Turalər, müsəlmanlığın Qürtibə və Qərnatələr yetirdigi dövrləri tazələyəcək qədər mədəniyyət aləmində şan və şöhrət olsun?!
İstiyormusun ki, azad Rusiyada Rusiya qoşma xəlq cümhuriyyətində parlaq bir türk və müsəlman muxtariyyətinə malik olasan?!
- O halda Türk Ədəmi-Mərkəziyyət firqəsi “Müsavat”ın müdafiə elədigi əsaslara, yəni onuncu nömrəyə səs ver!
Səs ver bu nömrəyə, çünki bu nömrəni sənə təklif edən həyatımızda, məişətimizdə ən həyatlı, ən təbii olan bir firqədir.
Sənə başqa nömrələr də təklif olunuyor. Din naminə səsini əlindən almaq istəyənlər var. Fəqət bil ki, bütün dünya tarixində bilxassə hürriyyət tarixlərində, ələlxüsus İran ilə Türkiyədə bu nam ünvan ilə meydana çıxanlar nəticədə millət və məmləkətlərinin dostları olmadılar.
Bizimkilər olacaqmı? Diqqət ediniz namizədlərə, fikir veriniz firqə başında duranlara, görünüz ki, onların cəmaət işindəki keçmişləri nədir? Baxınız ki, dövri-istibdadda fədakarlıqları varmıdı? Var idisə, nə dərəcədə idi!!.
Solluq iddiasında olanlar da var. Fəqət onların elan elədikləri məramnamələr hər nə qədər gözəlsə də, o məramnamələrini yerinə yetirəcək qüvvələri şübhəlidir. Çünki onlar müxtəlif məsləkli adamlardır ki, ancaq seçki günlərindən ötrü ittifaq bağlamışlar.
12-ci nömrə başına toplaşan ağalar seçkilər bitdikdən sonra da müttəfiq ola biləcəklərmi? İlla elm bisəvab! Məclisi-Müəssisan seçkiləri Rusiyanın keçirməkdə olduğu əhvalə görə başqa bir əhəmiyyət dəxi peyda ediyor.
Daxildə mərkəzi hökumət üstündə qovğadır. Demək olur ki, mərkəzi hökumət yoxdur. Ona görə də bütün vilayətlər, millətlər öz başlarının çarəsini görüyorlar. Bu çarəyə Zaqafqasiya təvəssül etmişdir. Məxsusi Zaqafqasiya komissariyyatı seçilmişdir. 12 adam-dan ibarət olan bu komissariyyat Zaqafqasiyanın müvəqqəti olaraq 12 vəziri deməkdir. Bu vəzirlər Zaqafqasiyanı mərkəzdən ayrı olaraq idarə ediyorlar. Bunlar arasında 4 də müsəlman vəziri vardır. Bunlar Zaqafqasiyadakı Məclisi-Müəssisan seçkiləri tamam oluncaya qədər Qafqasiyanı idarə edəcəklər. Ümumrusiya Məclisi-Müəssisan toplanmasa belə, 36 adamdan ibarət olan Zaqafqasiya vəkilləri toplaşacaq, vilayət həqqində fikir edəcəklərdir. Ədədimizə görə bu 36 adamdan 15-i müsəlman olmalıdır. Fəqət görəlim ki, seçkilərə gəlməgimiz nə tövr olacaq.
Görünən bu laqeydliklə qalsaq, qorxu var ki, 8 adam da keçirə bilməyəlim. O zaman bilməlidir ki, Zaqafqasiya işlərindəki nüfuz və ixtiyarımız da haman səkkiz adamlıq olacaq.
Görüyorsunuzmu ki, qardaşlar, güvənəcək bir çoxluğumuz var. Tənbəllik, laqeydlik edərsək onu da itirəcəgiz!
Haydı, imtahan başına!
Haydı, seçkilərə!
M.Ə.Rəsulzadə
”Açıq söz”, 26 noyabr 1917, №613
MÜŞAHİDAT
Hər siyasi firqə və təşkilat özünün cəmaət və xəlq arasında nə qədər nüfuz və etibar sahibi olmasını ancaq seçki zamanlarında göstərə bilər. Buna görədir ki, diyorlar: seçki siyasi təşkilatlar üçün imtahan meydanıdır.
Bu vəqtədək bizdə seçkilərə xəlqin bir sinfi, mülkədar və tüccar sinfi iştirak etdiklərindən cəmaətin əksəri qanunən bu hüquqdan məhrum olduqlarından seçkilər sönük və ruhsuz olaraq vaqe oluyordu. Başqa mədəni məmləkətlərdə isə oralardakı bütün əhali sinif ayırmaqsızın seçkilərə gediyor, öz səslərini veriyorlar. Oralarda seçki günləri adətən bir bayram məqamını alıyor. Şəhərlər reklamlar ilə donadılıyor. Hər kəs, hər firqə öz namizədlərini keçirməgə çalışdıqlarından əsl siyasi mübarizə başlanıyor. Ancaq bu vasitə ilə hanki firqənin daha əsaslı, daha təbii bir yol tutduğu məlum olub ortaya çıxıyor.
İnqilabın bərəkətindən bizim şəhər duması seçkiləri də ümumi bir rəng aldı. Biz də sərbəst seçkilərdə iştirak etmək şərəfinə nail olduq. Biz də seçki mübarizəsinin nə yolda olduğunu gördük. İştə, biz də gördügümüz mənzərələri təsvir ediyoruz.
Daha bir ay bundan irəlidən bəzi firqələr tərəfindən seçkiyə hazırlıq görülər, mitinqlər, mühazirə məclisləri tərtib edib seçki əhəmiyyətindən və sair seçki ilə əlaqədar olan bəzi qaidələrdən məlumat veriliyordu. Seçkiyə iki-üç gün qalmış divarlara yapışdı-rılan müxtəlif məzmunlu reklamlar, avtomobil və sairə ilə nəşr edilən xitabnamə və intibahnamələr, hər tinbaşı təşkil edilən səyyar mitinqlər seçkinin əhəmiyyətini cəmaətə artıq qandırmışdı.
Budur, qırmızı bayraqlar ilə bəzənmiş bir avtomobil gəliyor. İsmailiyyə qarşısında toplanmış müsəlmanları görərək dayanıyor. Bir natiq avtomobildən rusca:
- Müsəlman yoldaşlar, dördüncü nömrəyə.
Bunun müqabilindən müsəlmanlardan birisi:
- Siz səhv ediyorsunuz, 12-ci nömrəyə.
Bir digəri:
- Xayır, doqquzuncu nömrəyə.
Bir üçüncü:
- Vətəndaşlar, heç kəsə aldanmayınız, öz hüququnuzu başqasının əlinə tapşırmayınız, füqərayi-kasibənin halına qalan bir firqə varsa, o da beşinci nömrədir.
Dördüncü nömrəli avtomobil artıq dayanmıyor. 5 ilə 12 mübahisəyə başlıyor. 9 da bir iş görəməyəcəgini hiss edərək bir neçə qədəm kənarda bir məclis qurub şəriətdən, Qurandan bəhs edir.
Budur, dəniz kənarından əskəri bir avtomobil gəliyor. Avtomobilin hər tərəfi beş nömrə ilə donadılmışdır. Parapet qarşısına toplanmış bir dəstə müxtəlif cəmaət arasına “vətəndaşlar, 5-ci nömrəyə” yazılı vərəqələr tullayır. Bunun müqabilində dörd-beş yerdən 12, 4, 2, 10 nömrəli vərəqələr tullanmaya başlıyor.
Hacı Pirverdi məscidində şeyx Qəni diyor:
- Cəmaət, Müsavat firqəsi Quranın və şəriətin xilafında hərəkət ediyor, bunun üçün hər kəs Müsavata mənsub olarsa kafirdir. Kafirin də İslam qanunilə müsəlmanlara qanı və malı mübahdır. Arvadları özlərindən boşdur. Bunu bən demiyorum, şəriət və Quran əmr ediyor. Hər kəs istiyor ki, işlərimiz Quran və şəriətə mütəabiq getsin, 9-cu nömrəyə səs versin.
Bunun əleyhinə müsavatçılardan birisi çıxıb şeyxin müfəttinlik edib fəsada səbəb olacağını söylüyor. İkinci natiq habelə şeyxin əleyhinə danışır. Şeyx məsciddən özünü kənara çəkiyor.
Ayın 29-da seçki günü yalnız divarlara qənaət edilməyib qaldırımlar və səkilər üzərində də qırmızı rəng ilə rusca və müsəlmanca 12-ci nömrəyə səs veriniz, 5-ci, 4-cü və 2-ci nömrəyə səs veriniz, deyə müxtəlif reklamlar yazılmışdı.
Budur, Nikolayevski küçədə cəli bir xətt ilə yazılmışdır:
- Milli qüvvələrin birləşməsini istiyorsan isə 12-ci nömrəyə səs ver.
- Yaşasın millət, 12-ci nömrə.
- Yaşasın milli və məhəlli muxtariyyət və qoşma xəlq cümhuriyyəti, nömrə 12.
Budur, 9 ilə 12 mübahisə ediyor. 12 diyor: Dumda İvan, Karapet ilə əgləşib şəri məsələ həll etməyəcəgiz. Orada danışılacaq bir məsələ varsa, o da bundan başqadır. Onun üçün də biz də dumda iş görə biləcək, hüququmuzu müdafiə edə biləcək şəxslər lazımdır.
9 diyor: bu vəqtədək biz Rusiya qanunları ilə dolanmışıq. Qoy bundan sonra ruslar bizim şəriətimiz ilə, bizim qanunumuz ilə rəftar etsinlər. Siz 12-lər diyorsunuz ki, gərək qazılarımız arvaddan olsun. Quranın yeddi cüzini çıxarıb ataq, qızlarımız, arvadlarımız başıaçıq gəzsinlər. On iki doqquzu qandırmaq istiyor: “Vallah, billah, həzrət Abbas haqqı böylə şey yoxdur, səni aldatmışlar. Burada qazı məsələsi, Quran məsələsi yoxdur”.
Bir digəri kənardan söhbətə müdaxilə ediyor.
Hacı, nədən arvaddan mərsiyəxan oluyor, buna kimsə bir söz demiyor. Qoy qazı da olsun.
Bir üçüncüsü kənardan: “Müsavat” hətta diyor ki, gərək dumda qlava müsəlman arvadından olsun. Biz heç vaxt şəriətin ayaq altına düşməsinə razı ola bilməriz.
Budur, bir 5-ci nömrə meydan etmiş:
- Müsəlmanlar, siz o adamları seçmək istiyorsunuz ki, onlar füqərayi-kasibənin həmişə qanını içmişdir. Görünüz sizə hürriyyəti verən kimlərdir. Biz fəhlə sinfi Nikolayı taxtından aşağı saldıq. Buna görə də dumda Nikolayı taxtından salanlar əgləşməlidirlər. Ancaq bunlar sizin mənafeinizi gözləyə bilərlər.
Bir digəri buna cavab veriyor:
- Nikolayı taxtından salan əgər fəhlələr olmuşsa, onlar da siz degil, Petroqrad fəhlələri olmuşdur.
Bacılarım, əgər istiyorsunuz ki, çarşabınız başınızdan götürülməsin, 9-cu nömrəyə səs veriniz.
- Sən hansına saldın.
- Adam məəttəl qalıb... Heç bilmiyor hansına inansın. Diyorlar ki, 12-ci nömrənin adamları iş biləndir.
- Canım, bizə iş bilən lazım degil. Nə edim öylə iş biləni ki, Quranı yox etmək istiyor.
- Diyorlar ki, axı dumda Quran söhbəti olmayacaq.
- Necə Quran söhbəti olmayacaq? Görmədin ağa nə buyururdu. Diyordu ki, hər kəs 12-ci nömrəni əlinə alsa, öylə bilsin ki, İmam Hüseyn əleyhissəlamın özünə qılınc çəkmiş, Həzrət Sahibəzzəmanın üzünə ağ olmuşdur.
- Əlbəttə ki, öylədir. Onların qərəzləri məlumdur. Onlar bizim arvadları urus arvadları kibi etmək istiyorlar.
- Yenə Allah atalarına rəhmət eləsin ki, bizi vəqtində başa saldılar.
- A kişi, belə gəl gedək. Bizim evimizi yıxan helə bu gəldi-gedərlər degilmi?
- Necə yəni. Bizi məscidimizdən qovalayacaqlar?
- Cəmaət, əsl müsəlman nömrəsi 9-dur.
Bir başqası: cəmaət, heç kəsin sözüylə iş görməyiniz. Hər iki tərəfin siyahısını alınız, diqqətlə oxuyunuz, hanki tərəfi layiq bilsəniz ona şar salınız.
- Budur, Çadrovı küçədə ali ibtidai ünas məktəbi qarşısında bir 12 bir 9-u kənara çəkib onu məzəmmət ediyor.
- Heyf səndən! Mən səni bir əqlli adam bilirdim (konvertini əlindən alıb istiyor 9-un əvəzinə 12 qoysun).
- Sən Allah eləmə! Bənə yazığın gəlsin.
- Ədə, axmaq, burada kim görəcək?
- Yox. Yerin qulağı var deyirlər. Sonra gərək məhəllədə qalmayım.
Bir seçki yerində budur, bir qiyamətdir ki, qopdu. Məlum oldu ki, yeşik başında dayanmış bir müsəlman bir çox müsəlmanın səsini itirmiş, ora gələn müsəlmanlardan pasport istiyormuş.
Bir erməni onu müdafiə ediyor:
- Canım, hər iş gərək qaidəsilə olsun.
- Bu qaidə yalnız bədbəxt müsəlman üçünmü olmalıdır. Əgər pasport göstərmək şərt isə, niyə başqalarından istənilmiyor. Yalnız müsəlmanlardan istəniliyor (Protokol tərtib ediliyor).
“Açıq söz”, 2 noyabr 1917, №604
Cəli - uzaqdan görünən, aydın
Mübah - haram
Müfəttin - fitnəkar
MİLLİ HAL VƏ HİSSİYYAT
“İslam Asari-Ətiqə cəmiyyəti”nin təşəbbüsü ilə Xan sarayı təsliminin keçən cümə gününə təyin olunan mərasimi mütəşəbbüslərin intizarından son dərəcədə yüksək milli bir nümayiş şəklini aldı. İsmailiyyə binası saət 11-ə doğru o qədər böyük bir kəsrət və izdiham toplamışdı ki, mühəndislər zalın bu qədər siqlətə davam gətirəməyəcəginə zahib olmuşlardı. Yalnız böyük salon degil, qarşıdakı balkon pillələri, qapılar, Nikolayevski küçədəki səkilər dəxi müxtəlif bayraqlarla gələn cəmaətlə dolu idi.
İsmailiyyədən xəlqin İçəri şəhərə Xan sarayı yolundakı yerə getməsi, oradan dəstələrlə nəğmələr oxuyaraq Tazəpir həyətinə axın etməsi, pir həyətindəki böyük mitinqimizi muxtariyyət babətdə söyləyən nitqləri alqışlamaq, muxtariyyət müməssili olan Türk Ədəmi-Mərkəziyyət “Müsavat” firqəsi bayraqlarının hər yanda məzhər olduğu hüsni-istiqbalını təbriklər, milli ehtiyat zabiti məktəbi şagirdanının könüllərə verdigi sevinclər, cəmaətin bir-birini təbrik etmələri, xülasə əksər ürəfamızca belə məchul bulunan bu milli hissi-təbarıqlığı hal və hissiyyatın nə yolda olduğunu göstəriyordu.
Hal və hissiyyat müəyyən idi. Xan sarayı təslimində görülən bu milli şənlik millətin bilasinif və firqə muxtar olmaq, muxtariyyətə malik bulunmaq niyətində olduğunu göstəriyordu. Millət artıq özünü bilmiş, istərsə rəyi-aləm qurunuz, nə edərsəniz ediniz, millətin rəyini sorunuz, o rəy müəyyəndir - muxtariyyət, özü-özünü idarə etmək, milli hökumət qurmaq.
Millətin hal və hissiyyatı bu yoldadır. Biz bunu daha hürriyyət elan edildigi gündən etibarən yəqin eləmiş, xətti-hərəkətimizi də o yolda tutmuşduq. 8 ayın ərzində bizimlə çox bəhslər etdilər, bu bəhslər əsl məqsədi əldə etməgə az əngəllər çıxarmadı. Fəqət imdi ortada bəhs etməgə, biri-digərini qandırmaya nə məhəl var, nə səbəb!
Bundan səkkiz ay qabaq muxtariyyət siyasi böyük bir fikirdən çıxma şüar idisə, imdi artıq bir zərurətdir. Millətin yalnız amalları degil, vücudunu dəxi saxlayacaq şey ancaq muxtariyyətdir.
Bunu cümə günki hal və hissiyyatını bəyan etməgə söyləyən yalnız türk milləti degil, bugünki gündə Qafqasiyanın bütün millətləri, bütün demokratiyası etiraf etməkdədir və Rusiyadakı böhrandan çıxmaq üçün başqa heç bir çarə görməməkdədir.
Millətin müqəddərati-siyasiyyəsini idarə etmək kibi ağır bir vəzifeyi-tarixiyyə ilə mükəlləf olan millət başçılarına millətin bu coşub daşmaqda olan hal və hissiyyatı qarşısında böyük məsuliyyətli bir vəzifə yükləniyor. Bu vəzifə bu vəqtə qədər gövşək gedən millət işlərini daha ciddi bir hala qoymaq, toplanan hissiyyata təbii bir məcra verməkdən ibarətdir.
Rus siyasilərindən birisi demiş ki: “Bizdə millət sağlaşacaq, hökumət isə sollaşacaqdır”. Bizim mühitimiz təqdid olunursa bu tərifin tamamilə əksi meydana çıxar: “Millət hərəkətə gəliyor, amma başda olanlar ağırlaşırlar”.
Bu hal qeyri-təbiidir. Qoy muxtariyyətimizin kiçicik bir bəraəti-istihlalını təşkil edən Xan sarayı təslimində görünüb ölçülən bu milli hal və hissiyyat bizə örnək olub həqiqi yolumuzu göstərsin. Bizi hərəkətə gətirsin, işə vadar eləsin. Çünki bütün qüvvətləri ancaq sözdən ibarət olan sərdarların bir göz qırpmada süqutları həm vaqe, həm mümkün, həm də təbiidir!
M.Ə.Rəsulzadə
”Açıq söz”, 24 dekabr 1917, №636
Siqlət - ağırlıq
Zahib - gedən, yoxa çıxan
(Ardı var)