525.Az

Dirijor Əyyub Quliyev Sergey Raxmaninovla bağlı Beynəlxalq Musiqi Festivalında


 

Dirijor Əyyub Quliyev Sergey Raxmaninovla bağlı Beynəlxalq Musiqi Festivalında<b style="color:red"></b>

V. Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının Skryabin adına böyük zalında dahi rus bəstəkarı Sergey Raxmaninovun 140 illik yubileyinə həsr olunmuş Beynəlxalq musiqi festivalı start götürüb.  Tədbirdən əvvəl festivalın iştirakçıları – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin, London Kral Musiqi Akademiyasının məzunu, İspaniyada pianoçuların müsabiqəsinin qalibi İlya Maksimovun, Rusiya Federasiyasının Stavropol diyarının mədəniyyət naziri Tatyana Lixaçevanın, Kislovodsk şəhərinin meri Natalya Lusenkonun və Safonov adına Federal Filarmoniyanın direktoru, professor Svetlana Berejnayanın iştirakı ilə mətbuat konfransı keçirilib.

Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin inkişafı, festivalda ifa olunacaq əsərlərin dünya şöhrətli ifaçılar, eyni zamanda, tanınmış gənc musiqiçilər tərəfindən təqdimatının əhəmiyyəti barədə fikirlər səsləndirilib. Sonra konsert olub. Konsertdə Sergey Raxmaninovun xor, solistlər və orkestr üçün “Zəng səsləri” poeması dinləyicilərə təqdim edilib. Dörd hissədən ibarət olan poemanı vokalçıların S. Raxmaninov adına beynəlxalq müsabiqəsinin qalibləri Sergey Maydanov, Yelena Filimonova, İvan Maksimeyko, akademik filarmonik xor və simfonik orkestr ifa ediblər.

Dirijor Əyyub Quliyevin rəhbərliyi ilə ifa olunan möhtəşəm əsər alqışlarla qarşılanıb. Proqramın ikinci bölməsində isə Qəbələ Beynəlxalq müsabiqəsinin qalibi İlya Maksimov Sergey Raxmaninovun yaratdığı ilk instrumental əsərlərdən biri olan fortepiano və orkestr üçün 1 saylı konserti məharətlə ifa edib.

Safonov adına Federal Filarmonik orkestri və dirijor Əyyub Quliyevin müşayiətində səslənən əsər böyük maraqla qarşılanıb.

Sergey Raxmaninov Beynəlxalq musiqi festivalı iyulun 28-dək davam edəcək. Festivalın digər konsertlərində görkəmli musiqiçilər – professor Andrey Diev, Aleksandr Taraseviç-Nikolaev, dirijorlar Georgiy Çiçinadze, Stanislav Koçanovski və digər tanınmış ifaçılar iştirak edirlər.

İyulun 19-da bəstəkarın “Aleko” operasının yeni quruluşda premyerasının təqdimatı nəzərdə tutulur.

Qeyd edək ki, dirijor Əyyub Quliyev Sergey Raxmaninovla bağlı Beynəlxalq musiqi festivalında iştirak edən ilk azərbaycanlıdır.

S.ABDULLAYEVA

 





10.07.2013    çap et  çap et