525.Az

Bayburtdan Ərzuruma gedən yol (davamı)


 

Bayburtdan Ərzuruma gedən yol <b style="color:red">(davamı)</b>

Səfərimizin ikinci günü Bayburtdan ayrılıb Ərzuruma doğru hərəkət etməzdən öncə Aydıntəpə Yeraltı şəhəri ilə tanış oluruq.

2,5 metr dərinliyində olan şəhərin uzunluğu 800 metrdir. Tarixi mənbələrə görə, şəhər erkən bizans dönəmində romalılar tərəfindən qovulan xristianların sığınacaqları olub. Yeraltı şəhərdə  2-ci havalandırma salonu olmaqla 8 salon, 8 otaq, hovuz olub. Burada həmçinin insanların istifadəsi üçün ən zəruri əşyaları da görmək mümkündür.

Bu yerlə bağlı iki fikir var. Birincisi buranın daha öncə mənbələrdə adı keçən Halde şəhərinə aid olması, digəri isə qeyd etdiyim kimi xristianların yerləşməsi üçün bir sığınacaq rolunu oynaması ilə bağlıdır.

Ona görə şəhərin erkən xristianlıq dövrünə aid olduğu deyilir.Hər halda bizans dövründən günümüzə çatan bu şəhər haqqında müxtəlif versiyaların, yanaşmaların olması təbiidir. Amma əsas odur ki, bu yer indi tarixi abidə kimi qalır və turistlərun ən çox maraq göstərdiyi məkanlardan birinə çevrilib.

Zəngin tarixi, təbiəti ilə göz oxşayan Ərzurum 

Ərzurumda deyirlər ki, buranın həm qışı, həm yayı gözəldir. Qışda Ərzurumu görmək imkanım olmasa da, yayına söz yoxdur. Düzü, hər səfərimdə hətta yay olsa belə, hər ehtimala qarşı nisbətən qalın geyimlər götürürdüm. Amma Ərzuruma gedəndə nədənsə buna ehtiyac duymadım. Çünki Ərzurumun təbiəti barədə o qədər də məlumatlı deyildim. Buranın nəinki axşamlar, hətta gündüzlər təmiz sərin havası insanda qəlb rahatlığı yaradır. Ərzurumlular deyirlər ki, yayda gecələr burada 10 dərəcə isti olur. Ona görə də başqa yerlərə istirahətə, təmiz hava almağa getməyə ehtiyac qalmır.

Ərzurumun yüksək bir yaylanın cənub-qərb hissəsində yerləşməsi şəhəri daha da gözəlləşdirir. Şəhər mərkəzi çox səliqəli və nizamlı şəkildə Palandökən dağlarının ətəyində qurulub. Ərzurum həm də Anadoluda dəniz səviyyəsindən 1959 metr yüksəklikdə inşa olunan tək böyük yaşayış yeridir. Region şimalda Dumlu, cənubda isə Palandökən dağları ilə əhatə olunub. Zaman-zaman şiddətli zəlzələlərə məruz qalmasına baxmayaraq, şəhər və ətrafı inkişafdan heç də geri qalmayıb. 

Anadolunun ən qədim yaşayış məskənlərindən olan Ərzurum hititlərdən bizanslılara qədər bir çox millət və dövlət tərəfindən zəbt edilib. Şərqi Anadolunun ən böyük şəhəri olan Ərzurumun e.ə. 4900-cu illərdə qurulduğu təxmin edilir. Ərzurumu da əhatə edən bölgə tarix boyunca hurrilər, asarlar, kimmerlər, iskitlər bölgədə hakimiyyət qurublar. Hətta İranı məğlub edən Makedoniyalı İskəndər bir zamanlar bölgəyə hökumranlıq edib. İskəndərin ölümündən sonra əvvəl Selokidlərin, sonra isə romalıların əlinə keçən bölgə sonuncu ilə Partlar arasında böyük döyüşlərə səbəb olur. Ərzurum sonrakı dövrdə Sasanilər və Bizanslılar tərəfindən idarə olunur, bunun ardınca, Səlcuqların Anadoluda ilk Türk Bəylərbəyliyi olan Saltık (Saltuk) oğullarının hakimiyyətində olur.

1242-ci ildə monqollar tərəfindən zəbt edilən Ərzurumu Elxanilər ələ keçirir, 1300-cü illərin sonunda Qaraqoyunlular, 1467-də Ağqoyunlular, daha sonra isə Səfəvilər tərəfindən idarə olunur. 1514-cü ildə Yavuz Sultan Səlim Ərzurumu fəth edir. Lakin Səfəvilər Ərzurumu geri alırlar. Daha sonra Sultan Süleyman Ərzurumu qəti olaraq Osmanlı torpaqlarına qatır. Ərzurum Osmanlı dövründə bir əyalət mərkəzi olaraq daha çox inkişaf etməyə başlayır.

Ərzurum 1828-1829, 1878 və 1916-cı illərdə üç dəfə rus istilasına uğrayır. Bu gün də şəhərin mərkəzi küçələrində rusların Ərzurumda törətdikləri qətliamları özündə ehtiva edən memarlıq abidələrini görmək olur.  

Ruslar 1917-ci il inqilabından sonra Ərzurumu tərk edərkən şəhəri ermənilərə təslim edirlər. Ermənilərin bölgədə qırğın və təxribatları ruslardan daha qorxunc olur. Alaca kəndi Şəhidlər Anıtı da elə məhz 27 fevral 1918-ci ildə ermənilərin Ərzurumun Alaca kəndində türklərə qarşı törətdikləri qətliamları xatırladır. Həmin qətliamda ermənilər tərəfindən Ərzurumda 8000-dək türk-müsəlman öldürülür. Amma təəssüf ki, bəzi ərzurumlular bu tarixi deyəsən unudublar. Təyyarədə söhbət etdiyim bir ərzurumlunun ermənilərə həddən ziyadə humanist münasibəti bəndənizi xeyli təəccübləndirdi.  Ərzurumda olan məşhur

Nənə Xatun türbəsi 

 də bir qəhrəmanlıq simvoludur. Nənə Xatun 1857-ci ildə Ərzurumda anadan olub. 1877-ci ilin noyabrın 8-dən 9-na keçən gecə, Osmanlı vətəndaşı olan erməni silahlı dəstələri Erzurumun Əziziyə hərbi qarnizonundakı türk əsgərlərini yuxudaykən hamısını qılıncdan keçirirlər. Bu arada arxadan gələn rus əsgərləri isə heç bir çətinliklə qarşılaşmadan qarnizonu tuturlar. Bu basqından yaralı olaraq canını qurtaran bir əsgər xəbəri ərzurumlulara çatdırır. Bu xəbəri eşidən Ərzurum xalqı silahı olan silahını, silahı olmayan isə balta, bel, yaba, əllərinə nə keçirsə alıb qarnizona sarı yüyürür. Bu insan axının içində Nənə Xatun da olur. Bu hadisədən bir gün əvvəl Nənə Xatunun qardaşı Həsən cəbhədən yaralı qayıdıb və bacısının qollarında can verib. Nənə Xatun bu hadisədən sonra üç aylıq körpəsini əmizdirdikdən sonra “Səni mənə Allah verdi. Mən də ona əmanət edirəm” deyərək vidalaşdıqdan sonra bir neçə saat əvvəl vəfat edən qardaşının tüfəngini götürərək küçəyə çıxıb.

Ərzurumlular ölümə getdiklərini bildikləri halda, Əziziyə qarnizonuna doğru var gücüylə cumur. Qarnizonu ələ keçirən rus əsgərləri, gələnlərə atəş açır. Atəşə məhəl qoymayan camaat dəmir qapını sındırır və üz-üzə vuruşma başlayır. Mükəmməl silah sursata malik olan rus ordusu, baltalı-yabalı xalq qarşısında ancaq yarım saat tab gətirə bilir və 2300-ə yaxın rus əsgəri o biri dünyaya yollanır və qarnizon geri alınır.

Əziziyə qarnizonunun mücahid qadını Nənə Xatun o günləri belə xatırlayır: “Qardaşım Həsən cəbhədən ağır yaralı olaraq evə gəldi. Bir tərəfdən ona qulluq edirdim, digər bir tərəfdə isə körpəmi əmizdirirdim. Qardaşım o gecə qollarımın arasında can verdi. Bu hadisənin səhəri günü minarələrdən “Ruslar Əziziyəyə girdi” xəbəri əks-səda verdiyi zaman, qardaşımın alnından öpərək “Səni öldürəni öldürəcəyimə and içirəm” dedim. Körpəmi Allaha əmanət edərək evdən çıxdım. Sürətlə Əziziyə istiqamətinə sarı yüyürməyə başladım. Qarnizonun yaxınlığı ölüm meydanına oxşayırdı. Düşmən çox yaxşı silahlanmışdı. Bizim isə sadəcə imanımız vardı. İrəli tullandım və dadaşların içinə qarışdım. İmanımız sayəsində Əziziyyəni düşmənin əlindən xilas etdik.”

Ölümündən bir il əvvəl Nənə Xatun, ziyarətinə gələn NATO-da vəzfəli amerikalı bir əsgərin sualına belə cavab verdi “Mən o zaman lazım olanı etdim. Bugün də lazım olsa heç düşünmədən eyni hərəkəti edərdim.”

1955-ci ildə ilin anası seçilən Nənə Xatun 98 il ömür sürdü. O qurtuluş mücadiləsi verdiyi Əziziyə qarnizonunda dəfn edildi.

Ərzuruma gözəllik verən daha bir abidə isə Ərzurum qalasıdır.

Ərzurum qalası şəhər mərkəzində yerləşən təpənin ən ucqar nöqtəsində bir iç qala və bu daxili qalanı əhatə edən xarici qaladan ibarətdir. Daxili Qala səkkiz bürcü ilə günümüzə qədər öz varlığını qoruya bilib. Daxili qalanın divarının qalınlığı 2-2.5 m arasındadır.

Qalanın V əsrin ilk yarısında Bizanslılar tərəfindən inşa edildiyi bildirilir. Qala Səlcuqlu və Osmanlılar dövründə təmir edilib. Üç qat divarla əhatə olunan qalada 110 bürc və qüllə var. Qalanın Təbriz, Gürcü, Uyucan və Yeni Qapı olmaq üzrə dörd qapısı var. İkinci qat divarın hal-hazırda qismən mövcudiyyətinə baxmayaraq üçüncü qat divar (şəhəri tam olaraq əhatə edən divar) tamamilə itmişdir. Qalanın yerləşdiyi təpənin hündürlüyü 1950 metrdir.

Tarix boyunca asurlular, sasanilər, farslar, ərəblər, romalılar və bizanslılar arasında tez-tez əl dəyişdirən və XI əsrdə türklərin əlinə keçən qalanın daxili hissəsində ilk türk-İslam əsərlərindən Saltukoğulları dövrünə aid Qala Məscidi tikilib. Ərzurumda ən qədim türk tikilisi olaraq bilinən Məscid türbə arası maraqlı memarlıq özəlliyinə sahibdir. Məscid tarixin müxtəlif vaxtlarında təmir edilib. Məscidin Ərzurum qalasının içində yerləşməsi burada zaman-zaman ibadətlə məşğul olmanı sübut edir.  

Qalanın ərazisində Saat qülləsi (Tepsi Minarə) yerləşir. Saat qülləsi Ərzurumun şəhər mərkəzindəki ən yüksək təpəsində qərar tutub. Saat qülləsi Saltukoğulları tərəfindən XII əsrdə müşahidə qülləsi olaraq inşa edilib. Qüllənin inşasında Müzəffər Qazinin 1124-1132-ci illərdə böyük rolu olub. 

Gövdəsi kərpic və kəsmə daşdandır. XIX əsrdə üst qisminə taxta qab əlavə edilib. Qala içərisində olan Qala Məscidinin minarəsi olaraq da istifadə edilmişdir. Ərzurum Saat qülləsi (Tepsi Minarə) Anadoludakı ən köhnə Səlcuqlu minarəsidir.

Qeyd edək ki, Ərzurum qalasının ətrafında köhnə tikililər hələ də qalmaqdadır. Qalanın tam qarşısında Qoşa Minarəli məscid yerləşir. Hazırda məsciddə təmir işləri aparılır. Məscidin sağ tərəfində 10-15 metr aralıda Ulu Cami yerləşir.  Caminin 5 qapısı, daxilində isə 7 eyvanı var.

Ərzurumun maraqlı tarixi-memarlıq abidələrindən biri də Yakutiye Mədrəsəsidir. Mədrəsə 1310-cu ildə Elxanilər sultanı Olcayto və Bulgani Xatun adına Camaləddin Yaqut tərəfindən inşa edilib. Mədrəsənin orta hissəsi dörd sütun üzərində tikilib. Burada da qoşa  minarənin təsiri açıqca görünür. Təxminən 25x34 m ölçüdə, düzbucaqlı və kəsmə daşdan inşa olunan binanın orta hissəyə açılan üç eyvanı var.  Yakutiye Türkiyə ərazisində qapalı mədrəsə tipinin ən gözəl nümunələrindən biridir. Mədrəsədə Ərzurumun tarixi ilə bağlı maddi-mədəni əşyalar, geyim, ailə-məişət nümunələri  nümayiş etdirilir. 1994-cü ildən Muzey kimi istifadəyə verilən mədrəsəni gün ərzində yüzlərlə yerli və xarici turist ziyarət edir. 

(Davamı var)

Pərvanə Sultanova
Bakı-Ərzurum-Bakı

 





12.07.2013    çap et  çap et