525.Az

Milli istiqlalımızın alovlu şairi - Xəlil Rza Ulutürk


 

Milli istiqlalımızın alovlu şairi - <b style="color:red">Xəlil Rza Ulutürk</b>

Bütün zamanlarda Sözün qüdrəti, hökmü böyük olub. Məqamında səslənişi ilə könüllər nura boyanıb, aləm gülşənə dönüb, aydın, işıqlı sabahlara doğru yol başlayıb...

Hər şeydən uca, dəyərli olan, düşüncəyə hakim kəsilən Söz göy qurşağının rəngləri kimi çoxçalarlıdır. Sənətkarlar yaratdıqları əsərlərində kimlərinsə mənəvi dünyasını, taleyini, obrazını sözün rənglərilə elə təsvirə alır ki, onları sevməmək, yaxına almamaq mümkünsüzdür. Əlbəttə ki, təsvir və bənzətmələrin duyğusallıqla ifadəsində sözün yeri əlahiddədir. 

Onda da ola söz həqiqi mənada sülhü, əmin-amanlığı, xalqın azadlıq arzularını, istiqlalını, milli mənafeyini və mənəvi dəyərlərini ifadə etmiş olsun. Fitri istedadın, dağ şəlaləsi təki coşqun bir ehtirasla axan yaradıcılıq eşqinin vətənpərvərlik, yurdsevərlik sevgisilə dopdolu olan sənət sahiblərinin amalı belə bir ülvi hisslərlə süslənəndə xalq mənəvi ucalığın, rahatlığın, qəlbə bahar təravəti gətirən gülzarlığın içində olar. Bütün bunları böyük sənətkarlıqla, bədii təfəkkürün işığında obrazlı şəkildə, həm də xalqın milli qürurunu, müstəqillik duyğularını ucadan-uca sözün qüdrətilə ifadə edə bilmək məharəti də hər kəsə nəsib olmur.

Bu fikirlərin işığı düşüncəmi 100 ildən də bir qədər uzaqlara çəkib aparır. Hansı ki, H.B.Zərdabi, M.F.Axundovdan başlamış, xalqı qəflətdən oyatmaq, savadsızlığa, mədəni geriliyə qarşı mübarizənin, mənəvi dəyərlərin, vətənpərvərlik duyğularının formalaşması və ictimai şüura təsiri yolunda mübarizəni genişləndirmək bir amal  olaraq münəvvər insanların qəlbini çulğamış, ümdə vəzifəsi olmuşdur. Milli mücadiləni yaymaqdan ötrü XIX əsrin sonları və XX əsrin əvvəllərinin milli oyanış dövründə M.Şahtaxtlı, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, Ə.Hüseynzadə, Ü.Hacıbəyov və digər maarifpərvər ziyalılar doğma ana dilimizdə yaratdıqları mətbuatda öz fikirlərini bir toxum kimi səpməyi vacib sandılar. Və beləliklə, böyük bir maarifçi nəsil - mollanəsrəddinçilər, füyuzatçılar milli dirçəliş işığında öz fikir və amallarını bir vətəndaş qeyrətilə yaymağa başladılar. Bu yolda təqiblər, sui-qəsdlərlə üzləşsələr də, milli məfkurəni xalqa aşılamaqdan çəkinmədilər. Və zamanı üçün nə qədər çətin də olsa bunlara müəyyən mənada nail ola bildilər. Bunun ardınca xalqı azadlığa, müstəqilliyə aparan  yollarda mücadilə edən vətənpərvər ziyalılar, ictimai-siyasi xadimlər böyük fədakarlıq və əzmkarlıqla Şərqdə ilk müsəlman dövlətini, parlamentli, azad və müstəqil Azərbaycan Demokratik Respublikasını qurdular (1918-1920). Cəmi 23 ay yaşayan və bolşeviklərin qəsbkarlığı ilə devrilərək, ömrü yarıda bitən cümhuriyyətin qurucuları, qeyrətli vətən oğulları az bir vaxtda qarşıya qoyduqları böyük vəzifələri müstəqillik eşqinin gücü, qüdrətilə həyata keçirməyə nail oldular. Bu gün hər birimiz dövlətçilik tariximizin bir şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti qurucularının böyük fədakarlığı ilə qürur duyuruq.

Bu yerdə ötən əsrin axırları milli oyanış dövrünün tarixilik və müasirlik baxımından ənənəvi və yeni məna kəsb edən müstəqilliyin bərpası və xalqın azadlığı uğrunda mübarizələrdə təhdidlərə məhəl qoymadan milli mücadilənin önündə gedən aydınlarımızı, vətən aşiqlərini göz önündən keçirirəm. Və bu milli-mənəvi duyğuları yaşadığımız indiki anlarda, 70 ildən sonra onun bərpası yolunda aparılan mübarizədə M.Ə.Rəsulzadənin və silahdaşlarının azərbaycançılıq məfkurəsindən qor alan, müstəqillik amalını ruhunda, varlığında bir məşəl kimi daşıyan milli istiqlal şairi Xəlil Rza Ulutürkü xatırlayıram. Xalqı Sovet imperiyasının caynağından qurtarmağa, öz taleyini özü həll etməyə səsləyən, vətənpərvərlik eşqi, ədəbi-bədii yaradıcılığı, poetik inciləri ilə yaddaşımıza nur çiləyən azadlıq aşiqi hər zaman qürur duyduğumuz ədəbi şəxsiyyətdir. O, bütün yaradıcılığı boyu, ələlxüsus da ötən əsrin 80-ci illərindən başlamış milli mücadilədə özünün əqidəsi, ideoloji mübarizəsi, sözünün qüdrətilə hər bir azərbaycanlının hafizəsində Azərbaycan Xalq Cümhuriyyəti qurucularının varisi kimi yaşayır. Xəlil Rza Ulutürkün yaradıcılığı başdan-başa xalqın azadlığı, vətənpərvərlik duyğuları, müstəqillik arzuları, istiqlalı ilə süslənmiş, milli-bəşəri amallar ilə ifadə olunmuşdur.
Xəlil Rza Ulutürkün yaradıcılığını mövzusuna görə 3 mərhələyə bölmək olar:

I. Sovet dövrü.

II. Milli-azadlıq hərəkatının meydan dövrü.

III. Müstəqillik dövrü.

Xəlil Rzanı milli mücadiləyə aparan azadlıq arzuları yaradıcılığının ilk dövrlərindən, birinci mərhələsində pöhrə tutmuş, göyərmiş, qəlbini, ruhunu sarmışdı. Azərbaycançılıq məfkurəsinə, xalqına bütün qəlbi, ictimai şüuru ilə bağlı olan şairin bağrından qopan misraları bir cəngavərin azadlığa səsləyən marşına bənzəyirdi. O, qəlbi vətən və xalq üçün çağlayan bir vətəndaş kimi, hələ gəncliyindən ölkəsini azad, müstəqil görmək istəyirdi. Vaxtilə Xalq Cümhuriyyətinin yüksəltdiyi bayrağın endirilməsi ilə heç vəchlə barışmır, onun yenidən yüksələrək başımızın üstündə dalğalanmasını görmək arzusu ilə yaşayır, səsinin-sözünün gücü, qüdrətilə mübarizə aparırdı. Şair bilirdi ki, bu mübarizənin təməlində onun milli varlığının, kimliyinin, ifadəsi olan ana dilinin qorunması, yaşadılması qayğıları dayanır. 1962-ci ildə yazdığı "Ana dili" şeirində vaxtilə dilimizin başına oyun açanlara, onu öldürməyə, məhv etməyə cəhd edənlərə qarşı üsyan edir, öz içimizdə də dilimizin qədrini bilməyənlərə, onu qorumayanlara qarşı sanki qələmindan misra-misra od saçırdı:

Kim qoruya bilməyirsə
Öz yurdunu, yuvasını,
udmasın yurd havasını.
Kim qorumur öz dilini,
itsin mənim gözlərimdən ilim-ilim,
O sahili bu sahilə birləşdirən
polad körpüm, qılıncımdır,
günəşimdir mənim dilim!

Şair bilirdi ki, vətən qəsb ediləndə onu azad etmək mümkündü, lakin dil qəsb olunanda bu, millətin, xalqın məhvidir. Bu, Xəlil Rzanı həmişə düşündürür, narahat edirdi. Dildən başlamış, vətəni bütöv, azad görmək, mədəniyyətimizin, ədəbiyyatımızın minillərə söykənən tarixinin yaşadılması uğrunda milli mücadiləyə qoşulmaq onun həyat amalı olmuş, bu yolda bir an da olsa, söz-qələm mübarizəsindən çəkinməmişdir. Elə buna görə də şair rus imperiyasının ağır rejimində qəlb çırpıntıları, həyəcanlar içində yaşamış, təqib olunmuş, bəzən təklənmiş, həyatın ağır sınaqları qarşısında olmuşdur. Lakin bunlar onu qorxutmamış, əqidəsindən dönməmiş, azadlıqsevər ruhu onu daim mübarizə meydanında bir cəngavər kimi döyüşlərə səsləmişdir. Sovet dövründə yazdığı şeirləri birbaşa, həm də mətnaltı ifadələrlə intişar edirdi. Yüzillər boyunca xalqın azad, müstəqil yaşamaq istəyinin təşnəsi olan aydınların arzuları qərinələrin aşırımlarından keçərək vətən sevdalı Məcnun şairin misralarında yenidən boy göstərirdi. Artıq səksəninci illər milli oyanışın ictimai şüurları silkələdiyi bir vaxtda X.Rza öz haqqını müdafiə etmək, azadlıq arzularını gerçəkləşdirməkdən ötrü xalqı mübarizəyə səsləyir, odlu-alovlu şeirləri, çıxışları ilə bu hərəkatın önündə gedirdi. O, üzünü bütün Azərbaycana tutub var səsiylə hayqırırdı:

Sürünmüsən iki əsr,
Övladların əsir-yesir,
Nə qəm, adın çəkiləndə
Yad hələ də zağ-zağ əsir.
... Sən can dedin, çor dedilər,
Haqqını basıb yedilər.
Pak, müqəddəs torpağını
Parçalayıb çeynədilər.
O qurdlara sən vermə can,
Qalx ayağa, Azərbaycan!
... Dəmir-beton qapıları
Tay-tay açan, şölə saçan
Yer titrədən, göy gurladan,
Ulduzları öpüb-qucan,
Nə yaralı, nə yarımcan,
Bizə nəfəs, bəşərə can -
Qalx ayağa, Azərbaycan!

Milli-azadlıq hərəkatının meydan dövrü yaradıcılığının yeni bir məzmun, milli-bəşəri ideya-mahiyyət kəsb etməsilə böyük təsir gücünə malik idi. X.Rzanın şeirləri düşmənə od püskürür, milləti öz azadlığı uğrunda mübarizəyə səsləyirdi. Onun söz mübarizəsi bir ordunun gücündən də qüdrətli idi. Hər bir Azərbaycan vətəndaşı Azadlıq meydanından başlamış, bütün yığıncaqlarda, dəstə halında evlərdə belə, onun şeirlərinin təsiri ilə coşur, xalqın azadlıq arzularının gerçəkləşməsi yolunda birləşirdi.

Döyüşüm qəbrətək davam edəcək
Sevindirmək üçün yurdu, bəşəri.
Dəmiri doğrayan polad qayçıtək
Mənim hər addımım şəri kəsəcək.

- deyən şair bütöv əqidəsi, bədii sözünün gücü ilə mübarizə aparırdı. Bu ideya və məzmunda olan bir çox əsərləri onun səksəninci illərin sonlarından başlamış, müstəqillik uğrunda apardığı mübarizənin əks-sədası idi. Bu dövr yaradıcılığı şairin həm də məddahlığı, rüşvətxorluğu, vəzifəpərəstliyi ifşa etməsilə xarakterikdir. Sovet ordusunun, qırmızı qəsbkarların ölkəmizdə törətdiyi qırğınlar, 1990-cı il faciəsi şairin həyatını fırtınaya döndərmişdi. Bu mübarizədə o, bütün sağlamlığını itirsə də, son gücünədək milli istiqlal uğrunda savaşın önündə getmiş, xalqın ictimai şüurunun formalaşmasına, azadlıq mübarizəsinin ürəklərdə sonsuz bir məhəbbətlə çağlamasına böyük təsir göstərmişdir. Azadlıq carçısı olaraq Baş meydanda, gənclər arasında etdiyi alovlu çıxışları, od saçan şeirləri və müstəqilliyimizin ilkin dövründə yazdığı əsərləri, bütünlükdə bədii yaradıcılığı, publisistik fəaliyyətilə xalqın mübarizə yolunda mayak idi. Qüdrətli, coşqun çaya bənzər səsi ilə xalqın ruhunu alovlandırırdı:  

Biz Türküstan elləriyik,
Qeyrət, qüdrət selləriyik.
Daşnakları qovan bizik,
Dar gözləri ovan bizik.
Yetər meydan suladılar,
Yurdumuzu taladılar.
Bakımızı əzizləyək.
Əqrəblərdən təmizləyək!
Şölə versin bu ləl, mərcan
Ermənisiz Azərbaycan!

Və o zaman şairin səsinə minlərlə, milyonlarla vətən sevdalısı səs verdi. Bu dövrdə mübariz çıxışlarına, meydanı azadlıq ruhu ilə dalğalandırdığına görə Lefertova zindanına atılsa da, sənədli-sübutlu memuar yazılarını işıq üzünə çıxardı, millətin istiqlalına yetdi. Bu, hər inqilabçı şairə qismət olmur. Səd heyf ki,  istiqlaliyyət uğrunda qılıncdan kəsərli misraları ilə döyüşüb, mübarizə aparmış azadlıq aşiqi istiqlal şairi olmasını rəsmən təsdiqləyən İstiqlal ordeni ilə təltif olunmasını görə bilmədi. Amma nə qəm, şair özünün və sözünün əbədi olacağına bütün varlığı, şüuru ilə inanırdı. Bu vətənə, xalqına, minbir bərəkətli torpağına bağlılıqdan qaynaqlanırdı. Elə buna görə də deyirdi ki:

Odur, yanır dan yeri...
Addımla günəşlə tən.
Torpaqdan başlanmır, yox,
Kişi qanındakı qeyrət selindən,
Səndən başlanır Vətən.
Məndən başlanır Vətən!

Bu gün şairin sağlığında və özündən sonra nəşr olunmuş çoxsaylı kitablarına nəzər yetirib, hər biri ilə ayrıca tanış olanda bu vətən oğlunun, istiqlal şairinin içindən bir vulkan kimi püskürən əsərlərinin qüdrətinə heyrət etməyə bilmirsən. 1957-ci ildə nəşr olunmuş "Bahar gəlir" ilk şeirlər kitabından başlamış, "Sevən gözlər", "Məhəbbət dastanı",  "Hara gedir bu dünya", "Daşdan çıxan bulaq", "Məndən başlanır vətən", "Davam edir 37", "Mən Şərqəm", "Türkün dastanı", "Mən onsuz da əbədiyəm"... üst-üstə 100-ə yaxın topluda hansı ideyaları, hikmətləri əhatə edən mövzular ifadə olunmayıb! Təbiətə, onun yaratdığı gözəlliklərə heyranlıq, milli sərvətimiz olan dilimizə, mədəniyyətimizə, adət-ənənələrimizə, ən başlıcası, vətənə, insana məhəbbət, xalqın azadlıq, müstəqillik arzularının gerçək ifadəsi olan mübarizələr tarixi, xoş günlərimizin vəsfi əsərlərinin leytmotivini təşkil edib. Bütün bunlarla yanaşı, əyriləri, vətəni satanları, qorxaqları, mənsəbpərəstləri və bu qəbildən bütün naqislikləri qılıncdan iti sözünün qüdrəti ilə kəsib-doğrayıb.

Xəlil Rzanın yaradıcılıq diapozonu o qədər genişdir ki, indiki məqamda onları bir araya gətirmək, ümumiləşmiş formada belə, hər birindən bəhs etmək olduqca çətindir. Bu əsərlər yaradıcılığın bütün mərhələlərinin mövzusuna, ictimai-siyasi tutumuna, vətəndaşlıq mövqeyinə, bədii-poetik siqlətinə, ümumən bir sıra prinsiplərinə görə hələ neçə-neçə tədqiqat əsərlərinin predmeti olacaqdır. Bu yaradıcılığın əhatə etdiyi növlərinə gəlincə, qeyd etməliyik ki, şairin istedadı ona ədəbi fəaliyyətin bir çox sahələrində qələm işlətməyə imkan vermişdir. Bunların sırasında  bədii əsərləri, tərcümə kitabları, elmi əsərləri, monoqrafiyaları, elmi-tarixi memuarları, bunların da üzərinə ölümündən sonra vəfalı ömür-gün yoldaşı Firəngiz xanım Ulutürkün nəşr etdirdiyi 63 adda kitabını, çap olunmuş və olunmamış gündəliklərini də əlavə etsək, bu yaradıcılıq yolunun nə qədər zəngin, çox növlü və çoxjanrlı olduğundan heyrətlənməyə bilmərik. Xəlil Rza yaradıcılığının ən səbatlı tədqiqatçılarından olan, bir çox kitablarının redaktoru, ön sözün müəllifi, filologiya elmləri doktoru, professor Əlizadə Əsgərli şairin 80-ci illər yaradıcılığından bəhs edərək yazır: "1980-ci illərin şeirləri  mənəvi dəyərləri, humanist keyfiyyətləri ilə seçilib. Sənətkarın humanizmi müasir şəraitdə azad, müstəqil və demokratik keyfiyyətlər qazanıb, mənəvi-tarixi, qan-idrak yaddaşı ifadə edib.

Xəlil Rza ruhun əbədiyyətini, həyatını qəbul etməklə əslində, milli şəxsiyyətlərin yaşarılığını, deməli, milli ənənəni təsdiq edir, onları xalqın yaşatmasını arzulayır.

Xəlil Rzanın yaradıcılığında ötəri bir həvəs, adi ovqatla yazdığı bir misraya, sətrə belə rast gəlmək mümkün deyil. O, hər açılan sabahların bir-birindən fərqlənməyən adi  həyat tərzində təbiət hadisələrindən, bir zərif çiçəyindən, sısqa otundan, xırdaca daşından və əlbəttə ki, üstündən onilliklər ötsə də, ilk gənclik illərindən bütün varlığını sarmış sevgisindən, duyğularından da döyüşkən ruhlu bir şair olaraq söz açır. Bəzən lirik "mən" özünün də dünənindən bu gününə yetdiyi mübariz həyatına kənardan baxaraq heyrətini gizlədə bilmir. Yəni mübarizələr içrə keçən ömründə saf, ülvi hisslərin bir qanadı olan sevgidən (əlbəttə ki, bu sevgi ilk olaraq vətəndən, ana torpaqdan başlayır!) də qaynar təbli, gursəsli bir aşiq təki danışır. Və fikrin ifadə tərzi də onu təlqin edir ki, həyatda heç bir istəyə, arzuya ürəyində işıq, arzu və bu arzuya aşiqtək bağlı olmadan yetmək olmaz. Sevgi, saf niyyət bütün müşküllərin açarı, keçilməz sədlərin cəsarətlə, mərdliklə qət olunmuş aşırımlı yollarıdır. Mübarizəyə gedən yolda, yetişib formalaşmasında saf eşqinin, incə duyğuların ona qol-qanad, yeni güc, coşqun bir ehtirasla yaşamaq, mübarizə aparmaq əzmi aşıladığını "Yalnız sənin eşqinlə" şeirində Xəlil Rza görün necə bir zərifliklə ifadə etmişdir: 

... Mən dəmir qayaların altında
bir bulaqdım.
Nə cür qırdım Qayanı,
soruş bəs nə cür axdım?
Mən zərif bir zoğ idim, üstə beş,
on tumurcuq.
Nə cür barlı bağ oldu, o incə zoğ, o cocuq?
Mən dünən bir göy budaq, bu gün başı qarlı dağ...
Nə cür qalxıb ucaldım?
Sənin eşqinlə ancaq!
Sənin eşqinlə ancaq!

Xəlil Rza az yaşadı, lakin azadlıq aşiqi olaraq qəlbində ümmanlara sığmayan vətən və xalq sevgisi ilə dopdolu bir ömür yaşadı. 1994-cü ilin 22 iyunundan sonra özü dediyi kimi, əbədi ömrü başladı. Millətini, vətənini sevən bir insan kimi həyatda ən şirin nemət onun üçün Azadlıq idi. Özü də bütöv və əbədi olan bir Azadlıq!

Azadlığı istəmirəm zərrə-zərrə,
qram-qram!
Qolumdakı zəncirləri qıram gərək,
qıram, qıram!
Azadlığı istəmirəm bir həb kimi,
dərman kimi
İstəyirəm
Səma kimi,
Günəş kimi,
Cahan kimi!
Çəkil, çəkil, ey qəsbkar,
Mən bu əsrin gur səsiyəm!
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm!!!

- deyən şairin azadlıq harayı kimi səslənən misraları minlərlə, milyonlarla insanların qəlbini ehtizaza gətirdi. Onun milli azadlıq ideyalarını tərənnüm edən yüzlərlə əsərləri ədəbiyyat tariximizin bir şanlı səhifəsidir. Xəlil Rza həqiqi mənada milli istiqlal şairi kimi xalqın ədəbi yaddaşının günəşidir.    

 





06.06.2018    çap et  çap et