525.Az

Qanadları böyüyən mələk


 

Qanadları böyüyən mələk<b style="color:red"></b>

Yer kürə formasında olduğu üçün günəş şüaları onun bütün səthini eyni vaxtda işıqlandıra bilmir. Odur ki, Günəşə doğru çevrilmiş hissədə gündüz, digər tərəfdə gecə olur, yerin fırlanması bu növbələşmə ilə gecə və gündüzü əmələ gətirir.

Sevgidə də belədir, bəzən onun da öz oxu ətrafında fırlandığını unudursan, qaranlığı görəndə təlaşa qapılırsan, günəşi görəndə üz-gözün açılır. Birdən yadına düşür ki, sevgi də sənin kürəndir axı, hərəkət etdiyi üçün bu qədər tərəddüd, hikkə, öfkə, ayrılıq, getmək həvəsləri, qalmaq istəkləri yaranır! Necə ki, dünya fırlanmasa həyat məhv olar, hər şey silinib süpürülər, 1 gün 365 günə bərabər olar, sunamilər, fırtınalar qopar, eləcə də eşq dayananda, artıq dövr etməyəndə insanın tarimarı başlayır, qısa müddətdə ruh və vücud xarabalığa çevrilir! Sevərkən zülməti hiss etmirsən. Qaranlıq çəkilir, öz yerini göyün bozumtul işartısına verir, ulduzların da sayı elə bil çoxalır. Hərəsi bir alma boyda olur. Günəş də fərqli doğur, işığı nə qədər gur olsa da yandırmır, fikirləşirsən ki, missiyası bircə sənin həyatını aydınlatmaqdır. Yox, həmişə belə güllük-gülüstanlıq olmur. O qədər haldan-hala düşürsən ki, ruhundakı mövsümlər bir-birinə qarışır: hirslənib fırtına qoparır, ağlayıb yağış yağdırır, küsüb buza döndərir, ayrılıb yarpaq tökürsən. Elə məqamlar da olur ki, yeri cəhənnəm olsa bütün günahları işləyib yanına vasil olacaq qədər gözün dönür!

Ən çətin insanı da sevgi dəyişə bilir. Ya daha dözülməz edir, ya da pambıq kimi yupyumşaq! Özünü hər yöndəmsizliyə min məna verərəkən yaxalayırsan. Görünməz gücə sahib olursan. Hər kəsin marağında olan gündəm gözündə adiləşir. Sənə elə gəlir ki, dünyanın ən ciddi işi ilə məşğulsan.

Bax, Jülyetta Drue də Viktor Hüqonu bu cür sevirdi. Özü də nə az-nə çox, düz 50 illik eşq idi. Bu münasibət hər cür sınaqdan keçmişdi; həyəcan, iztirab, xəyanət, ayrılıq! Amma sevgi hamısına güc gəlmişdi. Aktrisa onun qəlbinə büsbütün hakim olmuşdu. Elə buna görə də, yazıçı özünə iki dəfə ad günü keçirirdi: ikincisi sevgilisinə qovuşduğu gün idi. Həqiqətən də insan iki dəfə doğulur. Birinci dəfə anadan, ikinci dəfə sevgidən. Birincidə dünyaya, ikincidə yaşamağa atılırsan.

Əlli il ərzində Hüqo Jülyetta ilə görüşdüyü günləri gündəliyinə tək-tək qeyd edirdi. Ehtiraslı etiraflar idi o qeydlər!

İlk dəfə bir-birilərini Paris teatrlarından birində, dramaturqun “Lukretsiya Borcia” pyesinin məşqlərində görüblər. Jülyetta bu pyesdə kiçik, ancaq maraqlı rolu ifa edirdi. Oyunu izləyən Viktor Juliettanın mükəmməl bədəninə, parlaq qara saçlarına, cəzbedici gülüşünə və eşqi peşəkar şəkildə sərgiləməsinə heyran olmuşdu. Hə, məhz peşəkar. Çünki sevgi sənətdir. Bu sənəti bilmək üçün istedadlı olmaq şərtdir. Yoxsa bəsit, qeyri-peşəkar iş ərsəyə gəlir.

Parisin cazibədar və gözoxşayan qadınlarından biri kimi məşhur idi. Təmtəraqlı həyat tərzi sürür, çoxsaylı sevgililərinin hesabına daş-qaş və qiymətli libaslar alırdı. Ta ki, Hüqo ilə tanış olana qədər.

On bir illik evli olan, məhəbbət işlərində o qədər də məharəti olmayan həyat yoldaşı Adeldən sonra heç ağlına da gətirə bilməzdi ki, qəlbində Jülyettaya qarşı yaranan qəfil sevgi utancaq və cəsarətsiz gənci əzmli və təkəbbürlü kişiyə çevirərək bütün həyatını dəyişəcək. Çılğın sevgi macəralarından bir il sonra Hüqo “Qanadları böyüyən mələyimə” deyərək, “Klod He” povestini Julyettaya həsr etmişdi. Möhtəşəm sevginin təməli beləcə möhkəmlənmişdi. Şübhəsiz ki, Jülyetta varlığının Hüqo yaradıcılığında müstəsna rolu var. Tarixə iz qoyan bu sevgidə az və ya çox sevən tərəf yox idi. Qarşılıqlı tutqu idi, elə qarşılıqlı olduğu üçün də belə odlu-alovlu davam edirdi.

Jülyettanın həyatı artıq iki yerə bölünmüşdü: Hüqoya qədərki və Hüqodan sonrakı. Yaşam tərzini, sənətini, evini, ona aşiq olan bütün kişilərin üstündən xətt çəkib, özünü sevdiyi kişiyə həsr etmişdi. Münasibətlərindəki ən böyük səhv addımı özündən bu cür vazkeçməklə atmışdı. Əslində, çox vaxt belə olur, bizi biz edən nə varsa hamısını silib, eyni qayda da seviləcəyimizi, dəyər görəcəyimizi zənn edirik! Amma elə olmur!

Elə buna görə, bir müddət sonra münasibətə dəyən daşlar Hüqodan yan keçib, Jülyettanın ürəyinə dəyirdi. Hər şeyini sevgilisinə qurban verdi, Viktor bunu müəyyən vaxta qədər dəyərləndirdi. Drue 40 yaşına çatanda sevgilisi ona müxtəlif qadınlarla xəyanət etməyə başladı. Çoxundan xəbərdar idi, ancaq sevdiyi üçün dözürdü. Yazar 22 yaşlı qızla eşq macərasına başlayanda bıçaq sümüyə dirəndi. Julyetta dəli olmaq dərəcəsinə çatdı, sevgilisini ilk dəfə tərk etdi. Onu itirdiyini dərk edən Hüqo qarış-qarış gəzərək Juliettanı axtardı.

Gedərkən heç bir ünvan göstərməmişdi. Çılğın kişi, əsrarəngiz qadının yoxluğuna sadəcə üç gün dözdü. Uzun axtarışlardan sonra onu tapdı, xeyli təkid edib, geri qaytara bildi.

Münasibətlərdə sədaqət vacib amildir. Sədaqətli qadın bir kişi tərəfindən, sədaqətli kişi çox qadın tərəfindən sevilir. Bir qadını baş tacı edən kişilər qadınların gözünə daha cazibədar görünür. Amma bu, sevginin dərinliyini anlayan insanlar üçün keçərlidir. Çünki bəsit münasibətlərdə seçimlər çoxluqdan yanadır.

Jülyetta əsrarəngiz olduğu qədər də hikkəli qadın idi. Viktorun dostu Fransuanın arvadı Leoniylə münasibəti olduğunu öyrənib, aldadılan ərə xəbər salmışdı. Ər polislə birlikdə, cütlüyün olduğu yerə basqın etmişdi. Həmin vaxt qadın zina etdiyi üçün zindana atılır, Hüqo isə yazıçı toxunulmazlığından istifadə edərək qurtulur.

O dönəmlərdə demokrat Hüqo, rejim tərəfindən istənilməyən şəxs elan edilir. Barəsində axtarış əmri verilir. Bu ərəfələrdə Julyetta Hüqonu bir müddət gizləyir, onun üçün saxta pasport hazırlayıb Fransadan qaçmasını təşkil edir. Bu artıq qadın fədakarlığının zirvəsi idi.

Jülyetta Hüqonun həyatına daxil olandan onu addımbaaddım izləyirdi. Hara köçsə onun evinin yaxınlığında bir ev tapıb ora yerləşirdi. O adaya ailəsi ilə birlikdə qaçanda da eynilə belə olmuşdu.

Əsrarəngiz qadın Viktordan sonra ruhunun qapılarını bütün kişilərə qapatmışdı. Hüqonun isə saysız-hesabsız qadınlarla, ardı-arası kəsilməyən münasibətləri bitmək bilmirdi. Amma bircə qadın onun ağlını başından alırdı. Sadəcə bir qadını itirməkdən qorxurdu, o da Jülyetta idi. Bu qadın Hüqonun sevdiklərini də sevirdi, beş uşağını, həyat yoldaşını, istəklərini, həvəslərini, hətta ötəri hisslərini də!

Hər kişini yaratmağa sövq edən, təqdir edildiyinə əmin olduğu, tribunada dayanıb alqışlarını gözlədiyi bir qadın olur. Jülyetta məhz belə qadınlardan idi. Hüqonun sonsuz sevgi və güc aldığı qadın 77 yaşında vəfat edir. Bu dünyanın ən gözəl şeirlərini və romanlarını yazan  dahinin Jülyetta öldükdən sonra əli bir daha qələmə tərəf getmir. Bircə sətir belə yaza bilmir. Öncə Jülyetanı, onunla birlikdə sevgisini, ümidini, şövqünü, zövqünü, ilhamını itirir. İki il sonra da özü dünyadan köçür.

 





21.07.2018    çap et  çap et