525.Az

Beyni ürəyində döyünən qadın - Türkan Turan


 

Beyni ürəyində döyünən qadın - <b style="color:red">Türkan Turan</b>

Ürəyim sevgidən çırpınanda ona qaçmışam, vücudum əzabdan qıvrılanda pıçıltısından yapışmışam. Yaşadıqlarımın miqyasını başqalarına izah edə bilməyəndə, sətirlərinə sığınmışam.
 
Həsrətin zirvəsinə qalxanda sözləri şahmar ilan kimi qarşımda dayanaraq gözünü gözümə zilləyib. Ayrılığın yıxıntısı altında çabalayarkən, qan-rəvan içində qalmışcasına hiss edəndə imdadıma həniri çatıb.

Hıçqırığı içimdə boğub, hüznü çatılmış qaşlarımın arasında, solğun çöhrəmin künc-bucağında ört-basdır edə bilməyəndə, onun səsini başıma çəkib, üzümü hamıdan gizlətmişəm.

Bu qadın Tanrının lütfüdür, nədir, bilmirəm. Amma mənim sirdaşım, təsəllim, ovuntum, ürəyimin içində, dərimin üstündə cərəyan edən bütün proseslərin yeganə şahididir. Bu günə qədər heç kimi onun səsini qucaqladığım qədər qucaqlamamışam. Elə doğmadır ki, qaranlıqda, buz kimi, balaca, havasız, pəncərəsiz otağın çirkli yatağında səsinə sarılsam, cənnətdən başqa heç nə hiss etmərəm. Yazdığı misralar qana susamış qoşun kimi adamın iliklərinə işləyir. Bəstələdiyi musiqilər tozanaq qaldıraraq elə gəlir ki, tərpənməyə macal tapmırsan, onda görürsən ki, işğal edilmisən. Sezen Aksunu deyirəm! Sevilərkən, tərk edilərkən, xəyanətə uğrayıb, dizlərimizi qucaqlayıb, gözümüzün yaşı burnumuzun suyuna qatarkən arxa fondan onun səsi heç əksilmədi. Yeniyetməlik dönəmində idim, 13-14 yaşım olardı, sevginin adını bilirdim, dadından xəbərim yox idi. Hələ onda “Tutuklu kaldım” mahnısını təkrar-təkrar dinləyirdim, necə boğulurdumsa, sanki ciyərlərimi döş qəfəsimin arasından çıxardıb ovucuma qoyurdular. Deyəsən, sevginin əlifbasını bu qadını dinləməklə öyrənməyə başladığım üçün içdən-içə elə qarışıq duyğular keçirirdim. Hamı aşiq olmaq istəyir, Sezenin mahnılarındakı kimi sevilməyi arzulayır. Amma kim nə qədər bacarır, o, sual altındadır.

Sezendən güc alıb “Get” demişik! Necə olsa səsi var, çox acı çəksək, ondan yapışaraq xilas olacağımıza inanmışıq. Yalana, riyakarlığa “Bilə-bilə” dözmüşük. Fikirləşmişik ki, “sevgi üçün ölünməlidir” deyən qadın nəsə bilir ki, bağışlayıb, davam edir! Nə qədər “Yalnızca sitəm” söyləsə də, eşqdən əl çəkmir. Şah damarımız kimi iç-içə olduğumuz sevgilinin yadlaşmasına da, “El kimi” baxmağına da, soyuqluğuna da onu dinlədikcə göz yummuşuq.

Beyni ürəyində döyünən bu qadının səsində elə təsir gücü var ki, eşidəndə insanın ruhu “hazır ol” vəziyyətinə keçir. Mübarizə, güc, dözüm aşılayır. Adama elə gəlir ki, səsindən bir bardaq götürüb başına çəkib, əyninə bir neçə qat mahnısını keçirib, Antarktida qitəsindəki Dome Fuji dağına, mənfi 91 dərəcə soyuğa qalxsan da, burnunun ucu donmaz. Sevgi ilə ağrı arasındakı incə xətti götürüb, bir-birinə elə ustalıqla qarışdırır ki, adamın heyrətdən dili tutulur. Əzabı onun qədər mədh edən yoxdur. Çəkdikcə öz gücünün ölçüsüzlüyündən az qalırsan dəli olasan.

Sezen Aksu mühafizəkar cəmiyyəti, onun sərt qaydalarını heçə sayan azad, şiddətli sevginin qadınıdır. Çoxunun cəsarət edib “Haydi gəl, mənimlə ol” deyə bilmədiyi dəvətə görə, saysız-hesabsız duyğular sovrulub gedir. Amma o, demək istədiklərini elə ucadan səsləndirir ki, avazı dünyaya dəyir, çıxan əks-sədası qulaqlarına dolur.

Sakit, hissiz vaxtlarında qapıları sındırıb, yuxarıbaşa elə keçir ki, özbaşınalığına məəttəl qalırsan. Mahnılarında bu mənəm-mənəmliyi açıq-aşkar görmək mümkündür. Onun üçün sərhədlərin tikanları, körpülərin uzunluğu, okeanların nəhayətsizliyi, dağların hündürlüyü, məsafələrin kilometri oxuduğu bir mahnı boydadır.

Aksunun mahnılarında sakit yox, xaosa bənzər sevgi görmək mümkündür. Nə qədər insan aşiq olub, sonra da sınıq-salxaq duyğuya çevrilən sevgisini kürəyinə sancılan “Kəskin bıçaq” kimi ordan-oraya sürüyüb, eyni enerji ilə davam edir? Amma o, bunu mükəmməl bacarır!

Bəzən məcbur qalıb, ayrılmağa qərar veririk. Fəqət, bundan peşman olub “Dön” demək istəsək də, bacarmırıq. Qürurun iri cüssəsinin arxasına sığınaraq, gedənin arxasınca boylana-boylana qalırıq. Bəs, Sezen bu məqamda nə edir, bilirsiniz? Ruhu, bədəni, hissləri ilə səs-səsə verib, bütün gücünü ortaya qoyur! “Getmə” deyərək, bütün yolların istiqamətini özünə doğru yönəldir. Onun həyatında sevginin və əzabın dozası yüksəkdir. Bu cür ziddiyəti bir çox mahnısında görmək mümkündür. “Elə sərhədsiz, dərin sevərəm ki, qorxarsan” deyən insanın qarşısında tab gətirə biləcək neçə nəfər var, görəsən? Azdır, çox azdır! İnsanlar dəli kimi seviləndə havalanır. Şiddətli sevgi onlara ardıkəsilməz sel kimi görünür. Elə bilirlər ki, axına qarışıb yox olacaqlar. Buna görə də özlərini itirirlər! Halbuki o, uzun illərdir “uğrunda savaşmasan, alınmaz” deyə-deyə hayqırır! Sevginin gücü Sezenin bəstələri ilə rənglənir, səsi ilə aydınlanır.

İsti və soyuq, sərt və yumşaq, inadkar və həlim - bu qədər ziddiyyətli duyğuları özündə birləşdirən qadının döş qəfəsinin altında daşıdığının ürək olduğu müəmmalıdır. Sirdir, sehirdir, cadudur, nədirsə, başqa aləmdir!

 





14.07.2018    çap et  çap et