525.Az

Şanlı tarixin səhifələrində hərə bir qəhrəman... - Fotolar


 

Şanlı tarixin səhifələrində hərə bir qəhrəman... - <b style="color:red">Fotolar </b>

"Sevgi o zaman ömürlük ürəkdə qalır ki, ayrılıq müqəddəs səbəblərdən olsun!"

Lap uzaq keçmişdə hardan və kimdən eşitdiyimi çoxdan unutduğum bu sözlər "Hərə bir qəhrəman" tamaşasını izləyərkən səhnəylə gözlərim arasında "bardaş qurub oturmuşdu". Tamaşanın yaradıcı heyətinin xoşbəxtliyindən, mənimsə yəqin ki, bədbəxtliyimdən o boşluqda özünə yer edən təkcə bu cümlə deyildi. Bir də dəvətsiz qonaqlarım vardı: göz yaşlarım. O göz yaşlarım ki, indi sizə dekorasiyadan, aktyorların geyimlərindən və bu kimi xırda detallardan dürüst danışmağıma imkan vermir. Ona görə də mən sizə tamaşanın "damağımda buraxdığı daddan" danışacağam...

Cümhuriyyətimizə yeni baxış

Son bir ayda artıq neçənci dəfədir ki, qələmim Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə bağlı keçirilən hansısa gözəl bir işi siz oxuculara çatdırmaq üçün vərəqlə görüşür. Şərqin ilk demokratik Cümhuriyyətinin yaranmasının bir əsrlik tarixi nəinki Azərbaycanımızda, eləcə də dünyanın dörd bir yanında şanlı bayrağımızın qürurla dalğalandırılmasına səbəb olur.

Təxminən iki ay öncə tanınmış yazıçı, publisist, mənimsə müəllimim Qan Turalı yeni yazdığı bir pyesi oxuyub fikrimi bildirməyim üçün mənə verdi. Əsərin maraqlı bir adı vardı: "Hərə bir qəhrəman oldu". Adətim üzrə pyesi oxumağı gözləməyə səbrim çatmadığından ən azından nədən bəhs etdiyi ilə maraqlandım. Dedi ki, Cümhuriyyətimizlə bağlıdır. Nə qədər eləsəm də, bundan artıq ip ucu vermədi, "oxu, gəl, müzakirə edərik" - dedi. Elə evə gedərkən yoldaca oxudum. Yenə evə çatmağımı gözləməyib müəllifə təxminən belə bir mesaj yazdım: "Tamamilə fərqli əsərdir, mütləq müzakirə etməliyik".

Müzakirədə məqsədim əsərdəki obrazlar və hadisələr idi. Burada cümhuriyyət deyəndə ilk ağlımıza gələn adlar, şəxsiyyətlər deyil, nisbətən kölgədə qalan insanların prototipləri yaradılmışdı. Müəllifin özünün sənədli yuxu adlandırdığı əsər Cümhuriyyətimizin qurulmasında müstəsna xidmətləri olmuş Rəhim bəy Vəkilovun, Mədinə Vəkilovanın, həmçinin, 23 yaşında Cümhuriyyətimizin ilk Daxili İşlər naziri olmuş Mustafa bəy Vəkilovun həyat hekayəsidir.

Əsəri bir sözlə ifadə etməyimi istəsəniz, sadəcə "Eşq!" deyərəm. Amma bu eşqi açmağımı istəsəniz, məsələ uzanar və bir az da qəlizləşər. Çünki əsərdə qarşılaşdığımız eşq bir obyektə deyil, ayrı-ayrılıqda vətənə, azadlığa, həyata, ailəyə, dostluğa və nəhayət sevgiliyə eşqdir. Bu eşqlərin hər biri bir-biriylə elə qol-boyun olub, elə çuğlaşıb ki, onların birini digərindən ayırmaq mümkün deyil. Kim bilir bəlkə də oxucunu (tamaşadan sonra isə tamaşaçıları) ehtizaza gətirən, həyəcanlandıran da məhz bu eşqlərin vəhdətidir.

Hadisələrin gedişatında bir sıra redaktələr olsa belə, əsər əvvəldən sonadək sənədlidir.

Vərəqdən səhnəyə

Sonrakı günlərdə Qan Turalı əsərin səhnələşdiriləcəyi müjdəsini verdi. Etiraf edim ki, çox maraqlı idi. "Ölülər" (Mirzə Cəlil) əsərini çıxsam, izlədiyim heç bir tamaşanı öncədən pyes kimi oxumamışdım. Mədəniyyət və İncəsənət Universitetinin "Səda" Tədris Teatrında səhnələşdiriləcək tamaşanın quruluşçu rejissoru teatrın direktoru Gümrah Ömər idi. Gözümün qabağındaca tamaşaya qızğın hazırlıqlar və məşqlər başlandı. Bütün yaradıcı heyətin həyəcanını və məsuliyyətini yaxından izləyirdim. Aktyor Amid Qasımov əsərin quruluşçu rəssamlığını, tanınmış modelyer Könül Vəlibəyli isə geyim üzrə rəssamlığını üzərinə götürmüşdü. Tamaşanın musiqi dizaynı ilə Emil Əli məşğul olurdu. Səhnə hərəkətləri Ceyhun Dadaşova, sənhə danışığı isə Nadir Hüseynova aid idi. Rolları "Sabah" qrupunun II kurs tələbələri ifa edəcəkdilər.

Hər dəfə məşqlərdən sonra Qan Turalı Gümrah müəllimin əsərə etdiyi əlavələrdən, özünəməxsus quruluşundan məmnunluqla danışırdı. Bütün olaylar bizi gözəl bir tamaşanın gözlədiyini xəbər verirdi.

"Səda" teatrında "Hərə bir qəhrəman" oldu

Nəhayət, gözlənilən gün gəlib çatmışdı. İyunun 7-də "Səda" Tədris Teatrı Cümhuriyyət ilinə öz töhfəsini verdi. Çox az müddət elanlar paylaşılsa da, zalda "iynə atsan yerə düşməzdi". Tanınmış mədəniyyət və incəsənət xadimləri, qələm əhli, tələbələr, siravi vətəndaşlar...bir sözlə, tamaşanın sorağını alan hər kəs həmin gün teatrın yolunu tutmuşdu. Dəqiq bilirdim ki, onları buraya gətirən təkcə Qan Turalının qələminə, Gümrah Ömərin rejissorluğuna duyduqları əminlik və sevgi deyil, həmçinin, Cümhuriyyətimizin açılmayan səhifələrini vərəqləmək eşqidir.

Beləcə, hər kəs yerini aldıqdan sonra tamaşa başlanır...

Bizi səhnədən ilk "salamlayan" əsərin əsas obrazı Qəhrəmanın yeniyetməliyi (Mirsənan Kazımlı) olur. Onun qarşısında tablo, əlində fırça var. Nəsə çəkir. Nə çəkdiyini isə bacısı Dilbərin (Fidan İsmayılova) gəlişi ilə öyrənirik. Sən demə, gənc rəssamın bu gün 15 yaşı tamam olur. Onun çəkdiyi tabloda isə gözəl bir qız təsvir olunub. Bacısının dili ilə desək, deyəsən, gənc rəssamımız kiməsə aşiq olub... Bu səhnədə biz həm də Dilbərin həyat yoldaşı, yazıçı Abdulla bəy Divanbəyoğlu (Məmməd Əlili) ilə tanış oluruq. O, Qəhrəmana doğum günü münasibətilə Hötenin "Gənc Verterin iztirabları" kitabını hədiyyə edir. Yazıçının hədiyyəsi kitabdan başqa nə olası idi ki. Amma bu kitab sanki gələcəkdə baş verəcək hadisələrin xəbərçisi olur. Əsər gənc Qəhrəmanın iztirablarına çevrilir...

Daha sonra hadisələr sürətlə inkişaf etməyə başlayır. Sonrakı səhnələrdə biz ilk səhnədə romantik, xəyalpərəst gördüyümüz Qəhrəmanın inqilabi ruhunu kəşf edirik. O, bu inqilabi düşüncələrinə görə, hələ çox gənckən, 19 yaşında əmisi oğlu Aslanla (Mətləb Abuşov) qazamata da düşür. Artıq Qəhrəmanın kövrək qəlbində iki sevgi çuğlaşmağa başlayıb: düşmənin mənfur ayaqları altında tapdanan, əzilən, məhvə sürüklənən vətəni Azərbaycan və əmisi qızı gözəl Gülbəniz (Gövhər Şabanova). Ancaq o bilir ki, vətənini azad etmədən, onu yadların qanlı əllərindən xilas etmədən sevgilisi ilə xoşbəxt ömür sürə bilməz.

Sevgilisi Gülbənizin isə tək düşüncəsi və güvən yeri Qəhrəmandır. O, az qala ətrafında nələrin baş verdiyinin belə fərqində deyil. Ancaq sevdiyinə o qədər çox güvənir ki, onun etdiyi bütün hərəkətləri doğru hesab edir, bundan şübhəyə düşməyi ağlına belə gətirmir. Yetər ki, bu qarışıqlıqlar tez bitsin və o, öz Qəhrəmanına tezliklə qovuşsun.

Nəhayət, bütün zəhmətlər, əməklər, mübarizələr öz nəticəsini verir və Qəhrəmangil 1918-ci ilin mayın 28-də Şərqdə ilk müstəqil və demokratik Xalq Cümhuriyyətini elan edirlər. Hər kəs hər şeyin bundan sonra daha rahat və daha asan olacağını düşünür. Elə Gülbənizin özü də. Amma gələcək qabaqdadır. Qəhrəmanın şəxsi taleyindən öncə yoluna qoymalı olduğu başqa talelər də var. Elə yenicə yaranmış cümhuriyyətin taleyi kimi. Qəhrəman və əmisi oğlu Aslan yeni yaranmış dövlətin idarəçiliyində mühüm vəzifələr tuturlar. Fədakar qızcığaz bu dəfə də sevdiyini gözləməyə razıdır. Təki, sonda ona qovuşsun.

Yaradılmış yeni hakimiyyətdə ilk Daxili İşlər naziri olmuş Aslan bəy isə Qəhrəmanla Gülbənizin sevgisinə sonunadək dəstəkdir. Ancaq onun özü də çox gəncdir. Cəmi 23 yaşı var və xalqın, hətta dövlət qulluqçularının belə onu qəbul etməyi, tanımağı elə də asan olmur. Bunu əmisi qızı Gülbənizlə oturduğu parkda asayişi pozduğunu bəhanə edib onları bölməyə aparmaq istəyən polisin (Tural Kərimov) onu tanımamağından da görmək mümkündür. O isə yaşının azlığına baxmayaraq, xalqını, dövlətini həqiqi məhəbbətlə sevən, ona sədaqətlə qulluq edən bir fədaidir.

Amma "sən saydığını say, gör fələk nə sayır!". Zalım fələk heç də yaxşı şeylər vəd etmir. Qan hesabına, mübarizə yoluna əldə edilən müstəqillik cəmi 23 ay davam edir.

"Bu bədbəxt və talesiz günləri millətlə kim bölüşsün?"

Növbəti şəkildə Qəhrəman daha böyümüş, yaşa dolmuş çıxır qarşımıza. Ancaq çox narahat, əsəbi və fikirlidir. Çünki vətəni Azərbaycan Rusiya tərəfindən işğal olunmaq üzərədir. Bu səhnədən etibarən bu obrazı gənc və istedadlı aktyor Ziya Ağa oynayır. Qəhrəmanın yeniyetməliyini canlandıran aktyor Mirsənan Kazımlının simasında və hərəkətlərində dəliqanlılıq, coşğunluq müşahidə olunurdusa, Ziya Ağa obrazın yaşına və yaşadıqlarına uyğun olaraq daha təmkinli və ciddi təsir bağışlayır. Onun tamaşaya qatıldığı ilk səhnədə əmisi oğlu və Cümhuriyyətin ilk 23 yaşlı naziri Aslan bəylə dialoqu diqqətimizi cəlb edir. Düşmənin qapının ağzını kəsdirdiyini, qara günlərin böyük bir sürətlə yaxınlaşdığını, onları məhbəs, sürgün və işgəncələrin gözlədiyini deyən Aslan bəy Türkiyəyə mühacirət qərarı alıb. O, öz əmisi oğluna da bunu təklif edir. Çünki reallıq onlardan bunu tələb edir. Qəhrəman isə ən son ana qədər vətəninin, xalqının yanında qalmağa, bu ağır günləri onunla bölüşməyə hazır olduğunu deyir: "Mən gedim xarici ölkəyə, sən get, o getsin, çox yaxşı, bəs bu bədbəxt və talesiz günləri millətlə kim bölüşsün?" Bu cəsarətdə və bu qeyrətdə gəncə heyranlıq duymamaq mümkün deyil.

"Heç vaxt "əzizim" deyə bilmədiyim əzizim!"

Sonrakı səhnələr Aslan bəyin proqnozlarında yanılmadığını göstərir. Qəhrəman və yoldaşlarının, eləcə də Gülbənizin ömürlərinin axırına qədər davam edən acı günlər başlayır. Qəhrəman öncə sürgünə göndərilir, orada həbsə düşür, sonra bəraət alıb geri qayıtsa da, çox keçmir ki, yenidən sürgün olunur. Beləcə gənc mücahidimiz vətəninə olan məhəbbətinin, azadlıq sevgisinin bədəlini çox ağır şərtlərlə ödəməli olur. Amma bütün bunlara baxmayaraq, o, ən çətin anlarında belə həyatdan ikiəlli, bərk-bərk yapışır. Sanki onu dünyaya bağlayan fövqəlbəşər bir qüvvə varmış kimi. Və biz zaman keçdikcə bu qüvvənin adını tapırıq: Gülbəniz... İki sevgi arasında çırpınan Qəhrəman bir sevgisini yad əllərinə istəmədən də olsa təslim edərkən ikinci sevgisinə sarılır. Təəssüf ki, onun da özünə yox, yalnız xəyalına. Bütün bu məşəqqətlərə bir gün Gülbənizə qovuşmaq və Azərbaycanı yenidən azad görmək ümidi ilə dözür.

Gülbəniz isə vətənində qalıb xalqının balalarına rus dilini tədris edir. O, heç zaman müsavatçılara qoşulmur, dövlətin əleyhinə getmir. Amma əmisi oğlu Aslanı və sevgilisi Qəhrəmanı da unutmur. Hər bir vəchlə onlarla əlaqə saxlamağa, onlardan bir xəbər almağa çalışır. Nəticədə isə özü hədəfə çevrilir, gənc müəllim vətən xainlərinə kömək etmək, onlarla əlaqə yaratmaq "günahıyla" həbs olunur. Pyesin bir şəklində tamamilə Gülbənizin istintaq səhnəsinə şahid oluruq. Qan Turalının sözlərinə görə, o, bütün əsərdə olduğu kimi burada da həqiqətlərə və sənədlərə tam sadiq qalıb. Gülbənizin istintaq səhnəsi Mədinə xanım Vəkilovanın istintaqında baş verənlərdir. Təbii ki, qısaldılmış şəkildə. Sonda öz qohumlarını satmayan Gülbəniz "xalq düşməni" adıyla güllələnir.

Qəhrəman isə onun ölüm xəbərini sürgündən qurtulub Gürcüstanda pənah apardığı gürcü dostu Konstantinin (Elçin Əmirovun canlandırdığı bu obraz gürcü yazıçısı, fəlsəfə doktoru, diplomat Konstantin Qamsaxurdiyadır) evində öyrənir. Bütün əzablara mətanətlə dözən Qəhrəmanın mətanəti məhz bu anda qırılır. Onu həyata bağlayan sonuncu tel də beləcə qırılır. Bayaqdan bütün əzablara rəğmən qarşımızda dimdik dayanaraq obrazın dönməzliyini əks etdirən aktyor Ziya Ağa sanki bir anın içindəcə gözümüzün qabağında kiçilir, büzüşür, bu ölümün altında əzilir.

Gülbənizin ölümündə onu incidən başqa səbəb də bu ölümdə bilavasitə özünü günahkar bilməsidir. "Mənim bu həyatda, bu qaranlıq zindanlarda, bu zülmətdə yeganə işığım sən idin. Mən səni xoşbəxt edə bilmədim, əksinə, mən səni bədbəxt etdim. Mən bu zülməti dağıtmaq istərkən o zülmət, o qaranlıq səni məndən alıb apardı"- deyə sevdiyinin ölümünə üsyan edən Qəhrəman Gülbənizin xəyalı önündə öz tapançasıya özünü vurub intihar edir.

Sonrakı səhnədə Gülbənizin şən, qayğısız gülüşlərini eşidirik. Deyəsən, Qəhrəmanın "əgər varsa" deyib şübhə ilə yanaşdığı o dünyada bu iki aşiq qovuşublar. "Mən bu dünyada öz taleyimə yanmıram ki... Bircə dəfə səni qucaqlamadım, üzündən öpmədim. Mən sənsiz köçdüm bu dünyadan. Bilirsənmi, mən sənin o qollarına necə həsrətəm?"- deyib üsyanını pıçıldayan Gülbəniz heç vaxt əzizi deyə bilmədiyi əzizinin qollarına ilk və son dəfə sığınır...

Tarixi şəxsiyyətlərə qucaq açan səhnə

Əsər boyunca rejissor Gümrah Ömərin quruluşuna, keçidlərdəki tamlığa, gənc aktyorların peşəkarlardan heç də geridə qalmayan ifalarına heyrət etməmək mümkün deyildi. Aktyor Toğrul Qasımovun canlandırdığı qəzetçi obrazla şəkillər arasındakı keçidlər uğurla baş tutur, tamaşaçı üçün dövrün tam mənzərəsi yaradılırdı.

Səhnə əsərinin sonluğu da Gümrah müəllimin özünəməxsusluğu ilə tamamlanır. Belə ki, bir saat boyunca qarşımızda olan obrazlar hamısı bir-bir prototipini yaratdıqları tarixi şəxsiyyətlərin həyatları haqqında elə öz dilləri ilə, məlumat verirlər. Bu ştrix tamaşaya tamamilə başqa bir abu-hava qatmışdı. Artıq izləyicidə şahidi olduğu həyat hekayəsinin həqiqiliyinə heç bir şübhəsi qalmır.

Bu, "Səda" teatrında izlədiyim ilk tamaşa deyildi. Hər işdə olduğu kimi bu işdə də bütün müsbət keyfiyyətlərlə yanaşı çatışmazlıqlar da vardı. Amma ürək ağrısı ilə deməliyəm ki, çatışmazlıqların ən ümdəsi və digər çatışmazlıqların ilkin mənbəyi daha gözəl, təmirli, geniş imkanlara malik səhnənin, tamaşa zalının olmamağıdır. Teatr sənətimiz, mədəniyyətimiz üçün durmadan çalışan və həqiqətən də faydalı töhfələr verən bir teatrın, gənc aktyor və rejissor namizədlərinin "peşə laboratoriyasının" bu cür acınacaqlı zalla kifayətlənməyi tək məni deyil, bütün tamaşaçıları məyus edən hadisədir. İnanırıq ki, aidiyyatı qurumlar səsimizi eşidəcək və bu cür gözəl tamaşalara qucaq açan "Səda" səhnəsi daha işıqlı günlər görəcək!

 





13.06.2018    çap et  çap et